Artıq çoxtərəfli fəaliyyətlərin yürüdüldüyü məkan – Mədinə sülh və əmin-amanlığın mərkəzinə çevrilmişdi. Qarışıqlıq və xaos dövrü çoxdan keçmişə qarışmışdı. Artıq mədəni dirçəliş müşahidə olunurdu. Əlbəttə, bu, yalnız zamanın müəyyən bir dövrünü əhatə edən müvəqqəti əmin-amanlıq olmamalı idi. Buna görə Allah Rəsulu bəzi səhabələri insanlara dinin incəliklərini öyrətmə, asayişi və təhlükəsizliyi qoruma, İslamı daha da uzaqlara yayma, təbliğ məqsədi ilə yazdığı məktubları çatdırma, İslamı qəbul etməsə də, Mədinə hakimiyyətinə tabe olan insanlarla ittifaq bağlama, insanlara zərər verib asayişi pozanların qüvvələrini dağıdıb səsini kəsmə, İslam hakimiyyətini qəbul edən qeyri-müsəlmanlardan cizyə və müsəlmanlardan da zəkat toplama kimi vəzifələrlə ətraf ərazilərə göndərməyə başlayır. Sözügedən işlər üçün vəzifələndirilən şəxslərin sayı, təbii ki, görüləcək işin keyfiyyətinə görə dəyişir, təkbaşına gedənlər olduğu kimi, yüzlərlə insanla yola çıxanlar da olurdu. Bütün bunlar artıq Hicazda yalnız İslamın hakim olduğu bir quruluşun hər kəs tərəfindən qəbul edildiyini, zehinlərdə yaranmış tərəddüd və şübhələrin də aradan qalxdığını göstərirdi!
Bu səbəbdən Allah Rəsulu (s.ə.s.) Mədinəyə döndükdən sonra müxtəlif vaxtlarda Uyeynə ibn Hısnı Bəni-Təmimə, Yezid ibn Husaynı Əsləm və Qıfara, Abbad ibn Bişri Süleym və Müzeynəyə, Rafi ibn Məkisi Cüheynəyə, Amr ibn Ası Bəni-Fəzaraya, Dahhaq ibn Sufyanı Bəni-Kilaba, Bəşir ibn Sufyanı Bəni-Qaba, İbn Lüteybiyyəni Bəni-Zübyana, Mühacir ibn Əbi Ümeyyəni Sənaya, Ziyad ibn Ləbidi Hadraməvtə, Adiyy ibn Hatəmi Tayy və Bəni-Əsədə, Malik ibn Nüveyranı Bəni-Hanzalaya, Zibrikan ibn Bədr ilə Qays ibn Asımı Bəni-Sadın müxtəlif bölgələrinə, Ala ibn Hadramini Bəhreynə və Hz.Əlini də Nəcrana göndərəcək və beləliklə, İslamın hakimiyyətini geniş bir coğrafiyada bərqərar etmiş olacaqdı.
Qureyşin Rəsulullah və müsəlmanlara qarşı başladığı amansız mübarizə məğlubiyyətlə nəticələnincə o günə qədər: “Hələ Onu öz qövmü ilə baş-başa buraxaq; məğlub olsa, məsələ elə öz-özünə bitmiş olacaq! O, qövmünə qalib gəlsə, onda bu barədə düşünərik!” – deyənlərin ağıllarını başlarına yığma zamanı gəlmişdi. Düşünür, düşünür və çıxış yolunu gəlib Allah Rəsuluna təslim olmaqda görürdülər. Bundan sonra Mədinə nəinki insanları yola salacaq, eyni zamanda ardı-arası kəsilməyən heyətləri qəbul edəcəkdi! Hələ dünənədək savaşların tənəzzülə sürüklədiyi Mədinə bu doqquz ildə xaoslu günlərini geridə qoymuş, dünyaya əmin-amanlıq və etibar saçan bir mərkəzə çevrilmişdi! Aydınlığa həsrət könüllər işığa yürüyən pərvanələr kimi bu günəşin fərqinə varır, onu daha yaxından görüb hüzurunda səhabə olma şərəfinə qovuşmaq üçün axın-axın Mədinəyə gəlir, dörd bir yandan qopub Allah Rəsulunun nurlu iqliminə sığınırdılar!
Artıq İslam gözəlliklərinin pərdəsiz və açıq-aşkar görünmə zamanı idi: keçmiş və gələcəklərindən arınacaqdılar! Bəziləri o günə qədər fərqinə varmadıqları gözəllikləri görüb həyəcanla alışıb-yanır, bəziləri də daha öncə fərqinə varıb bütünlüklə qavraya bilmədikləri İslam haqqında daha çox şey öyrənmək üçün gəlirdi! Əlbəttə, bunlar arasında İslamı daha yaxından tanıyıb qərar vermək istəyənlər olduğu kimi, gedişatı narazılıqla qarşılayıb Rəsulullahdan güzəşt qoparmağa çalışan dünyaya düşkünlər də vardı! Ancaq bütün bunlar Fəxri-Kainatın rəhleyi-tədrisinin (tədris masasının) ətrafında oturunca süzülüb durulacaq və üz tutduqları işığa, nura təslim olacaq, beləcə geri dönəcəkdilər!
Əlbəttə, hər bir gediş-gəlişin özünəxas hekayəsi vardı. O günə qədər qarşılarına çıxmayan hadisələrlə rastlaşır, belə vəziyyətlərdə necə davranmağı Allah Rəsulundan soruşur, addımlarını Onun cavab və göstərişləri istiqamətində atır və beləliklə, din naminə daha çox şey öyrənirdilər!
Bəni-Təmim
Uyeynə ibn Hısn əlli nəfərlik süvari dəstəsi ilə ətraf ərazilərdə asayişi pozan və vəd etdiyi cizyədən imtina edən Bəni-Təmimə qarşı göndərilmişdi. Uyeynə də Bəni-Təmim yurdundan iyirmi biri qadın, otuzu uşaq olmaqla altmış iki nəfər əsir götürüb Mədinəyə qayıtmışdı. Və çox keçmədən Bəni-Təmim qəbiləsi Aqra ibn Habis, Utarid ibn Hacib və Zibriqan ibn Bədrin başçılığı ilə Mədinəyə heyət göndərib Rəsulullahla danışmaq istəyir. Qapıya qədər gəlib:
– Bizim qarşımıza çıx, ey Məhəmməd, – deyə çığırırlar.
Vəziyyət narahatedici olsa da,[1] Haqqın rizası hər şeydən üstün idi. Çünki iman naminə bir insanın əlindən tutmaq hər şeydən dəyərli idi. Buna görə də Allah Rəsulu (s.ə.s.) onları qarşılamaq üçün çölə çıxır. Onu görcək:
– Biz Sənə böyüklüyümüzü göstərməyə gəldik. Baxaq görək hansımızın şərəfi daha yüksəkdir? Sən sadəcə şairlərimizlə xatiblərimizə izin ver, – deyirlər.
Qəribə vəziyyət idi. Əvvəlcə Allah Rəsulu (s.ə.s.):
– Biz nə şeir söyləyib fəzilət yarışına girmək, nə də insanlar arasında lovğalanıb öyünmək üçün göndərildik. Madam ki belədir, onda buyurun, – deyir.
Bunların heç biri əsl məqsəd deyildi, amma adamlar bu gün başqa dildən anlamırdılar! Bu zaman biri irəli çıxır və özlərini yerə-göyə sığdırmayan ifadələrlə fəzilət yarışına girir! Vəziyyət arzuolunmaz idi. Ancaq başqa bir yol da mümkün görünmürdü və Allah Rəsulu (s.ə.s.) hüzurunda olan Sabit ibn Qays ibn Şəmmasa dönüb:
– Qalx və bunların cavabını ver, – deyə səslənir.
Hz.Sabit ayağa qalxır və cavab olaraq İslamla qazandıqları məqamı, mövqeyi nəzmə çəkir.
Günorta namazından sonra Məscidi-Nəbəvi, sanki, şairlərin yarış meydanına çevrilir. Hər küncdən bir şairin səsi gəlirdi! Məqsəd ər meydanında öhdəsindən gələ bilmədikləri bu gücə – müsəlmanlara ədəbiyyatın ənginliklərində mücadilə edib qalib gəlmək və üstünlüklərini isbat etmək idi. Doğrudan da, çox keçməmiş Bəni-Təmimin xatibi Utarid ibn Hacib ayağa qalxıb uzun şeir söyləyir. Ardınca Zibriqan ibn Bədir irəli çıxır, öz sənətini dilləndirməyə başlayır. Hiss olunurdu ki, insanlar bu işə böyük əhəmiyyət verir və üzünü əshabına tutan Allah Rəsulu (s.ə.s.):
– Hassan ibn Sabiti çağırın, – buyurur.
Çox keçməmiş Hassan ibn Sabit hüzura gəlir. Allah Rəsulu (s.ə.s) onun adamlara cavab verməsini istəyir. Artıq biri susur, o biri başlayırdı və bu vəziyyət saatlarla davam edəcəkdi! Təmim şairlərinin əvvəlcədən hazırlaşmasına baxmayaraq, heç bir hazırlıq görməyən İslamın söz sənətkarları məharətlərini göstərirlər. Bu vaxt Allah Rəsulu da Hz.Hassanı dəstəkləyir, cavab verməyə təşviq edirdi!
Bu arada nəvəsi Hz.Həsən gəlir, Rəsulullahın yanına qaçaraq özünü Onun şəfqətli qolları arasına atır. Rəsulullah (s.ə.s.) da sevimli nəvəsini qoxlayaraq öpür!
Meydanda yarışan şairlər hər hadisəyə qiymət verirdilər və bunu qəribə qarşılayan Aqra ibn Habis:
– Mənim on uşağım var. Ancaq onların heç birini öpməmişəm, – deyir. Allah Rəsulu:
– Mərhəmət göstərməyənə mərhəmət də edilməz, – buyurur və ardınca da, – Allah sənin qəlbindən mərhəmət duyğusunu çəkib çıxarmışsa, Mən nə edə bilərəm, – deyə əlavə edir.
Hər yaşanan hadisə Aqra ibn Habis qəlbini bir az da yumşaldırdı. Dinləyib gördüklərini qiymətləndirən və insafa gələn Aqra ibn Habis yoldaşlarına tərəf dönüb:
– Ey camaat! Atamın adına and olsun ki, bu adamın işi hər şeydən üstündür! Baxın bunun necə olduğunu heç cür anlaya bilmirəm. Bizim xatibimiz də danışır, amma onların xatibinin səsi daha gur və təsirli çıxır! Bizim şairlərimiz də çıxıb şeir söyləyir, amma onların şairlərinin söylədikləri daha təsirlidir! Onların nəzmə çəkdiyi sözlər hamımızınkından daha şirindir! – deyir.
Görünür, Aqra ibn Habisin zamanı yetişmişdi. Allah Rəsulunun hüzuruna yaxınlaşır və:
– Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və Sən də Onun Rəsulusan! – deyir.
Söz sənətkarına sözlə cavab vermək işə yaramışdı. Rəsulullahın sevinci yerə-göyə sığımırdı. Çünki heyətin digər üzvləri də Habis kimi edir və beləcə Bəni-Təmim heyəti təslim olub yeni bir həyata qədəm qoyur.
Daha sonra Allah Rəsulu onlara hədiyyələr verəcək və əsir alınan qadın və uşaqlarını da özlərinə qaytarıb Mədinədən yola salacaqdı! Nəhayət, özgə niyyətlə Mədinəyə qədəm basan bir heyət də insafa gəlmiş, mənəvi rahatlıq içində Təmim yurduna qayıdırdı.
Vəzifə şüuru barədə mühüm xatırlatma
Artıq Mədinəyə gəlib-gedənlərin sayı-hesabı yox idi. Həmçinin zaman müxtəlif vəzifələr və tapşırıqlarla Mədinədən gedənlərə də şahid olurdu. Rəsulullah (s.ə.s.) zəkat məmuru kimi İbn Lüteybiyyəni Zübyanoğullarının yanına göndərmişdi. Geri qayıdarkən hüzura girən İbn Lüteybiyyə özü ilə gətirdiyi malları göstərərək:
– Bunlar Sizin, bunlar da mənə hədiyyə edilənlər, – deyir.
O günə qədərki həyat tərzinə, adətlərə görə bunu çox təbii qarşılamış və şəxsən özünə verilənləri özününkü hesab etmişdi. Halbuki Allah Rəsulu bu sözlərdən xoşnud olmamışdı. Rəsulullah onu fərz bir ibadəti yerinə yetirib insanları idarə etmək üçün məmur göndərmiş, o isə iş üçün getdiyi yerdə öz adına hədiyyələr almışdı! İş ilə hədiyyəni bir-birinə qarışdırmamaq lazım idi. Çünki hədiyyələr insanı təzyiq altında saxlaya bilərdi və vəzifəyə görə verilənlər vəzifə üçün də istifadə edilməli idi. Görünür, Rəsulullah hamının bir yerdə olduğu məqamı gözləyirdi. Yenə əshabına namaz qıldırır, onlara dönüb Allaha həmd-səna edir. Nəsihətini edib sözü İbn Lüteybiyyənin dediklərinə gətirir:
– Bu məmurlara nə olub? – deyir, – Mən bir insanı zəkat məmuru kimi göndərirəm, o gəlib Mənə: “Bu Sizin, bu da mənə hədiyyə edilənlər” – deyir! Deyin görək, əgər o şəxs atasının evində oturub gözləsəydi, bu hədiyyələri ona verərdilərmi? Məhəmmədin nəfsi qüdrət əlində olan Allaha and olsun ki, sizdən biri belə bir şey edərsə, qiyamət günü o aldığı şey boynuna dolanar, dəvə böyürərək, inək movldayaraq və qoyun mələyərək ona iztirab olar!
Xəbərdarlıq tükürpərdici idi və Sultanlar Sultanı bu bəyanlarının ardından əllərini çiyinləri bərabərindən bir az yuxarı qaldırır:
– Allahım! Mən təbliğ vəzifəmi yerinə yetirdimmi? – deyə Rəbbinə nida edir!
Təbuk
Təbliğ və irşadla yoğrulan bu gediş-gəlişlər ərəfəsində Şam tərəfdən yeni bir xəbər gəlir. Xristian ərəblər Herakla yazdıqları məktubda: “O peyğəmbərlik iddiası ilə ortaya çıxmış adam var ha, həmin adam öldü və yoldaşları da qıtlıqdan qırılır. Mal və mülklərindən əsər-əlamət qalmadı! Əgər onları da öz dininə daxil etmək fikrin varsa, bu işin əsl vaxtıdır!” – deyir, onu müsəlmanlara qarşı mübarizəyə təşviq edirdilər. Bu arada Lahm, Cüzam, Amilə və Qassan kimi qəbilələr də baş qaldırmış, Bizansın gələcəyi təqdirdə onunla birgə hərəkət etməyə söz vermişdilər.
Digər tərəfdən Allah Rəsulunun elçisini öldürüb Mutədə qarşısına çıxan Qassan məliki Şurahbil ibn Amr Mədinəyə hücum etmək üçün fürsət axtarırdı! Görünür, ortada ümumi bir ssenari vardı. Belə ki, bu yandan da yəhudilər Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlib:
– Ya Əbal Qasım, – deyirlər, – əgər söylədiklərin doğrudursa, onda Şam tərəfə get. Çünki oralar peyğəmbərlər diyarıdır![2]
Zaman seçimi baxımından bunların hamısı başa düşüləndi! Özləri bacarmadıqları üçün o dövrün ən güclü dövlətlərdən biri olan Bizansı hərəkətə gətirmək istəmiş və iştirak etmədən uzaqdan tamaşa ilə məqsədə çatmaq üçün planlarını qurmuşdular! Hadislərin qarşısını ala bilməyən düşmənlər bu son vasitəyə əl atmışdılar.
Bu ərəfədə Şam tərəfdən Mədinəyə gələn bəzi tacirlər Bizansın öncül qüvvələrinin Bəlkaya çatması barədə xəbər gətirmişdilər! Xəbər üzücü idi. Çünki bu, İslamın işıqlı dünyasına üz tutan insanlar üçün yeni bir dönəm demək idi. Ancaq belə böyük bir təhlükəyə göz yummaq da olmazdı. On minlərlə insanın Mədinəyə hərəkət etmək üçün hazırlıq gördüyü bir vaxtda, əlbəttə, əliboş dayanmaq olmazdı! Bu arada Cəbrailin gətirdiyi bəyanlar müşriklərlə aralarındakı hüdudun daha da dəqiqləşdirilməsinin vacibliyini ifadə edir və iman sahibi olmayanlarla döyüşməkdən çəkinməməyi bildirirdi.[3]
Bir cəhətdən bu, onsuz da gözlənilən bir sonluq idi, çünki Bizans o dövrdə dünyaya hökm edən iki dövlətdən biri idi və bu gün olmasa da, sabah mütləq qarşı-qarşıya gələcəkdilər! Çünki İslam yalnız öz ayaqları, öz bünyəsi üzərində inkişaf edirdi və bunu görən “aktyorlar” bu qədər müstəqil bir inkişafı elə asanlıqla həzm etmirdilər!
Allah Rəsulu (s.ə.s.) döyüşə hazırlıq əmrini verir. Ətraf qəbilələrə də xəbər göndərir, belə bir əhəmiyyətli dövrdə onların da iştirak etməsini tələb edir! Bu arada Məkkəyə də xəbər göndərir, eyni həssaslığı onlardan da istəyir.
Əvvəlki döyüşlərdə haraya və nə zaman gediləcəyini, hansı yollardan istifadə edib kiminlə savaşacaqlarını gizli saxladığı halda, bu dəfə hədəfi də, atılacaq addımları da açıq-aşkar bildirirdi! Çünki həm mövsüm və şərait həm də düşmənin kimliyi baxımından bunun bilinməsi və ona uyğun hazırlıq görülməsi zəruri idi. Çünki o zaman Mədinə ən quraq mövsümlərindən birini yaşayırdı; o qədər isti idi ki, insanlar kölgəliklərdən kənara çıxmağa cəsarət etmirdilər! Meyvələr təzə-təzə yetişir, insanlar bir ilin bəhrəsini hələ təzə-təzə götürürdülər! Səhrada yeri-göyü qovuran günəş, bağ və bağçalarda isə cazibədar kölgəlik vardı! Buna görə də bəzi insanlar hislərini gizlətmədən:
– Belə istidə döyüşə getmək olar? – deyirdilər.
Yenə də imdada yetişən Cəbrail onların bu sözlərini təkrarlayıb cəhənnəm odunun bundan daha şiddətli olması xəbərini gətirir.[4] Təbuk günü Allah davası uğrunda can qoyan səmimi möminlərlə bu işə barmaqarası baxan və içindəki nifaqı heç cür ata bilməyənlərin bir-birindən ayrıldığı gün idi. Bir tərəfdə Allah Rəsulunun çağırışına ürəkdən qoşulanlar yeni bir həyəcan yaşayır, digər tərəfdə isə bəziləri bu Nəbəvi çağırışı qulaq ardı edib orada-burada gizlənir,[5] Rəsulullahla Təbuka getməmək üçün ağlagəlməz bəhanələr uydururdular![6] Cədd ibn Qeys bir dəstə silahdaşı ilə Məscidül-Nəbəvidə olan Allah Rəsulunun hüzuruna gələrək:
– Ya Rəsulullah, – deyə səslənir, – mən yoxsul və xəstə adamam. Mənim üçün bunlar üzürlü səbəbdir. Ona görə burada qalmağıma icazə ver!
Əvvəlcə onu səbirlə dinləyən Rəsulullah (s.ə.s.):
– Hazırlığını gör, çünki sənin imkanların var, – buyurur.
Ancaq Cəddin fikri qəti idi. Qırmızı-qırmızı deyir:
– Gəl Sən mənə izin ver, məni fitnəyə salma! Vallah, mənim qövmüm də bilir ki, onların arasında mənim qədər qadına meyilli insan yoxdur. Əgər oraya getsəm, Bəni-Asfarın qadınlarını görər, dözə bilmərəm!
Bu sözləri eşidən Allah Rəsulu (s.ə.s.) üzünü çevirib:
– Sənə izin verdik, – buyurur. Cədd ibn Qeysin oğlu Abdullah atasının bu hərəkətini eşitcək narazılığını bildirir:
– Sən nə adla Rəsulullahın sözünə qarşı çıxırsan? Bəni-Səlimədə səndən varlısı varmı? Nəyə görə döyüşə çıxmaq üçün hazırlıq görmürsən? – deyir.
– Oğlum! Bu qıtlıqda, bu istidə və yandırıcı rüzgarda mən hara, Bəni-Asfara getmək hara! Hələ evimdə otura-otura Bəni-Asfardan çəkindiyim halda, hansı cəsarətlə onlarla savaşmağa gedəcəyəm? Bunu da bil ki, ey oğlum, nəticənin kimin xeyrinə olacağını indidən görürəm!
Oğul Abdullah, əlbəttə ki, bunlarla razılaşan adam deyildi. Atası ilə daha kəskin danışıb bunun nifaqdan başqa bir şey olmadığını deyincə atası onun üzünə möhkəm bir şillə çəkir və səsini kəsməyə çalışır. Ancaq bir Məqamdan nida kəsilməzdi və çox keçməmiş Cəbrail gəlir, Cədd ibn Qeysin sözlərini nəzərə çatdırır və fitnəyə düşənlərin məhz onların özləri olduğunu bildirir.[7]
Bu arada bir dəstə insan döyüşə getməmək üçün özlərindən yeni bir iş “icad edib” Peyğəmbərimizin (s.ə.s.) hüzuruna gəlirlər:
– Ya Rəsulullah, – deyirlər, – qaranlıq və yağışlı gecələrdə xəstə və yaşlı adamların namaza gələ bilməsi üçün bir məscid inşa etdik. İstəyirik ki, oraya gəlib bizə namaz qıldırasan!
İlk baxışda təqdirəlayiq işə bənzəyirdi, ancaq adamların niyyəti nə ibadət, nə də xəstə və yaşlıların qayğısına qalmaq idi. Əsl məqsəd İslam əleyhinə bir mərkəz qurmaqdı. Buna görə də Allah Rəsulu (s.ə.s.):
– Hal-hazırda yol hazırlıqları ilə məşğulam, geri dönəndə, bəlkə, – cavabını verir.
Beləliklə, həm aradakı pərdəni saxlamış olur, həm də bu cür yanaşma ilə onlarda şübhə oyatmır. Bununla yanaşı, şərin mərkəzini müəyyən etmiş olurdu!
Təbuka getməmək üçün bəhanələr uydurub Allah Rəsulundan izin istəyənlərin sayı səksəni keçmişdi. Zahiri hallarına görə hamısına izin verən Allah Rəsulu onları niyyətləri ilə Allaha həvalə etmişdi. Yalnız səmimi olanlarla hazırlıq işləri görürdü! Çünki Allah Rəsulu Bəni-Qıfardan gələn təqribən otuz nəfərlik bir dəstəyə bu cür izin verməyəcək və onların da Təbuka gəlmələrini istəyəcəkdi.[8]
Himmətə müraciət
(Himmət – Qəlbin bütün varlığı ilə Cənabı-Haqqa və digər müqəddəslər yönəlməsi. Səmimi qəlbdən edilən ciddi cəhd)
Şərtlər ağır, düşmən güclü, yol uzun və imkanlar da az idi; Allah Rəsulu (s.ə.s.) demək olar ki, hər gün minbərə çıxır və məşəqqət içində qıvrılanların əlindən tutmaq üçün imkanı olan səhabələri Allah yolunda verməyə təşviq edib:
– Allahım! Əgər bu insanların başına bir iş gəlib həlak olarlarsa, artıq Sənə yer üzündə ibadət edilməz, – deyir və əlində imkanı olmasa da, ürəyi imanla coşan bu insanların uğur qazanması üçün Allaha dua edirdi!
Çünki o gün döyüşə getməyi ürəkdən arzuladığı halda, imkansızlıq üzündən hazırlıq görə bilməyənlər neçə-neçə səhabə vardı. Onlar bir ümid, bir əlac deyib, Allah Rəsulunun hüzuruna gəlmiş, Ona müraciət etmişdilər.
Əshab Allah yolunda verməyi öyrənmişdi. Rəsulullahın (s.ə.s.) istəklərinə vaqif olan Hz.Əbu Bəkir evinə gedərək nəyi varsa, yığıb gətirir. Onun bu halını görüb:
– Evindəkilərə bir şey saxladınmı? – deyə soruşan Allah Rəsuluna:
– Onlara Allah və Rəsulunu saxladım, – cavabını verir.
O qədər səmimi və Allaha təvəkkülü o qədər tam idi ki, yoxsulluğa və çətinliyə düşməkdən belə çəkinmir və sabahını düşünmədən müsəlmanlara əl uzadırdı! Çox keçmədən Hz.Ömər onu təkrarlayır. O da həyacanla gəlir, gətirdikləri ilə Hz.Əbu Bəkri keçəcəyini zənn edir. Amma Hz.Əbu Bəkir Rəsulullahın istəyini dərhal yerinə yetirmişdi, onu keçmək mümkün deyildi.
O gün Hz.Osman, Hz.Talha, Hz.Abbas, Sad ibn Ubadə və Asım ibn Adiyy kimi öndər səhabələr imkansızların əlindən tutmaq üçün sərvətlərini ortaya qoyur, Allah Rəsulunun ixtiyarına verirlər. Üç min nəfərlik ordunun üçdə birini Hz.Osman təchiz edir![9] Hz.Osmanın hər dəfə əli dolu hüzura gəldiyini görən Allah Rəsulu (s.ə.s.) əllərini açacaq və:
– Allahım! Sən də Osmandan razı ol, çünki Mən ondan razıyam, – deyə dua edəcəkdi.
Bundan başqa önünə qoyduğu qızıl və gümüşləri ora-bura çevirərkən yanındakılara dönəcək və: “Artıq bundan sonra nə edərsə etsin, Osmana bir zərəri toxunmaz,” – deyə onu öyəcəkdi.
Böyük səhabələrin böyük səylərini görən digər müsəlmanlar da əllərində nə var ortaya qoyurlar. Belə ki, bir dəvəsi olan dəvəsini gətirib qardaşı ilə bölüşür, bir loğma yeməyi olanlar da onu gətirib bir döyüşçüyə yol azuqəsi edirdilər. Qadın səhabələr də bu işə qoşulur, sırğa, bilərzik, xalxal (ayaq bilərziyi) və qızıl növündən nə qədər cavahirat varsa, gətirirdilər! Hz.Aişə anamız qadın səhabələri bu işə sövq etmək üçün hücrəsində bir sərgi açmışdı. Onlar da evlərində olan qiymətli əşyaları götürüb gəlir, himmət edirdilər! Təbuk günü Vasilə ibn Əsqa Mədinəni küçə-küçə gəzib-dolaşır:
– Döyüşə gedən bir adama minik heyvanı verən yoxdurmu? Döyüşçünün əldə edəcəyi qənimət onun olacaqdır, – deyə səslənirdi. Bunu eşidən Kab ibn Ucrə:
– Necə yəni? Minik əvəzində əldə olunan qənimət bizə aid olacaq? – deyə təəccüblə soruşur.
– Bəli! – deyir Hz.Vəsilə. Bu, onun kimi yaşlı bir adam üçün ələdüşməz fürsət idi. Dərhal:
– Haydı, elədirsə, Allahın izni və bərəkəti ilə yürü, – deyib Hz.Vəsiləni minik heyvanı ilə təmin edir.[10]
Bütün bunlara baxmayaraq, o gün minməyə bir dəvə, qurşanmağa bir qılınc tapmayanlar da vardı. Rəsulullahın hüzuruna gəlib, hallarını ərz edirlər, amma Onun yanında bir şey qalmamışdı! Ürəkdə qalan arzular qəlbi didib-parçlayır, göz yaşları ceyhuna dönürdü: hıçqırtı ilə ağlayırdılar![11] Ulbə ibn Zeyd də onlar arasında idi. Rəsulullahdan (s.ə.s.) ayrı qalmaq istəmirdi. Peyğəmbərimiz ona:
– Səni döyüşə hazırlamağa imkan qalmadı. Bir şey verə bilmirəm, – deyincə, sanki, dünya başına yıxılır. Dönüb gedərkən uşaq kimi ağlayır.
Bu hüznlə də evinə gəlir. Gecə qalxır, dəstəmaz alıb iki rükət namaz qıldıqdan sonra:
– Allahım, – deyə yalvarmağa başlayır, – Sən bizə cihad əmri verdin və getməyə təşviq etdin. Ancaq bunu yerinə yetirməyə heç bir imkan yoxdur, gedə bilmirəm! Rəsulun da imkanı qalmamış, kömək edə bilmir! Əldən heç nə gəlmir, cihada gedə bilmirəm. Nə olar Allahım, imkanımı əlimdən alan, vücuduma ariz olan, iffətimə uzanan hər cür zülmü müsəlman qardaşlarıma halal edir, ən dəyərli varlığım olan irz-namusumu sədəqə kimi qəbul etməyini istəyirəm!
Səhər açılmış, Mədinədə yenə də carçının səsi eşidilirdi:
– Bu gecə irz-namusunu Allah üçün sədəqə edən kimdir?
Məsələdən heç kimin xəbəri yox idi və hamı kimi Ulbə də Məscidi-Nəbəviyə gəlmişdi. Peyğəmbərimiz (s.ə.s.) namazını qılıb qurtardıqdan sonra üzünü camaata tutub:
– Bu gecə sədəqə verən kim idi? – deyə soruşur.
Heç kimdən cavab gəlmir. Gecə heç kim sədəqə paylamamışdı. Əldə-ovucda olan hər şeyi Təbuk ordusu üçün gətirmiş və sədəqə verməyə bir şey qalmamışdı! Allah Rəsulu (s.ə.s.) sualını ikinci dəfə təkrar edir: “Bu gecə sədəqə paylayan kim idi? Qalxsın ayağa!
Hamı bir-birinün üzünə baxır! Çox keçmədən baxışlar Ulbədə cəmləşir. Çünki Rəbbi ilə arasındakı sirrin açılması qorxusu Ulbənin rəngini ağartmışdı. Utandığından gözlərini camaatdan qaçırdırdı. Bu həyəcanı ilə özünü ələ verir. Rəsulullahın qəsd etdiyi adam ortaya çıxmışdı. İrz və namusunu Allah üçün sədəqə verən, demək ki, Ulabə imiş!
Və Ulbə ayağa qalxıb göz yaşları içində duası barədə danışmağa başlayır. Çarəsizliyin acı çırpıntıları idi bunlar!.. Ancaq Allahın da, Rəsulunun da nəzərindən qaçmamışdı, qaçmazdı da!.. Demək, yoxluğun ən yüksək səviyyəsində varlıq naminə ortaya qoyulan ən dəyərli şeylərin Allah üçün ərz edilməsi ilahi mərhəmət tərəfindən də məqbul sayılmış, qəbul olunan duaya çevrilmişdi.
Bu vaxt Allah Rəsulu (s.ə.s.) hər kəsi şahid çəkərək buyurur:
– Müjdələr olsun sənə! Nəfsim qüdrət əlində olan Allaha and olsun ki, bu gecə sən o çox verənlərin, səyi, qeyrəti və zəkatı qəbul edilənlərin arasındakı yerini aldın!
Demək, Allah ürəkdən istəyənə, istəyində israrlı olanın diləyinə cavab verir, onu da çox verənlərin arasına yazırdı!
Mədinədən hərəkət
Artıq gələn gəlmiş, növbə İslam ordusunun yola çıxmasına çatmışdı. Rəsulullah hər qəbiləyə bayraq hazırlamağı tapşırır və onları döyüşə təşviq edirdi:
– Kim çarıxla yola çıxarsa, süvari kimidir, – buyuraraq əshabını çarıx geyməyə təşviq edirdi. Çünki miniksiz, pay-piyada olanlar üçün bu qədər məsafənin qət edilməsi ancaq belə mümkün olardı! Özündən əvvəl hərəkət edənlərə namaz qıldırma vəzifəsini də Hz.Əbu Bəkrə həvalə etmiş, böyük bayrağı da ona vermişdi.
Rəcəb ayının bir cümə axşamı günü Allah Rəsulu (s.ə.s.) Hz.Əlini Mədinədə öz yerinə təyin edib[12] otuz min nəfərlik İslam ordusuna hərəkət əmrini verir. Ancaq münafiqlər Hz.Əlinin Mədinədə saxlanılmasını dedi-qoduya çevirir, hər addımda fitnə qazanı qaynadırlar:
– Peyğəmbər onu alçaltdığı və qabiliyyətsiz gördüyü üçün burada saxladı, – deyib gündəmi dəyişmək istəyirlər. Məqsədlərinə qismən çatırlar; Hz.Əli narahat olmuş, Curfa qədər gəlib orada Allah Rəsuluna çatmış, məsələni danışmışdı. Özü kimi bir insanın ər meydanlarında olmasının vaciblıyini dilə gətirir və Rəsulullahın cəbhəyə getdiyi bir vaxtda uşaqlarla Mədinədə oturmaq istəmədiyini bəyan edirdi! Bunun cavabında Allah Rəsulu (sallallahu əleyhi və səlləm):
– Yalan deyirlər, – buyurur, – Mən səni Məndən arxada qalanlara, ailəmə və öz ailənə göz-qulaq olmaq üçün orada saxlamışam. Həm də sən Mənim yanımda Hz.Musanın yanındakı Hz.Harun kimi olmaq istəməzsənmi, ey Əli? Axı Məndən sonra Peyğəmbər olmayacaq!
Allah Rəsulu, ehtimal ki, Hz.Əlini özlərinə mərkəz inşa edən və gözünün içinə baxa-baxa yalan danışıb döyüşdən yayınan münafiqlərdən gələ biləcək təhlükələrə qarşı Mədinədə saxlayırdı və təlimatını alan Hz.Əli yenidən Mədinəyə qayıdır! Yolda geri dönən bir dəstə də vardı. Bunlar Uhudda da qarışıqlıq salan İbn Səlul və yoldaşları idi. Eyni taktikanı həyata keçirir və xüsusilə, Abdullah ibn Übeyy ibn Səlul:
– Məhəmməd bu gün elə insanlarla döyüşə gedir ki, imkansızlıq, istilik və bu qədər uzaqlıq səbəbindən onların öhdəsindən gələ bilməyəcək! Hər halda O, Bəni-Asfarla savaşmağı oyun sayır! Vallah, mən Onun yoldaşlarının dağ başlarında əsir alınıb bağlandığını görürəm, – deyirdi.
Bu bir təmizlənmə idi. Görünür, Allah nifaq içində olanların Rəsulullahla (s.ə.s.) birlikdə hərəkət etməsini murad etmirdi. O gün Peyğəmbimizə Alqamə İbn Fəvğa bələdçilik edirdi.
Vadil-Quradan keçərkən qarşılarına bir bağ çıxır və səhabələr bu bağdan çıxacaq məhsulu təxmin etməyə çalışır. Əshabın bu həyacanına Allah Rəsulu (s.ə.s.) da qatılır:
– Təxmin edin, – buyurur. Hərə bir şey söyləyir, Allah Rəsulu da on vəsaq (Vəsaq əlavə etmək, yığıb toplamaq, yığıb yüklənmək mənasınadır. Altmış sa (altmışbin dirhəm) ağırlığındakı bir dəvə yükünə “vəsaq” deyilər) dəyərində təxmin edib bağça sahibinə:
– Bu bağçanın nə qədər məhsul verəcəyini yaxşı hesabla, çünki qayıdarkən yenə də buradan keçəcəyik və səndən soruşacağam, – buyurur.[13]
Rəsulullah Vadil-Qurada ikən orada məskunlaşmış yəhudilərdən Aridoğuları Ona yemək gətirir və o da qırx vəsaq verməklə bu payı qəbul edib əshabı ilə yeyir.
Xalicədən keçib Zil-Mərvə çatanda əməlli-başlı yorulan səhabələr:
– Ya Rəsulullah! Bura əsil fasilə veriləsi yerdir. Həm su, həm də kölgəlik var, – deyirlər.
– Bura kimlərinsə əkin tarlasıdır. Burada dincəlmək düzgün olmaz, – buyurur Allah Rəsulu və yenə də dəvəsinin yüyənini buraxdırır. Çünki dəvənin bir məmur olduğunu, istirahət yerini onun da biləcəyini dilə gətirir. Həqiqətən, dəvə gedib böyük bir ağacın altında dayanır. Allah Rəsulu burada əshabı ilə namaz qılır və bir qədər dincəlir.
Səmud xarabalıqları və Hicr
Yenə də hərəkətə başlayıb Səmud qövmünün xarabalıqları yerləşən Hicr adlı yerə çatanda əshab Səmud xarabalıqlarında dayanır, quyularından su çəkib tuluqları doldurur. Halbuki Allah Rəsulu (s.ə.s.) buranı görən kimi dəvəsinin sürətini artırmış və üzünü də örtərək yoluna davam etmişdi. Səhabələrini xarabalıqlarda dayandığını görüb çağırır:
– Özlərinə zülüm edənlərin qoyub getdiyi xarabalıqlarda gəzərkən onların başına gələnlərin sizin də başınıza gəlməməsi üçün ibrət nəzərləri ilə baxın. Habelə nə onların suyundan için, nə də namaz üçün burada dəstəmaz alın! Yoğurduğunuz xəmirləri də dəvələrə verin, – deyir.
Sonra da əshabı ilə birlikdə Saleh əleyhissəlamın dəvəsinin çıxdığı qayanın yanına gəlir. Keçmişdə baş vermiş qeyri-adi bir hadisəni onlara danışıb nəsihət edir:
– Durduğunuz yerdə möcüzə istəməyin. Qövmü də Saleh əleyhissəlamdan bunu istəmişdi. Ancaq istədiyi möcüzə baş verib buradan bir dəvə çıxdığı zaman davranışını dəyişmişdi. Belə ki, Allah (c.c.) onlara bir dişi dəvə ehsan edir. Bu dəvə hər gün bu yolla suya gedər, suyunu içdikdən sonra da geri qayıdardı! Onlar buna dözməyib Rəblərinə qarşı üsyan etdilər və həmin dəvəni boğazlayıb kəsdilər! Halbuki dəvə bir gün bu sudan içir, o biri gün isə hamıya yetəcək qədər süd verirdi! Allah (c.c.) yer üzündə bütün Səmud xalqını qorxunc bir səslə cəzalandırdı: Harəmə sığınan bir kişidən başqa onların hamısı məhv oldu! – söyləyir.
Bu adamın kim olduğunu soruşanlara da Taifə gedərkən məzarını göstərib:
– O, Əbu Riğaldır, – deyir və əlavə edir:
– Ancaq Harəmdən çıxan kimi fəlakət onu da yaxaladı. Elə isə siz də ilahi qəzəbə düçar olmuş bir qövmün yanına getməyin! Allah Rəsulu bunları danışarkən səhabələrdən biri:
– Nə qədər də maraqlıdır, – deyir. Allah Rəsulu (s.ə.s.):
– Sizə bundan da maraqlısını xəbər verimmi? – soruşur, – “Sizin aranızda olan bir Zat sizdən əvvəlki dövrlərdə olanları da, sizdən sonrakıların başına gələnləri də sizə xəbər verir. Elə isə doğru insanlar olun və ən doğrunun arxasınca gedin! Çünki siz istəsəniz, Allah (c.c.) da sizə əzab göndərməkdən çəkinməz! Allah (c.c.) elə bir topluluq da meydana gətirəcək ki, onlar başına gələcək bəlalarla bağlı heç bir şey edə bilməyəcəklər![14]
Allah Rəsulu (s.ə.s.) Hicr quyularından su götürməyi qadağan etmişdi. Çox keçməmiş yolun məşəqqəti və havanın istisi əshabı taqətdən salır. İnsanlar susuzluqdan yanır; buna görə də dəvələrini kəsib, hörgücünü sıxıb suyunu içməklə yanğılarını yatırmaq istəyirdilər! Nəhayət, Rəsulullahın hüzuruna gəlib Onu vəziyyətdən xəbərdar edirlər. Nəbəvi şəfqətin qapısını döyən yenə də Əbu Bəkir olur:
– Ya Rəsulullah, Allah Sənə dua kimi bir bərəkət ehsan edib. Bizim üçün Ona dua edərsənmi?
– Bunu, doğrudan da, istəyirsənmi? – deyə soruşur Rəsulullah (s.ə.s.).
– Bəli, – deyir Hz.Əbu Bəkir.
Allah Rəsulu (s.ə.s.) əvvəlcə iki rükət namaz qılır, ardınca əllərini səmaya qaldırıb dua etməyə başlayır. Bu necə dua idi ki, dodaqlarını tərpədər-tərpətməz göydə bir gurultu qopur. Bu vaxt buludlar da görünməyə başlayır: şarhaşar yağış yağır!
Gözlər gülmüşdü; onlara bəxş edilən ilahi ehsandan doyunca içir, tuluqları doldururlar. Bu lütfü münafiqlərə də hiss etdirmək lazım idi. Bəzi səhabələr onların yanına gedib, bütün bunlara rəğmən, yenə də tərəddüd edib-etmədiklərini öyrənmək istəyir. Ancaq iman bambaşqa bir şeydi! Belə ki, həmin insan bir az əvvəlki çətinlikləri görməmiş kimi bu ehsanın təbii bir hadisə olduğunu söyləyir və:
– Bizə bu yağışı buradan gəlib keçən filan bulud endirdi, – deyərək Müsəbbibül-Əsbabı (Bütün səbəbləri meydana gətirən Allah) görüb Ona şükür etməkdənsə, bütün bunlara səbəb axtarırdə.
Yenə hərəkətə gəlib bir qədər yol getdikdən sonra bir az əvvəlki yağışın yalnız ordunun dayandığı yerə yağdığına şahid olurlar: imanları bir qat da artır, Allaha ürəkdən şükür edirlər.
Bir tərəfdən də həyat davam edirdi: insanlar arasında zaman-zaman ixtilaflar meydana gəlir və onlar da bu ixtilafların həlli üçün Peyğəmbərimizin (s.ə.s.) hüzuruna tələsirdilər! Bir əsgərlə köləsi arasında mübahisə olur, əsgər də köləsinin əlini dişləyir. Ağrının şiddətindən əlini çəkən kölənin barmaqları ilə birlikdə kişinin də qabaq dişləri düşür. Və bu da yeni bir mübahisəyə səbəb olur. Nəhayət, məsələni Allah Rəsuluna çatdırıb həll etməsini və hökm verməsini xahiş edirlər. Tərəfləri dinləyən Rəsulullah (s.ə.s.) əvvəlcə:
– Sizin biriniz dəvənin dişlədiyi kimi, qardaşını dişləməyəmi başladı? – deyə reaksiya verir, – o dəvə kimi dişləyəsən deyə əlini sənin ağzına qoydu?! – deyərək gözlədiklərinin əksinə tökülən dişlərlə bağlı hər hansı bir qan pulu təqdir etmir.
Artıq Təbuka yaxınlaşmışdılar. Üzünü əshabına tutub:
– İnşallah, sabah Təbuk bulaqlarına çatacağıq. Sabah ancaq quşluq (Sabahla günarta arası) vaxtı orada olarsınız! Əgər biriniz Məndən əvvəl ora çatsa, nəbadə o sulardan içə! – deyir.
Çünki yenə su qıtlığı vardı. Allah Rəsulu (s.ə.s.) da orada olan sulardan maksimum dərəcədə düzgün istifadə etmək, əshabı arasında bərəkətə vəsilə olmaq istəyirdi. Ona görə də carçılar vasitəsilə əshabına səslənir, bu məsələdə diqqətli olmağı tələb edir.
İslam ordusu Təbukda
Ertəsi gün Təbuka çatanda iki əsgərin bulağın yanında olduğunu görürlər. Allah Rəsulu (s.ə.s.) onlardan:
– Bulaqların suyuna toxundunuzmu? – deyə soruşur.
– Bəli, – deyirlər.
Rəsulullah cəlallanır, çünki bu qədər xəbərdarlığa baxmayaraq, Peyğəmbər əmrinin yerinə yetirilməməsi doğru deyildi və belə hallarda bir daha səhvə yol verilməməsi üçün həmin iki nəfəri danlayır. Quyuların suyu qurumuşdu, yalnız birindən çox az su çıxırdı.
Rəsulullah (s.ə.s.) yavaş-yavaş suyun üzündən götürüb bir tuluğun içinə yığır. Sonra həmin su ilə əl-üzünü yuyub ağzını yaxalayır. Artıq qalan suyu isə quyuya tökür, Rəbbinə dua etməyə başlayır. Bu zaman bulaq fışqırıb qaynayır. Hamının gözü qarşısında bir möcüzə də beləcə gerçəkləşir!
Həmin gün Allah Rəsulu (s.ə.s.) əshaba uzun xütbə oxuyur, xeyir və şər arasında bir çox mövzulara toxunur, insanları qarşıya çıxacaq məsələlərdən agah edir. Təhlükəsizliyin təmin edilməsini yenə Abbad ibn Bişrə tapşırır, bir dəstə adamı da onun sərəncamına verir. Gecə vaxtı arxa tərəfdən təkbir səsləri eşidən Hz.Abbad Peyğəmbərimizin hüzuruna gələrək:
– Ya Rəsulullah, yoxsa Sən bizdən əlavə də keşikçilər təyin etmisən ki, gecə vaxtı arxa tərəfdən təkbir səsləri eşidirik!
– Xeyr, təyin etməmişəm. Ancaq ola bilər ki, bəzi müsəlmanlar bunu könüllü etsin!
Bu söhbətə şahid olan Silkan ibn Sələmə irəli çıxaraq:
– Ya Rəsulullah, biz on nəfər müsəlmanla birlikdə atlanıb gecə növbəsini çəkmək üçün arxa tərəflərə getmişdik!
Yenə məsələ Allah Rəsulunun təxmin etdiyi kimi idi. Üzünü xeyir işlərdə bir-biri ilə yarışan camaatına tutub:
– Allah yolunda keşik çəkənlərə Allah mərhəmət etsin. Sizə növbəsini çəkdiyiniz insan və ya heyvanların hər birinə görə bir qırat[15] mükafat vardır!
Təbukda olarkən bir Yəhudi qadın Rəsulullaha pendir gətirəcəkdi. Əlinə bıçaq götürüb pendiri kəsən Rəsulullah (s.ə.s.) “bismillah” deyəcək, sonra da onu əshabına ikram edəcək, özü də bu pendirdən yeyəcəkdi!
Mədinədə qalan səmimi könüllər
O gün Mədinədə: “İndi çıxaram, bir azdan çıxaram!” – deyərək gecikib Rəsulullahla birlikdə Təbuk səfərinə çıxa bilməyən Kab ibn Malik, Hilal ibn Ümeyyə, Mürarə ibn Rəbi, Əbu Haysəmə və Əbu Zərr kimi səmimi insanlar da vardı. Ürəkdən inanan insanlardı və heç kim onlar haqqında şübhə etməzdi, inancları əsla sorğu-sual olunmazdı! Ancaq gecikmişdilər! Bəlkə də, Allah (c.c.) onların şəxsində ilahi əmrə və Rəsulullahın tələblərinə səhlənkarlıq üzündən geçikməsi ehtimal olunan möminlərə nida edir və belə bir xətanın düzəldilməsi üçün necə davranmağı göstərirdi!
Bəzi səhabələr zaman-zaman:
– Ya Rəsulullah! Filankəs geri qalıb, gəlməyib, – deyincə Rəsulullah (s.ə.s.):
– Onunla işiniz olmasın, çünki əgər onda bir xeyir varsa, Allah mütləq onu sizə çatdıracaq, – buyurur, Mədinədə ola-ola orduya yetişməyən bu insanların gəlib çatacağına işarə edirdi.
Əbu Zərrin gəlməməsindən danışılarkən də eyni cavabı vermiş və onun gəlib çatacağını müjdələmişdi. Çünki Hz.Əbu Zərr zəiflikdən üzülən dəvəsini bir neçə gün bəsləyib sonra çıxmaq istəmiş və buna görə də yola düşən ordudan geri qalmışdı.
Həqiqətən də, Əbu Zərr arxadan gəlirdi. Zil-Mərvə adlı yerə çatanda dəvənin taqəti kəsilmiş, “bəlkə, yeriyər” deyə bir gün başı üstündə gözləmiş, ümidini tamam kəsdikdən sonra da yükünü çiyninə alıb pay-piyada yola düzəlmişdi. Qızmar səhra və od ələyən günəşin altında haldan düşmüş, bir tərəfdən susuzluqdan dodaqları çatlarkən, digər yandan da aclıqdan addım atmağa taqəti qalmamışdı.
Ancaq Əbu Zərrin bitib-tükənməyən əzmi vardı və nəhayət, bir gün Allah Rəsulu və əshabına yetişir. Günorta vaxtı arxadan bir adamın tək-tənha gəldiyini görənlər:
– Ya Rəsulullah, – deyirlər, – baxın gələn var!
Həmin istiqamətə baxan Allah Rəsulu (s.ə.s.) sonradan da olsa, tanıdığı insanları yanında görmək istəyirdi və:
– Əbu Zərr ol! – buyurur.
Həqiqətən də, gələn Hz.Əbu Zərr idi və Allah Rəsulunun (s.ə.s.) təmənnasını da bilənlər dərhal qaçıb:
– Ya Rəsulullah! O gələn, həqiqətən də, Əbu Zərr imiş, – deyə müjdə verirlər. Bunun cavabında Sultanlar Sultanı yorğun və halsız olsa da, sağ-salamaat onlara yetişən Əbu Zərri nəzərdə tutaraq deyir:
– Allah Əbu Zərrə mərhəmət etsin, həqiqətən də o, yalqız yürüyəcək, yalqız öləcək və o biri dünyada da yalqız dirilidiləcək!
Yol məşəqqətlərini geridə qoyub özünü Rəsulullahın (s.ə.s.) hüzuruna yetirən Hz.Əbu Zərr yol boyu başına gələnləri Allah Rəsuluna danışır. Bunun müqabilində Rəsulullah Əbu Zərrə:
– Allah səni mərhəməti ilə qucaqlasın, ey Əbu Zərr! Unutma ki, həm Mənə çatana qədər atdığın hər addıma bir savab verilmiş, həm də hər addımın müqabilində bir xətan silinmişdir, – buyurur.
O gün arxadan yetişənlərdən biri də Əbu Haysəmə idi. Allah Rəsulunun Mədinədən çıxmasından bir neçə gün sonra xanımlarının yanına gəlmiş və böyük ehtiramla qarşılanmışdı. Ləziz yeməklər, buz kimi sular və ətrafında pərvanə kimi dolanan insanlarla qarşılaşınca, əshabı ilə birlikdə Təbuka gedən Allah Rəsulunu xatırlamış və:
– Sübhanallah! Bu anda Rəsulullah – halbuki keçmişdə günah nədir bilmədiyi kimi, gələcəkdə də bilməsi mümkün deyildir, – çovğun, qızmar günəş və yandırıcı istilər altında çiynində silah iztirab çəkir. Sərin kölgəlikdə açılmış süfrə ətrafında, mal-mülkü içində xanımları ilə səfa sürmək heç Əbu Haysəməyə yaraşarmı? Bu hansı insafa sığar?! – demişdi.
Bu, Rəsulullah rəhbərliyində yetişən bir səhabənin öz-özünü sorğu-sual etməsi idi. Və “Mənə nə!” deyə bir kənara çəkilmir. Üzünü xanımlarına tutub:
– Gedib Rəsulullaha yetişmədikcə, heç birinizə iltifat göstərməyəcək, dəvətinizə “Bəli” deməyəcəyəm. Siz atımı hazırlayın, – deyə əmr edir.
Və beləcə Rəsulullahın ordusuna qatılmaq üçün yola çıxır. Təbuka yaxınlaşarkən Umeyir ibn Vəhblə qarşılaşır. Bir müddət bigə yol getdikdən sonra Əbu Haysəmə ona:
– Mənim bir günahım var. Halımı Rəsulullaha ərz edərkən məndən uzaqda dayana bilərsən, – deyir. Hz.Ümeyri eşidəcəyi danlağa ortaq etmək istəmirdi. Artıq Təbuka çatmışdı.
Onun gəlişini uzaqdan görənlər dərhal hüzura gəlib:
– Ya Rəsulullah! Bu yoldan bir nəfər də bizə tərəf gəlir, – deyirlər.
Göstərilən istiqamətə baxan Rəsulullah:
– Sən də Əbu Haysəmə ol! – deyə təmənna edir.
Yaxınlaşan qaraltının, həqiqətən, Əbu Haysəmə olduğunu görən əshab:
– O, həqiqətən, Əbu Haysəmə imiş, – deyə həyəcanlanır. Həm Rəsulullahın arzusunun həqiqətə çevrilməsinə, həm də Əbu Haysəmə kimi səmimi bir yoldaşın geridə qalmamasına sevinirlər.
Allah Rəsulu (s.ə.s.) Mədinədə olanlar və yolda başına gələnlər barədə suallar verir və dinlədikcə də ona xeyir-dua diləyirdi. Arada onun kimi gecikib gələ bilməyən Kab ibn Malikdən də söz düşür və Rəsulullah onun barəsində də soruşur. Bəzi səhabələr: “Kölgəlikdə uzanmaq ona daha cazibəli gəldi” – deyir, bir qismi də Hz.Kabı xeyirlə, hörmətlə yad edir! Rəsulullah hər addımda yeni bir bilgiyə qapı açırdı: səhabələr buna bənzər vəziyyətlərdə mömin qardaşları haqqında yalnız hüsnü-zənn (gözəl düşünməyi) etməyi öyrənəcək, işdən hali olmadıqda insanlar haqqında yanlış gümanlara səbəb olan ifadələr işlətməməyin vacibliyini anlayacaqdılar!
Qənimət arzusu ilə orduya qatılan münafiqlərin durumu, təbii ki, fərqli idi. Kiçicik bir çatışmazlıq tapıb bütün aləmə car çəkməyə fürsət axtarırdılar. Yenə bir kənara çəkilib, xosunlaşırlar. Saləbə ibn Xatib Rəsulullahın əhvalını pozmaq, əshabı da qorxutmaq üçün deyir:
– Siz Bəni-Asfarla döyüşməyi ərəblərin öz aralarındakı döyüşlər kimi sanırsınız? Vallah, sabah hamınızı əsir düşmüş, əl-qolu bağlanmış halda görürəm!
Cülas ibn Amr irəli çıxaraq:
– Vallah, əgər Məhəmməd doğru söyləyirsə, hamımız eşşəkdən daha pis vəziyyətdəyik, – deyir.
Bu vaxt orada olan Hz.Ümeyr ona çevrilib:
– Buna şübhə yoxdur! Sən elə indidən eşşəkdən pis vəziyyətdəsən. Çünki Rəsulullah hər zaman həqiqəti təmsil edərkən, sən yalançının biri olmusan, – deyir. Daha sonra Mühaşşin ibn Humeyyir söz alaraq:
– Bu gərəksiz mübahisələrə görə haqqınızda ayə gəlib rəzil-rüsvay olmaqdansa, hər birinizə cəza olaraq yüz çubuq vurulmasını daha məqbul görürəm, – deyə əndişəsini dilə gətirir!
Onlara uzaqdan tamaşa edən Allah Rəsulu isə hüzuruna çağırdığı Ammar ibn Yasirə:
– Get onların yanına, bir gör nə danışırlar! Yalan və yanlış danışırlar! Onlardan nə danışdıqlarını soruş. Əgər inkar etsələr, filan sözləri danışdıqlarını de, – deyə tapşırır.
Rəsulullahın (s.ə.s.) tapşırığını yerinə yetirən Ammar ibn Yasir onlara öz aralarında danışdıqlarını söyləyincə, dərhal Allah Rəsulunun hüzuruna gəlib:
– Ya Rəsulullah! Biz bunları əylənmək üçün, elə belə danışmışdıq, – deyirlər. Üzrləri qəbahətlərindən daha böyük idi və çox keçmədən yenə Cəbrailin səsi eşidilir. O, müqəddəsata aid məsələlərdə bu qədər ədəbsiz davranmağın insanı haralara apara biləcəyindən bəhs edir və belə bir vəziyyətdə üzr istəməyin insanı fəlakətdən qurtarmayacağını ifadə edir.[16]
Ayələr gəlib, vəziyyətləri açıq-aşkar ortalığa çıxınca Cülas ibn Amr and içərək belə bir ifadə işlətmədiklərini deyir. Bu azmış kimi göz görə-görə yalan da söyləyirdi. Yenə Cəbrail gəlir və gətirdiyi ayə ilə əsl həqiqəti ortaya qoyur![17]
Rəsulullah Təbukda ikən Abdullah ibn Zül-Bicadeyn[18] adlı səhabəsi vəfat etmişdi. O, şəhidlik arzusu ilə alışıb-yanan bir səhabə idi. Hətta bu diləyini Rəsulullaha açanda Peyğəmbərimiz (s.ə.s.) ölüm yataqda gəlsə belə, onun şəhid olacağı müjdəsini vermişdi. İndi də əcəl onu Təbukda yaxalayırdı. Zil-Bicadeynin vəfat xəbəri ilə kədərlənən Allah Rəsulu (s.ə.s.) məzarın qazıldığı yerədək gəlir, məzarın içinə girib onu öz əlləriylə qəbrə yerləşdirir. Dua edir:
– Allahım! Yaşadığı müddətdə Mən ondan razı idim. Sən də ondan razı ol![19]
Fəxri-Kainat Rəsulullahın (s.ə.s.) gecələri daima işıqlı olur, onu Rəbbinə ibadətlə zinətləndirdi. Gecənin hansı vaxtı qalxsa, dişlərini təmizlər, misvaqdan istifadə edirdi.
Gedib gələn elçilər və Təbukdakı məşvərət
Təbukda gözləyirdilər, amma nə bir ordu, nə də orduya oxşar bir şey görünürdü! İki ehtimal vardı; ya savaşmaqdan vaz keçən Bizans əsgərlərini geri çəkmiş, ya da güclü ehtimal olmasa da, İslam ordusuna gizli tələ hazırlamışdılar! Ancaq hər keçən gün bu ikinci ehtimalı azaldırdı. Məsələni qarşı tərəflə təmas qurmaqla aydınlaşdırmaq mümkün idi və Allah Rəsulu neçə il əvvəl göndərdiyi Dıhyətül-Kəlbini yenə Bizans hökmdarı Heraklın yanına göndərir. Allah Rəsulu (s.ə.s.) Dıhyətül-Kəlbi ilə göndərdiyi məktubda Herakla seçmək üçün üç yol təqdim edirdi; İslama tabe olmaq, cizyə vermək şərtilə torpaqlarında qalmaq və ya döyüşmək..
Bu ərəfədə Bizans höhmdarı Herakl yenə Hımsda idi. Rəsulullahın məktubunu alar-almaz məsələni vəzirləri və din xadimləri ilə müzakirə edir. Onlara əllərində olan məlumatları xatırladır və sürətlə inkişaf edən yeni dinin bir gün onların torpaqlarına da hakim olacağını bildirir! Ancaq vəzirlər və din xadimləri eyni qənaətdə deyildilər və onların kəskin şəkildə qarşı çıxdığını görən Herakl hökmdarlığını qorumaq üçün geri addım atır.[20] Buna baxmayaraq, Herakl nə Rəsulullahla (s.ə.s.) döyüşməyi, nə də Ona tabe olmağı seçir və Təbuka qədər gələn İslam ordusu qarşısında fikrini dilə gətirməkdən çəkinir, neytral münasibət sərgiləyir.
Bu arada Allah Rəsulu (s.ə.s.) Xalid ibn Vəlidə Bəni-Kində hökmdarı Ükeydər ibn Abdilməliyi əsir alıb qayıtmaq təlimatı vermiş və dörd yüz nəfərlik qüvvə ilə Dumətül-Cəndəl tərəfə göndərmişdi. Hətta həmin gün Rəsulullah (s.ə.s.) əsgərlərin sayca azlığını və getdikləri ərazinin böyük olduğunu əsas gətirib bu işin öhdəsindən gələ bilməyəcəyini deyən Hz.Xalidə:
– Sən onu yabanı sığır ovlayarkən tapacaq və yaxalayacaqsan. Ancaq onu öldürmə və Mənim yanıma gətir, – deyərək Ükeydəri harada və necə ələ keçirəcəyini belə təsvir etmişdi.
Həqiqətən, Ükeydər həmin gün sığır ovuna çıxmışdı. Ova çıxdığı halda özü ovlanmışdı! Bu vaxt bir neçə adamı və qardaşı Hassan da yanında idi. Allah Rəsulunun xəbər verdiyi hadisələrin bütün xırdalıqlarına qədər baş verdiyini görən Hz.Xalid bu həyəcanı bölüşmək üçün Ükeydərin boynundakı qızıl xaçı çıxarır və Rəsulullaha göndərir. Xaçın qiymət və gözəlliyi səhabələri heyran edir. Buna şahid olan Allah Rəsulu (s.ə.s.) onlara:
– Sizin xoşunuza gələn, diqqətinizi çəkən budurmu? – deyə soruşur və əlavə edir, – Allaha and olsun ki, cənnətdə Sad ibn Muaza ehsan edilən dəsmallar bundan olduqca gözəl və cazibədardır!
Bir qədər sonra Hz.Xalid əsirlərlə birlikdə Təbuka gəlir. Allah Rəsulu (s.ə.s.) Ükeyder və adamlarına İslamı təbliğ edir, ancaq onlar bunu qəbul etmirlər. İslamın hakimiyyəti altında qalmaqla illik cizyə ödəməyə razılaşırlar. Allah Rəsulu (s.ə.s.) da onlarla müqavilə bağlayıb, iki qardaşı azad edir.
Bu vaxt Ükeydər kimi hücuma məruz qalmaqdan ehtiyat edən Eylə hökmdarı Yuhanna ibn Rubə hədiyyələrlə Rəsulullahın hüzurna gəlir və cizyə vermək əvəzində saziş bağlayıb geri dönür.[21]
İnsanlarla dialoq qurulmasına xüsusi əhəmiyyət verən Allah Rəsulu (s.ə.s.) Yuhannaya yazılı təminat verir və onunla birlikdə Şam, Yəmən və Bahr istiqamətində yaşayan əhalini də bu təminata daxil edərək mal və can təhlükəsizliyini öhdəsinə götürdüyünü bildirir.[22] Təbukda Bizansla yaxın təmas baş verməsə də, məqsəd hasil olur, insanlar bu vəsilə ilə İslamın xoşgörülü üzü ilə yeni-yeni tanış olurlar. Belə ki, bu ərəfədə Yəhudi xalqlarından Cərba və Əzruh qəbilələri də gəlmiş, Allah Rəsulu ilə müqavilə bağlamışdılar. Müqaviləyə görə, onlar hər il rəcəb ayında illik yüz dinar cizyə ödəyəcək və bununla İslamın himayəsinə girmiş olacaqdılar. Allah Rəsulu (s.ə.s.) belə bir seçim nəticəsində onların da can və mal təhlükəsizliyini öz üzərinə götürdüyünü ifadə edir və buna müqabil onların mükəlləfiyyətlərini də bu mətndə qeyd edirdi. Hətta Cərba və Əzruh xalqı həmin ilin cizyəsini Rəsulullah (s.ə.s.) Təbuku tərk etməmiş gətirib Ona təslim edəcəkdi!
Bu vaxt Məkna xalqı da gəlib Rəsulullahla bir müqavilə imzalayır. Müqavilə şərtlərinə görə onlar da meyvə məhsullarının dörddə biri ilə toxuduqları qumaşın dörddə birini cizyə kimi verməyi qəbul edir və İslamın əmin-aman iqlimində yaşamağı üstün tuturlar.
Təbuk bəhrəsini vermişdi və Rəsulullah bir az da irəli gedib ordu ilə birlikdə Şam istiqmətində irəliləyib-irəliləməmək məsləsini əshabı ilə müzakirə edir. Hz. Ömər:
– Ya Rəsulullah! Əgər Sənə bu da əmr edilmişsə, yoluna davam et! – deyir.
Ancaq O, əshabının fikrini öyrənmədən hərəkət etmək istəmirdi. Çünki Allah (c.c.) Ona işləri əshabla məsləhətləşməyin vacibliyini bildirmişdi və O da:
– Əgər daha da irəliyə getmək əmrini alsa idim, bunu sizinlə müzkirə etməzdim, – buyurur.
– Ya Rəsulullah! Rumlular böyük xalqdır və aralarında da heç müsəlman yoxdur! Hal-hazırda onlara ən yaxın bölgədəyik və Sənin buraya qədər gəlməyin onların qorxusuna səbəb olmuşdur. Bundan sonrakı hadisələrin inkişafını izləmək və Allahın bu məsələdə Sənə verəcəyi hökmü gözləmək şərtilə istərsən, bu il geri dönək, – deyir Hz.Ömər.
Əksəriyyət də Hz.Ömərlə həmfikir olduğu üçün Allah Rəsulu Təbuk səfərini bitirməyi qərara alır. Artıq hədəf Mədinə idi.[23]
Təbuk tərk edilir
İyirmi günə yaxın idi, Təbukda idilər. Artıq buranı tərk etmək zamanı gəlib çatmışdı. Ordunun azuqəsi də, demək olar ki, tükənmişdi. Mədinəyə qayıtma qərarının verilməsindən görünürdü ki, yaxın zamanlarda döyüş ehtimalı yoxdur və bunu fürsət bilən səhabələr hüzura gəlib deyir:
– Ya Rəsulullah! Bizə izin versən, dəvələrimizi kəsib həm qida ehtiyacımızı ödəyər, həm də yağlarından istifadə edərdik!
Bu, onların öz istəkləri olduğuna görə məqbul görünürdü və hətta bir qismi çoxdan kəsim işlərinə başlamışdı… Bunu görən Hz. Ömər onlara:
– Kəsim işinə bir qədər ara verin, – deyib bir göz qırpımında Allah Rəsulunun hüzuruna gəlir:
– Ya Rəsulullah, – deyir, – yüklərini daşıyan dəvələri kəsib yemələri barədə icazəni Siz verdiniz?
Nə belə bir izində bir problem vardı, nə də hər kəsin öz dəvəsini kəsməsində! Ancaq sabahını düşünən Hz.Ömərin qənaəti tamam başqa idi. Onun bu təlaşını görən Allah Rəsulu:
– Mənə aclıqdan əziyyət çəkdiklərini elə dedilər ki, sanki, şikayət edirdilər. Mən də yerdə qalan dəvələrə növbə ilə minmək şərti ilə hər dəstənin yük üçün ayrılmış dəvələrdən bir-ikisini kəsməsinə icazə verdim. Onsuz da insanlar evlərinə dönürlər, – deyə cavab verir.
Hz.Ömər:
– Ya Rəsulullah! – deyir, – insanların əlində ehtiyat baxımından bir qədər azuqə olması hər zaman daha yaxşıdır. Çünki axır vaxtlar dəvələr əməlli-başlı zəifləyiblər! Lakin ya Rəsulullah, onların azuqələrindən artıq qalan hissəni istə və onların hamısı bir yerə yığılsın. Sən də Hudeybiyyədən dönərkən olduğu kimi, yenə bərəkət üçün Allaha dua et. Allah o vaxtkı kimi belə bir diləyə yenə bərəkət ehsan edər, inşallah!
Ehtiyatlı yanaşma idi və Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu istəyi müsbət qarşılayır. İndi bunu insanlara çatdırmaq lazım idi. Tezliklə Təbukda carçı car çəkir, hər kəsi nə azuqələri varsa, Rəsulullahın hüzuruna gətirməyə çağırırdı!
Çox keçməmiş, hər kəs əlinə keçəni gətirməyə başlayacaq və ortada yığılmış üç topa azuqə Rəsulullahın duası, Allahın bərəkəti ilə otuz minlik ordunu doydurmağa bəs edəcəkdi. Eyni yolçuluq zamanı dəfələrlə su möcüzəsinə şahid olacaq və yorğun dəvələrin də Allah Rəsulunun duasındakı bərəkətlə ən sürətli miniklərə çevrildiyini görəcəkdilər.
Yeni bir sui-qəsd cəhdi
Bu vaxt bir dəstə münafiq öz aralarında razılaşmış və tələ qurmaqla Rəsulullaha qəsd etməyi planlaşdırmışdılar. Bunun üçün fürsət gözləyir:
–Vadini keçib dağlara qalxarkən Onu sıxışdırar və vadiyə doğru uçurumdan yuvarlayıb öldürərik, – deyirdilər.
Rəsulullahla birlikdə bu qədər vaxt keçirmiş, neçə-neçə möcüzəsinə şahid olmuşdular, yenə də ağılları başlarına gəlməmişdi və hələ də belə bir şey düşünə bilirdilər. Ancaq düşünmək məqsədə çatmaq demək deyildi, sadəcə hər kəs öz xarakterinə uyğun hərəkət edirdi. Belə ki, Cəbrail gəlmiş və onların planını Allah Rəsuluna bildirmişdi.
Almazla kömürün bir-birindən ayrılma zamanı çatmışdı. İllərlə içəridə qaldıqları halda, hələ də küfr istiqamətini tutanlarla ürəkdən iman edənlər bu yolla bir-birindən ayrılacaq və kin tacirləri ilə həqiqi mənada Allaha qul olanlar açıq-aşkar ortaya çıxacaqdı! Rəsulullah carçısının səsi vadidə irəliləyənlər arasında əks-səda verir:
– Şübhəsiz, Rəsulullah bu dağ yoluna girəcəkdir. Sizin heç biriniz bu yolla gəlməsin! Siz vadidən irəliləyib yolunuza davam edin. Çünki bu yol sizin üçün daha təhlükəsiz və asandır!
Əshab deyilən istiqamətdə yoluna davam edir. Bu əmri yerinə yetirməyən bir dəstə insan isə sui-qəsd üçün fürsət tapdıqlarını düşünüb çoxdan işə başlamışdılar… Gecənin qaranlığından da istifadə edib üzlərini örtmüş və hamıdan öncə dağ yoluna girmişdilər.
Səhabələrin vadidə irəlilədiyi vaxt Ammar ibn Yasir, Hamza ibn Amr və Huzeyfə ibn Yemanın da içində olduğu bir dəstə səhabə ilə dağ yoluna girən Rəsulullah (s.ə.s.) özündən qabaq bura gəlib pusqu quran nifaq dəstəsinin xışıltısını eşidir. Verilən xəbər özünü doğrultmaq üzrə idi. Bir anda dörd tərəfdən üzü bağlı adamlar peyda olub yolu kəsir, Rəsulullahın dəvəsini ürküdürlər, hətta dəvənin üstündə olan bəzi əşyalar ətrafa səpələnir. Məqsəd dəvəni sıxışdırıb hürkütmək və Peyğəmbərimizin uçurumdan yuvarlanmasını təmin etmək idi!
Allah Rəsulu (s.ə.s.) cəlallanır, ətrafındakılar da narahat olur, qəflətən peyda olan bu insanlara müqavimət göstərməyə başlayırlar. Əlindəki dəyənəklə dəvələrin üzünə vurmağa başlayan Hz.Huzeyfə:
– Rədd olub gedin, siz ey gidi Allah düşmənləri, – deyə qışqırır və bunların kim olduğunu öyrənməyə çalışır.
Bir tərəfdən qaranlıq gecə, digər tərəfdən örtülü üzlər! Onları tanımaq mümkün deyildi. Ancaq adamlar da qorxurlar. Rəsulullahın hərəkət və duruşundan məsələdən xəbərdar olduğunu anlayırlar. Buna görə də üzə çıxmamaq üçün dərhal qaçmağa başlayırlar. Bunu görən Allah Rəsulu (s.ə.s.) Hz.Huzeyfə və Hz.Ammara səslənərək onları təqib edib kim olduqlarını öyrənmək istəyir! Ancaq buna imkan tapa bilmirlər. Sürətlə dağ yolundan enən bu adamlar vadidə irəliləyən hadisədən xəbərsiz insanlara – müsəlman ordusuna qarışaraq izi çoxdan itirmişdilər! Allah Rəsulu (s.ə.s.) Hz.Huzeyfədən soruşur:
– Geri oturtduğun adamlardan hər hansı birini tanıya bildinmi?
– Dəvələrindən başqa heç bir şey görmədim. Üzləri örtülü idi və gecənin qaranlığında onları seçmək mükün deyildi, – deyə Hz.Huzeyfə cavab verir.
– Onların nə üçün belə etdiyini və əsas məqsədini bilirsinizmi? – deyə soruşur.
– Vallah, bilmirik, ya Rəsulullah!
Allah Rəsulu (s.ə.s.):
– Onlar birlikdə dağ yoluna çıxıb Mənə tələ qurdular. Keçiddəki uçurumun kənarına gəlib çatanda Məni sıxışdırıb aşağı yuvarlayacaqdılar! Ancaq Allah onların da, onların atalarının da kimliyini Mənə xəbər verdi. İnşallah, onları Mən sizə bildirəcəyəm, – buyurur.
Əshab da təəcüblənmişdi. Öz içərilərində olan insanların belə çirkin planlar qurmasını başa düşə bilmirdilər! Rəsulullah uğrunda can verməyə and içmiş səhabələr tezliklə bu adamların kim olduğunu öyrənib cəzalarına çatdırmağı canü-könüldən arzu edirdi. Bəziləri irəli atılıb:
– Ya Rəsulullah! Əmr edin, boyunları vurulsun! – deyə xahiş etsələr də, Allah Rəsulu ümumi ahəngi pozmamaq xatirinə bunu istəməyəcək, Hz.Ammar və Hz.Huzeyfəyə isimlərini verdiyi halda, bu insanlara cəza tətbiq etməyəcəkdi! Hətta bəzi səhabələr daha da irəli gedib bunların artıq “səhabə” olmadığını bəyan etdikdə Rəsulullah:
– Onlar “Lə iləhə illəllah” deyib şəhadət gətirmirlərmi? – buyurur.
Allah Rəsulunun bu sualına “Bəli” cavabını verdikdə yenə: “Onlar Mənim Rəsulullah olduğumu da söyləmirlərmi? – deyə soruşur və əshabından “Bəli” cavabını alır.
– Mənə bunları öldürmək məsələsində izin verilmədi, – buyuraraq son nöqtəni qoyur.[24]
Mədinə
Artıq səfər başa çatmışdı, Mədinəyə girmək üzrə idilər. Bir aralıq üzünü əshabına tutan Allah Rəsulu (s.ə.s.):
– Hal-hazırda Mədinədə elə insanlar var ki, getdiyiniz hər yerdə, addım atdığınız hər vadidə daim sizinlə birlikdə idilər, – buyurur.
Bununla Mədinədə qalıb Təbuk səfərinə gəlməyənlərin hamısının münafiq olmadığını demək istəyirdi. Çünki onların arasında Kab ibn Malik, Mürarə ibn Rəbi və Hilal ibn Ümeyyə kimi səmimi mömin olduğu halda, müxtəlif səbəblər üzündən gələ bilməyənlər də vardı. Ancaq bu bəyandan heyrətlənən səhabələr:
– Ya Rəsulullah! – deyirlər, – onlar Mədinədə olduqları halda, bizimlə birlikdə idilər, eləmi? – deyə təəccübünü dilə gətirir, səbəbini öyrənmək istəyirlər.
– Bəli, onlar Mədinədə olduqları halda sizinlə idilər, – buyurur, – çünki onları burada qalmağa məcbur edən üzrlü səbəblər vardı!
Deməli, yalandan bəhanələr gətirib Təbuka getməyənlərlə digərləri arasında fərq vardı və Rəsulullah da diqqəti bu fərqə yönəldir.
O gün Allah Rəsulu (s.ə.s.) başqa məqamları da vurğulayır. Mədinəni görər-görməz:
– Bax bu da Tabədir ki, Rəbbim Məni oraya yerləşdirdi. Körük dəmirin üstündəki kələ-kötürləri təmizlədiyi kimi, Mədinə də əhalisi arasında olan pislikləri silib atdı, – buyurur.
Bu vaxt gözləri Uhudu süzməyə başlayır:
– Uhud elə bir dağdır ki, o, bizi sevər, biz də onu!
Daha sonra şəxsən ənsara yönələn Allah Rəsulu (s.ə.s.) onlardan:
– Sizə ənsarın evləri arasında ən xeyirlilərini deyimmi? – soruşur.
– Bəli, ya Rəsulullah! – deyirlər.
– Ənsarın evləri arasında ən xeyirliləri Bəni-Nəccarın, sonra Abdullah ibn Əşhəloğullarının və sonra da Bəni-Səidənin evidir!
Xeyir sırasında axırıncı olan Bəni-Səidəoğulları bu təsnifatdan bir az kədərlənir. Hüzura gələn Hz.Sad:
– Ya Rəsulullah! – deyir, – ənsarın evlərini xeyir ardıcıllığı ilə sıraladın və bu sıralamada bizim evlərimizi ən axırda zikr etdin!
Təbii ki, belə bir sıralamada bəziləri arxada gəlməli idi və Allah Rəsulu:
– Adınızın ən xeyirlilər arasında çəkilməsi sizə bəs deyilmi? – deyir.
İki aya yaxın aralarında olmayan Allah Rəsulunu görən qadın və uşaqlar yollara tökülmüşdü. Vəda təpəsindən Mədinəyə doğan o bədilənmiş ayın aydınlığında şeir və gözəl sözlərlə sevinc hislərini izhar edir və Onu bayram havası ilə qarşılayırdılar.
Şəhərə girən Allah Rəsulu (s.ə.s.) birbaşa Məscidi-Nəbəviyə gedir və iki rükət şükür namazı qılır.
– Bizi bu səfərdə mükafat və yaxşılıqla ruzi verən Allaha həmd olsun! – deyir.
Təbuk dönüşündə əshab “artıq bundan sonra döyüş olmaz” düşüncəsi ilə əllərindəki silahları belə satmağa başlamışdı. Hicazda qarşılarına çıxacaq bir qüvvənin qalmadığını və bundan sonra nə qılınca, nə də qalxana ehtiyac olmadığını düşünürdülər! Onların bu hərəkətindən xəbər tutan Allah Rəsulu dərhal müdaxilə edir və:
– Ümmətim içindən bir dəstə Dəccalın zühur edəcəyi ana qədər daim haqq uğrunda cihad edəcəkdir, – buyurur.
Məscidi-Dirar
Təbuk səfərinin başlanğıcı ərəfəsində inşa edilən nifaq “məscid”i, bir bəhanə uydurub Təbuka gəlməyənlərin vəziyyəti və Mədinədə olmadığı müddətdə yığılıb qalmış bir çox həll olunmamış məsələlər Onun gəlişini gözləyirdi.
Rəsulullah Mədinəyə yaxınlaşarkən gələn Cəbrail Allahın qəti əmrini çatdırmış və Təbuk səfərinə çıxmazdan qabaq gələn namaz qıldırma istəyinə (Münafiqlər Rəsulullahdan yeni tikdikləri məsciddə namaz qıldırmağı xahiş etmişdilər) cavab olaraq “Bəlkə, geri döndükdə!” dediyi Dirar məscidində namaz qılınmaması zərurətini bəyan etmişdi. [25]
Məsələnin əsl tərəfini indi hər kəs görürdü. Allah Rəsulunun (s.ə.s.) belə bir xeyirli işə soyuq münasibətinə təəccüblə baxanlar ayənin gəlişi ilə Rəsulullahın atdığı hər addımda nə qədər hikmət olduğunu görüb Allaha həmd edirdilər! Çünki bu məscidi Allah və Rəsuluna qarşı mübarizin mərkəzi çevirməyə çalışırdılar. Və beləcə bu məkan Rəsulullahın (s.ə.s.) namaz qılması ilə müqəddəsləşəcək, bundan sonra adı “məscid” olsa belə, daim küfrə xidmət edəcəkdi. Əsl amac, əsl niyyət bu idi.
Ayə nazil olmuş, məsələnin iç üzü ortaya çıxmışdı, demək, indi növbə “gələcək” nifaq mərkəzinin ortadan qaldırılmasına gəlmişdi. Allah Rəsulu (s.ə.s.) bir neçə nəfər səhabəni hüzuruna çağırıb bu vəzifəni onlara tapşırır, onlar da tərəddüd etmədən gedir, binanı yandırıb yerlə-yeksan edirlər![26] Nifaq naminə atılan bir addım da nəticəsiz olmuşdu; hər bir həmlə, hər bir addım Hicazı küfr və nifaqdan təmizləməyə xidmət edirdi və Mədinə şəhəri bundan sonra münafiqlər üçün təzyiqin daha da artdığı məkana çevrilir.
Bəhanəyə sarılanlar və bir tövbə qəhrəmanı
İç üzləri surətlərində əks olunan bu üzsüzlər hər şeyə rəğmən, Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir və Təbuka getməmələrini əsaslandırmaq və bunun doğru olduğunu göstərmək üçün müxtəlif bəhanələr uydururdular. Yenə də Allah Rəsulu (sallallahu əleyhi və səlləm) pərdəni saxlamaq üçün özünü bu bəhanələrlə razılaşmış kimi göstərir və etiraz etmir. Hamısı bir-birinin ardınca gəlib vəziyyəti ərz edirdi və növbə Rəsulullahın atılan hər addımda əshabla birlikdə olduğunu bəyan etdiyi səmimi möminlərə gəlir. Bir ramazan günü Allah Rəsulu (s.ə.s.) səhabələrinə üz tutur, xəcalət içində hüzura gələn Hilal ibn Ümeyyə və Mürarə ibn Rəbi haqqında:
– Mən sizə izin vermədikcə heç biriniz onlarla danışmasın, – buyurur.
Kab ibn Malik eyni duyğular içində məscidə gəlib Allah Rəsuluna (s.ə.s.) salam verir, Rəsulullah əvvəlcə acı bir təbəssümlə onun üzünə baxır, üzünü çevirir. Sanki, dünyalar Kab ibn Malikin başına yıxılır. Allah Rəsulunun hal və hərəkətlə dedikləri ox olub ürəyinə sancılmışdı və:
– Ya Rəsulullah! – deyə səslənir, – niyə məndən üz çevirirsən? Vallah, mən nə münafiqəm, nə dinim barədə şübhə içindəyəm, nə də dinimi dəyişdirdim!
– Elə isə sən niyə gəlmədin? – deyə soruşur Allah Rəsulu, – halbuki hazırlıq da görmüşdün, elə deyilmi?
– Bəli, ya Rəsulullah! – deyə sözə başlayır Hz.Kab, – indi Sənin deyil, bir dünya əhlinin yanında olsaydım, bəhanə uydurub canımı onun qəzəbindən qurtarardım. Çünki məndə insanları inandırmaq qabiliyyəti vardır! Ancaq bilirəm ki, bu gün məni xilas edən bir yalan bəyanla halımı Sənə ərz etsəm, sabah Allah vəziyyəti mütləq Sənə xəbər verəcəkdir. Ancaq bu gün doğrunu – Səni mənə hirsləndirəcək sözləri desəm, o zaman Allahın məni əfv edəcəyini umaram. İşin doğrusu, budur ki, mənim bir üzürlü səbəbim yoxdur!…
Onun səmimiyyətini diqqətlə dinləyən Allah Rəsulu (s.ə.s.) əvvəlcə:
– Bu adama gəlincə, o, doğrunu dedi, – buyurur.
Əslində, sadəcə bu cümlə bu üç sahabədən əvvəl gəlib boş, uydurma bəhanələrlə özlərini qurtarmağa çalışan səksənə yaxın insanın halını anlatmağa bəs edirdi. Və əlavə edir:
– İndi qalx və Allah sənin haqqında dilədiyi hökmü verənəcən gözlə.[27]
İslama axın davam edir
Məkkə fəthindən sonra heyətlərin Mədinəyə axını Allah Rəsulunun Təbukdan dönməsi ilə yenidən sürətlənir və Mədinə, demək olar, hər gün yeni bir heyəti qonaq edirdi. Hələ dünənə qədər düşmənçilikdə yarışanlar və ya gedişatın nəticəsini gözləməyi üstün tutanlar Məkkənin fəthi, Huneyn və Təbuk kimi əhəmiyyətli dönüş nöqtələrində Allah Rəsulu və əshabın qazandığı müvəffəqiyyətləri görüncə təslim olmaqdan başqa bir yol qalmadığını anlayıb bir-bir hüzura gəlirdilər. Fərd-fərd gəlib İslamı qəbul edənlər olduğu kimi, heyətlər şəklində Mədinəyə varıb İslamın nurlu üzü ilə tanış olanlar da vardı və bu məqsədlə bir il içində Mədinəyə müxtəlif sayda, təqribən üç yüz əlli heyət[28] gəlir. Gəlir, əksəriyyəti də müsəlman olub qayıdırdı![29]
Gələnlərdə də, gəlib qəbiləsinin yanına qayıdanlarda da bambaşqa həyəcan vardı. Görüb eşitdiklərini öz adamlarına da çatdırmaq həyəcanı ilə coşur, yaxınları da İslama dəvət etməkdə, sanki, yarışırdılar!
Allah Rəsulu (s.ə.s.) Mədinəyə gələnlər üçün bəzən məscidin içində çadır qurdurur, günlərlə burada qonaq edib Quran dinləmələrini təmin edir, namazın gözəlliyinə şahid olmalarını istəyirdi. Onları qarşılamaq üçün yenə ənsar səxavəti “meydana atılır”, gələn insanları qarşılamaqda bir-biri ilə yarışırdılar. Allah Rəsulu da əshabına qonaqları elə sərhəddə ikən qarşılamağı, Mədinəyə qədər onlara yol yoldaşı olmağı tapşırır, hər birini hədiyyələrlə yola salırdı.[30] Və məhz bu ilə “heyətlər ili” mənasında “Sənətül-vüfud” deyiləcəkdi.
Hər birinin özünəxas xüsusiyyətləri və istəkləri vardı. Bəziləri Rəsulullahdan müəllim və mürşid istəyir, bir qismi isə onları narahat edən suallara cavab almağa çalışırdı. Kimi sualları ilə Allah Rəsulunun sözündəki sədaqəti yoxlamağa çalışır, kimi də heç bir şey soruşmadan mütləq qurtuluşu Ona qeyd-şərtsiz itaətdə tapırdı!
Nəcran heyəti
Bunların arasında on dördü əyan-əşrəfdən olmaqla altmış nəfərlik bir heyətlə Mədinəyə gələn Nəcran heyəti fərqlənirdi. Peyğəmbərimiz (s.ə.s.) onlara məktub yazmış və: “Mən sizi qullara qulluq etməyi buraxıb Allaha ibadət etməyə, insanların vəlayətini (dostluğunu) buraxıb Allahın vəlayətinə (yaxınlığına, dostluğuna) dəvət edirəm. Əgər qəbul etməsəniz, cizyə verəcəksiniz. Bunu da qəbul etməsəniz, bilin ki, bu sizin üçün müharibəyə səbəbdir! Vəssalam!” – deyərək məqsədini bildirmişdi.
Məhz Allah Rəsulunun bu məktubundan sonra nəcranlılar məsələni öz aralarında müzakirə etmiş və bir heyət göndərib vəziyyəti aydınlaşdırmaq istəmişdilər. İndi isə onlar ipək paltarlar geyinib barmaqlarına da qızıl üzüklər taxaraq şair, vəzir və din adamları ilə birlikdə Mədinəyə gəlmişdilər.
Məscidi-Nəbəviyə girərkən şərq tərəfə dönür və duaya durub namaz qılmağa başlayırlar. Əshaba görə bu yanlış hərəkət idi. Rəsulullahın məscidində yanlış qibləyə dönmək olardımı heç? Dərhal müdaxilə etmək istəyirlər. Bunu görən Allah Rəsulu isə:
– Onlarla işiniz olmasın, – buyurur.
İbadəti bitirir, sonra da gəlib Rəsulullaha (s.ə.s.) salam verirlər. Salamı alan Allah Rəsulu onları İslama dəvət edir, onlar isə:
– Biz sizdən əvvəl, onsuz da Müsəlman idik, – deyib dəvəti qəbul etmirlər.
– Sizi üç şey müsəlman olmağa qoymur; xaça ibadət etməyiniz, donuz əti yeməyiniz və Allaha oğul istinad etməyiniz, – deyir.
Məscidi-Nəbəvidə bir gurultu qopur. Allah Rəsulunun ən təməl məsələləri dilə gətirməsi xoşlarına gəlməmişdi. Rəsulullah (s.ə.s.) onlara Quran oxuyur və yalan-yanlış düşüncələrini düzəltməyə çalışır.
Ortada Peyğəmbər səxavəti vardı və bu günlərlə davam edir. Allah Rəsulunu (s.ə.s.) sual atəşinə tuturlar. Nə sualları bir sual idi, nə də suala verilən cavaba münasibətlərini başa düşmək olurdu. Sualların ardı-arası kəsilmədiyini görən Rəsulullah da onlara sual verməyə başlayır və qarşılıqlı sual-cavab şəklində davam edən məclislər günlərlə davam edir.
– Necə olur ki, Sən bizim sahibimiz haqqında xoşagəlməz söz söyləyir və onun Allahın oğlu olmadığını dilə gətirirsən? – deyirlər.
Qəribə yanaşma idi və Rəsulullah (s.ə.s.) onlara:
– Bəli, həqiqətən, o, Allahın qulu və Rəsuludur, Allahın subay və iffətli Məryəmin bətninə yerləşdirdiyi bir ruhdur, – deyə cavab verir.
– Atasız bir insan göstərə bilərsənmi? Əgər sözün həqiqətdirsə, bir misal göstər, – deyirlər. Yenə Cəbrail imdada yetişir, Rəsulullaha bunları çatdırır: “Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “Ol!” – dedi, o da dərhal oldu. Şübhəsiz ki, bunlar sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma! Sənə göndərilən elmdən (məlumatdan) sonra buna dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü bura çağıraq! Sonra Allaha dua edib yalançılara Allahın lənət etməsini diləyək!”[31]
Hər şey açıq-aşkar ortada idi, amma onlar Quranın xəbələrinə inanmır və söylənilənlərin doğru olmadığını irəli sürürlər. Buna baxmayaraq, səbir edən Allah Rəsulu düşünmək üçün onlara bir gün möhlət verir. Bir gün keçsə də vəziyyət dəyişməmişdi, buna görə də Rəsulullah başda Hz.Fatimə, Hz.Həsən və Hz.Hüseyn olmaqla əhli-beytini götürüb məscidə gəlir və onlara:
– Mən dua etdikcə siz də “amin” deyin! – buyurub Nəcran heyətinin qərarını gözləməyə başlayır!
Bu, açıq-aşkar meydan oxumaq idi və vəziyyəti anlayan nəcranlılar fikirləşmək üçün vaxt istəyirlər. Çünki məsələ sandıqlarından da ciddi idi. Öz rəhbərlərinə üz tutub:
– Nəbadə belə bir şeyi seçəsiniz. Çünki O, həqiqətən, bir Nəbidirsə, bu duanı oxuduğu zaman nə biz, nə də bizdən sonra gələnlər xilas ola bilər! Yer üzündə bizə aid ən xırda bir tük və ya dırnaq belə bunun təsiri ilə yox ola bilər, – deyirlər.
Bu qədər əlamət Onun gözlənilən Nəbi olduğunu göstərirdi! Belə idisə, bir inadkarlıq üzündən məhvə sürükləyən seçim etmək olmazdı və Rəsulullahın (s.ə.s.) hüzuruna gəlib:
– Bizdən nə istəyirsənsə, Sənə onu verəcəyik, – deyirlər.
Müsəlman olmasalar da, təslim bayrağını qaldırır və İslamın hökmü altında yaşamaqla razılaşırdılar. Buna görə Allah Rəsulu onlarla rəcəb və səfər aylarında təhvil vermək şərtilə iki min hullə (geyim) və bir o qədər də gümüş cizyə təqdir edib, yeni bir müqavilə bağlayır. Geri dönərkən əllərində Allah Rəsulunun onlar üçün yazdığı “amannamə” (İslam dövlətlərində düşmənə təhlükəsizlik içində olduğunu bildirmək üzrə verilən sənəd) vardı. Bu “amannamə” həm onlara verilən hüquqları, həm də onların Rəsulullah qarşısında daşıdığı mükəlləfiyyətləri ehtiva edirdi.
– Bizə sülh üçün lazım olan ödənişi təhvil verməyə etibarlı bir adam göndər, – deyirlər.
– Sizinlə birlikdə sözün əsl mənasında etibarlı adam göndərəcəyəm, – buyurur və:
– Ayağa qalx, ya Əba Ubeydə ibn Cərrah, – deyir.
Sonra da onlara tərəf dönüb: “Məhz bu, ümmətin əminidir! – deyir.
Saqif heyəti
Saqif qəbiləsinin başçısı Urvə ibn Məsud Taif səfərindən sonra gəlib müsəlman olmuşdu. Böyük bir həyəcan keçirir və tezliklə qövmünün arasına qayıdıb onları da İslama dəvət etmək istədiyini söyləyirdi. Ancaq Allah Rəsulu (s.ə.s.) onun keçirdiyi hisləri yaxşı anlayırdı, Saqif qəbiləsinin ümumi xarakterini də nəzərə alıb ona:
– Onlar səni öldürərlər, – deyə xəbərdarlıq edir.
Belə ki, təbliğin də müəyyən qayda-qanunları vardı. Təzə doğulmuş uşağa verilən qidalarda göstərilən həssaslıq qədər incə davranılmalı və insanları Allaha dəvət edərkən də müəyyən qaydalara əməl olunmalı, müxatəblər nəzərə alınmalı idi. Ancaq Hz.Urvənin həyəcanı ona gözlənilən təhlükələri görməyə mane olurdu.
– Ya Rəsulullah! – deyə səslənir, – mən onların ən sevimlisiyəm. Onların sözümdən çıxmayacağına inanıram!
Hz.Urvə öz mövqeyinə görə “heç kim sözündən çıxmaz və hamısı dəvət etdiyi İslama müsbət cavab verər” düşüncəsi ilə yurduna qayıdır. Amma dəvəti etirazla qarşılanır və öz qövmü tərəfindən şəhid edilir. Vəziyyət üzücü, ağır idi: neçə illər başları üstündə tutduqları rəhbərlərini sırf müsəlman olduğu üçün amansızcasına öldürürlər!
Ancaq onlar üçün hadisələrin gedişatı heç də yaxşı görünmürdü. Məkkənin fəthi və Huneyndən sonra müsəlmanlar indi də Bizansa meydan oxumuş və Təbukdan mütləq zəfərlə dönmüşdülər! İslamiyyət genişləndikcə ətrafdakı halqa gündən-günə daralırdı və bir gün onlar da bu dairəin içində qalacaqdılar. Aradan bir neçə ay keçdikdən sonra bu düşüncələrlə oturub vəziyyəti müzakirə etməyə başlayır və Rəsulullahın hüzuruna bir nəfər göndərib razılaşma əldə etmək qərarına gəlirlər. Bu məqsədlə Abdiyaleyl ibn Amr məsləhət görülür. Vəziyyəti ona ərz edib qəbilə adından elçilik etməsini istəyirlər! Ancaq Abdiyaleyl Hz.Urvənin başına gələnlərin onun da başına gəlməsindən əndişələnərək bu işə təkbaşına gedə bilməyəcəyini bildirir. Buna görə də onlar Abdiyaleyli beş nəfərlik heyətlə Mədinəyə göndərmək qərarına gəlirlər. Bu ərəfədə Allah Rəsulu (s.ə.s.) Təbukdan yeni dönmüşdü: ramazan orucunu tuturdu.
Onların Mədinəyə gəldiyini görən səhabələr bu müjdəli xəbəri Allah Rəsuluna çatdırmaq üçün bir-birini qabaqlamağa çalışır. Çünki Allah Rəsulu çox istərdi ki, saqiflilər də müsəlman olsun!
Qonaqları bir anda qarşısında görən Allah Rəsulu Məscidi-Nəbəvinin bir küncündə onlar üçün çadır qurdurur və beləliklə, saqiflilərin Allah kəlamını eşidib ibrət almasına, namaz vaxtlarına bələd olub qulluqdakı dərinliyi görməsinə şərait hazırlayır.
Nəhayət, bir gün Abdiyaleyl Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlib:
– Bizə də bir “amannamə” yazsan, yurdumuza qayıdardıq, – deyə xahiş edir.
– Yazaram. Amma bu vəziyyətdə olmaz. Çünki siz hələ müsəlman olduğunuzu bəyan etmədiniz! Belə bir vəziyyətdə aramızda nə bir sülh ola bilər, nə də “amannamə”, – deyə buyurur Allah Rəsulu (s.ə.s.).
Ancaq onların bəzi istisnaları vardı. Müsəlman olarkən namaz kimi mükəlləfiyyətlər məsələsində imtiyaz istəyirdilər. Halbuki ibadət olmadan dindarlıq da olmazdı. Gəl gör ki, onlar öz əlləri ilə düzəltdikləri bütlərə sitayiş edir və ilin müəyyən günlərində bu bütlərin yanında qurban kəsirdilər! Rəsulullah onlara:
– Kökündə namaz olmayan bir dində xeyir yoxdur, – buyurur və son nöqtəni qoyur.
İbadət mövzusu aydın idi, amma onlar qadağalar məsələsində də güzəşt istəyirlər. Allah Rəsuluna yaxınlaşan Abdiyaleyl:
– Yaxşı bəs zina məsələsində nə deyirsən? Bizim insanlar tez-tez səfərlər edir ki, bu zaman zina qaçılmaz olur. Biz uzun ayrılıqlara dözə bilmərik, – deyir.
– Bu, Allahın möminlərə haram buyurduğu bir günahdır. Allah bu məsələdə “Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!”[32] buyurur, – cavabını verir Allah Rəsulu (s.ə.s.).
Zina barədə istədiyi güzəşti qopara bilməyən Abdiyaleyl bu dəfə də:
– Yaxşı, bəs faiz barədə nə deyirsən? – deyə buradan bir pay qoparmağa çalışır.
– Faiz də haramdır, – buyurur Peyğəmbərimiz.
– Bizim mallarımızın hamısı faizdir, – deyə etiraz edir Abdiyaleyl. Ancaq ilahi hökm şəxslərin arzusuna görə dəyişməzdi və Rəsulullah:
– Yalnız pulun mayasını ala bilərsiniz, – buyuraraq faiz alış-verişindəki ifratın özlərinə də haram olduğunu xatırladır və onlara: “Ey möminlər! Əgər doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin!”[33] ayəsini oxuyur.
Bu qapının da üzlərinə bağlı olduğunu görürlər. Bu dəfə ortaya yeni bir mövzu atır:
– Elə isə içki məsələsinə nə deyirsən? Biz üzümlərimizi sıxıb şirəsini içirik və bizim bundan qaçmağımız mümkün deyil!
Eyni təmkinlə davranan Allah Rəsulu:
– Şübhəsiz ki, Allah: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”[34] vəhyi ilə onu da haram buyurmuşdur!
Bu qapı da bağlı idi və atılan hər addımın onları çıxılmaz dalana apardığını görən saqiflilər hüzurdan qalxıb vəziyyəti öz aralarında müzakirə etməyə başlayır. Abdiyaleyl onlara:
–Vay halınıza! – deyir, – bu üç məsələdən də məhrum olaraq yurdumuza geri dönəcəyik! Vallah, billah, saqiflilər nə içkidən, nə də zinadan uzaq dura bilər!
Sufyan ibn Abdullah onun kimi düşünmürdü. Ayağa qalxır və:
– Ey adam, – deyə sözə başlayır, – əgər Allah onlar haqqında xeyir murad etmişsə, onlar da bu məsələlərdə səbir edər və əl uzatmazlar! Görmürsünüzmü, Onunla olanlar bizdən fərqlənmirlər, amma onlar səbir edib köhnə vərdişlərindən əl çəkə bildilər! Biz bu adamdan çəkinməliyik. Görmürsünüzmü, O, yer üzünü bir başından o biri başına kimi hökmü altına alarkən biz dünyanın bir küncündə qalamızın içində sıxılıb qaldıq və gün keçdikcə İslam ətrafımızı bürüyür! Vallah, əgər O, bir aylığa gəlib qalamızı mühasirəyə alsa, hamımız acından ölərik! Mən müsəlman olmaqdan başqa bir çıxış yolu görmürəm. Əks halda Məkkənin başına gələnlərin başımıza gəlməsindən qorxuram!
Bu əsnada Allah Rəsulu saqifliləri yeməyə dəvət edir. Ancaq onların yeməkdən daha vacib işləri vardı və hər şeyə rəğmən, onlara göstərilən bu ehtiram qarşısında müsəlman olurlar! Müsəlman olmağına olmuşdular, amma bu dəfə “Rabbə” adlı məşhur bütdən bəhs edir:
– Rabbə məsələsində nə düşünür və nə etməyimizi istəyirsən? – deyə soruşurlar.
– Onu da yıxmalısınız! – deyə Allah Rəsulu (s.ə.s.) qətiyyətlə bildirir.
– Bu, mümkün deyil! – deyir, saqiflilərlə qadın və uşaqların buna imkan verməyəcəyini düşünür və belə bir hərəkətin çox böyük problemlərə səbəb olacağına inanırdılar.
Buna görə əvvəl üç il, sonra iki il, daha sonra isə bir il möhlət istəyirlər. Bütün bunlara rədd cavabı alınca da, heç olmasa, bu məsələdə özlərinə bir ay vaxt verilməsini xahiş edirlər. Ancaq Allah Rəsulu bunların heç birinə “Bəli” demir və Allaha şərik qoşulmasına razı olmurdu! Hətta Abdiyaleylin bu israrlarına dözməyən Hz.Ömər (s.ə.s.):
– Vay halına sənin, ey Abdiyaleyl! – deyə üstünə çımxırır, – “Rabbə” dediyin bir daşdır. Kimin ona ibadət edib, kimin ibadət etmədiyini belə bilməkdə acizdir!
Doğru deyirdi və bu qapının da bağlı olduğunu görürlər. İslam elə bir sistem idi ki, o, şəkk və şübhəsiz, dupduru yaşanmalı idi. Artıq namaz qılıb oruc tutmağa da başlamışdılar. Təxminən on beş gün Mədinədə qaldıqdan sonra doğma yurdlarına qayıdırlar.
Rəsulullah (s.ə.s.) onlara yaşca ən kiçikləri olan Osman ibn Əbil-Ası rəhbər (imam) təyin edir. Çünki Osman İslamı anlayıb qavramaqda hamısından daha həssas davranır və məsələləri mənimsəməkdə əzmkarlıq və səmimiyyət göstərirdi!
Digərləri kimi yurdlarına qayıdan Saqif heyəti də qövmlərini İslama dəvətlə işə başlayacaq və qısa zamanda bu qəbilələr də müsəlman olacaqdı.[35]
Çox keçmədən Allah Rəsulu onların yanına Xalid ibn Vəlid, Muğirə ibn Şubə, Əbu Sufyan kimi nüfuzlu səhabələrini göndərərək bütlərini də qırmalarını əmr edəcək və çətin də olsa, saqiflilər şirkdən təmizlənmiş olacaqdılar.
… Və digərləri
Əlbəttə, Mədinənin yolunu tutanlar təkcə onlar deyildi. Abdiqays, Uzrə və Bəliyy heyətləri də gəlir, müsəlman olub geri dönürlər. Allah Rəsulunun (s.ə.s.) babalarından Qusayy və ana tərəfdən qohum olduqlarını deyən on iki nəfərlik Uzrə heyəti də Mədinəyə varid olmuşdu. Onlarla danışan Allah Rəsulu yaxın vaxtda Şamın da fəth edilməsi müjdəsini verir, onlara kahinlik qazancını və insanlara təzim üçün kəsdikləri ətlərdən də yeməyi qadağan edir.
Yenə həmin günlərdə Fəzara heyəti on nəfərdən çox tərkiblə Mədinəyə gəlir, quraqlıq və qıtlıqdan şikayət edərək Allah Rəsulundan kömək istəyir. Allah Rəsulu (s.ə.s.) onları da özü ilə götürüb yağış duasına çıxır və o gün canü-könüldən Allaha yönələrək Cənabi Haqdan mərhəmət, yardım diləyir.
Bu vaxt diqqəti çəkən başqa bir dəstə isə daha sonralar özünü yalançı peyğəmbər elan edən Müseyləmə ibn Sümamənin də tərkində olduğu on yeddi nəfərlik Bəni-Hənifə heyəti idi. Yəmamə tərəflərdən gəlmiş və müsəlman olmuşdular!
Gələnlərin ardı-arası kəsilmirdi. Yəmən, Əzd, Bəni-Sad, Bəni-Amir ibn Qays, Bəni-Əsəd, Bəhra, Havlan, Muharib, Bəni-Haris ibn Kab, Qamid, Bəni-Müntafiq, Səlaman, Bəni-Abəs, Müzeynə, Murad, Zübeyd, Kində, ZiMürrə, Qassan və Bəni-İyş heyətləri bunlardan idi. Rəsulullahın hüzuruna gələn ən sonuncu heyət Nəhaya məxsus idi. Yəməndə Hz.Muaza beyət etmiş, məhərrəm ayının ortalarında təxminən iki yüz nəfərlə birlikdə Onun möminləri kimi Mədinəyə gəlmişdilər!
Bir-birinin ardınca Mədinəyə axışan bu insanlar eyni zamanda İslama olan ehtiyacı da göstərirdi. Artıq Mədinə şəkk-şübhəsiz Ərəbistan yarmadasının paytaxtına çevrilmişdi. Hələ dünənə qədər nizam və intizamı təmin etmənin qeyri-mümkün göründüyü, hər qəbilənin özbaşına hərəkət etdiyi və güclünün zəifi əzdiyi Hicazda Allah Rəsulunun hakimiyyəti bərqərar olacaq, insanlar əmin-amanlıq içində yaşayacaq və beləcə hər tərəfdə nizam-intizam hökm sürəcəkdi.
Rəsulullahın (s.ə.s.) elçiləri
Bir tərəfdən də Allah Rəsulu insanlara dini öyrətmək, onları İslama dəvət etmək, irşad və təbliğ vəzifələrini yerinə yetirmək və İslama aid gözəllikləri getdikləri yerlərdə də təmsil etmək üçün sayılıb-seçilən səhabələrini seçərək ətraf ərazilərə göndərməkdə davam edirdi. Çünki cahiliyyə dönəminə xas mənəvi xəstəliklərin cəmiyyətdən təmizlənməsində qəlblərin arınaraq uca həqiqətləri qavrama səviyyəsinə çatması və sosial həyatda İslam naminə bir mayanın tutması üçün buna ehtiyac vardı!
Rəsulullah bu məqsədlə hicri tarixi ilə onuncu ilin rəbbiülaxir ayında Xalid ibn Vəlidi məktubla Haris ibn Kabın yanına göndərir və əvəllcə onları İslama dəvət etməyi, bunu qəbul etmədikləri təqdirdə cizyə verməli olacaqlarını söyləməyi tapşırır. Çünki döyüş ən sonuncu çarə idi və qarşılarına qoyulan seçimləri rədd edən insanların da düşünməli olduğu son çarə!
Göstərilən yerə qədər gedən Hz.Xalid Allah Rəsulunun (s.ə.s.) bu əmrini yerinə yetirmək üçün dərhal yoldaşlarını təşkilatlandırır və seçdiyi səhabələri müxtəlif bölgələrə göndərərək onları İslama dəvət edir. Çox keçmədən bu fəaliyyətlərin nəticələrini də görür və Harisoğulları bölgəsində yaşanan müsbət dəyişiklikləri bir məktubla Rəsulullaha (s.ə.s.) bildirir.
Aradan altı ay keçmişdi və Allah Rəsulu Xalid ibn Vəlidi Mədinəyə çağırır. O da özü ilə götürdüyü bir dəstə ilə Allah Rəsulunun hüzuruna gəlir və Harisoğulları heyətinin başına bu dəfə də Qays ibn Husayn əmir təyin olunur.[36] Bu geniş coğrafiyanın sakinlərini dini biliklərlə məlumatlandırmaq, İslami mövzularda dərin elm sahibi etmək və onlara vacib ibadətləri, haramları öyrətmək vəzifəsinə səhabə Amr ibn Hazm təyin edilir. Həmçinin Hz.Əlinin Həmədan istiqamətinə göndərilməsi həmin ərazilərdə İslamın böyük fəthlərinə yol açır.[37]
Həmədana gəlib Rəsulullahın məktubunu onlara oxuyan Hz.Əli rəğbətlə qarşılanır. Həmədan əhalisi onu bağrına basır! Çox keçmədən də müsəlman olurlar! Hz.Əli Həmədandan müjdəli xəbər gözləyən Allah Rəsuluna dərhal bir məktub yazıb Həmədan xalqının da müsəlman olduğunu bildirir. O gün Rəsulullahın sevincinin həddi-hüdudu yox idi. Belə ki, O, Yəmən tərəflərdə də İslamın qəbul edilməsini arzulayır, bu yolla cənubun da İslamın nuru ilə aydınlanmasını istəyirdi. Buna görə də Hz.Əlidən gələn məktubun oxunmasından dərhal sonra şükür səcdəsinə qapanır və başını qaldıran kimi:
– Salam və salamatlıq Həmədan xalqının üzərinə olsun! Salam və salamatlıq Həmədan xalqının üzərinə osun! – deyə Mədinədən onlara cavab verir.
Yenə o günlərdə Allah Rəsulu (s.ə.s.) Malik ibn Mürrəyə bir məktub verib Yəmən hökmdarlarına göndərir. Məktubda onları İslama dəvət edir, şirk qoxusu gələn hər cür əməldən çəkinmələrini istəyir, bunu etdikləri zaman əldə edəcəkləri dünyəvi və axirət mükafatlarından bəhs edir və əks təqdirdə çətinliklərlə qarşılaşacaqlarını xəbər verirdi! Ancaq onlar İslamiyyəti deyil, cizyə verməyi qəbul edirlər.
Aldığı cavablarla kifayətlənməyən və Yəmən xalqlarının müsəlman olmasını arzulayan Könüllər Sultanı Rəsulullah səhabələrdən Muaz ibn Cəbəl və Əbu Musa əl-Əşarini Yəmənin müxtəlif bölgələrinə göndərir və onlara:
– Asanlaşdırın və əsla çətinləşdirməyin. İnsanlara müjdə ilə yaxınlaşın və onlara nifrət etdirməyin, qarşınıza çıxan çətinliklərin həll yolunu tutun, ixtilaf çıxarmaqdan çəkinin! – deyə tövsiyə edir.
Belə ki, İslam artıq Yəməndə də kök bağlamışdı və böyüməsinə ehtiyac vardı. Bütün bunlar Peyğəmbərlik vəzifəsinin kamala doğru sürətlə irəlilədiyini göstərirdi. Hirada başlayan nurlanma indi ağlasığmaz sürətlə dünyaya yayılır və getdiyi hər yeri işıqlandırırdı.
Allah Rəsulu (s.ə.s.) sülh elçilərini yola salarkən bir qədər onlarla birlikdə irəliləyir və getdikləri yerlərdə diqqət edilməli vacib xüsusları başa salır. Hz.Muaz və Hz.Əbu Musa əl-Əşari dəvə belində irəlilərkən Rəsulullah onları piyada yola salırdı. Allah Rəsulu (s.ə.s.) bu vaxt üzünü Hz.Muaza tutub:
– Şübhəsiz ki, sən əhli-kitab camaatının yurduna gedirsən. Oraya çatanda əvvəlcə onları Allahdan başqa ilah olmadığına şəhadət etməyə və Məhəmmədin də Allahın Rəsulu olduğuna imana dəvət et! Əgər bunu qəbul edib sənə itaət etsələr, Allahın onlara gündə beş vaxt namazı fərz buyurduğunu xəbər ver! Əgər bu məsələdə də sənə itaət etsələr, o zaman da varlılardan alınıb yoxsullara verilməklə Allahın onlara zəkatı fərz qıldığını bəyan et! Əgər bu məsələdə də sənə itaət etsələr, insanların mallarından ən keyfiyyətlisini götürməkdən çəkin və əsla məzlumun bədduasına səbəb olan addım atma, çünki onunla Allah arasında pərdə yoxdur!
Bu kriteriyalar Allah rizası uğrunda yola çıxan hər bir mömin üçün daim keçərli əsaslar idi. Hələ o vaxtlar Allah Rəsulu bu xüsusları diqqət çatdırır və İslam yolun yolçularına getdikləri yerlərdə necə davranmalı olduqlarını göstərirdi. Bu vaxt yenə də elçisinə dönür:
– Nə ilə hökm edəcəksən?
– Allahın kitabından öyrəndiklərimlə hökm edəcəyəm!
– Allahın kitabında bir istinad tapmasan?
– Rəsulunun sünnəti ilə!
– Rəsulunun sünnətində də bir istinad tapmasan?
– Öz rəyim əsasında ictihad edərəm!
Elçi kimi seçdiyi səhabənin din anlayışı kamil idi və bu məqamda Allah Rəsulu böyük ehtiramla Rəbbinə yönəlib:
– Rəsulunun elçisini müvəffəq edən Allaha həmd olsun! – deyə niyaz edir.
Bir tərəfdən də Hz.Muazı süzürdü. Elə nəzərlə baxırdı ki, sanki, ayrılmaq istəmirdi. Hz.Muaz Qurana vaqif, ehkam bilgilərinə hakim səhabələrdən idi. Buna görə də o, Rəsulullahın əshabının müraciət etməsini istədiyi dörd nəfərdən biri idi. Və sanki, Rəsulullah onunla vidalaşırdı. Yanına yaxınlaşır və:
– Ey Muaz! – deyə səslənir, – bu ildən sonra, bəlkə də, bir daha Mənimlə burada görüşə bilmədin. Artıq məscidimi və qəbrimi ziyarət edərsən!
Sanki, vidalaşan Hz.Muaz deyil, Allah Rəsulu idi! Hərçənd onun da ürəyinə qor düşmüşdü! Bir tərəfdə Allah və Rəsuluna xidmət üçün yola çıxmanın həzzi olsa da, o biri tərəfdə qəlbi Allah Rəsulundan ayrılıq həsrəti ilə alışıb-yanırdı! Bir daha Onu bu dünyada görməmək ehtimalı vardı! Bunu Rəsulullah deyirdisə, mütləq nə isə bilirdi. Hz.Muaz bunu düşünmək belə istəmirdi; gözləri iki çeşmə olmuş, hıçqırtı ilə ağlayırdı! Rəsulullahın şəfqət və məhəbbət dolu baxışlarının müşayəti ilə atını Yəmən istiqamətinə mahmızlayır; ürəyini Mədinədə qoymuş, gözü arxada gedirdi![38]
Doqquzuncu ilin mühüm hadisələri
Təbuk səfərindən sonra münafiqlərin başçısı sayılan Abdullah ibn Übeyy ibn Səlul vəfat edir. Onun haqqında danışılanları oğlu Abdullah da bilirdi və Rəsulullahın (s.ə.s.) hüzuruna gəlib atasının namazını qıldırmasını rica edir. Abdullah atasının əksinə səmimi bir mömin idi və Rəsulullah da Abdullahın bu səmimiyyətinə müsbət cavab verir. Altdan-altdan hər cür pisliklər etmiş olsa da, zahirən mömin olduğunu dediyi üçün mərhum İbn Səlul üçün Allahdan əfv diləyir. Bunu eşidən Hz.Ömər bir göz qırpımında hüzura gələrək Allah Rəsuluna:
– Onlar üçün Sən istər əfv dilə, istər diləmə, yetmiş dəfə də istiğfar etsən, Allah onları əfv etməyəcəkdir. Bəli, bu belədir! Çünki onlar Allahı və Rəsulunu tanımayıb Onun əleyhinə çıxdılar. Allah da belə yolundan azmışlar (fasiqlər) güruhunu hidayətə çatdırmaz, əməllərinə qovuşdurmaz[39] məallı ayəni xatırladıb münafiqlərə başçılıq etmiş bir adamın namazını qıldırmamağın vacibliyini deyir. Ancaq səhabələri haqqında qəti bəyan olmadığı müddətdə onların lehinə davranmağa adət edən Allah Rəsulu “istər dilə, istər diləmə” ifadələrini açıq qapı kimi qiymətləndirir və:
– Mən istiğfar etmək (Allahdan əfv diləmək) və ya etməməkdə sərbəst buraxıldım. Deməli, Allah izin verdi və Mən də yetmişdən çox istiğfar edərəm, – deyib İbn Səlulun məzarına qədər gedir və cənazə namazını da şəxsən özü qıldırır.
Ancaq çox keçmədən yenə Cəbrail gəlir və “Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər!”[40] ayəsini gətirir, bundan sonra münafiqlərə qarşı daha aydın münasibət göstərməyin zəruriliyini bildirir, onlar üçün nə istiğfar etməyin, nə də namaz qılmağın qeyri-mümkünlüyünü bəyan edir.
Rəsulullahın (s.ə.s.) kürəkəni Hz.Osman yenə də kədərli idi. Çünki onun həyat yoldaşı, Peyğəmbərimizin qızı Ümmü Gülsüm o il vəfat etmişdi! Bidiyimiz kimi, Allah Rəsulu Ümmü Gülsümü digər qızı Ruqiyyənin vəfatından sonra Hz.Osmanla nikahlamışdı! İndi Ummü Gülsüm də dünyadan köçmüşdü! Qızının vəfatı ilə dərdi artan Rəsulullah ikinci dəfə Ona kürəkən olmuş Hz.Osmana dönüb:
– Əgər yanımda üçüncü qızım da olsa idi, mütləq onu sənə verərdim, – buyuracaq, həya abidəsi Hz. Osmana təsəlli verməyə çalışacaqdı.
Həcc ibadətinin fərz buyurulması
Hicri doqquzuncu ilin zilqədə[41] ayında nazil olan ayələrdə: “Ziyarətə imkanı çatan hər kəsə Beytullahı ziyarət etmək Allahın onun üzərindəki haqqıdır,” – buyurlumaqla bundan sonra həcc ibadətinin də fərz olduğu bildirilirdi. İlahi əmri alan və Kəbəni ziyarət etməyi ürəkdən istəyən Allah Rəsulu (s.ə.s.) müşriklərin orada etdikləri yanlış davranışları xatırlayır və:
– Beytullahda olacaq və onu çılpaq təvaf edəcəklər. Bu adət ortadan götürülmədikcə Mən həcc vəzifəsini əda etmək istəmirəm, – buyurur.
Bundan sonra Hz.Əbu Bəkri hüzuruna çağırıb onu həcc işlərinə əmir təyin edir, həcc ibadətində diqqət yetirilməli xüsuslar məsələsində təlimatlandırır və Məkkəyə göndərir. Kəbədə ilk dəfə bir İslami həcc yerinə yetirələcəkdi.
Hz.Əbu Bəkir dərhal üç yüz nəfərlik səhabə ilə yola çıxır. Ancaq vəhy ardı-arası kəsilmədən gəlirdi. Onun gedişindən sonra “Tövbə” surəsinin ilk ayələri də nazil olmuş və bundan sonra Hərəm bölgəsində olan müşriklərlə bağlı yeni hökmlər gəlmişdi. Dərhal Hz.Əlini hüzuruna çağıran Allah Rəsulu onu bu hökmləri bildirən təlimatla Hz.Əbu Bəkrin arxasınca göndərir və bu hökmlərin də təbliğini istəyir.
Təlimatı alıb tezliklə yola düşən Hz.Əli (r.a.) Arc və ya Dacnan adlı yerdə həcc dəstəsinə yetişir. Hz.Əbu Bəkir də təlaşlanır. Ona tərəf dönüb öncə:
– Əmir olaraq gəldin, yoxsa məmur olaraq? – deyə soruşur.
Belə bir şəraitdə ixtilafa zəmin olmamalı idi. Onsuz da Hz.Əbu Bəkir Hz.Əlinin məmuru olmağa ürəkdən razı idi.
– Xeyr, məmur olaraq gəldim, – deyir Hz.Əli və gələn ayələri ona verib birlikdə Məkkəyə doğru hərəkət edirlər.
Təvaf əda edilmiş, Səfa ilə Mərvə arasındakı saylar da yerinə yetirilmişdı. Ərəfatda vəqfiyyə durub Müzdəlifədə qonaqlayaraq, nəhayət, Minaya gəlmişdilər. Qurbanların kəsildiyi yerə gələn Hz.Əli o gün Cəmrənin yanında durur və Allah Rəsulunun təbliğ etmək istədiyi xüsusları dönə-dönə insanlara çatdırır. Bunları deyir:
– Heç bir kafir cənnətə girə bilməz!
Bu ildən sonra heç bir müşrik həccə getməyəcək.
Bundan sonra Beytullahı heç kim çılpaq təvaf etməyəcək!
Kimin Rəsulullah ilə bir müqaviləsi varsa, bu, anlaşma müddəti bitənə qədər qüvvədə olacaq!
Müddəti göstərilməyən müqavilələrə dörd aylıq vaxt qoyulacaq!
Bunlardan kənar qalan hər bir müşrikə əmin-amanlıq içində yurdlarına qayıda bilmək üçün o andan etibarən dörd ay möhlət veriləcək!
Bundan belə heç bir müşrikə nə bir müqavilə, nə də himayə olacaqdır! Çünki Allah və Rəsulu müşrikləri himayə etməkdən uzaqdır!
Beləliklə, Rəsulullahın arzusu da gerçəkləşmiş olurdu. O gün üçün bu elan və icraat bütpərəstlik düşüncəsinin Hərəmdən tamamilə uzaqlaşdırılması demək idi!
Digər hadisələr
Bir tərəfdə bunlar baş verir, digər tərəfdə də bəşər yolçuluğu davam edir, ölümlər doğumları, doğumlar da ölümləri izləyir, dünyanın üzü sürəkli dəyişirdi.
Həbəşistandan bir xəbər vardı. İllərlə möminlərə qucaq açan Nəcaşi gözlərini əbədi yummuşdu. Vəfa insanı Allah Rəsulu (s.ə.s.) bu xəbəri əvvəlcə əshabı ilə bölüşür. Ardınca da onları qiyabi mömin Nəcaşi üçün namaz qılmağa çağırır:
– Bu gün sizin bir saleh qardaşınız vəfat etdi. Durun onun cənazə namazını qılın, – deyir. Və Mədinədə Həbəşistanda vəfat edən Nəcaşinin cənazə namazını qılırlar!
Bu saleh qardaş Məkkə zülmündən təngə gəlmiş mühacirləri bağrına basan Həbəşistan hökmdarı Ashama idi və arada böyük məsafə olmasına baxmayaraq, Allah Rəsulu (s.ə.s.) fərqli bir vəfa örnəyi sərgiləyir, qiyabi olaraq ona dua edir!
Rəbiüləvvəl ayının bir çərşənbə axşamı idi. Rəsulullah (s.ə.s.) xəstə olan övladına baş çəkməyə gedir. İbrahimi qucağına alanda son nəfəsini verirdi! Ürək kövrəlmiş, gözlər yaşla dolmuşdu! Rəsulullahın göz yaşlarını görən bir nəfər:
– Ya Rəsulullah! – deyə səslənir, – Sən də mi ağlayırsan? Məgər Sən ölünün arxasınca ağlamağı qadağan etməmişdinmi?
Peyğəmbərimiz dönür və belə deyir:
– Şübhəsiz ki, göz yaş tökər, ürək hüznlənər. Biz uca Rəbbimizin razı olacağından başqa bir söz söyləmərik! Mənim qadağan etdiyim şey isə üst-başı cıraraq və Cahiliyyə dövründə olduğu kimi, fəryad-fəğan qopararaq ölünün arxasınca ortalığı vəlvələyə salmaqdır!
Yuyulub kəfənlənən körpəni namazı qılındıqdan sonra götürür və Baqi qəbristanına aparıb Osman ibn Mazunun yanında dəfn edir! İlk dəfə idi ki, əshabından su istəyir və oğlu İbrahimin məzarı üstünə səpir!
Həmin gün Mədinədə günəş tutulması baş verir.
Bəzi insanlar: “İbrahimin vəfatına görə günəş tutuldu,” – deyirlər.
Bunu eşidər-eşitməz minbərə çıxır və:
– Ey insanlar! – deyə səslənir, – həqiqətən, Günəş və ay Allahı göstərən dəlillərdən ikisidir. Bunlar nə birisinin doğumuna, nə də ölümünə görə tutulur! Ay və günəş tutulması zamanı dərhal məscidlərə gedin və keçib gedənə qədər Allaha dua edib namaz qılın!
Son dövrlərdə Cəbrail tez-tez təşrif buyururdu: Həmin ilin ramazan ayında Quranı iki dəfə müqabilə (Qarşılıq, qarşılıqlı görülən iş, qarşılıqlı oxuma, müqayisə etmə mənalarına gəlir. Peyğəmbərlik dövründə hər ilin ramazan ayında o vaxta qədər nazil olan ayə və surələri Cəbrail (ə.) Allah Rəsuluna (s.ə.s.), Rəsulullah da Cəbrailə oxuyardı ki, buna müqabilə deyilir. Bu ənənəyə çevrilmişdir: hal-hazırda müsəlmanlar arasında yaşadılır, hər ramazanda məscid və evlərdə oxunur.) edir və beləliklə, hansı ayənin hansı surənin harasına yerləşdiriləməsi və sıralamada hansı surənin harada olması dəqiqləşdirilir!
Peyğəmbərimiz yenə özünü tənhalığa verir və bir ay boyunca xanımlarından ayrı qalır. Hətta onları belə şəraitdə boşanıb-boşanmamaqda sərbəst buraxır. Çünki bəzi xanımları məqamlarına görə dünya malı istəyirdilər. Bununla Rəsulullahın münasibətini, niyyətini aydınlaşdırmağa çalışırdılar! Rəsulullah dünyasında yalnız insanlara əl tutmaq vardı və bu istək Onu üzür. Onlara iki şeydən – dünya və dünyaya aid olanla axirət və axirətə aid olanlardan birini seçə biləcəklərini deyir. Görünür, hər halı ilə insanları bir yola gətirmək istəyirdi. Yeri gələndə insanlara səslənməklə, bəzən də səssizliyə dalmaqla niyyətini çatdırır və beləliklə, hər kəsin öz iradəsi ilə gəlib təslim olmasını gözləyirdi.
Yenə bu dönəmlərdə Cəbrail bir insan surətində gəlir, Onunla üz-üzə oturub İslam, iman və ehsanın nə olduğunu və qiyamətin də nə vaxt qopacağını soruşur. Bu vəsilə ilə Allah Rəsulu dönə-dönə İslamı, imanı və ehsanı izah edir. Heç kimin qiyamətin qopma vaxtını bilməyəcəyini deyir və əlamətlərindən xəbər verir! Bu cavabdan arxasınca:
– Doğru söylədin, – deyən bu yad adamın hərəkətləri əshabda təəccüb doğurur; həm soruşur, həm də aldığı cavabları təsdiq edirdi!
Məqsəd hasil olunca yad adam – Cəbrail uzaqlaşır. Rəsulullah (s.ə.s.) da üzünü əshabına tutub:
– Onun kim olduğunu bilirsinizmi? – deyə soruşur.
Görünür, bundan xəbərdar deyildilər və cavabı da soruşana həvalə edirlər. Rəsulullah (s.ə.s.):
– O, Cəbrail idi. Sizə dininizi öyrətmək üçün gəlmişdi, – buyurur.
[1]. “Hucurat” surəsinin 4-cü ayəsi bununla bağlı nazil olmuşdu. Bax: Taberî, el-Câmiu’l-Beyân, 26/122; Ahmed b. Hanbel, Müsned, 3/488; İbn Sa’d, Tabakât, 2/161; Vâhidî, Esbâbu Nüzûli’l-Kur’ân, 1/259
[2]. “İsra” surəsinin 76-cı ayəsinin bu fəaliyyətlər barədə nazil oması haqqında fikirlər var. Bax: Taberî, el-Câmiu’l-Beyân, 15/132; Vâhidî, Esbâbu Nüzûli’l-Kur’ân, 1/197; Süheylî, Ravdu’l-Unf, 4/293 və b.
[3]. “Tövbə” surəsi, 9/28, 29, 123
[4]. “Tövbə” surəsi, 81-82
[5]. “Tövbə” surəsi, 38-39
[6]. “Tövbə” surəsi, 41-42
[7]. “Tövbə” surəsi, 9/49
[8]. Bax: “Tövbə” surəsi, 9/86: “Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun!” – deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izin istəyib: “Qoy biz də (döyüşə çıxmayıb evdə) oturanlarla bir yerdə qalaq!” – deyərlər.)
[9]. O gün Hz.Osman minə yaxın dəvəni yükü ilə gətirib Rəsulullaha (s.ə.s.) təslim etmişdi. Bununla da kifayətlənməmiş, “başqa nə verə bilərəm” niyyəti ilə dəfələrlə evinə gedib gəlmiş və kilolarla qızıl və gümüş gətirmişdi. Bax: İbn Hişam, Sire, 5/197; İbn Ebi Şeybe, Musannef, 6/360 (32030)
[10]. Hz.Abbas iki nəfəri döyüşə hazırlayacaq, Hz.Osman da o qədər verdiklərindən əlavə üç nəfəri minik və silah-sursatla təmin edib Təbuka göndərəcəkdi.
[11]. Daha geniş məlumat üçün bax: Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/438, 439
[12]. Rəvayətlərdə o gün Allah Rəsulunu öz yerinə təyin etdiyi səhabənin Məhəmməd ibn Məsləmə, Siba ibn Urfuta və Abdullah ibn Ümmi Məktum olması haqqında bilgilər var. Bax: Vâkıdî, Megâzî, 1/996; Abdurrezzak, Musannef, 2/395 (3828); İbn Sa’d, Tabakât, 4/205; İbn Kesir, Sîre, 4/12
[13]. Təbukdan dönərkən bağçaya baş çəkən Rəsulullah (s.ə.s.):
– Bağçan nə qədər məhsul verdi? – deyə soruşacaq və özü təxmin etdiyi kimi, on vəsaq olduğunu görəcəkdi. Bax: Buhârî, Sahîh, 2/539 (1411); Müslim, Sahîh, 4/1785 (1392); Ebu Davud, Sünen, 3/179 (3079)
[14]. Allah Rəsulu (s.ə.s.) bunları söylədikdən sonra o gecə şiddətli bir külək əsəcəyi xəbərini vermiş və bu hadisə də gerçəkləşmişdi. Eyni zamanda Təbuk yolu gediş və gəlişi ilə yemək-içməklə bağlı bir çox möcüzələrlə dolu idi. Bax: Buhârî, Sahîh, 2/539 (1411); Müslim, Sahîh, 4/1785 (1392); Ahmed b. Hanbel, Müsned, 5/424 (23652)
[15]. 0.20 qr. ağırlığında çəki vahidi
[16]. “Tövbə” surəsi, 9/65,66 (Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik),” – deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! Əbəs yerə üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!)
[17]. “Tövbə” surəsi, 9/74; Münafiqlər Allaha and içirlər ki, Peyğəmbər haqqında nalayiq sözlər deməyiblər. And olsun ki, onlar küfr sözünü demiş, islamı zahirən qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə girişmişdilər. Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər imandan üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!
[18]. Hz.Abdullah müsəlman olduqdan sonra ailəsi onun hər şeyini əlindən almışdı. Xüsusən, əmisinin ciddi etirazı ilə qarşılaşmış və demək olar ki, əynindəki paltarından da məhrum edilmişdi. Anasının köməyi ilə bir qumaş parçasını ikiyə bölüb birini altdan, birini də üstən geyinərək Mədinəyə gəlmiş və bir sabah namazından sonra Rəsulullahla (s.ə.s.) görüşmüşdü. Hətta Allah Rəsulu onun bu halını – iki parça bezə büründüyünü görüb Zül-Bicadeyn adını vermişdi. Hz.Ömər ona yüksək səslə Quran oxuduğu üçün xəbərdarlıq etmişdi. Allah Rəsulu da Hz.Ömərə Hz.Abdullahdan əl çəkməsini demiş və onun Allah və Rəsuluna hicrətlə buraya gəldiyini bəyan etmişdi! Bax: Vâkıdî, Megâzî, 1/1012 və b.; İbn Esir, Usudu’l-Ğâbe, 2/104; İbn Hacer, el-İsâbe, 4/162
[19]. Hz.Bicadeynə qarşı Peyğəmbərimizin bu qədər yaxınlıq göstərməsinə, hüsnü-niyyətinə şahid olan İbn Məsud: “Kaş o vaxt məzardakı mən olaydım!”– deyə təmənna edəcəkdi. Bax: Vâkıdî, Megâzî, 1/1014; İbn Cevzî, Sıfatu’s-Safve, 1/679
[20]. Bəzi rəvayətlərə görə, hətta Herakl o gün Allah Rəsuluna bir elçi göndərib əslində, ona tabe olduğunu, ancaq vəzifəsini qorumaq üçün bunu izhar edə bilmədiyini yazmışdı. Allah Rəsulu isə onun bu münasibətini qəbul etməmiş və iman kimi önəmli bir məsələnin hökmdarlıq kimi dünyəvi məqamların kölgəsində qalmasına razı olmamışdı. Bax: Süheylî, Ravdu’l-Unf, 4/300; İbn Kayyım, Zâdu’l-Meâd, 1/116; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/457-459, 11/356
[21]. Gətirdiyi hədiyyələr arasında bir ağ qatır da var idi. Allah Rəsulu (s.ə.s.) da ona bir cübbə hədiyyə etmişdi. Bax: Buhârî, Sahîh, 2/539 (1411); 3/1153 (2990); Ebu Davud, Sünen, 3/179 (3079); Beyhakî, Sünen, 9/215
[22]. Bax: Buhârî, Sahîh, , 2/539 (1411); 3/1153 (2990); Ebu Davud, Sünen, 3/179 (3079); İbn Ebî Şeybe, Musannef, 7/422 (37006); Beyhakî, Sünen, 9/215
[23]. Bəzi rəvayətlərə görə, Şam tərəflərdə taun xəstəliyinin yayılması da Allah Rəsulunun Təbukdan daha da irəliyə getməməsinə təsir etmişdir. Hətta mövzu ilə bağlı bildirilir ki, Allah Rəsulu: “Bir yerdə taun olsa və siz də orada olsanız, nəbadə çölə çıxasınız, əgər siz başqa bir yerdəsinizsə, nəbadə bu vəziyyətdə ora gedəsiniz!” – deyə xəbərdarlığını Təbuk günlərində etmişdir. Bax: Ahmed b. Hanbel, Müsned, 5/373 (23214); Taberânî, Mu’cemu’l-Kebir, 18/15 (21); Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/462
[24]. Ertəsi gün isə Allah Rəsulu Hz.Huzeyfəni göndərib bunların hamısını bir-bir çağırtdıracaq, bu on iki nəfərdən nə üçün belə davrandıqlarını soruşacaq və üstlərinə çox gedib aradakı pərdəni götürməyəcəkdi. Ancaq yenə də əshab bu on iki nəfərin hamısının da nifaq içində dünyadan köçdüyünü anladacaqdı. Bax: Taberî, el-Câmiu’l-Beyân, 8/207; İbn Kayyım, Zâdu-’l-Meâd, 3/477 vd.; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/467-468
[25]. “Tövbə” surəsi, 9/107-110
[26]. Allah Rəsulu (s.ə.s.) Dirar məscidinin yerini ev tikmək üçün bir səhabəyə verir. Əshab şahidlik edir ki, burada nə bir uşaq dünyaya gəlmiş, nə bir göyərçin yuva qurmuş, nə də bir toyuq kürt düşmüşdü! Bax: Vâkıdî, Megâzî, 1/1046; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/472
[27]. Allah Rəsulu əsl niyyətini səmimi şəkildə dilə gətirən bu insanlara danışma qadağası qoyacaq və müəyyən müddətə cəmiyyətdən təcrid edəcəkdi. O gün Kab ibn Malik kimi Mürarə ibn Rəbi və Hilal ibn Ümeyyəyə də eyni cəza tətbiq olunacaq və bu qadağa əlli gün davam edəcəkdi. Bax: Haylamaz, Reşit, Saadet Asrına Doğan Yıldızlar, s. 207 və b.
[28]. Əslində, heyətlərin gəlişi hicri beşinci ildə müzeynəlilərlə başlamışdı. Səkkizinci ildə bu, yenidən sürətlənmiş və doqquzuncu ildə zirvə nöqtəsinə çatmışdı. Rəsulullahın vəfatına qədər də davam edən bu müddətdə Mədinəyə ümumilikdə 342 heyət gəlmişdi. Bu heyətlərin sayı barədə İbn İshaq 15 rəqəmini göstərdiyi halda, İbn Sad kimi tarixçilər bunun 60 olduğunu irəli sürmüş, İbn Qayyım və Qastalani kimi alimlər də 322 olduğunu söyləmişlər. Ehtimal ki, bu müxtəlifliyin kökündə müəyyən saydan artıq olanları heyət kimi qəbul etməmə və ya yalnız doqquzuncu ildə olan ziyarətləri nəzərə alma dayanır.
[29]. Hər gəlib qəbul etmək istəyənə də müsbət cavab verilmirdi. Hətta Qureyşin elçisi Əbu Rafinin Peyğəmbərimizlə qarşılaşarkən qəlbi yumşalır və Ona müsəlman olmaq istədiyini bildirəcəkdi.
Bunun cavabında Allah Rəsulu (s.ə.s.):
– Mən bir elçini işindən edə bilmərəm, get və həqiqətən, müsəlman olmaq istəyirsənsə, sonra gəl, – deyə tövsiyə edir. Bax: Əbu Davud, 3/82 (2758); Ahmed b. Hanbel, Müsned, 6/8 (23908); Taberânî, Mu’cemu’l-Kebir, 1/323 (963).
[30]. Məscidi-Nəbəviyə gələn bu müsafirlərə xidmətdə qüsura yol verilməməsinin vacibliyini xatırladan Allah Rəsulu vəfatı ərəfəsində də eyni məsələni dilə gətirəcəkdi. Bax: Buhârî, Sahîh, 3/1111 (2888), 3/1155 (2997); Müslim, Sahîh, 3/1258 (1637); Ebu Davud, 3/165 (3029)
[31]. “Ali-İmran” surəsi, 3/59-61
[32]. “İsra” surəsi, 17/32
[33]. “Bəqərə” surəsi, 2/278
[34]. “Maidə” surəsi, 5/90
[35]. Bəzi rəvayətlərə görə, yurdlarına qayıdan Saqif heyəti müsəlman olduğunu gizləmiş, Allah Rəsulunun onların təkliflərini qəbul etmədiyini söyləmiş, nəticə olaraq savaşdan başqa bir seçim olmadığını bildirmişdilər. Beləcə saqiflilər döyüş hazırlıqlarına başlamış, amma üç gün sonra müharibənin ağlabatan yol olmaması qərarına gəlmişdilər. Belə olanda heyət həqiqəti demiş və onlar da müsəlman olmuşdular. Bax: İbn Kayyim, Zâdu’l-Meâd, 3/521 vd; Zehebî, Tarihu’l-İslâm, 1/350
[36]. Məlumatlara görə, həmçinin Allah Rəsulu (s.ə.s.) bu tərəflərə bir məktub göndərib yerli xalqı İslama dəvət etmiş, Malik ibn Neməti onlara əmir təyin edərək işlərini onun (Malik ibn Nemətin) hökmləri ilə təyin etmələrini istəmişdi. Bax: İbn Kayyim, Zâdu’l-Meâd, 3/539; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 6/427
[37]. Bəzi mənbələrə görə, Xalid ibn Vəlidin yerinə Hz.Əli göndərilir. Bax: Taberî, Tarih, 2/197; Beyhakî, Sünen, 2/369 (3747)
[38]. Belə də olacaqdı. Peyğəmbərimizin təlimatlarını yerinə yetirmək üçün Yəməndə olan Hz.Muaz Onun vəfat xəbərini alacaq və Mədinəyə gəlib çatanda ancaq Məscidi-Nəbəvi ilə Rəsulullahın qəbrini ziyarət edə biləcəkdi. Bax: İbn Esir, Usudu’l-Ğâbe, 2/217; İbn Hacer, el-İsâbe, 8/41 (11550)
[39]. “Tövbə” surəsi, 9/80
[40]. “Tövbə” surəsi, 9/84
[41]. Bu əmrin zilhiccə ayında nazil olması ilə bağlı da məlumat var.