Kəlmə etibarilə açıqlama, açıq oxuma, açıq olaraq bildirmə mənalarına gəlir. Tənvin və ya nun sakini açıqca oxumaqdır. İki hərfin arasını yəni tənvin və nun sakini izhar hərfinə qatmadan ayrı-ayrı və açıq olaraq oxumaqdır.
Temrin olaraq isə belə tərif edilir: اَلإِظْهَارُ هُوَ الإِنْفِصَالُ تَبَاعُدًا بَيْنَ الْحَرْفَيْنِ . İki hərfin arasını bir-birindən uzaqlaşdıraraq ayırmaqdır. Tənvin və sakin nundan sonra boğaz hərfləri dediyimiz altı hərfdən biri gələrsə tənvin və sakin nun izhar ilə oxunur. Bu altı hərf aşağıdakı kəlmələrin ilk hərfləridir. اَللهُ ـ حَيٌّ ـ خاَلِقٌ ـ عَدْلٌ ـ غَنِيٌّ ـ هاَدِياً Bunları belə də sıralaya bilərik: ا ، ح ، خ ، ع ، غ ، هـ.
İndi misalları diqqətlicə oxuyaq. اِنْ هِىَ – لِمَنْ خَشِىَ – مَثَلاً عَبْداً – غَفُورٌ حَلِيم. Bu misallara baxdığımızda tənvin və sakin nun hərfindən sonra yuxarıda saydığımız altı hərftən biri gəldiyi üçün bu hərflər heç tutulmadan, bir-birinə idğam edilmədən və araları ayırılaraq oxunur.
Qiraət alimləri arasında, izhar hərflərinin ilk dördü haqqında ittifaq vardır. Bu hərflər ء – ح – ع – ه dir. Bu hərflərdən öncə gələn tənvin və sakin nunun izharlı oxunması vacibdir. Geriyə qalan غ və خhərflərində izhar etmək caizdir. Qiraət imamlarından Əbu Cafərdən başqa bütün imamlar bu hərflərdə də izhar etmişdirlər. Fəqət burada onu da qeyd etmək lazımdır ki, bu iki hərfdəki izharın vacib deyil, caiz olması tamamilə qiraət imamları arasındakı ixtilafdan meydana gəlir. Bu səbəblə biz Asim qiraətinin Həfs rəvayətini oxuduğumuza görə izhar etməyimiz şərtdir.
İzhar edilərkən səktə olmaması üçün diqqət edilməlidir. İzharda qünnə yoxdur. Üzərində dayanılmaz. Yəni nun sakin və ya tənvin tam açıq olaraq oxunub izhar hərfinə keçilir.
Sənan Quliyev & Laçın Quliyev