Hirada peyğəmbərliyin verilməsindən on bir il ötmüşdü. Tarix Rəcəb ayının iyirmi yeddinci gününü göstərirdi. Bu müddət ərzində çox səylər göstərilmiş, amma Məkkə əhli qəti şəkildə etiraz edərək bu səylərə müsbət cavab verməmişdi. Hərçənd qəbul edənlər də var idi. Amma imanla bütünləşmək üçün ölümü gözə alıb göstərilən səylərə müsbət cavab vermək bir yana, onlar bu dəvətə qaça-qaça gəlməli idilər. Çünki Allah Rəsulu (s.ə.s.) özü üçün yaşamır, ən qatı düşmənlərinin də iman şərbətindən içməsi üçün əlindəki bütün imkanlarını səfərbər edir və bunun üçün də hər gün qapı-qapı dolaşırdı.
Bu alqışlanası səylərə qarşı ciddi bir əks-səda müşahidə olunmurdu. Xüsusilə də, Əbu Taliblə Hz. Xədicənin vəfatından sonra məkkəlilərin hərəkətləri, Taifdə başına gələnlər və geri qayıtdıqdan sonra insanların davranışları Onun pak ruhunu çox sıxırdı. Bu cansıxıcı şəraitdə Allah Rəsulu (s.ə.s.) özünü ancaq ilahi mərhəmətin isti qucağına atmaqla təsəlli tapırdı. Bu mərhəmət küləyi də olmasaydı, Məkkənin kəsif havasına tab gətirmək mümkün olmazdı.
Beləcə, bir axşam Peyğəmbərimiz (s.ə.s.) Əbu Talibin qızı Ümmü Haninin evində ikən sanki birdən-birə evin tavanı açılmış və buradan Cəbrail nüzul etmişdi.[1] Görünür, bu səfərki gəliş əvvəlkilərdən fərqli idi. Yanında əvvəlki peyğəmbərlərin də mindiyi uzunqulaqdan bir az böyük, qatırdan da bir az kiçik “Buraq” adlı bir minik var idi. Görünür, bir dəvət var idi və Cəbrail də dəvət edilən ən müqəddəs qonağı aparmaq məqsədi ilə gəlmişdi. Allah Rəsulu (s.ə.s.) Haqqın xüsusi qonağı olaraq göylərə ziyafətə çağrılırdı.
Deməli, Allah bu günə kimi yaşanan müqəddəs hüznün əvəzində bir ikram lütf edirdi… Vicdanı ilə duyub hiss etdiyi həqiqətləri gözləri və qulaqları ilə də müşahidə etməsi üçün Allah (c.c.), qulu Məhəmməd Mustafanı Məkkədən götürəcək və kim bilir, necə sirli bir səyahətə çıxaracaqdı.
Amma bu səyahətdən əvvəl süd anası Həlimeyi-Sadiyənin yanında yaşadığı hadisəyə oxşar bir əməliyyat lazım idi. Buna görə də, Cəbrail Peyğəmbərimizin (s.ə.s.) sinəsini yarır və içini Zəmzəm suyu ilə yuyur. Sonra da qızıl bir kasanın içində əlində tutduğu iman və hikmətlə mübarək sinəsini doldurub bağlayır. Daha sonra isə səmanın Əmini Cəbrail bəşərin Əmini Hz. Məhəmməd Mustafanın əlindən tutaraq təsviri mümkün olmayan bir səyahətə başlayır.
İsra
Üstünə mindiyi Buraq sürətlə hərəkət edir, hər dəfə addımını üfüqdə görünən axırıncı yerə atır və ildırım sürəti ilə məsafələr qət edirdi. Miniyin üstünə minməsi ilə bir anda məkan dəyişmiş və bir göz qırpımında Məscidül-Əqsaya gəlib çatmışdılar. Buraqı əvvəlki peyğəmbərlərin bağladığı yerə bağlayır. Sonra da namaz qılmaq üçün məscidə tərəf gedir.
Bu günə kimi peyğəmbərlik vəzifəsini yerinə yetirən Allahın ən seçilmiş bəndələri bura yığışmış və peyğəmbərliyin möhrü olan Şəxsi gözləyirdilər. Gəlişini görən kimi salam və dualarla qucaqlayırlar Son Peyğəmbəri (s.ə.s). Sonra dünyanın ən önəmli məsələsi üçün yenidən cərgələrini düzəldirlər; bütun peyğəmbərlər eyni cərgədə dayanıb iki rükət namaz qılacaqdılar. Peyğəmbərlik aləminin imamını gözləyirdilər. Demək ki, İbrahim silsiləsi Məhəmmədlə yekunlaşacaq və bundan sonrakı mərhələni bütün peyğəmbərlərin adından sona qədər O davam etdirəcəkdi. Onsuz da bu məkanın seçilməsində belə bir məna var idi: görünür, Haqqı təmsil etmək məsələsi peyğəmbərlərə dayəlik etmiş bu məkandan alınır və üzlər bundan sonra Məkkəyə çevrilirdi. Məsələyə merac müddətində qarşılaşdığı peyğəmbərlər baxımından nəzər yetirəndə də eyni mövzu diqqəti çəkəcək və bu ümmətlər arasında yaşanacaq birlik və bərabərlik naminə gələcəyə yönəlmiş bir ümid olacaqdı.
Bu vaxt Allahın Sevgili Peyğəmbəri (s.ə.s.) səflərin ən önündəki yerini alır. Bu, vaxtı çatanda insanlığın yenidən Allahın ilk yaratdığı həmin xətdə səf tutacağının simvolu idi. Bu, eyni zamanda, Adəmin övladlarının Hz. Adəm torpağında yenidən qaynaşacaqlarının təsviri, tövbə edərkən şəfaətini dilədiyi Şəxsin imamlığının da təsdiqi idi… Peyğəmbərlər Onun arxasında səf bağlamışdı − deməli, gün gələcək, həmin peyğəmbərlərin ümmətləri də Onun arxasında namaza duracaqdı!
Namazdan sonra qarşısına üç kasa qoyulmuşdu. Birində süd, digərində su və o birisində də içki var idi. Bunlardan birini seçmək tələb olunurdu Allah Rəsulundan! Peyğəmbərimiz (s.ə.s.) tərəddüd etmədən içində süd olan kasanı götürür. Bu seçim Cəbraili də həyəcanlandırır və O :
− Bunu seçməklə Sən hidayəti seçdin və Sənin ümmətin də hidayət yolunda olacaq! − deyir. Çünki bu, reallığı düzgün qiymətləndirməyin nəticəsi idi; seçim də fitrəti ifadə edirdi. Bu əsnada ucalan bir səs də eyni şeyləri söyləyirdi:
− Əgər su seçilsəydi, ümməti də, özü də boğulardı. İçki seçilsəydi, ümməti də, özü də yolunu azardı. Südü seçdiyinə görə, ümməti də, özü də hidayət yolunda olacaq![2]
Merac
Gözlənilməz hadisələr yalnız Məscidül-Əqsada baş verənlərlə məhdudlaşmırdı. Cəbrail Onu səmaların o tərəfindəki aləmlərə səyahətə dəvət edirdi. Bir anda məkan dəyişmiş və sirlərlə dolu doyulmaz bir səyahət başlamışdı. Qat-qat səmaya yüksəlir və hər səma qatında başqa bir mərasim yaşayırdılar. Cəbrail ilk səmanın qapı toxmağına toxunanda içəridən bir səs gəlir, səmanın gözətçisi soruşur:
− Sən kimsən?
− Cəbrail!
− Yanında kim var?
− Məhəmməd!
− O, peyğəmbərdirmi?
− Bəli, O, peyğəmbərdir!
Şifrələr düzgün idi və səmanın qapısı açılmış, dünya səması arxada qalmışdı. Peyğəmbərimizin (s.ə.s.) qarşısında insanlığın ilk atası Hz. Adəm (ə.s.) dayanmışdı. Əvvəlcə salam verir, xoşgəldinlə təbrik edir Onu. Xeyir-dua verir. Ancaq duruşunda bir qəribəlik var idi: sağ tərəfinə baxanda gülür, sol tərəfinə baxanda isə ağlayırdı. Daha diqqətlə baxdıqda hər iki tərəfində böyük qələbəliyin olduğunu görür. Maraqlı baxışlarını intizarda qoymaqdan Cəbrail danışmağa başlayır:
− Bu, Adəmdir. Sağındakı və solundakı qələbəlik isə onun nəslidir. Sağ tərəfindəki insanlar cənnət əhlidir və buna görə də Hz. Adəm onları görəndə təbəssüm edir. Solundakılar isə cəhənnəm əhlidir və onlara baxanda da kədərlənib ağlamağa başlayır.
Artıq hər bir səma qapısında eyni mərasim və yenə hər bir səmada başqa bir peyğəmbərlə qarşılaşır, hamısının da duasını alır və təbriklərini eşidirdi. İkinci səmada xala uşaqları Hz. Yəhya və Hz. İsa, üçüncü səmada Hz. Yusif, dördüncü səmada Hz. İdris, beşinci səmada Hz. Harun, altıncı səmada Hz. Musa və yeddinci səmada da Hz. İbrahimlə qarşılaşır. Bu peyğəmbərlərin hər biri peyğəmbərlik səmasının möhürü olan Allah Rəsulunu xeyir, dualarla qarşılayıb təbrik edirlər. Bu səyahət zamanı Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Hz. Musanın ağladığını görür və Cəbraildən bunun səbəbini soruşur. Eyni sual Hz. Musanın özünə veriləndə:
− Ağlayıram, çünki bu gənc məndən sonra peyğəmbər göndərildi, amma Onun ümmətindən cənnətə girənlərin sayı mənim ümmətimdən cənnətə girənlərin sayından daha çoxdur, − deyir.
Merac sirlərlə dolu bir səyahətin adı idi və bu səyahətdə hələ müşahidə ediləsi çox şeylər var idi. Hz. İbrahimin kürəyini söykəyib yanında dayandığı Beyti-Məmur gözoxşayan rəng və naxışları və bütün möhtəşəmliyi ilə Peyğəmbərimizin (s.ə.s.) qarşısında idi. Belə ki, bura hər gün yetmiş min mələk daxil olur və bir də geri qayıtmırdı. Çünki bura yer üzündə həmişə təvafla bəzənilən Kəbənin bir proyeksiyası idi.
Cənnət
Bu səyahət əsnasında Allah Rəsulu (sallallahu əleyhi və səlləm) cənnət və cəhənnəmə aid mənzərələrə də şahid olacaq və dünyada ikən hansı əməlin necə əvəz gördüyünü nümunələri ilə ümmətinə də danışacaqdı.
Bir anda cənnət bütün gözəlliyi ilə qarşısında açılmışdı. Cənnət inci-mərcana bənzər hər çeşid qiymətli daşlarla və təsəvvür edilməz al-əlvan rənglərlə təchiz edilmiş, göz oxşayan naxışlarla bəzədilmişdi. Heç bir gözün görmədiyi və görə bilməyəcəyi, heç bir qulağa əks-sədası çatmayan, heç bir faninin də xəyalına belə gətirə bilməyəcəyi neçə-neçə gözəlliklər, qarşısında sərgilənirdi. Necə də göz qamaşdıran, necə də ürək yandıran mənzərələr idi… Cənnətin zümrüd yamacları, qarşısında pərdə-pərdə açılmışdı və O da meh kimi gəlib üzünə dəyən əsintidən məst olub heyrət edirdi.
Bu vaxt qulağına xoş bir səda gəlir:
− Bu səs nə səsidir? − deyə Cəbraildən soruşur.
− Cənnətin səsidir, − deyir sadiq rəhbər Cəbrail. Bir az diqqətlə qulaq asanda gələn səsin bunları dediyi eşidilir:
− Ey Rəbbim! Mənə vəd etdiyin şeyləri lütf et! Budur, artıq öhdəliyimdə olan otaqlarım, ipək və qiymətli paltarlarım, naxışlı ipək qumaşlarım və inci-mərcanlarım, gümüş və qızıllarım, yumşaq oturacaqlarım və döşəmələrim, qab-qacaqlarım, minik və içkilərim, bal, süd və sularım çoxaldıqca çoxaldı. Artıq vəd etdiyin şeyi yerinə yetir və mənə gələcək olanları buraya bir az tez göndər!
Onun bu səmimi diləyinə cavab olaraq başqa bir səs eşidilir:
− Bəli, hər mömin kişi və mömin qadın, müsəlman kişi və müsəlman qadın, Mənə iman gətirən və Rəsulumu da təsdiq edərək dəstəkləyən, həmişə müsbət hərəkət edərək saleh iş görən və qətiyyən Mənə şərik qoşmayan və Allahdan başqa digərinin qarşısında belini əyib boynunu bükməyənlər çox keçməmiş Sənə qovuşacaqlar!
Hər kim Məndən qorxub çəkinər və qoyulan ölçüyə uyğun hərəkət edərsə, o, əmindir. Məndən kim nə istəsə, onu verərəm. Kim Məndən əvvəlcədən borc kimi nəsə istəyərsə, onun da istəyini yerinə yetirərəm. Kim mənə təvəkkül edib işini Mənim öhdəmə buraxarsa, mütləq onun işini tamamlayar və axıra çatdıraram. Çünki şübhə yoxdur ki, Mən özündən başqa ilah olmayan Allaham! Sözümdən dönmərəm. Şübhəsiz ki, ancaq mömin olanlar nicat tapar. Allah necə də mükəmməl və mübarək bir yaradandır.
Mərhəmətli Rəbbindən gələn bu nidanı eşidən cənnət sakitləşəcək və:
− Razı oldum, ey Rəbbim! − deyəcəkdi.[3]
İçəriyə bir az da diqqətlə baxır. Çayların üstündə qurulmuş saraylarda oturub söhbət edən insanlar var idi… Xidmətçilər başlarına fırlanır, istədikləri, arzu etdikləri hər şey dərhal yerinə yetirilirdi. Huri-qılmanlarla əhatələnmişdilər. Ağıla-xəyala gəlməyən nemətlərdən istifadə edərkən üzlərində nə bir bezginlik, nə də hər hansı yorğunluq sezilirdi. Çünki hər yediklərində rənglər fərqli, naxışlar rəngarəng, dadlar müxtəlif idi və ətirlər də bir-birinə bənzəmirdi. Bununla da hər dəfə yeni zövq imkanı doğurdu.
Bir yerə toplanmış adamları görür. Hər gün əkin əkir, elə həmin gün də biçin işlərinə başlayır və məhsulu yığırdılar. Allah Rəsulu (s.ə.s.) Cəbraildən soruşur:
− Bunlar kimdir?
− Bunlar Allah yolunda səy göstərənlər, Allahın adını ucaltmaq naminə malları və canlarını ortaya qoyanlardır. Bunların etdiyi yaxşılığın əvəzi yeddiqat məhsul verən sünbüllər kimi yeddi min qatdır. Allah üçün xərclədiklərinin əvəzində də Allah dərhal yenisini verər və yerini də əbədi edər. Çünki O, ruzi verməkdə ən xeyirli yolu seçəndir, − deyə cavab verir Cəbrail.[4]
Dörd bir tərəfə qol-budaq salmış çaylar var idi. Su əvəzinə bəzilərindən süd, bəzilərindən də bal axırdı. Bunların arasında daha məşhur olanlara Nil və Fərat deyirdilər. Bəlkə də, bu, yaxın dövrdə İslami bəyanın çatacağı sahəni ifadə edir, gələcəyin şəklini göstərir və meracda Rəsulullaha müjdə verilirdi.
Bundan başqa, kim bilir, cənnətdə necə nemətlər müşahidə etmiş, necə iltifatlarla qarşılanmışdı. Belə bir lütfü dadmış hər hansı bir insanın oradan ayrılaraq yenə sıxıntıların ağuşuna qayıtması qeyri-mümkün idi. Ancaq Onun məqsədi ilk öncə bütün insanları mərhəmət və şəfqətlə qucaqlayıb ümməti arasında tövhid kəlməsinin ikinci yarısını söyləməkdən çəkinib Onu qəbul etməsələr də, “Lə iləhə illəllah” deyən hər bir adamı bura gətirmək idi. Çünki O: “Hər kim “lə iləhə illəllah” deyərsə, cənnətə girər,” – deyə buyuracaqdı.[5] O (sallallahu əleyhi və səlləm), hələ başlanğıcdan bunun üçün yaradılmış və bunun üçün də ilk yaradıldığı halda, zühuru ən sona münasib bilinmiş, peyğəmbərlik bəndinə qafiyə qoyacaq Son Sultan olduğu üçün də bədəni ilə ruhunun bütövləşməsi peyğəmbərlik baxımından ən sona saxlanmışdı.
Cəhənnəm
Əlbəttə, hər yer cənnət kimi deyildi. Oradan uzaqlaşıb başqa vadiyə gələndə tükürpədici dəhşət saçan səslər eşidir. Bu səslərin mənbəyini soruşur:
− Cəhənnəmin səsidir, − deyir Cəbrail. Allah Rəsulu diqqətlə dinləyir. Cəhənnəmdən səs gəlir:
− Ey Rəbbim! Artıq mənə vəd etdiyin şeyləri ver! Bir baxsana, buxov və kəndirlərim, od və alovlarım, irin və qanlarım çoxaldıqca çoxaldı. Dibimdəki dərinlik əlçatmaz oldu və atəşimin hərarəti də dözülməz dərəcədədir! Mənə vəd etdiyin şeyləri tez göndər!
Cənnətdə eşidilən eyni səsin əks-sədası eşidilir:
− Bəli, Mənə şərik qoşan hər müşrik kişi və müşrik qadın, Məni inkar edən hər bir kafir, hesaba və kitaba inanmayan hər bir zalım Sənə gələcəkdir, tələsmə!
Yenə eyni cavab:
− Oldu, razıyam, ya Rəbbi![6]
Fəryad-fəğanın yüksəldiyi tərəfə baxanda bütün dəhşəti ilə cəhənnəm görünür və Allah Rəsulunun (s.ə.s.) qarşısında ürəyin tab gətirə bilmədiyi mənzərələr açılırdı. Əlbəttə, bu, gördüklərini ümmətinə danışıb onları çəkindirə bilmək üçün sadəcə bir mənzərəyə tamaşa etməkdən ibarət idi. İnsanların və daşların alışdırdığı atəş tufanları var idi meydanda… Dərin bir donquldanma eşidilir və içinə girənlərin azlığından doymaq bilməyən bir iştaha ilə:
− Daha yoxdurmu? − deyə qışqırırdı. Bu dəhşətli mənzərə içində əzaba düçar olanlar bir kənara çıxıb buradan xilas ola bilmirdi. Nə zaman bədənlər kül olub vücudlar buxarlanırdısa, əməliyyat yenidən başlayırdı. Görünür, əzabı tam dadmaları üçün bu işgəncə sümüklərə ət geyindirilməklə hər dəfə yenidən təkrarlanırdı. Cəhənnəmin dərinliklərindən iniltilər yüksəlirdi:
− Kaş yenə dünyaya qayıtmaq imkanımız olaydı!
− Kaş ağlımızı işlədib deyilənlərə qulaq asaydıq, bu vəziyyətə də düşməyə idik!
− Nə olar, Allahım! Heç olmasa bir gün əzabını yüngülləşdir!
− Kaş torpaq olub gedəydim! − kimi fəryadlar bir-birini izləyirdi. İnsan kütlələri dəstə-dəstə müəyyən yerlərdə toplanıb oxşar əzaba düçar olurdular. Başlarının üstündə onlara rəhbər təyin edilmiş “zəbanilər” deyilən əzab mələkləri var idi və onların üzündə təbəssüm nişanəsindən əsər-əlamət yox idi. Elə insanlar var idi ki, bir nizə məsafəsində yaxınlaşdırılan günəş kimi alov kütləsi qarşısında tamamilə əriyib tükənmiş, xirtdəyinə qədər qan-tərə batmışdı.
Qan və irin çayları axıb gedir, heç cür xilas ola bilməyən bədbəxtlər bu çaylarda çırpınırdı. Fəryad edə-edə sahilə yaxınlaşan hər bir zavallıya orada gözləyənlər daş atmağa başlayır və yalvararkən açılan ağızları bu daşlarla dolan həmin günahkarlar yenidən qan və irinin içinə qayıtmaq məcburiyyətində qalırdılar.
Rəsulullah (sallallahu əleyhi və səlləm) başlarına dəmir və daşlar vurulmaqla əzab verilən adamlara rast gəlir və bunların kimlər olduğunu soruşur. Cəbrail (ə.s.):
− Bunlar fərz namazları qılmaqda heç cür sabit olmayan və onu ötürənlərdir, − deyə buyurur.
Hz. Məhəmməd (s.ə.s.) bir tərəfdə də dünyada ikən mallarının zəkatını verməyən adamların irin və zəqqum udaraq heyvanlar kimi sürünməsinə şahid olur, Allahın əmrini yerinə yetirməməyin cəzasının təcəllisini müşahidə edir. Hələ başqa görəcəyi şeylər də var idi. malını yeyənlər bir kənarda od kütlələri udur, sonra bunları ifrazat kimi çölə çıxarmaqla əzab görürdü. Digər tərəfdə isə əmanətə riayət etmək məsələsində qüsura yol verənlərin getdikcə ağırlaşan yüklərin altında inim-inim inildəməsi nəzərə çarpırdı. İnsanlar arasında fitnə-fəsad alovunu körükləməyə adət edənlərin ağızları əyilmişdi. Günahsız adamları aldadıb zalımlara təhvil verənlərin halları da ürək dağlayırdı.
Başqa bir yanda da qarınları özlərindən bir neçə dəfə böyük olan adamlar var idi. Bu zavallılar nə ayağa dura, nə də yerlərindən tərpənib hərəkət edə bilirdilər. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bunların kim olduğunu soruşanda Ona bu adamların puldan pul qazanmağa adət edən faiz əhli (sələmçilər) olduğu deyilir.
Hz. Məhəmmədin (s.ə.s.) gözünə bəzi adamlar da dəyirdi. Bir tərəflərində gözəl və təzə ət olduğu halda, digər yanlarındakı murdar və iylənmiş leşlərə daraşmışdılar, tərtəmiz yeri qoyaraq bataqlıqda çabalayırdılar. Rəsulullahın (sallallahu əleyhi və səlləm) onlara maraqla baxdığını görəndə Cəbrail (ə.s.) bunların da halal çərçivədə keflə kifayətlənməyib haram dalınca qaçan zinakarlar olduğunu bildirir.
Buradakıların əksəriyyətinin səfahət və əyləncə toruna düşən, düşdüyü yerə başqalarını da çəkərək günah dairəsinin böyüməsinə səbəb olan və namuslu-iffətli həmcinslərinin bədduasına hədəf olan qadınlar olduğunu görmüşdü. Onlar insanları ovlamaq üçün tələ kimi istifadə etdikləri bədən üzvlərindən asılmışdılar və ahu-fəğan edərək inim-inim inildəyirdilər.
Sidrətül-Müntəha
Sonra qarşısına Sidrətül-Müntəha[7] çıxır. Sözlərin ifadə etməkdə aciz qaldığı bir mənzərə ilə qarşılaşır. Ora bütün rəng çalarlarından meydana gələn bir mərasim sahəsi kimi idi. Bura, eyni zamanda, Allahın (c.c.) insanlar içərisindən seçərək yalnız onun çıxardığı xüsusi bir məqam idi və artıq Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) yanında Cəbrail də yox idi. Çünki yaradılmış varlıqların yaşadığı aləm artıq arxada qalmışdı. Bura xüsusi yer və xüsusi qonaq otağı idi və insanlığın yaradılışından o günədək heç bir məna qəhrəmanı iltifat görüb bu otağa gətirilməmişdi. Yəni Bəşərin Şərəfli Nümayəndəsi və Zamanın Nadir Varlığı Həzrəti Məhəmməd (s.ə.s.) bu xüsusi yerin ilk və yeganə, həm də son qonağı idi. Onun bu məsələdə sələfi olmadığı kimi, xələfi də olmayacaqdı. Çünki O (sallallahu əleyhi və səlləm), peyğəmbərlik məktəbinin Sonuncu Sultanı idi.
Allah Rəsulu (s.ə.s.) tale qələminin mürəkkəbinə şahid olur, təqdiri yazarkən qələmin çıxardığı səsləri eşidirdi.[8] “Qabə qavseyni əv ədna (yayın iki ucu arasındakı kimi yaxınlıq; “Nəcm” surəsinin 9-cu ayəsində bundan bəhs olunur)” sirrinin təzahürü var idi ortada! Allah Rəsulu yaxınlaşmış və artıq addımını atacağı bir yer qalmayanda da məkanı laməkan olmuşdu.[9]
Bütün bunlara rəğmən, Allah Rəsulunda (sallallahu əleyhi və səlləm) zərrə qədər də bir göz yayınması, hüzurun haqqına müxalif ən kiçik bir fərq belə görünmürdü. Bir anda hər yer nura qərq olmuşdu və Sidrəni elə bir gözəllik əhatələmişdi ki, onu ifadə etməkdə göz və dil aciz idi.[10]
Faniyə məxsus olan hər şey nura qərq olmuşdu, bir nur heykəli olan Allah Rəsulu da Rəhmanın Nuruna tamaşa edirdi. Cənnətdə möminlər üçün vəd edilən Camalullah burada müşahidə ediləcəkdi. Allah Rəsulu (s.ə.s.) da məkanın məkansızlıq olduğu bu üfüqdə mərhəmətli Rəbbi ilə vasitəsiz görüşəcəkdi. Rəsulullahdan (sallallahu əleyhi və səlləm) əvvəl Hz. İbrahimi dostluq, Hz. Musanı da kəlamla təltif edən Uca Allah peyğəmbərlik səmasının sonuncu qızıl həlqəsi olan Həbibi-Əkrəmini də ruyətlə (Allahın Nurunu görməklə) ucaldır və bununla da Allah Rəsulunun (s.ə.s.) Haqq nəzdindəki yerini bütün məxluqata göstərmiş olurdu.[11]
Vasitəsiz gələn əmr: Namaz
Bura vəhyin vasitəsiz cərəyan etdiyi bir məkan idi: ən önəmli vəzifə belə bir şəraitdə bildirilirdi: Namaz. Bu namaz hər gün əlli vaxtda qılınacaq bir namaz idi. Bu, həm də ümmətin meracı olacaq bir düstur idi.
Artıq Allah Rəsulunun (s.ə.s.) qayıtmaq vaxtı gəlib çatmış, Rəsulullah (sallallahu əleyhi və səlləm) yola çıxmışdı. Hz. Musanın yanına gələndə O:
− Rəbbin ümmətinə nəyi fərz buyurdu? − deyə soruşur. Görünür, belə bir yaxınlıq özü ilə mükəlləfiyyət gətirirdi.
− Əlli vaxt namaz, − buyurur. İsrail oğulları ilə çox ağrılı-acılı təcrübələr yaşayan Hz. Musa:
− Rəbbinə müraciət et və bu mükəlləfiyyəti yüngülləşdirməyini xahiş et, çünki ümmətinin buna gücü çatmaz! Mən İsrail oğulları ilə buna oxşar çox təcrübələr yaşadım və bunu təcrübə ilə gördüm, − deyir.
Bundan sonra mübarək əllərini qaldıran Hz.Məhəmməd (s.ə.s.) belə dua edir:
− Ya Rəbbim! Ümmətimin bu mükəlləfiyyətini yüngülləşdir!
Bu qədər şahanə iltifatlar lütf edilən Sevgili Peyğəmbər xahiş edər, ona müsbət cavab verilməzdimi? Gələn bəyan namazın beş rükət azaldığını söyləyirdi. Hz. Musa (ə.s.) bunun da öhdəsindən gəlməyin mümkün olmadığını deyir. Yenə müraciət edir və yenə beş rükət azaldılır. Bundan sonra hər dəfə yeni bir müraciət olur və namaz hər dəfə beş vaxt azaldılırdı. Nəhayət, məsələ axırıncı beş vaxta qədər gəlib çatır. Hz. Musa (ə.s.) bunun da çox olduğunu düşünürdü, amma Allah Rəsulu (sallallahu əleyhi və səlləm) rəhmət qapısının bundan artıq döyülməməsi qənaətində idi. Bu əsnada mərhəmətli bir səs eşidilir:
− Ya Məhəmməd! Bunlar bir gündə beş vaxt olaraq fərzdir. Mənim dərgahımda artıq hökm dəyişməz. Ancaq hər bir namaz on namaz kimidir, bununla da yenə əlli namaz savabı hasil olar. Hər kim bir yaxşılığa niyyət edib onu yerinə yetirə bilməsə, yenə də bir savab alar. Hər kim də yaxşılığa niyyət edib onu etməyə müvəffəq olsa, ən azı bunun on misli qədər savab qazanar. Yenə hər kim ayağı sürüşüb bir pisliyə meyl edərsə, lakin bunu etməzsə, pisliyin əvəzi olan günah ona yazılmaz, əgər bu adam ürəyindən keçirdiyi pisliyin içinə düşərsə və bunu edərsə, bu vaxt da ona ancaq bir pisliyin əvəzi yazılar.[12]
Qayıdışın əks-sədası
Bütün bunları arxada qoyub yenidən çilə və möhnət yurduna qayıtmaq ancaq Onun kimi bir Peyğəmbərin edə biləcəyi bir iş idi. Gördüklərini ümmətinə də göstərmək üçün gəlirdi, eşitdiklərini ruhlarımıza eşıtdirmək üçün aramıza qayıdırdı. Ruyət üfuqünə qədər o biri aləmə məxsus olanları görmüşdü. Gözləri qamaşdıran həmin gözəllik harmoniyalarını arxadan gələnlərlə bölüşüb qapını da oyanıq ruhlar üçün açıq buraxmaq məqsədilə ümmətinin yanına qayıdırdı. Əslində, Allah Rəsulu (s.ə.s.) oralara özü kimi getmiş, özü kimi görüb eşitmişdi və yenə də özü kimi qayıdırdı. Gedişi hamıya açıq bir dərs olduğu kimi, gəlişində də başqa bir məna var idi.
Və… Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) gecənin bir anında çıxdığı bu qədər uzun bir səyahəti başa vurmuş, baş verən bu qədər hadisəni çox qısa bir vaxta sığışdırıb yenə geri qayıtmışdı. Təbii ki, hadisəni ilk danışdığı adamlar da ən yaxınları idi. Səhər namazını qılandan sonra gecənin bir anına sığan bu qədər hadisəni ev əhlinə danışmağa başlamışdı.
Məsələdən xəbərdar olan Ümmü Hani anamız çox narahatlıq keçirir və bunları heç kimə danışmamasını istəyir. Hətta ayağa durub gedən Peyğəmbərimizin (s.ə.s.) xirqəsindən (rida) tutaraq Ona mane olmağa çalışır. Onsuz da fürsət axtaran can düşmənlərinin bu məsələni əllərində alət edib Allah Rəsuluna qarşı istifadə edəcəklərindən narahat idi:
− Ey Allahın Peyğəmbəri! Bunları başqalarına danışma, çünki onlar Sənə inanmayacaq və Sənə əziyyət verəcəklər, − deyir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) isə:
− Allaha and olsun ki, bunları mütləq danışacağam, − deyir və Allahın açıq-aşkar ikramını insanlardan gizlətməmək zərurətini söyləyir.
Heç nəyə baxmayaraq, hadisəni danışmaq üçün Onun (s.ə.s.) evdən çıxdığını görən Ümmü Hani xidmətçisini yanına çağırır:
− Get, Allah Rəsulunun ardınca düş, hadisəni danışanda insanların bunu necə qarşılayacağını gəl mənə xəbər ver, − deyə tapşırıq verir. Ümmü Hani bu hadisənin Məkkədə necə əks-səda verəcəyi ilə maraqlanırdı.
Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Kəbəyə gəlir və orada rastlaşdığı adamlara isra və merac hadisəsini danışmağa başlayır. Eşidənləri heyrət bürüyür; bu necə ola bilərdi? Bir adam, həm də gecənin sadəcə bir anında Məkkədən necə çıxa, əvvəlcə Məscidül-Əqsaya gələ və buradan da səmalar aləminə sirli bir səyahət edib yenidən Məkkəyə necə qayıda bilərdi? Bir də buna mücərrəd bir səyahətdən başqa, hər bir dayanacaqda rast gəldiyi hadisələr də əlavə ediləndə məsələ onların nəzərində çıxılmaz şəklə düşürdü. Bütün bunlar bir bəşər kimi heç bir insanın öhdəsindən gələ bilməyəcəyi bir məziyyət idi.
İki karvanın şahidliyi
Halbuki, Allah hər şeyə qadirdir və peyğəmbərliklə vəzifələndirdiyi ən sevgili bəndəsini belə bir səfərə çıxararaq həm qüdrətini insanlar da göstərir, həm də iç-içə keçən aləmlərin arasında əslində çox incə bir pərdənin olduğunu bildirirdi. Allah (c.c.) istəyəndən sonra heç bir məsələ qeyri-mümkün deyildi və O, aləmlərə mərhəmət kimi göndərdiyi Son Peyğəmbərini, baş verən bütün neqativ hallara baxmayaraq, müzəffər etmək istəyirdi. Bununla da həm Nəbisinə heç bir peyğəmbərə qismət olmayan neçə-neçə nübarlar və doyulmaz həzz yaşatmış, həm də ümməti üçün Onun Haqq dərgahındakı mövqeyini bildirmiş olurdu.
− Yaxşı, bəs bunun əlaməti nədir, ey Məhəmməd? − deyə soruşurlar. “Bu günə kimi biz belə bir şeylə heç vaxt qarşılaşmamışıq”, − deyirlər.
Hərçənd, bu, Uca Allahın bir ehsanı idi və məsələni tamamilə dərk etmək üçün güclü iman lazım idi. Allaha olan etimad və güvənc tam olmasa, bunu dərk etmək olmazdı. Amma gördüklərindən savayı, hər şeyə şübhə və tərəddüdlə yanaşan adamların başa düşəcəkləri dildə danışmaq lazım idi. Buna görə də, Allah Rəsulu (s.ə.s.):
− Bunun sübutu filan qəbilənin filan vadidəki karvanıdır, − buyurur. Sonra da bu məsələni onlara başa salır:
− Məni görəndə dəvələrdən biri hürkdü və karvanı tərk edərək qaçmağa başladı. Mən də dəvənin getdiyi yeri göstərib onu tapmaqda sahibinə kömək etdim. İstiqamətim Şam tərəfə idi və sonra qayıdıb Dacinana doğru yönəldim. Burada filan şəxslərə aid başqa bir karvana rast gəldim, karvandakılar istirahət etmək üçün fasilə verib yatırdılar. Hətta üstünü bir parça ilə örtdükləri su tuluğundan su da içdim və yenə üstünü örtüb yerinə qoydum. Bunun sübutu da həmin karvandır. Hazırda Tənimdə Beyda adlı yerdən Məkkəyə girmək üzrədirlər, ən öndə də boz rəngli bir dəvə var. Dəvənin üstündə isə biri qara, biri rəngarəng iki çuval var.
Həqiqətən də, bunlar heyrətamiz idi. Gözqamaşdırıcı sirlərlə dolu bir səfərdə bu qədər incə detalın fərqinə varmaq və heç nəyi də unutmadan qarşısındakılara danışmaq necə mümkün olmuşdu? Əcəba, bütün bunlar, həqiqətən də, doğru idimi? Yox, yox… Bu qədər də ola bilməzdi. Məhəmmədül-Əminin dedikləri bu dəfə əsla düz çıxmayacaq və xəcalət çəkəcəkdi. Onların əlinə isə böyük fürsət düşmüşdü və Məhəmmədin danışdıqlarını bir daha dinləməmək üçün bu dəftəri bağlayacaqdılar.
Həyəcan içində göstərilən yerə baxıb gözləməyə başlayırlar. Görəsən, Beyda təpəsindən ilk gələn dəvənin rəngi necə olacaqdı və üstündəki yük, həqiqətən, Məhəmmədül-Əminin dediyi kimi idimi?
Çox keçmədən Tənimdəki bir təpənin üstündən yavaş-yavaş karvan görünür. Ən öndə isə, həqiqətən də, Məhəmmədül-Əminin (sallallahu əleyhi və səlləm) dediyi kimi, boz bir dəvə var idi. Məəttəl qalırlar. Ancaq hələ də qəbul etmək istəmirlər. Çünki onların fikrincə, bu, bir təsadüf də ola bilərdi. Buna görə də karvanın yaxınlaşmasını gözləyirlər. Dəvənin üstündəki çuvalların rəngini də görmək istəyirlər. Aman Allah! Həqiqətən də, ən öndəki boz dəvənin üstündə iki çuval var idi və onlardan birinin rəngi qara, digərininki isə alabəzək idi. Məkkəlilər məğlub olurlar.
Ancaq yenə də geri çəkilmək niyyətində deyildilər. İkinci bir karvandan da bəhs edilmişdi və Məhəmmədül-Əminin dediklərinə inana bilmək üçün bunu da yoxlamalı idilər. Tez Məkkəyə qayıdıb karvanı taparaq yad bir insanı görüb hürkən dəvə haqqında və su tuluğunun aqibətini soruşurlar:
− Bəli, düzdür. Biz yolda gedərkən birdən dəvənın biri hürkdü və karvandan uzaqlaşaraq gözdən itdi. Sonra da dəvəmizin yerini göstərən bu adamın səsini eşitdik və dəvəmizi tapıb bağladıq. Yatmamışdan əvvəl su tuluğunun da ağzını bağlayıb örtmüşdük, oyananda su içmək istədik. Amma üstü açılmadığı halda içində su qalmamışdı. Həqiqətən də, buna bir məna verə bilmədik, − deyirlər.[13]
Qureyşlilərin Məscidül-Əqsanı təsvir etmək tələbləri
Qureyşlilərin ümidi boşa çıxmışdı: üz tutub getdikləri qapılar bir-bir üzlərinə bağlanmış və onlar təsdiqlə inkar arasında bir seçim etmək məcburiyyətində qalmışdılar. Bu seçimi etməmək üçün ağlabatan bəhanələr axtarırdılar. Çünki onsuz da qəbul etmək istəmirdilər. Bu qədər aşkar əlamətlər olduğu halda, inkar etmək də məntiqli deyildi. Buna görə onlardan biri qabağa çıxıb:
− Məscidül-Əqsaya getdiyini deyirsən, elə isə, onu bizə də təsvir et. Məscidin neçə qapısı və nə qədər pəncərəsi var? − deyə soruşur.
Bir az rahat nəfəs almışdılar. Bəli, həqiqətən də, getdiyini deyirdisə, o halda pəncərə və qapıların sayını da bilməli idi. Öz düşüncələrinə görə haqlı idilər, çünki mənəviyyata qapalı olan ürəkləri maddənin fövqündə heç bir dəlilə etibar etmirdi.
Amma Peyğəmbərimiz (s.ə.s.) işin məkan ölçülərini nəzərə alan səyahət etməmişdi. Buna görə də, pəncərə və qapılarla bağlı hər hansı statistik məlumata malik deyildi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) heç bir dəlilə inanmayan və hələ də başqa dəlillər tələb edən, işi çətinə salmağa çalışan inadkar insanların rəftarı qarşısında sıxılmağa başlamış, onların küfr saçan davranışlarından da usanmışdı.
Amma Onun (s.ə.s.) mərhəmətli Rəbbi var idi: belə bir vəziyyətdə də imdadına çatacaq və Məscidül-Əqsanı gözləri qarşısına gətirəcəkdi. Sanki Kəbəyə böyük ekran yerləşdirilmiş və Məscidül-Əqsanın hər tərəfi bu ekranda əks etdirilmişdi. Belə ki, Rəsulullah (sallallahu əleyhi və səlləm) müşriklərin soruşduqları hər bir suala bilavasitə Məscidül-Əqsaya baxaraq cavab verir və bununla da, bütün etiraz qapılarını bağlayırdı.[14]
Bu, küfrün kin-küdurətini və nifrətini zirvəyə qaldöran bir mənzərə idi… “Artıq onun işini bitirdik” dedikləri yerdə Peyğəmbərimiz heç gözləmədikləri həmləni edir və müşriklər yenə də çox pis vəziyyətdə qalırlar. Onların iman gətirmək məqsədləri də yox idi, ancaq “Bir səhvini tapıb qarşısını kəsə bilərikmi” deyə fikirləşir və ağlagəlməz hiylələrlə Allah Rəsulunun (s.ə.s.) ətrafındakı adamları Ondan uzaqlaşdırmaq planları qururdular.
Bu vaxt Əbu Cəhil Kəbənin yanından keçirdi. İzdihamı görən kimi yaxınlaşır. O da söz atacaq və Allah Rəsuluna lağ edəcəkdi. Yaxınlaşır və kinayəli şəkildə:
− Bu gecə yenə nə olub? Yeni nəsə varmı? − deyə soruşur. Peyğəmbərimiz ona tərəf dönür və çox ciddi tərzdə:
− Bəli, var, − deyir, sonra da əlavə edir:
− Allah (c.c.) məni gecənin bir vaxtı Məscidül-Əqsaya apardı.
Əbu Cəhilin də beyni qarışmışdı:
− Sonra da aramıza qayıtdın, eləmi? − deyə reaksiya verir. Çünki onlar ancaq aylarla sürən yorucu və məşəqqətli səyahət nəticəsində bu cür səfərlər edə bilirdilər. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) tərəddüd etmədən belə cavab verir:
−Bəli, həm də başqa peyğəmbər qardaşlarımla namaz qıldım.
Əbu Cəhil bu sözləri eşidən kimi əvvəlcə sevincindən qışqırır. Bu, onun üçün ən gözəl bir fürsət idi. Onun fikrincə, artıq bu məsələnin sonu gəlmişdi. Allah Rəsuluna mülayim bir səslə belə deyir:
− Qövmünü bura yığsam, mənə danışdıqlarını onlara da danışarsanmı?
Burada gizlədiləsi heç nə yox idi… Hz. Məhəmməd bunları danışırdı, çünki Allahın lütf etdiyi böyük bir ikramı insanlara danışmamaq olmazdı. Buna görə də:
− Bəli, − cavabını verir.
Bu sözü eşidən Əbu Cəhlin kefi yüksəldi. Adamları ora yığmaq üçün qışqırırdı:
− Ey Kaboğulları! Tez bura gəlin!
Hz. Əbu Bəkrin fərqi
Artıq bu məsələni Məkkədə eşitməyən qalmamışdı. Nəhayət, bunu Hz. Əbu Bəkirə xəbər vermək üçün onun yanına gedirlər. Qəti qənaətə gəlmişdilər ki, artıq Əbu Bəkrin yolu Məhəmmədül-Əmindən birdəfəlik ayrılacaq. Çünki bu, Rəsulullahın “bitib-tükənməsi” (!) mənasına gəlirdi. Hz. Əbu Bəkir qapını açar-açmaz ona belə deyirlər:
− Ey Atiq![15] Dostunun bu günəcən dediyi məsələlər həm asan, həm də baş verməsi qismən də olsa, mümkün görünən şeylər idi. Amma sən gəl bir də bu gün Ona qulaq as!
Hz. Əbu Bəkir yumşaq ürəkli bir adam idi və müşriklərin Peyğəmbərə pislik edəcəyindən narahat olaraq dərhal:
− Vay halınıza! Nə oldu dostuma? Başına nə isə gəldimi? − deyə soruşur.
− O, indi Kəbədədir. Başına yığışanlara Beytül-Maqdisə necə getdiyini danışır, − deyə istehza ilə cavab verirlər. Aralarından biri:
− Gecənin bir anında getmiş və yenə eyni gecə aramıza qayıtmışdır, − deyə əlavə də edir.
Məsələ indi aydın olurdu. Təəssüflə onların üzlərinə baxır:
− Ey camaat, − deyə səslənir. Duyğularına müraciət edirdi sanki:
− Bunda nə var ki? Siz bunun doğru olmadığınımı demək istəyirsiniz? Mən bundan da dərin şeylərə inanmışam. Mən göylərin o tayından Ona səhər-axşam xəbər gəldiyinə inanır və təsdiq edirəm!
Bu adamlar hansı xəyallarla ona üz tutmuşdular, indi nə ilə qarşılaşırdılar? “İndi işini bitirdik” deyə etdikləri bir həmlə də boşa çıxırdı. Zəfər nərələri çəkməyə hazırlaşdıqları bir vaxtda paylarına yenə də məğlubiyyət düşmüşdü. Hz. Əbu Bəkirdən (r.a.) müşrikləri öz kinlərini qeyzlə udmağa məcbur edən son həmlə gəlir:
− Əgər bunları O deyirsə, deməli, mütləq doğrudur.[16]
Bunlar babalarından miras qalan, yaxud da təsadüfən ürəyinə gələn cümlələr deyildi. Onun qənaətinə görə, nəyinsə düzgün olub-olmaması bütün Hicaz camaatının dediyi ilə yox, gözünün nuru və könlünün memarı Məhəmmədül-Əminin dedikləri ilə ölçülürdü. Buna görə də “Nə olmuşdur?”, “Həqiqətən, belə bir şey baş vermişdirmi?”, “Bəlkə də, siz səhv başa düşmüsünüz” və “Bu işin içində başqa bir iş olmalıdır, siz bu cür izah verirsiniz” kimi suallara yer qoymamış və bir anlıq da olsa, tərəddüd əlaməti göstərib müşrikləri sevindirməmişdi. Bu, “ Siddiqiyyət”(sadiqlik) məqamı idi və o gündən də Hz. Əbu Bəkir “Siddiq” adını alacaqdı. Çünki dərhal sonra Hz. Əbu Bəkir Kəbəyə gələcək və işin əslini şəxsən Allah Rəsulundan (s.ə.s.) eşitmək istəyəcəkdi:
− Ey Allahın Elçisi! Sən bunlara gecənin bir vaxtı Beyti-Maqdisə gedib-gəldiyini dedinmi?
− Bəli, − deyəcəkdi Rəsulullah (sallallahu əleyhi və səlləm). Hz. Əbu Bəkir bir addım da atacaqdı. Məqsədi müşriklərin təzyiqini azaltmaq və Peyğəmbərimizə kömək etmək idi:
− Bu hadisəni mənə də danışarsanmı, çünki mən əvvəllər orada olmuşam və həmin yerləri tanıyıram, − deyəcəkdi.
Hz. Məhəmməd danışdıqca Əbu Bəkir (r.a.):
− Bəli, eynilə dediyiniz kimidir. Mən şəhadət gətirirəm ki, Sən doğru söyləyirsən, ey Allahın Rəsulu! − deyirdi.
Bu davranışı onu Siddiqiyyət məqamına yüksəldəcəkdi. Çünki Allah Rəsulu (s.ə.s.):
− Ey Əbu Bəkir! Sən bundan sonra Siddiqsən, − deyəcəkdi.[17]
Artıq bu nəbəvi ünvan Hz. Əbu Bəkrin ayrılmaz bir hissəsi olacaq və qiyamətə kimi də həmişə onun adı ilə birlikdə xatırlanacaqdı.
Namaz vaxtlarının təyin edilməsi
Merac gerçəkləşmiş və namaz fərz qılınmaqla möminlər üçün hər gün namazlar vasitəsilə merac etmək imkanı və fürsəti verilmişdi. Çox keçmədən, yenə Cəbrail Peyğəmbərimizin yanında idi. Çünki “Namaz qılın!” deyilmişdi, amma namazın necə qılınacağı, hansı vaxtlarda və neçə rükət yerinə yetiriləcəyi ilə bağlı elə də çox məlumat yox idi. Əslində, Hirada peyğəmbərliyin verilməsindən sonra iki fərqli vaxtda və iki rükət qılınan bir namaz var idi. Bundan başqa, bir də gecə qılınan təhəccüd namazı fərz buyrulmuşdu. Amma indiki durum fərqli idi. İndi Cəbrail də namazla bağlı məchul qalan bu məsələləri öyrətmək üçün gəlmişdi.
Tam zəval vaxtı idi (Günəşin tam ortada olduğu vaxt) və günəş meyl edən kimi Cəbrail namaza başlayır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də onun arxasında dayanır. Günorta namazı qurtarmış və ikindi (əsr) vaxtı gəlib çatmışdı. Əşyanın kölgəsi öz boyu qədər olduğu ikindi vaxtında ikindi namazını qılmağa başlayır. Yenə də Peyğəmbərimiz Cəbrailin arxasında namazını qılır. Günəş batanda axşam namazını, şəfəqin aydınlığı çəkiləndə də yatsı (işa) namazını camaat halında qılırlar. Gecənin qaranlığı yerini aydınlığa verməyə başladığı ilk vaxtlarda, yəni fəcr çıxan kimi sübh namazını qılırlar. Beləliklə, bir günün namazı tamamlanır.
Ancaq məsələyə burada son qoyulmurdu. Günorta vaxtı Cəbrail yenə gəlir. Bu dəfə günəş xeyli meyillənmiş və əşyanın kölgəsi öz boyu qədər uzanmışdı. Yenə ən xeyirli camaat yığışır və namaz qılmağa başlayırlar. İkindi namazı kölgələrin iki qat uzandığı vaxt qılınır. Axşam namazı günəş batdığı zaman, yatsı isə gecənin üçdə ikisi arxada qalandan sonra qılınır. Sübh namazı isə günəş çıxmamışdan bir az əvvəl qılınır.
Bu iki günlük namaz təlimindən sonra Cəbrail Məhəmmədül-Əminə tərəf dönüb bunları deyır:
− Ey Məhəmməd! Bax, namazlar dünənki ilə bugünkü vaxtların arasında qılınacaq.[18]
İsra və merac hadisəsi imanla küfr arasındakı fərqi daha da aydınlaşdırmışdı. İnkarçılar öz qaranlıq dünyalarına qayıdıb daha təsirli hiylələr axtardığı halda, iman gətirənlər heç nəyə baxmayaraq, ən inadkarlara da iman həqiqətlərini çatdırmaq əzmini göstərəcək, imana hazır yeni simalar tapmaq yarışının igidləri olmaqda davam edəcəkdilər.
[1]. Bəzi rəvayətlərdə bu hadisənin başlanğıc yerinin Ümmü Haninin evi yox, Kəbə olduğu qeyd edilir. Yəqin ki, Ümmü Haninin evində olduğu bir axşam Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ibadət niyyəti ilə Kəbəyə gəlmiş və bir müddət ibadət edəndən sonra Xatim adlı yerdə bu hadisə baş vermişdi.
[2]. Bax: ibn Hişam, Sire, 2/242, 243
[3]. Taberi, el-Camiu’l-Beyan, 8/3
[4]. Bax: İbn Kesir, Tefsir, 3/18; Taberi, el-Camiu’l-Beyan, 15/7
[5]. Buhari, Sahih, 5/2193 (5489)
[6]. Taberi, el-Camiu’l-Beyan, 15/1
[7]. Ümumiyyətlə, Sidrətül-Müntəha yeddinci səmanın üzərində, Ərşin sağ tərəfində və altından təqva əhlinə vəd edilən cənnət çaylarının axdığı bir mübarək şəcərə şəklində təsvir edilir. Bu yer haqqında danışarkən Peyğəmbərimiz (s.ə.s.) də: “Bir süvari kölgəsində yetmiş il at çapsa, yenə o kölgəni qət edə bilməz; onun yarpağı bir milləti bütövlükdə örtə bilər,” − buyumuşdu. Bax: Taberi, el-Cemaiu`l-Beyan, 15/1
[8]. İbn Kesir, Tefsir, 3/33; Kadı İyaz, Şifa, 1/147
[9]. Muslim, Sahih, 1/159 (290)
[10]. Quranda bu mövzudan bəhs edilərkən “Onun gözü yayınmadı, qətiyyən çaşıb qalmadı və həddini aşmadı. Orada Rəbbinin ən böyük bürhanlarını müşahidə etdi” (Nəcm 53,/17-18) ifadələri əksini tapır.
[11]. Bax: Taberi, el-Camiu’l-Beyan, 27/48
[12]. Muslim, Sahih, 1/145 (162, 163)
[13]. Bax: ibn Hişam, Sire, 2/248, 249
[14]. İbn Sa’d, Tabakat, 1/215
[15]. Bu ad Hz. Əbu Bəkirə simasının gözəlliyinə və ya anası ona hamiləykən valideynlərinin əhdlərinə görə və ya cəhənnəmdən qurtuluş müjdəsi verildiyinə görə verilmişdir.
[16]. Muhibbuttaberi, er-Rıyadü’n-Nadıra, 1/403 (322)
[17]. Hakim, Müstedrek, 3/65 (4407); Heysemi, Mecmaü’z-Zevaid, 9/41; İbn Hişam, Sire, 2/244; Muhibbuttaberi, er-Rıyadü’n-Nadıra, 1/403 (322)
[18]. Nesai, Sünen, 1/256 (513); Taberani, Mu’cemu’l-Evsat, 2/192 (1689)