İstixarə: “xeyirli olanı istəmək” deməkdir. İstixarə namazı necə hərəkət etmək lazım olduğu bilinməyən mübah işlərdə, mənəvi bir işarəyə nail olmaq üçün qılınan namazdır. Bir şəxsin qərar vermək qarşısında qaldığı önəmli işlər mövzusunda, bu işi bilən, etibarlı insanlarla məsləhətləşməsi, istişarə etməsi sünnədir. Qurani-Kərimdə belə buyurulur: “(Ya Rəsulum) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onların sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə. İşdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et. Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər.”[1] “O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.”[2]
Məsləhət, istişarə nəticəsində o işin uyğun və xeyirli olacağı qənaətinə gəlmək mümkündürsə, istixarəyə ehtiyac yoxdur. Bu təqdirdə məsləhətlə ortaya çıxan qərar istixarəni qabaqlayır. Ancaq məsləhətləşmə nəticəsində bir qərar alınmazsa, istixarəyə müraciət etmək mümkündür. İstixarə namazının ilk rükətində Fatihədən sonra Kafirun, ikinci rükətində isə İxlas surəsini oxumaq müstəhəbdir. Namazdan sonra istixarə duası oxumaq, sonra qibləyə dönərək yatmaq lazımdır. Yuxuda ağ və yaşıl rəngin görülməsi xeyir və yaxşılıq, qara və ya qırmızı rəngin görülməsi isəo işin xeyirsiz olmasına və pisliyə dəlalət edir. İstixarə namazının və duasının dəlili bu hədisdir:
Cabir İbn Abdullahın (r.a) belə dediyi rəvayət olunmuşdur: Rəsulullah (s.ə.s) bütün mühüm işlərdə bizə Qurandan bir surə öyrədirmiş kimi istixarəni də öyrədər və belə deyərdi: “Sizdən kim bir iş etmək istəyərsə, fərz namazdan əlavə iki rükət namaz qılsın və belə dua etsin:
اَللَّهُمَّ إنِّي أَسْتَخِيرُكَ بِعِلْمِكَ وَأَسْتَقْدِرُكَ بِقُدْرَتِكَ وَأَسْأَلُكَ مِنْ فَضْلِكَ الْعَظِيمِ. فَإنَّكَ تَقْدِرُ وَلَا أَقْدِرُ وَتَعْلَمُ وَلَا أَعْلَمُ ، وَأنْتَ عَلاَّمُ الْغُيُوبِ، اَللَّهُمَّ إِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا الْأَمْرَ خَيْرٌ لِي فِي دِينِي وَمَعَاشِي وَعَاقِبَةِ أَمْرِي أوْ عَاجِلْ أَمْرِي وآجِلِهِ فَاقْدُرْهُ لِي وَ يَسِّرْهُ لِي ثُمَّ بَارِكْ لِي فِيهِ. وَاِنْ كُنْتُ تَعْلَمُ أَنَّ هَذَا الْأمْرَ شَرٌّ لِي فِي دِينِي وَدُنْيَايَ وَمَعَاشِي وَعَاقِبَةِ أَمْرِي أو عَاجِلِ أَمْرِي وَآجِلِهِ فَاصْرِفْهُ عَنِّي وَاصْرِفْنِي عَنْهُ، وَاقْدُرْ لِيَ الْخَيْرَ حَيْثُ
كَانَ ثُمَّ رَضِّنِي بِهِ.
Mənası: Ey Allahım! Sənin elminə güvənərək səndən haqqımda xeyirlisini istəyirəm. Gücümə güc qatmağını, hüdudsuz lütf və kərəmindən mənə bəxş etməyini istəyirəm. Çünki Sənin hər şeyə gücün çatır, mənim isə çatmır, Sən hər şeyi bilirsən, halbuki mən bilmirəm. Çünki sən qeyb aləmini tam bilənsən. Ey Allahım! Etməyi fikirləşdiyim bu iş, mənim dinim, həyatım və gələcəyim və ya dünya və axirətim– mövzusunda xeyirlidirsə, onu mənə asanlaşdır. Haqqımda xeyirli, uğurlu və bərəkətli et. Yox əgər mənim dinim, həyatım və gələcəyim – və ya dünya və axirətim – mövzusunda pisdirsə, onu məndən məni də ondan uzaqlaşdır. Haqqımda xeyirlisi nədirsə, məni onunla xoşbəxt et.”[3]
İstixarə duası oxunduqdan sonra arzu edilən iş deyilir.
İstixarə səmimi olaraq edildikdə, Allah xeyirlisini insana bəxş edər. Müəyyən işarələrlə bərabər qəlbdə rahatlıq və fərəhlik hiss edilərsə, o işin xeyirli olacağına və ya sıxıntı və kədər hiss edilərsə baş tutmayacağına yozulur. Birinci dəfədə nəticə alınmasa üç və ya yeddi dəfə bu təkrarlanır. Duanın ərəbcəsi oxuna biləcəyi kimi, tərcüməsi də oxuna bilər. Bir şəxs namaz qılaraq istixarə edə bilmirsə, bu təqdirdə sadəcə yuxarıdakı duanı oxuyaraq istixarə edə bilər.
İstixarədə bəzən nəticə həmişə yuxuda görülməz. Siz üzərinizə düşəni edərsiniz, səmimiyyətlə Haqq yönələrsiniz. Allah (c.c.) işarəti bir hadisə ilə və yaxud bir şəxsin dili ilə sizlərə çatdırar.
[1] Ali-İmran, 3/159.
[2] Şura, 42/38.
[3] Buxari, Təhəccüd, 25; Dəavat, 49; Tövhid, 10; Əbu Davud, Vitr, 31, h. No. 1538; Tirmizi, Vitr, 18, h. No. 480; İbn Macə, İqamə, 188, h. No. 1383; Ə. İbn Hənbəl, III, 344; Tirmizi Cabirin rəvayət etdiyi hədis üçün “həsən, səhih, qərib” demişdir.