6. 301 dəfə oxunub ,   1 şərh   Çap et

“Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər”[1]ayəsi də bunun bütün ümmətlərə şamil olduğunu bildirir. İslamda Qurban ibadətinin Quranda əsaslandığı ayələrdən biri də budur.

Rəsulullah hələ hicrətdən əvvəl Məkkədə nazil olan “Kövsər” surəsinin “(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (“Kövsər” surəsi, 108/1-2) ilahi əmri ilə təkcə Ona fərz buyurulan quşluq namazını (və ya şükür namazını) qılmağa və qurban kəsməyə başlamışdı. Qurban bayramı isə ilk dəfə hicrətdən sonra Mədinədə Rəsulullahın (sallallahu əleyhi və səlləm) Allahın əmri istiqamətində sözlü və feli sünnəti ilə bütün möminlərə dini bayram olmuş[2]və bu günlər bayram namazı qılmaq və qurban kəsmək vacib buyurulmuşdur.[3]

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Məkkədə ikən yalnız Onun üçün fərz olan qurban kəsirdi. İbn Abbasdan belə nəql olunur: “Rəsulullahın belə buyurduğunu eşitdim: “Üç ibadət mənim üçün fərz, sizin üçün isə nafilədir. Bunlar vitr namazı, qurban kəsmək və quşluq (duha) namazıdır”.[4]Tirmizinin rəvayət etdiyi bir hədisdə Rəsulullah (sallallahu əleyhi və səlləm): “Qurban kəsmək Mənə əmr edildi, lakin sizin üçün bir sünnətdir,” – buyurur. Göründüyü kimi, quşluq namazı qılmaq və qurban kəsmək Məkkədə “Kövsər” surəsinin nazil olması ilə birlikdə Rəsulullaha fərz buyurulmuşdu.

“Kövsər” surəsində “fə salli li Rabbikə vənhar” (108/2) ayəsində keçən “vənhar!” (boğazla, kəs) ilahi əmri mücməl (qısa xülasə) olduğuna görə, bu ayədən aşağıdakı mənalar çıxarmaq olar:

1. “Nəhr adlı ibadəti də yerinə yetir!”

2. “Rəbbin üçün kəsilməsi mümkün olan heyvanlardan qurban kəs!”

3. “Nəhr (Qurban) bayramı et!” Bütün bu mənaları “Allah üçün qurban kəsmək” mənasına gələn “nəhr” feli ilə xülasə etmək olar.

4. Muqatil (rahiməhullah) ayəni belə şərh edir: “Ey Məhəmməd! Sən Rəbbin üçün beş vaxt namazı qıl, Qurban bayramı günü qurban kəs!”

5. Bəzi alimlər isə: “Bayram namazını qıl və (Minada) dəvə qurban et!” mənasında anlamışlar.

6. Bir qisim alimlər isə bu şəkildə mənalandırmışlar: “Sən qurbanını kəsmək üçün əlini “təkbir”lə (“Allahu Əkbər”lə) qaldır, kəsərkən də qibləyə tərəf çevril!”

7. Digər tərəfdən nəhr və zəbh (boğazlamaq və kəsmək) söz¬ləri təkcə qurbanlıq mənasında deyil, heyvanın yalnız ətini ye¬mək və ya satmaq anlamında da işlətmək olar. Lakin Qurban bay¬¬ramının üç gününə daha çox “nəhr günləri” deyildiyinə və şükür və ibadət sözlərinin axarına uyğun gəldiyinə görə “vənhar”ın qurban mənası daşıması açıq-aşkar görünür. Buna görə ayədən “Namaz qıl, qurban kəs, Qurban bayramı et!” mənası da başa düşülə bilər. Elə bəzi təfsir alimləri də ayədə keçən “namaz” əmrinin bayram namazı, nəhrin isə Qurban bayramında kəsilən qurban olduğunu müəyyən etmişlər.[5]Beləliklə, aydın olur ki, Allah-Təala “vənhar” bəyanı ilə Rəsulunun simasında bütün möminlərə Qurban bayramı keçirməyi əmr edir.[6]

Peyğəmbərimiz Mədinəyə hicrətin ikinci ilində ümmətinə qurban bayramını qeyd etməklə birlikdə bayram namazı qılıb qurban kəsməyi vacib buyurmuşdur. Bu da hacıların Ərəfata çıxdığı günlə, yəni Ərəfə günü ilə başlamış, sonra hədy qurbanı kəsilən dalbadal üç gün və ziyarət təvafı edilən dördüncü günlə başa çatmışdır. Qurban bayramı ilə udhiyyə qurbanının kəsilməsinə də başlanıldı. Məlum olduğu kimi, Rəsulullah (sallallahu əleyhi və səlləm) Mədinəyə hicrət edəndə Mədinə əhalisinin iki bayramı vardı. Həmin günlər əylənərdilər. “Bu iki gün hansı günlərdir?” deyə soruşanda: “Biz cahiliyyə dövründə bu günlər əylənərdik!” – deyə cavab vermişdilər. Əleyhissalatu vəssalam: “Allah-Təala, sizə bu iki günün əvəzində ondan daha xeyirli iki gün lütf etdi: yəvmi-ədha (Qurban bayramı) və yəvmi-fitr (Ramazan bayramı)”.[7]

Rəsulullahın Kövsər lütf edilməsinə şükür əlaməti olaraq qıldığı şükür namazı və kəsdiyi şükür qurbanı Mədinəyə hicrətdən sonra bütün ümmət üçün külli nemət olmuş, şükür namazı bayram namazına, şükür qurbanı da Bayram qurbanına çevrilmişdir. Rəsulullaha fərz olan bu iki ibadət ümmətə vacib buyurulmuşdur. Deməli, Qurban bayramının ruhunda bir şükür duyğusu, şükranlıq hissi vardır.

Hz. İbrahim və İsmailin bir sünnəti olan Qurban ibadətini yalnız zəvvarlar üçün deyil, bütün möminlər üçün bir bayrama çevirən Aləmlərə Mərhəmət olaraq göndərilmiş Hz. Məhəmmədin (sallallahu əleyhi və səlləm) ata-babaları arasında ən çox Hz. İbrahimə bənzəməsi və Hz. İsmailin nəslindən gəlməsi[8]qədərin neçə-neçə hikmətini ehtiva edir, olduqca anlamlıdır, möhtəşəm bir təvafüq, xariqüladə uyğunluqdur.

Qurban ibadəti Allahın bir şüarıdır (nişanəsidir)

“Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik” [9]ayəsi bəşəriyyətin nəticə etibarilə dinlər tarixində yetişdiyi ən son və ən uca məqamı birbaşa Allah kəlamı ilə ortaya qoymuşdur. Qurbanlıqlar hörmətə layiq varlıqlardır, dinin bir simvoludur.

________________________________________
[1] . “Həcc” surəsi, 22/34
[2]. Ebu Davud, Edahi 1; Nesai, Dahaya 2; Muvatta, Teharet 113; Ahmed b. Hanbel, 2/169
[3]. H.Yazır, adı çəkilən əsəri (a.ç.ə.), 9/61197-6201
[4]. Bu hədis Əhməd b. Hənbəl, Müsnəd, Hakim (“Müstədrək”də) və Darə¬kud¬ni¬dən rəvayət edilmişdir. Hakim sözügedən hədis haqda heç bir qeyd vermir. Ancaq Nəsəyi və Darəkudni müəyyən edir ki, bu hədisin sənədində ravilərdən biri zəifdir (etibarlı deyil). Baxın: Zeylai, Nasbu’r-Raye, 4/206
[5]. H. Yazır, a.ç.ə., 9/6198
[6]. H. Yazır, a.ç.ə., 9/6203, 6213; Geylani, Gunyetü’t-Taibin, s. 342
[7]. Ebu Davud, Salat 239, 245; Nesai, Iydeyn 1; Ahmed b. Hanbel, Müsned, 3/103, 178.
Mədinəlilərin qeyd etdiyi bu iki bayram Novruz və Mihrican bayramlarıdır. “Novruz” fars sözü olub “yeni gün” deməkdir. Günəş o gün həml bürcündə olur. Qədim günəş təqviminə görə bu gün ilin başlanğıcı hesab olunur.
Mihrican isə Novruzun qarşılığıdır. Yayın axırına təsadüf edir. Günəş tərəzi bürcünə o gün girir. Bu günlərdə gecə ilə gündüz bərabərləşir, havalar da mülayim keçir; nə həddən artıq isti, nə də soyuq olur. Belə güman edilir ki, qədim astronomlar bu iki günü bayram seçmiş, onların xalq arasında böyük nüfuzu bu bayramların sadə camaat tərəfindən də mənimsənilməsinə gətirib çıxarmış və beləcə bu günlərin bayram kimi qeyd olunması adətə çevrilmişdir.
İslam dini hər bir mədəni müəssisində müstəqilliyi, orijinallığı əsas tutduğuna görə bu cahiliyyədən qalma adətləri aradan qaldırıb onların yerinə bütün dünya möminlərinə ilahi mənşəli iki bayram ərməğan etmişdir. Bayramların daha xeyirli olanlarla dəyişdirilməsi, təbii ki, mühüm əhəmiyyət kəsb edir. Beləcə o günlərin qeyd edilmə və əyləncə şəkli kökündən dəyişdirilmiş oldu. Rəsulullah köhnə bayram adətlərindən fərqli olaraq, İslama xas bayram keçirmə qaydasını müəyyən etmişdir. Bununla da möminlərin əyləncəsi də, bayramı da İslama uyğun oldu. Möminlərin bayramı ibadətlə başlayır. Çünki həqiqi sevinc və nəşə ibadətdədir. Allah-Təala möminlərə İlahi lütflə fərəhlənməyi əmr edir: “(Ya Rəsulum!) De: “Ancaq Allahın neməti və mərhəməti ilə sevinsinlər”. (“Yunus” surəsi, 10/58) Bəzi alimlər: “Bu ayədə Novruz, Mihrican və digər kafir bayramlarının qeyd olunmasını qadağan edən dəlil vardır,” – demişlər. Hənəfi fiqh alimlərindən Əbu Hafsil-Kəbir “Əgər bir mömin Novruz bayramında bayrama ehtiram niyyəti ilə bir müşrikə bir yumurta belə hədiyyə etsə, Allaha qarşı küfr etmiş olar və bütün əməlləri hədər gedər” qənaətindədir. Yenə Hənəfi fiqh alimi Əl-Kadi Əbul-Məhasin əl-Həsən ibn Mənsur deyir: “O gün kim (Müsəlman) başqa vaxt satın almadığı şeyi satın alar və ya kafirlər kimi bir nəfər nəsə hədiyyə verərsə, küfr etmiş olar. Yox əgər özü yemək, ya da tənəzzüh etmək (harasa getmək, qüsur və eyibdən uzaq olmaq) üçün satın alıbsa, bu, məkruh sayılır. Əgər sadəcə adət olduğuna görə könül almaq üçün hədiyyəlik bir şey satın alarsa, bu da məkruhdur. Çünki bu davranışda kafirlərə bənzəmə əlaməti var”. (İbrahim Canan, Kutubu Sitte, 12/492
[8]. Buhari, 3/227; Zemahşeri, el-Keşşaf, 4/56
[9]. “Həcc” surəsi, 22/36




1 şərh yazılıb
  1. Seymur , 01/10/2014 tarixində, saat 07:10

    Yazilariniza gore tesekkur edirem

Şərh yaz