44. 113 dəfə oxunub ,   0 şərh   Çap et

İsraf nədir?

İsraf sözünün lüğəvi mənası “həddi aşmaq, ifrata yol vermək, cahil olmaq, yanılmaq” deməkdir. İsraf lüzumsuz istehlak və necə gəldi xərcləməkdir. Dəyərsiz bir məqsəd üçün artıq mal xərcləmək, xərcləmədə həddi aşmaq, lazımlı yerdə lazım olandan artıq xərcləmək də israf sayılır.

Qurani-Kərim israf xəstəliyi ilə əlaqədar möminlərə xəbərdarlıq edir:

Yeyin, için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz.”[1]

Yenə Quran bu mərəzə tutulanların şeytanla yaxınlığından bəhs edir: “Qohum-əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!”[2]

İsraf varlı-yoxsul fərqi olmadan bütün möminlərə qadağandır. Peyğəmbərimiz (s.ə.s.) Allahın lütf etdiyi nemətlərin düzgün istifadəsi haqqında buyurur: “Bir çay kənarında da olsan, dəstəmaz alanda yenə israf etmə.”[3] Allah Rəsulu başqa bir hədisində isə yemək yeyərkən mədənin üçdə birini yeməyə, üçdə birini suya, qalan üçdə bir qismini də havaya ayırmağı tövsiyə edir.[4]

İsraf bərəkətin yox olmasına gətirib çıxarır. Qənaət isə bərəkət gətirir. Allah dostlarından birinə üç kilo bal hədiyyə edirlər. O, həmin balın yarısını tələbələrinə verir. Tələbələri balı bir neçə gündə yeyirlər. Özü isə qalan balı tələbələrinin hər birinə bir çay qaşığı da verməklə üç ay yediyini bildirir.

Qənaətkarlıq

Müsəlman olub Rəbbinə itaət edən, ehtiyacları qədər halal ruzi verilən və Allahın lütf etdiyi nemətə qənaət edən insan nicat tapmışdır.”[5]

Qənaət bir şeyi ehtiyatla, sərfəli və səmərəli işlətmək, israf etməmədir. Qənaət israfın antonimidir. İnsan Allahın lütf etdiyi nemətlərə qarşı mənəvi şükür borcunu qənaət edərək ödəyir. Qənaət pəhriz kimidir. Qənaət malı bərəkətləndirər və insanı mənəvi dilənçilikdən qurtarar. Qənaət edən insan nemətlərin ləzzətini dadar. Qənəaət nə qədər faydalıdırsa, israf da bir o qədər zərərlidir. Bunu bir bənzətmə ilə izah edək:

Allah insan bədənini mükəmməl bir saray kimi yaradıb. Dilə dadbilmə qabiliyyəti verib. Dil sarayın gözətçisi kimidir. Ağızdakı sinir və damarlar isə dildəki bu duyğu ilə mədə arasındakı əlaqəni təmin edir. Bu sinir və damarlar qəbul edilən qida haqqında beyinə, oradan da mədəyə məlumat ötürür. Əgər həmin qida bədən və mədə üçün lazımlı deyilsə, dil onu qəbul etmək istəmir. Bəzən elə olur ki, bədənə zərərli qidanı dərhal çölə tüpürür.

Bəli, dil mədənin gözətçisi, mədə isə bədən sarayının hökmdarıdır. Təbii ki, heç vaxt sarayın hakimi ilə onun gözətçisinə eyni qiymət vermək olmaz. Əgər gözətçiyə hökmdara verilən qədər dəyər verilsə, o öz vəzifəsini unudar və saraya kim gəldi daxil olar.

İndi isə, iki fərqli qida düşünün. Bu qidalardan biri qiyməti ucuz ancaq bədənə faydalı pendir, digəri isə bahalı paxlavadır. Hər iki qida ağızdan keçir. İkisi də bədənə faydalıdır.  Qiyməti ucuz pendirin faydası bahalı paxlavadan çox ola bilər. Ancaq bu qidaların dildəki dadbilmə duyğusuna təsiri arasında bir neçə saniyə fərq var. Bir neçə saniyə üçün üç manat əvəzinə on manat vermək nə qədər doğrudur?

Məlumdur ki, sarayın hökmdarına bir dinarlıq hədiyyə aparmaq üçün qapıçıya 9 dinar bəxşiş vermək onu yoldan çıxarar və o: “Hökmdar mənəm!” deməyə başlayar. Beləcə öz vəzifəsini unudaraq bəxşiş və ləzzət verən şeyləri içəri buraxar. Bu da daxildə təxribata səbəb olar. Mədədə yanğın başlayar. İnsan: “Mədəm yanır! Təzyiqim qalxıb!”, – deyə fəryad edər.

Qənaət də bu bənzətmədə olduğu kimidir. İnsan dilin qapıçı olduğunu bilməli və buna uyğun rəftar etməlidir.

Dil yeyilən qidaların dadını hiss etməlidir. Bunun üçün qidaları yaxşı çeynəmək lazımdır. Bu vaxt insan həm yediyi qidanın dadını alır, həm də mədə üçün həzm prosesi asanlaşır. Qida yaxşı çeynənmədikdə isə, dil dadı ala bilmir və insan doyduğunu gec his sedir.

Dildəki dadbilmə hissi şükür nemətinin tam fərqinə varmayanlar üçün gözətçi, həqiqi şükür edənlər üçün isə müfəttiş kimidir. Onlar üçün bu hissin məqsədi Allahın lütf etdiyi nemətləri dadmaq və bunların şükrünü etməkdir. Onlar üçün bu hiss sadəcə mədəyə yox, qəlb, ağıl və ruha da təsir edir.

Qənaətkar olmağa varlıların daha çox ehtiyacı var. Çünki mal-mülk çoxaldıqca insanın hərisliyi və tamahı da artır. Hərislik malı insanın gözündə az göstərər və onu lazımi xeyirlərə sərf etməsinə mane olar. Unutmaq olmaz ki, “Həqiqi zənginlik çoxlu sərvətə sahib olmaq deyil, qənaətcil olub gözütox yaşamaqdır.”[6]

Comərdlik və xəsislik

Nəql olunur ki, Abdullah ibn Ömər bir dəfə bazarda nə isə alarkən bir dinara görə mübahisə edir. Mübahisəyə şahid olan bir nəfər bu hərəkətin səbəbini anlamaq üçün onu təqib etməyə başlayır. Abdullahın evinə çatmamış iki dilənçi ilə görüşdüyünü görür. Onun bu hərəkəti izləyən şəxsin diqqətini çəkir. Həçmin dilənçilərə yaxınlaşaraq onlardan imamın nə dediyini soruşur. Dilənçilər imamın hərəsinə bir qızıl pul verdiyini deyirlər. Həmin şəxs bunu eşidib çox təəccüblənir və: “Sübhanallah! Necə olur ki, bazarda bir dinara görə mübahisə edən insan, heç kimə görünmədən dilənçilərə həmin məbləğin yüz misli artığını verir?” – deyə düşünür. Abdullah ibn Ömərin yanına gedərək bunun səbəbini soruşur. O, belə cavab verir:

− Bazarda qənaət etmək lazımdır. Bu alış-verişin əsası, etibar və doğruluğu qorumağın şərtidir. Qənaətə xəsislik demək olmaz. Dilənçilərə verdiyim isə mənəvi kamillik və şəfqətin təzahürüdür. Bu comərdlikdir. Buna da israf demək olmaz.

Xeyirdə israf, israfda isə xeyir yoxdur.

Ləzzətin şükrü

Uca Allah bütün canlıların ruzisini verəcəyini vəd edir: “Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin.”[7] Ancaq müəyyən hikmətlərə görə, ruzi insanlar arasında müxtəlif bölünmüş, kiminə az, kiminə çox verilmişdir.

İnsan qazancını artırmaq üçün çalışa, əlindən gələni edə bilər. İslamda buna hər hansı məhdudiyyət qoyulmayıb. Əksinə təşviq edilib. Bu nöqteyi-nəzərdən maddi imkanı yaxşı olanların imkanlarına uyğun həyat yaşaması israf sayılmır. Burada əsas məsələ maddi imkanları həyatın qayəsi və məqsədi halına gətirməməkdir.

Bundan əlavə imkanı olanların nemətin şükrünü etmək üçün müxtəlif ləziz təamlardan dadması da israf sayılmır. Ancaq bütün bunları edərkən həddi aşmamaq lazımdır.

Maddi imkanı yaxşı olan insanlar israf məsələsində daha həssaslıq göstərməli və Allahın verdiyi nemətlərə qənaətlə şükür etməyə çalışmalıdır. Qənaət xəsislik etmək demək deyil. Qənaət orta yolu tutmaq, Allahın nemətlərinin dəyərinin şüurunda olaraq hərəkət etməkdir: “Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.”[8]

İsrafda ölçü

Hamının maddi vəziyyəti eyni deyil. İnsanların imkanı nə qədərdisə, geyim-kecimlərinə o qədər diqqət edirlər. Əsas məsələ məkan və zamana uyğun olaraq, israfa yol vermədən orta səviyyədə geyinməkdir.

Ehtiyacdan artıq paltar almaq, həmin paltarı bir dəfə geyinib illərlə dolabda saxlamaq da israfçılıqdır. Maddi imkanı yaxşı olan bir adam, əlbəttə ki, keyfiyyətli paltar geyinməyə çalışır. Bu, təbiidir. Ancaq sadə geyimlərə üstünlük verib özünü göstərməkdən çəkinmək daha məqsədəuyğundur. Allah-Təala: “De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb bilən insanlara belə ətraflı izah edirik”[9] – bəyanı ilə dünyadakı bütün nemətləri bəndələrin faydalanması üçün yaratdığını və şükür edərək halal nemətlərdən yararlanmağın mümkün olduğunu bildirmişdir.

Bu mövzu ilə əlaqədar Peyğəmbərimiz (s.ə.s) də:

İsraf etmədən, qürur və təkəbbürə qapılmadan yeyin, için, geyinin və sədəqə verin.”[10] – buyurur.

Abdullah ibn Abbas (r.a.) insanların israfa girməmək və təkəbbür etməmək şərti ilə Allahın verdiyi nemətlərdən gözəl şəkildə istifadə edə biləcəyini bildirir: “İki şey, yəni israf və təkəbbür səni yoldan çıxarıb xətaya sövq etmədiyi müddətcə istədiyini ye və geyin.”

Maddi vəziyyəti aşağı olan insan özünü imkanlı göstərməyə çalışmamalıdır. Rəsulullah (s.ə.s.) bir hədisində Allahın Qiyamət günü rəhmət nəzəri ilə baxmayacağı və bağışlamayacağı üç zümrədən birinin lovğa yoxsul olduğunu bildirir.[11]

Haqq-hesab günü xatırlamaq

İslama görə, “Varlıyam, istədiyim kimi xərcləyərəm” anlayışı ilə deyil, “Bu nemətlərin hesabını axirətdə verə biləcəyəmmi?!” düşüncəsi və əndişəsi ilə yaşamaq lazımdır.

Rəsulullah (s.ə.s.) bir hədisində insanın ona lütf edilən bütün nemət və imkanların hesabını verəcəyini bildirmiş və belə buyurmuşdur: “Qiyamət günü heç bir insan ömrünü harada keçirməsi, biliyindən necə istifadə etməsi, malını hansı yollarla qazanıb haralarda xərcləməsi və vücudunu haralarda əldən salması xüsuslarında hesaba çəkilməmiş bir addım da ata bilməz.”[12]

Hər insan dünyada müxtəlif şəkillərdə imtahan olunur. Kasıblar səbir, iffət və izzətlə, varlılar isə mal-mülk və sərvət kimi nemətlərlə imtahan olunur. Hər bir varlıdan sərvəti necə qazandığını və nəyə, haralarda sərf etdiyi soruşulacaq. Ayədə buyurulur: “Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!”[13]

Başqa bir hədisdə isə Allah Rəsulu (s.ə.s.) buna diqqət çəkir: “İnsanların çoxu iki böyük nemətin qiymətini bilmir: sağlamlıq və boş vaxtın.”[14]

Könül zənginliyi

Həqiqi zənginlik çoxlu sərvətə sahib olmaq deyil, qənaətcil olub gözütox yaşamaqdır.”[15]

Peyğəmbərimiz qənaətkarlığı şükrün ən üstün dərəcəsi saymış və qənaət edənlərin çox şükür edənlərdən sayılacaqlarını bildirmişdir.[16]

Bir dəfə Peyğəmbərimiz (s.ə.s.) evə gəlib, Həzrət Aişədən (r.a.) qurban ətini necə payladığını soruşur. Həzrət Aişə (r.anha) belə cavab verir: “Ya Rəsulullah, üçdə ikisini qonşulara payladım, üçdə biri bizə qaldı.” Rəsulullah təbəssüm edir və belə cavab verir: “Xeyr, ey Aişə, üçdə ikisi bizə qaldı.”[17] Rəsulullah bu cavabında əslində evdə qalanın yox, qonşulara paylananın onların olduğunu bildirir.

Nəticə

İslam dini yemək-içmək, geyim və digər xüsuslarda orta yolu tutmağı əmr etmiş, israf və xəsisliyi qadağan etmişdir. “Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!”[18]

İslam dini insanlar arasında bərabərliyə, zəiflərin haqqını qorumağa böyük əhəmiyyət verir. Buna görə də zəkat fərz buyrulmuş, sədəqə tövsiyə edilmişdir. İnsanlar bu cür xeyir əməllərə təşviq edilmişdir. Bu maddi imkanlar sadəcə müəyyən təbəqədə olmaması, bütün insanlar ondan faydalanması üçündür. Maddi sərvətin müəyyən insanların əlində toplanması qadağan edilmişdir. “…(həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın).”[19] Məsələn, sahibkarlar işçiləri üçün normal şərait yarada, əlavə qazancdan onlara müəyyən pay ayıra bilər. Beləcə sahibkarın malında işçinin gözü qalmaz, işə daha çox can yandırar və ehtiyacı olanlar da qazancdan faydalanar. Üstəlik sahibkarın malı da bərəkətlənər.

İslam dinində şəxsi mülkiyyət qorunur və buna təşviq edilir. İstehsalda insan əməyinə əhəmiyyət verilir. “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!”[20] Əvəzində haqsız qazanc yolları, ticarətdə aldatmaq qadağan olunmuşdur.

Sərmayə qənaətlə artar, israf və sui-istifadə ilə azalar. İnsan, əlindəki hər cür imkanı məşru çərçivədə istifadə etməlidir. Sağlamlıq Allahın insana bir lütfüdür. Zaman da insana verilən bir nemətdir. Sağlamlığa diqqət etməmək, vaxtı boş yerə xərcləmək israfdır və bunun hesabı soruşulacaq. Boş yerə axıdılan su, yandırılan elektrik də israfdır. İslam israfı qadağan etməklə xüsusi mülkiyyət haqqına bir hədd qoymuş və sərvət kimin olursa olsun, onda cəmiyyətin haqqı olduğu prinsipini qəbul edərək, israfçılıqla bu haqqın yox edilməsinə mane olmaq istəmişdir.


[1] Əraf, 7/31.
[2] İsra, 17/26-27.
[3] İbn Macə, Təharət, 48; Əhməd ibn Hənbəl, Müsnəd, II, 221.
[4] Tirmizi, Zöhd, 47; İbn Macə, Ətimə, 50.
[5] Müslim, Zəkat, 125.
[6] Buxari, Riqaq, 15; Müslim, Zəkat, 130.
[7] Hud, 11/6.
[8] Furqan, 25/67.
[9] Əraf, 7/32.
[10] Buxari, Libas, 1; Nəsai, Zəkat, 66; İbn Macə, Libas, 23.
[11] Müslim, İman 172.
[12] Tirmizi, Qiyamət, 1.
[13] Təkasür, 102/8.
[14] Buxari, Riqaq, 1.
[15] Buxari, Riqaq, 15; Müslim, Zəkat, 130.
[16] İbn Macə, Zöhd, 24.
[17] Tirmizi, Sifatul-qiyamə, 35.
[18] İsra, 17/29.
[19] Həşr, 59/7.
[20] Nəcm, 53/39.



Bənzər məqalələr

Comərdlik

Comərdik üstün əxlaqi keyfiyyətdir. İslam əxlaqına görə, ancaq Allah rizasını qazanmaq üçün sərf edilən mal-mülk insana savab qazandırar. Comərdlik insana istiqamət qazandırar, cənnətə gedən yolu asan edər. Yeri gələndə gözəl, edilən təbəssüm də sədəqə sayılır.

İsar nədir?

İnsanın ehtiyacı olduğu halda sırf Allah rizası üçün başqalarının ehtiyacını qarşılaması, fədakarlıq etməsi və əliaçıqlıq göstərməsi, səxavətli, comərd olmasıdır.

İnfaq nədir?

İnfaq, insanın alın təri ilə qazandığından, ruzi olaraq ona lütf edilən nemətlərdən, sahib olduğu var-dövlətindən Allahın rizasını qazanmaq niyyəti ilə ehtiyac sahibi insanlara  verməsidir.

İsrafdan uzaq yaşamaq

Həddi aşmaq və ifrata yol vermək mənasını verən israf lüzumsuz istehlak və necə gəldi xərcləmək deməkdir. Qurani-Kərim israf xəstəliyi ilə əlaqədar möminlərə xəbərdarlıq edir: “Yeyin, için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz”

İsar ruhu

Onlar özlərinin ehtiyacı ola-ola sırf Allah rizasını qazanmaq üçün yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.


Şərh yaz