2. 609 dəfə oxunub ,   0 şərh   Çap et

كُلُوا وَ اشْرَبُوا وَ الْبَسُوا وَ تَصَدَّقُوا فِي غَيْرِ إِسْرَافٍ وَ لَا مَخِيلَةٍ

“İsraf etmədən, qürur və təkəbbürə qapılmadan yeyin, için, geyinin və sədəqə verin”.

(Buxari, Libas, 1; Nəsai, Zəkat, 66; İbn Macə, Libas, 23)

Həddi aşmaq və ifrata yol vermək mənasını verən israf lüzumsuz istehlak və necə gəldi xərcləmək deməkdir. Qurani-Kərim israf xəstəliyi ilə əlaqədar möminlərə xəbərdarlıq edir: “Yeyin, için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz” (“Əraf” surəsi, 7/31). Yenə Quran bu mərəzə tutulanların şeytanla yaxınlığından bəhs edir: “Qohum-əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!” (“İsra” surəsi, 17/26-27)

Abdullah ibn Abbas (r.a) insanların israfa girməmək və təkəbbür etməmək şərti ilə Allahın verdiyi nemətlərdən gözəl şəkildə istifadə edə biləcəyini bildirir: “İki şey, yəni israf və təkəbbür səni yoldan çıxarıb xətaya sövq etmədiyi müddətcə istədiyini ye və geyin”.

İsraf varlı-yoxsul fərqi olmadan bütün möminlərə qadağandır. Peyğəmbərimiz Allahın lütf etdiyi nemətlərin düzgün istifadəsi haqqında buyurur: “Bir çay kənarında da olsan, dəstəmaz alanda yenə israf etmə”. (İbn Macə, Təharət, 48; Əhməd ibn Hənbəl, Müsnəd, 2/221) Allah Rəsulu başqa bir hədisində isə yemək yeyərkən mədənin üçdə birini yeməyə, üçdə birini suya, qalan üçdə bir qismini də havaya ayırmağı tövsiyə edir. (Tirmizi, Zühd, 47; İbn Macə, Ətimə, 50) Bundan başqa mənbələr Peyğəmbərimizin təxminən 3-5 litr su ilə qüsl aldığını rəvayət edir. (Buxari, Qüsl, 2,3; Müslim, Heyz, 40-42)

İsraf bərəkətin yox olmasına gətirib çıxarır. Əksinə, qənaət bərəkət gətirir. Bir İslam alimi bir oqqa balı (təxminən 1300 qr.) yanında olan din qardaşlarının hər birinə bir çay qaşığı da verməklə üç ay yediyini bildirir.

Bu həqiqətlərə və ibrətamiz xatirələrə istinadən deyə bilərik ki, maddi imkanı yaxşı olan insanlar israf məsələsində daha həssaslıq göstərməli və Allahın verdiyi nemətlərə qənaətlə şükür etməyə çalışmalıdır. Qənaət xəsislik etmək demək deyil. Qənaət orta yolu tutmaq, Allahın nemətlərinin dəyərinin şüurunda olaraq hərəkət etməkdir. Bu baxımdan “Varlıyam, istədiyim kimi xərcləyərəm” anlayışı ilə deyil, “Bu nemətlərin hesabını axirətdə verə biləcəyəmmi?!” düşüncəsi və əndişəsi ilə yaşamaq lazımdır. Buna görə də qiymətlərin düşməsinin qarşısını almaq üçün tərəvəz və meyvələri tələf etmək də israfın bir növüdür və Allaha qarşı hörmətsizlikdir. Aparılan araşdırmalar göstərir ki, qida və suyun israfının qarşısı alınsa, dünyada aclıq və yoxsulluq problemi həll olunar. Məşhur İslam alimi İbn Haldun “Müqəddimə” adlı əsərində dövlətlərin tənəzzülündə mühüm rol oynayan ən əsas amilin israf olduğunu bildirmiş və bu mövzunu təfsilatlı şəkildə izah etmişdir.

İnsanlar həyatda daima imtahana çəkilir, elə həyatın özü başdan-başa imtahandır. Kasıblar səbir, iffət və izzətlə, varlılar isə mal-mülk və sərvət kimi nemətlərlə imtahan olunur. Hər bir varlıdan sərvəti necə qazandığını və nəyə, haralarda sərf etdiyini soruşacaqlar. Ayədə buyurulur: “Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” (“Təkasür” surəsi, 102/8)

Bu ayə Müsəlmanların yoxsulluq və məşəqqət içində qıvrıldığı günlərdə nazil olmuş, Zübeyr ibn Avvam (r.a) da: “Bizdən hansı nemətlər soruşulacaq? İki qaradan (xurma və sudan) başqa yeməyə bir şeyimiz yoxdur. Qılıncımız isə həmişə yanımızdadır (daim təhlükə altındayıq)” deyə Peyğəmbərimizdən (sallallahu aleyhi və səlləm)  soruşmuşdu.  Allah Rəsulu da: “Xəbərin olsun ki, gələcəkdə bir çox nemətlər əldə edəcəksiniz”, – buyuraraq möminlərin var-dövlətlə imtahana çəkiləcəyi günlərə işarə etmişdi.

Cənabi Allah verdiyi nemətləri dərk etməyi və düzgün istifadə etməyi bizə nəsib etsin… Amin.

 



Açar sözləri

israf israf etmək

Bənzər məqalələr

İsraf və qənaət

İsraf lüzumsuz istehlak və necə gəldi xərcləməkdir. Dəyərsiz bir məqsəd üçün artıq mal xərcləmək, xərcləmədə həddi aşmaq, lazımlı yerdə lazım olandan artıq xərcləmək də israf sayılır.

Malı boş yerə xərcləyib israf etməmək

Allah üç xüsusiyyətdən razıdır, üç xüsusiyyəti isə xoş görmür. Yalnız Ona qulluq etməkdən, Ona heç bir şeyi heç bir şəkildə şərik qoşmamaqdan və birlikdə Allahın ipinə (dininə) möhkəm sarılıb təfriqəyə düşməməkdən razı olur.

Allahın yaratdığı şeylərdə israf varmı

Filosoflar “Quran” nuru ilə kainata baxmadıqları üçün bu mövzudakı fikirləri dar və yarımçıqdır.


Şərh yaz