Mənəviyyata Açılan Pəncərə

Kabus

Kabus

Uşaq illərimdə dar məkanlardan sıxılır və qorxduğum üçün  belə yerlərdə qalmaqdan uzaq dururdum. Yaşlandıqca bunun bir psixoloji xəstəlik olduğunu anlamışdım, ancaq bu rahatsızlıqdan da qurtula bilmirdim. Darısqal, qaranlıq, tənha yerdə qalmaq məndə fobiya halına gəlmişdi. Deyəcəksiniz heç kişilər də qorxarmı? Mən qorxuram, nə qədər ört-basdır etməyə çalışsam da bu qorxu hissini basdıra bilmirəm.

Bunu çox yaxşı bilirdim ki, gec-tez, istəsəm də istəməsəm də dar məkana girəcəkdim. Budur qorxduğum başıma gəlmişdi.

Məni soyundurub gözəlcə bədənimi yudular, dəstəmaz aldırdılar. Bədənimi quruladıqdan sonra ağ bir parça ilə sarıdılar. Qohumlarımdan üç dörd nəfər ehmalca məni götürüb tabutun içərisinə qoydular. Gözlərim yumulu idi, ancaq ətrafımdakı insanların danışıqlarını eşidirdim: “Yazıq cavan yaşında öldü. Halbuki görəsi dünya qədər işi vardı” – deyirlərdi.  Həqiqətən də görüləsi bir çox işim yarımçıq qalmışdır.

Bir anda görəcəyim işlər ağlıma gəlməyə başladı. Bu həftə sonu oğlumu kursa yazdıracaqdım, artıq böyümüşdü. Üç il sonra universitetə getmənin xəyallarını qurmağa başlamışdı. Dost-tanış da “yaxşı yerə girməsini istəyirsən doqquzuncu sinifdən kursa qoymalısan” deyirdi… O biri tərəfdən maşının üç aylıq son krediti qalmışdı. Onu ödəməliydim… Mağazaya da altı ay öncə aldığı plazma televizorun iki aylıq borcu qalmışdı… Ortağımla iş yerimizi mərkəzi yerə daşıyıb, dostu-tanışı yığıb  açılış etməyi qərarlaşdırmışdıq…  Bu il qışda çox üşümüşdük. Xanımla məsləhətləşib kombi döşətməyə qərar vermişdik. Yayda başımız işə-gücə qarışdığından indi yada düşmüşdü. Zalımın qızı yay boyu çox deyindi- durdu. Mən də yeni borc eləmək istəmirdim. Öz fikrimdə maşının kreditini azaltdıqdan sonra çəkdirməyə planlayırdım. İndi qış yaxınlaşırdı. Necə olacaqdı?… Yarıda qalan işlərim elə hey ard-arda gözümün qabağına gəlirdi… Birdən ağlama səslərini eşidərək irkildim. Tanımadığım səs: “Səbirli olun bacım, Allahın təqdiri, əlimizdən nə gəlir ki?..”-deyirdi.

Heyfsiləndim. Haradan  başıma gəldi bu qəza hadisəsi? Halbuki necə də gözəl avtomobil sürürdüm. Olub-bitənləri xatırlamağa çalışırdım. Dostlarımın yaxınlarımın mənə çox yaxınlaşdıqlarını hiss etdim. Tabutun qapağını örtməyə çalışırlardı.

Axı, mən qapalı, dar, qaranlıq yerlərdən sıxılır, qorxurdum. Avazım çıxdıqca bağırmağa çalışdım, səsim çıxmadı, çırpınmaq istədim bədənimi oynada bilmədim. Qaranlıq içərisində boğulmuşdum. Bir az keçincə gözlərimin yavaş-yavaş qaraldığını fərq elədim. Gözüm bir anlıq yuxarıya çevrildi. Taxtalar arasından incə bir işıq süzülürdü. Dəhşətə düşmüşdüm: -Aman Allah, dedim. Nə olacaq indi halım? Qorxudan heç bir şey düşünə bilmirdim. Ölmüşdüm. Həyata gözlərim yumulmuşdu. Neçə il borc-xərc edərək min-bir əziyyətlə tikdiyim evimdən, çalaq ağaclar tökdüyüm həyət-bacamdan, nə qədər deyingən də olsa həyatımı paylaşdığım xanımımdan, gözümün ağı qarası övladlarımdan, bir sözlə dostdan-tanışdan, qohum-qardaşdan ayrılıq vaxtı gəlmişdi. Namaz qılındı, halallıq istənildi, dua edildi. “Götürün, gedək. Cənazəni çox saxlamazlar.” −Mən isə ayrılmaq istəmirdim.− Arif kişinin səsiydi bu. Məhəllənin ağsaqqalı, dünya görmüş kişiydi. Ölən-itəni də o basdırırdı. Məni keçənlərdə xeylaq danlamışdı. Bala, yaşın-başın ötür, bu siqareti, içkini burax. Dinə-imana gəl. Özün də yaxşı oğlansan. Bir gün qocalıb yorğun düşəcəksən. Vaxtında haqq yola gir. Atamı kənddən tanıyırdı. Ağsaqqal adamdı. Dediyi də düzdü. İki gün öncə özüm-özümə söz vermişdim ki, bu Ramazan namaza başlayım. On ildən çox idi ki orucların bircə dənəsini də yemirdim. Bir sözlə Ramazanda müsəlman olurdum. Lənət şeytana. Ramazan da çıxdımı “dostlar” məni yolumdan qaytarırdılar.

“Ehtiyatla qaldırın” sözləri məni daldığım xəyallardan ayırdı. Tabutun çiyinlərə alınmışdı.  Yırğalana-yırğalana maşına sarı aparırdılar. Küçə dar olduğundan maşın bir az aralı saxlanılmışdı. Cənazəm tindəki “Muradın çayxanasının” önündən keçirdi. Hər gün domino, nərd oynadığımız uşaqlar da yenə çayxanada idi. Bircəciyi yerindən qımıldayıb ayağa qalxmadı. Nə adamlarmış. Demək hamısı sağ günün, verəcəyim çaynik pulunun dostlarıymış.

Maşına qoydular. Bir xeyli getdik. Məni maşından düşürtdülər. Qəbirlərin arası ilə çiyinlərdə gedirdim. Dostlarımın danışıqlarına fikir verdim. Mənim ölümüm sanki yaddan çıxmışdı, hər kəs xısın-xısın işindən-gücündən danışırdı. Biri inflyasiyadan, o biri qaz idarəsindəki problemindən gileylənirdi…

Biri də lap qulağımın dibində öləsi vaxt tapdı. Bu gün önəmli görüşməm vardı, iş çıxdı əldən – deyirdi. Oysa ki mən bunlarla yaxşı vaxt keçirirəm deyə evimə gecənin gec saatı gedirdim. Demək ki onların “səmimiyyəti”  quru yalanmış. Üstümdəki örtük açıldı, məni ehmalca qəbirə uzatdılar. Öncə üzərimə beton piltələri örtdülər. Sonra da qazılmış torpağı tökdülər.

Bir anlıq içimə daha bir qorxu çökdü. Axı mən qaranlıqdan, darısqal yerlərdən, tənhalıqdan qorxurdum. Artıq səslər də eşidilmirdi. Kimsə mənim səsimə səs, harayıma haray vermirdi. Hamı məni öldü bilsə də, mən yaşayırdım.

Qohum-əqrəbanın, dostların cənazəsinə mən də iştirak etmişdim. Ancaq bir gün mənə də, hələ belə tez qismət olacağını ağlıma gətirməmişdim. Bir anlıq babamın uşaq illərindən xatirə misraları dilimin ucuna gəldi:

Ölümü axtarma yaş arşında

Ölüm gəzər gözlə-qaş arasında.

Eh illər, necə də tez ötüb keçmisiz.

Zefiri qaranıq idi hər tərəf. Qorxu və ümid arası, aciz qaldığımı da hiss edərək Allaha sığınmağa, dua etməyə başladım:
– Ya Rəbbim! Mənə bir daha fürsət versən! Sənin istədiyintək bəndə olaram. Kaş mənə bir daha fürsət versən, bu qaranlıq, dar məkanı Cənnətə açılan qapıya çevirərdim.”

Ağlayaraq və fəryad edərək yalvarırdım. Birdən gözlərimi açdım. Demək hər şey kabus imiş. Dostum Əziz əlimdən tutmuşdu: “Keçdi artıq, narahat olma. Şükür. elə ciddi bir şeyin yox. Allah min şükür! O səni sevdiklərinə bağışladı.” Qana-tərə boğulmuşdum. Ömür-gün yoldaşım da çarpayının o biri yanında titrək-titrək göz yaşı tökürdü, dili tərpənirdi. Əlbət ki, dua edirdi. Qardaşım və bacım da ayaq ucumda dayanmışdılar. Özümü ələ aldım, ancaq içimdən:

Ya Rəbbi, sənə minlərlə şükür olsun. Əlhəmdüllah. Mənə ikinci dəfə bu fürsəti verməsəydin halın necə olardı!…

Rövşən Məmmədov

Exit mobile version