Mənəviyyata Açılan Pəncərə

İslamda halal qazancın etik prinsipləri

Həyat ticarətdən ibarətdir
Qurani Kərimdə və hədislərdə həyat ticarət üzərindən təsvir edilmişdir. Ən sərfəli ticarət, cənnət qarşılığında Allaha canı və malı satmaqdır. Bu tacirin adı mömindir. (Tövbə, 9/111.) Zərər etdirən ticarət imanı verib küfrü, hidayəti verib zəlaləti, cənnəti verib cəhənnəmi satın almaqdır. (Bəqərə, 2/16,175; Ali İmran, 3/177.) Bu tacirin adı da kafirdir.
Gündəlik həyatda hər bir insan səhər evindən çıxar-axşam “ya nəfsini satmış, ya da “nəfsinə satılmış” kimi evinə qayıdır. (Müslim, Təharət, 1.) Qazanclı ticarət, nəfsini cənnət qarşılığında Allaha satmaq. (Bəqərə, 2/207.) Bu təqvalı (günahlardan təmizlənmiş), muhsin (fəzilətlərlə bəzənmiş) isə möminlərin əməlidir.

Alternativ halallar yaradılmışdır.
İslam qadağalara qarşı alternativ halallar müəyyən etmişdir. Məsələn, faizin qadağan edilməsinə qarşı ortaqlıq (şirkət); zina qadağasına qarşı nikah; qəsb və oğurluğa qarşı, alış-veriş, ianə və hədiyyələr qanuniləşdirilmişdir. Həzrət Ömər (r.a) belə buyurmuşdur “Allah hər bir harama alternativ halal yaratmışdır və ona gedən yolu asanlaşdırmışdır”. (Maverdi, Ədəbu’d-dünya vəd-din, Beyrut 1986, səh. 322.)

Qadağanın öz cazibəsi olsa da (Fəxrəddin ər-Razi, Məfatihul-qeyb, Beyrut 1420, II, 257), halal alternativlərdən həzz almaq haramdan çox daha dəyərli, doyumlu və hüzur vericidir. George Simmelin təsbitində olduğu kimi, vasitə olmaqdan çıxıb məqsədə çevrilmiş həzlər başqa sözlə, ləzzətlər qeyri-qanuni yollarla təmin edilə bilməz.
Çünki bir həzz yaşanmağa başlayanda yenisini oyadır və başqa bir axtarışa səbəb olur. Bu prosesin məmnuniyyəti qeyri-mümkün edən xüsusiyyəti var. (Fərdilik və Mədəniyyət, Tuncay Birkan, İstanbul 2009, s. 184.) Həzlər ancaq məşru, şəriətin icazə verdiyi ölçüdə təmin olarsa ləzzət olar. Əks təqdirdə qeyri-məşru ləzzətin ləzzəti gedər, ələmi, iztirabı qalar.

Vicdan tərəzisi
Uca Allah başda bütün Peyğəmbərlərə, sonra bütün möminlərə , sırası ilə bütün insanlara halal və təmiz (tayyib) olanı yeməyi əmr etmişdir. Bir şərhə görə halal xarici görünüşündə problemin olmadığı və bu halı ilə müftiyə soruşulduqda onun halal dediyi; tayyibat isə insanın vicdanının halal dediyidir. Bu haqda Rəsulullah (s.ə.s) belə buyurur:“İnsanlar fətva versə də, sən yenə də fətvanı öz vicdanından al!” (İbn Əbi, Şeybə, II, 469, 751; Əhməd b. Hənbəl, IV, 227-228.); “…Günah, isə vicdanı narahat edən və insanların bilməsini istəmədiyiniz şeydir”. (Müslim, Birr, 14-15.)

Ticarəti halal edən ölçü
Halal gəlirin ölçüsü könül məmnuniyyətdir. Qurana görə ticarətin məqbul olması qarşılıqlı rizaya bağlıdır. Yenə bu haqda Allah Rəsulu (s.ə.s) könül xoşluğunu əldə etmənin əhəmiyyətini vurğulayır. (Əhməd b. Hənbəl, V, 113.) “İnsanın qardaşının əlindəki çubuğunu belə Onu razılığını almadan götürməsi halal deyildir.” (İbn Balaban, əl-İhsan, XIII, 316.)
Malların dövriyyəsinin halal ola bilməsi üçün qarşılıqlı rıza çox vacibdir. Bu haqda İslam hüququndakı məşhur prinsip əsas götürülür. Zərərə etmək və başqasına zərər vurmaq olmaz. Buna görə alıcı və ya satıcı biri digərini manipulyasiya edərək təsir altına alıb alış-verişə razı etmək, cəhalət, zəiflik, insanın çətin vəziyyətdə ilişib qalması və çarəsizliyə düşməsi kimi mənfi təsirləri və şərtləri öz xeyrinə çevirmək, zəif cəhətlərindən istifadə etmək qarşılıqlı rızanı pozan hallar kimi sayıla bilər. Bu cür neqativlərdən yararlanmaq ,onu istismar yoluna çevirmək əxlaqi prinsiplərə ziddir.

Dürüstlük
İş həyatında ən dəyərli sərmayə dürüstlükdür. “Bir şeyini itirən sadəcə onu, dürüstlüyünü itirən hər şeyi itirər”. Cürcaninin tərifinə görə “dürüstlük, yalanın ölümdən qurtardığı yerdə doğrunu tərcih etməkdir”.

Ticarətdə dürüst olmaq çətin olduğu üçün Allah Rəsulu (s.ə.s) “Sözündə, əməlində dürüst və etibarlı tacir, peyğəmbərlər, siddiqlər və şəhidlərlə bərabərdir”(Tirmizi, Alış-veriş, 4; İbn Macə, Ticarət, 1; Darimi, Buyu, 8)
Qazancın halal olması üçün əmək, sərmayə ya da məsuliyyətdən (daman fiqh terminidir) biri lazım olur. Fiqhi cəhətdən bir qazancın halal ola bilməsi üçün üç şeydən biri lazımdır:
1.Əmək: qanuni işdə işləmək və əl əməyinin qarşılığını almaq.
2.Sərmayə: çalışdırması üçün birinə verilən sərmayədən əldə edilən qazanc halaldır. Çalışan əməyinin, sərmayədar da sərmayəsinin qarşılığını almış olur.
3.Daman: fiqh termini olub bir işin məsuliyyətini öz üzərinə götürmək deməkdir. Bunun müqabilində əldə edilən qazanc halaldır. Söz gəlişi bəlli bir mənfəət müqabilində bir işi öz öhdəsinə götürən şəxs– əgər həmin işi sifariş edən şəxs xüsusən həmin şəxsin etməsini şərt qoymayıbsa –eyni şeyi daha ucuza bir başqasına gördürə bilərsə və bundan gəlir əldə edərsə bu halaldır. Bir riski üzərinə götürən onun mənfəətinə haqq qazanar. Məcəllənin 85-ci maddəsində belə bir prinsip var: “Bir şeyin nəfi damanı müqabilindədir” Rəsulullah (s.ə.s) bu haqda belə buyurur: “ Mənfəət məsuliyyət nisbətindədir.(Əbu Davud, Buyu, 71.)

Qazancın dinamikası bərəkətdir
Ticarət fəaliyyətinin sonunda əldə olunan mənfəətin çox olması deyil, onun bərəkətli olması vacibdir. Bərəkətin iki elementi var:
Birincisi, maddi mənada bolluq və onun davamlılığı;
İkincisi, mənəvi xoşbəxtlik, sevincdir. Bərəkəti verən də yalnız Allahdır. Ticarət həyatda dürüstlüyə zidd hal və davranışlar bərəkətsizliklə nəticələnər.

Qənaət zənginlikdir
İnnsanın var-dövlət, mal-mülk qarşısında zəif nöqtəsi onun hərisliyi, acgözlüyüdür. İnsanın var-dövləti artdıqca daha çox istəyir. Bu məsələni Allah Rəsulu (s.ə.s) necə də gözəl ifadə etmişdir. “Əgər Adəm övladının bir vadi dolusu qızılı olsa, o, iki vadi dolusu qızıl istər. Onun ağzını isə yalnız torbaq dolduracaqdır. Allah tövbə edənlərin tövbəsini qəbul edər” Ancaq bu doyumsuzluğa qarşı Həzrət Peyğəmbər, insanın yeyib içib bitirdiyi, geyinib köhnəltdiyi, sədəqə verib mükafatını gözlədiklərindən başqa malının olmadığını xatırladır.” (Müslim, Zühd, 3, 4; Tirmizi, Zühd, 31.)
Əxlaq alimləri, “Qənaət, bitməz-tükənməz bir xəzinədir.” (Münâvî, I, 289.) – buyurur. Burada qəsd olunan qənaət acgözlüklə, tamakarlıqla hər cür fürsəti kara çevirmə, yatıb-qalxıb ancaq işini düşünmənin də bir sərhəddi olduöuna işarədir. Bəli, müsəlman tacir xeyir işlərində xərcləmək, Allahın adını yer üzündə ucaltmaq adına çox çalışmalı, çox qazanmalıdır. Ancaq mal-mülk yığmaq, imkanlarını genişlətmək adına həris də olmamalıdır. Sahib olduqlarının qədrini bilməli, ona qane olmalıdır. daha çox qazanmaq üçün hırs göstərən şəxs, Allah qorusun, əlindəkilərindən də məhrum ola bilər. Atalarımızın çox gözəl sözü var: “çox istəyən, azdan da olar.” Bu baxımdan çoxlu əxlaqi anlayışları ehtiva edən qənaət maddi iffət səbəbidir.

Qul haqqı həssaslığı
Ticarət həyatında qul haqqı Mütəffifin surəsində çox incə bir üslubla işlənir. “Çəkidə və ölçüdə aldadanların vay halına! Onlar insanlardan bir şey satın aldıqları zaman tam ölçər, Başqaları üçün bir şey ölçdüklərində, yaxud çəkdiklərində isə əskik ölçüb-çəkərlər. Onlar təkrar dirildiləcəklərini düşünmürlərmi? (Həm də) böyük bir gündə! O gün insanlar aləmlərin Rəbbinin hüzurunda duracaqlar.” (Mütəffifin 83/1-6)
Allah Rəsulu (s.ə.s) İslam mədəniyyətini qurmaq üçün Məkkədən Mədinəyə hicrət üzərindəki əmanətlərin sahiblərinin bir-bir adını çıxarıb Həzrət Əliyə bildirmişdi. İnsan Allah üçün nə qədər də çox ibadət etsə də qul haqqına da mütləq əməl etməli, hər haqq sahibinin haqqını verməlidir. Əks təqdirdə, sabah, hesab günündə, böyük məhkəmədə sahib olduğu haqq sahibləri ondan öz haqlarını alacaqlar. Halallaşmadan ölüb gedən şəxs axirətdə qəsb etdiyinin hesabını mütləq verəckdir. (Buxari, Məzalim, 10, Riqaq, 48.)

Halal və haramın ibadət həyatına təsiri
Qazancın mahiyyəti duadır. Ancaq halal-haram dəngəsi ibadətlərin qəbul və ya rədd edilməsinin səbəblərdəndir. (Təbərani, əl-Mucəmul-əvsat, VI, 310.) Allah Rəsulu (s.ə.s) halal-təmiz olanı yeməyi əmr edən ayələri oxuduqdan sonra qazancı haram olan birisinin dua və ibadətinin qəbul olunmayacağıni ifadə etmişdir. (Müslim, Zəkat, 65; Tirmizi,Təfsir, 2/36.) Bu həqiqəti müxtəlif hədislərində də təkrar etmişdir. (Əhməd b. Hənbəl, II, 98.) Məsələn, haram pulla həccə gələnlərin ziyarətinin qəbul olunmayacağına diqqət çəkmişdir. Buna görə Rəsulullah (s.ə.s) “Halal arxasınca qaçmaq fərz üstünə fərzdir.”- buyurur.

Halal və haramın davranışına təsiri
Qurani Kərimin : “Təmiz torpağın məhsulu Rabbinin izni ilə bərəkətli çıxır və kirli torpağın məhsulu isə kirli çıxar”. (Araf,7/58.), ayəsinin təfsirində xüsusilə sufi ənənəsində qazancın halal ya da haram olması insan davranışı üzərində təsirli olduğu və halaldan əldə edilən qidanın insanı yaxşılığa, haramdan əldə edilən qidanın insanı pisliyə apardığı vurğulanır. Çünki insanlar yedikləri və içdikləri yeməklərdən alınan enerji ilə hərəkəti təmin edir. Əgər bu enerji halaldan əldə edilən qidanın əsəri isə orqanlar üzərindəki təsiri o dərəcə müsbət olur və yaxşı nəticələr (yaxşı əməllər) ortaya çıxar. Haram qazanclardan əldə edilən qidadan gələn enerji insanları pisliyə aparır. Ona görə də bərəkətli torpaqlardan xoş məhsul çıxdığı kimi, təmiz qazancdan da insan üçün hüzur, qazancda bərəkət, ətrafına hörmət və sevgi ortaya çıxar. Halal loğma gözəldir, öz bəhrəsini verən sözlər və əməllər şirindir, haram loğma kirlidir, öz bəhrəsini verən sözlər və əməllər də onun kimidir. (Məsnəvi (tr. Gölpınarlı), II, 336-337; Məsnəvi (tr. Tahir əl-Mövləvi), III, 832-834; AA. Qonaq, I, 495-496.)
Nəticə etibarı ilə deyə bilərik ki, bu dünyanın axirəti də var. İnsan bu dünya imtahan üçün göndərilib. Əsas həyat axirət həyatıdır. Ölüm son deyil, əslində bir qapı olub, yeni həyatın başlanğıcıdır. İnsan bu dünyada qalmaq üçün deyil yaxşını pisdən seçmək üçün göndərilib. Əlinə avans olaraq verilən ömür sərmayəsini, qabiliyyətlərini düzgün şəkildə istifadə edərək axirət həyatında, əbədi xoşbəxtlik yurdu cənnətə gedəcək bileti təmin etmək üçün istifadə etməlidir. Bunu edərkən də əsla kimsənin hüquqa təcavüz etməməli, dürüst olmalı, əlindəki imkanları səmərəli istifadə etməli, insanlarla münasibətlərində ölçülü olmalı. Hər işini qarşılıqlı riza ilə etməlidir. Halal və haram xüsusunda həssas olmalıdır. Unutmamalıdır ki, həssas olmasa əsl vəzifəsi olan qulluq həyatı da alt üst olar.

Rahim Cəlilli
ilahiyyatçı

 

Exit mobile version