“İsra” sözü lüğəvi mənasına görə, “gecə vaxtı edilən səfər” deməkdir. Allah-Təalanın qulu Məhəmmədi (s.ə.s) gecənin bir vaxtı Məkkədə Məscidül-Haramdan Qüdsdəki Məscidül-Əqsaya aparması və təkrar eyni yerə gətirməsidir.
“Merac” isə yüksəlmək və ya hündür yerlərə çıxmaq üçün istifadə edilən bir alətin adı olub istilahi mənasına görə, Rəsulullahın gecənin bir vaxtı Məscidül-Əqsadan Sidrətül-Müntəhaya, oradan da yenidən eyni məkana gətirilməsi hadisəsini ifadə edir.
Hadisənin məzmunu belədir: Allah Rəsulu Kəbənin yanında Hatim adlı yerdə yatarkən yuxu ilə ayıqlıq arasında və ya Ümmi Haninin evində olarkən Cəbrail gəlib köksünü yarmış, zəmzəmlə yuyub hikmətlə doldurmuşdur. Sonra Rəsulullah Buraq adlı miniyə minərək Cəbraillə birlikdə Məscidül-Haramdan Qüdsdəki Məscidül-Əqsaya gəlmiş, orada bütün peyğəmbərlərə namaz qıldırmış, ardınca da uca aləmlərə səfər başlamışdı. Bu səfər zamanı müxtəlif məqamlarda ayrı-ayrı peyğəmbərlərlə görüşüb, axırda Allah-Təalanın qurbiyyətinə (yaxınlığına) layiq olmuşdu.
Bu möcüzəvi hadisə həm Quranda, həm də səhih hədislərdə təsdiqini tapır. Qurani-Kərimin ayələri buna dəlildir: “Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissalamı) bir gecə (Məkkədəki) Məscidül-Haramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-Əqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!“[1], “Batmaqda olan ulduza and olsun ki, Sizin yoldaşınız Məhəmməd nə haqq yoldan sapmış, nə də azmışdır! O, istədiyini də (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. Onu (Məhəmməd əleyhissalama) çox qüvvətli olan (Cəbrail) öyrətdi. O qüvvət (ağıl və gözəllik) sahibi (Peyğəmbər əleyhissalama öz həqiqi şəklində) göründü. O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi. Sonra (Cəbrail Məhəmməd əleyhissalama) yaxınlaşdı və aşağı endi. (Onların arasındakı məsafə) iki qaşın arası qədər, bəlkə, ondan da yaxın oldu. Bu şəkildə bəndəsinə vəhy etdi. Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. İndi siz Onun gördükləri haqda onunla mübahisə edirsiniz?! And olsun ki, onu bir dəfə də görmüşdü: Sidrətül-Müntəhanın yanında. Məva cənnəti də onun yanındadır. O zaman Sidrəni nələr bürümüşdü, nələr! Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü). And olsun ki, (Peyğəmbər) öz Rəbbinin qüdrət nişanələrindən (möcüzələrindən) ən böyüyünü gördü“[2].
Allah Rəsulu bu müqəddəs səfərdən qayıdandan sonra gördüklərini ətrafındakılara danışmış, ancaq Məkkə müşrikləri inanmamış, üstəlik Rəsulullahı çətin vəziyyətdə qoymaq üçün Qüdsün nişanələri haqda soruşmuşdular. Rəsulullah bütün suallara yerli-yataqlı cavablar vermiş, hətta yolda gələn bir karvandan da bəhs etmişdi. Hər sözünün doğru olduğunu başa düşən Məkkə müşrikləri yenə də inadlarından əl çəkməmişdilər.
Onun (s.ə.s) möcüzəvi səfəri adi yolçuluq deyildir. Bu gün elm və texnikanın yüksək inkişafına baxmayaraq, hələ də belə bir səfərlərin təşkili müşküldür və müşkül olaraq qalacaqdır. Çünki bu, Peyğəmbərimizin nübüvvətinə bir dəlil kimi bəxş edilmiş ərməğandır.