2. 106 dəfə oxunub ,   0 şərh   Çap et

Yer üzündə şəfqətin hakim olduğunu açıq-aşkar müşahidə edirik. Şəfqət acıma, bir məzluma mərhəmət etmə duyğusudur. Şəfqət ağlayan bir insanın hıçqırıqlarını dinləmə, yaralı-bərəli bir insanın yaralarını sarıma hissidir. Bu şəfqət hissinin hər yerdə özünü göstərdiyini görürük.

Əliniz yaralansa və siz də əlinizi müalicə etdirsəniz, inanın, Allahın mərhəmət və şəfqəti olmadan qanınız həmin yara yerində bərpaedici funksiyasını yerinə yetirməz və nə edirsiniz edin, siz o yaranı sağalda bilməzsiniz.

Məgər bitişməyən yaralar sizə nəsə pıçıldamır? Ciddi cərrahi əməliyyat tələb edən bir xəstəlik zamanı həkimlər xəstəni əməliyyat masasına uzatmazdan əvvəl öz aralarında məsləhətləşirlər. Bəzən ya bir şəkər xəstəliyi və ya bambaşqa bir səbəbə görə: “Bu xəstə əməliyyat olunsa, yara çətin bitişəcək” nəticəsinə gəlirlər. Siz əməliyyat olunmuş elə adamlar tanıyırsınız ki, yaraları aylarla, bəzən də illərlə bitişmir. Allah sağaltmasa, yara bitişməz. Ya şəkərin səviyyəsini yüksəldər, ya da mədəaltı vəzin iş prinsipinə müdaxilə edər. Nəticədə bədəndə insulinin müvazinəti pozular və yara sağalmaz.

İndi insanın dərin yaralarının qısa vaxtda sağalmasını təmin edən Cənabi-Haqqın təkcə bu yerdə nə qədər şəfqət göstərdiyini anlaya bilirsiniz? Haqq-Təala bizlərə mərhəmət edir. Bilirsiniz, nə ilə? Mikroskopla güclə görünən kiçicik varlıqları köməyimizə göndərməklə.

Körpələr insanı heyrətə salır. Allah əl boyda körpələrə məxsusi mərhəmət edir. Ən saf, ən təmiz qidalara möhtac olaraq dünyaya gəlmiş bu körpələrin xüsusi diqqət və qayğıya ehtiyacı var. Əvvəlcə onu ana bətnində bəsləyir. Ana bətninin divarlarını körpənin qidalanması üçün əlverişli hala gətirir: bətnin divarları qidalarla təmin edilir. Ananı uşağın xidmətçisi edir. Körpəciyəz dünyaya gələrkən Cənabi-Haqq onun üçün “Ana südü”nü əmələ gətirir. Dünyaya yenicə qədəm qoymuş bir canlının ilk zəruri ehtiyacı məhz ana südüdür.

Bəli, heç bir qida ana südünü əvəz edə bilməz. Hətta siz o südü sağıb başqa bir qaba qoysanız, ilk andakı təravətini və vitaminlərini qoruyub saxlaya bilməz. Hətta qoyun və inəyin tərtəmiz yelnindən sağılan, bir müddət dezinfeksiya edilmiş qablarda saxlanılan süd belə tərkibini və effektivliyini itirir. Araşdırsaq, birbaşa ana südü ilə bəslənən buzovla qabda saxlanılan südlə bəslənən buzov arasında inkişaf baxımından ciddi fərqlər olduğunu görərik. Elə isə, anadan abi-həyat kimi süd gətirmək və bu süd vasitəsilə şəfqətə möhtac körpələri bəsləmək Allahın sonsuz şəfqəti deyil, bəs nədir? Allahın sonsuz mərhəməti olmasaydı, bütün bu gözəlliklər meydana çıxardımı?

Baxın, əngin bir şəfqət səma kimi yer üzünü qucaqlamışdır: şırhaşırla axan sular bitkilərə can olmağa tələsir. İlahi rəhmət onların da başını oxşayır, ağaclar havanı “ağız” və “burun”ları, yəni yarpaqlar vasitəsilə qəbul edir. İnsan havasız yaşaya bilmədiyi kimi, bitkilər də havadan məhrum edilsə, canlılığını itirər və qurumuş çöpə dönər. Yer üzündə əngin bir şəfqətin var olduğunu və bütün canlıları əhatə etdiyini qəbul etməsək, izah üçün göstərdiyimiz bütün cəhdlər dialektikadan o tərəfə keçməz.

İndi isə, lütfən, diqqətinizi buraya cəmləşdirin: ən kiçik canlıların imdadına şəfqəti ilə yetən Cənabi-Haqqın o şəfqətə daha çox möhtac olan və əbədiyyət arzusu ilə alışıb yanan insanın arzusunu yerinə yetirməməsi heç mümkündürmü? İnsana bu dünyada saysız-hesabsız nemətlər verəndən sonra onu əbədi edama məhkum etmək, onun həyatına və varlığına məzarla son qoymaq, onu əbədi bağlar-bağatlarla, Cənnətlərlə, baqi nemətlərlə sərəfraz etməmək ilahi şəfqətlə bir araya sığarmı?

Biz yer üzündəki şəfqət nişanələrinə əsaslanaraq bu qənaətə gəlirik: zərrələrdən planetlərə, hüceyrələrdən ən kompleks orqanizmlərə qədər hər tərəfi şəfqəti ilə çulğalayan Uca Allah  axirəti də meydana gətirəcək, insan övladını yenidən dirildəcək, bu dünyada cürbəcür nemətlər verdiyi bəşərə o biri aləmdə də bitib-tükənmək bilməyən nemətər bəxş edəcəkdir.



Açar sözləri

mərhəmət şəfqət

Bənzər məqalələr

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

İnsan sevgisi

Möminin çevrəsi ilə sevgi və hörmətə əsaslanan münasibəti necə olmalıdır?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Qəlblərin açarı – sevgi dili

Ailədəki xoşbəxtliyin mütəmadi olmasında sevginin rolu əvəzsizdir. Sevginin ifadə şəkilləri üçün isə sevgi dilinin öyrənilməsi lazımdır. Hər insanın daxilində başqa insan tərəfindən sevilmək, sevildiyini bilmək istəyi var. Ailə həyatında sevgi nə qədər önəmlidirsə, onun ifadə şəkilləri də bir o qədər əhəmiyyətlidir.

Uşaqlarımızı gələcəyə necə hazırlamalıyıq?

Övladlarımıza gözəl tərbiyə vermək üçün müəyyən xüsuslara diqqət etməliyik. Bütün sözlərimizin, davranışlarımızın, hətta həyat yoldaşımızla söhbətlərimizin və hər cür münasibətlərimizin əsas mövzusunu sonrakı dövrlərdə uşağın şüuraltına yerləşdirmək istədiyimiz məsələlər təşkil etməlidir.


Şərh yaz