Allah-Təala hər bir insanın qəlbində faydalı və gözəl şeylərə qarşı bir sevgi yaratmışdır. İnsanlar bu sevgini fərqli yerlərə yönləndirə bilirlər. Ancaq hər bir mömin bu sevginin, bəlkə də, ən çox və ən əhəmiyyətli hissəsini Allah və Rəsuluna ayırmalıdır. Allaha sevgidən sonra Rəsulunu da sevmək vacibdir. Çünki O, əxlaqın və dinin yaşanmasında möminlərə ən gözəl nümunədir.
Çox vaxt valideynlərdən uşaqları ilə bağlı bu “şikayətləri” eşidirik: “Uşağımı başa düşməkdə çətinlik çəkirəm”. “Hər hansı bir problem baş verəndə necə reaksiya verəcəyimi bilmirəm”. “Uşağımın köməyə ehtiyacı olanda necə kömək edəcəyimi bilmirəm” və s. Hər şeydən əvvəl bu problemlərə cavab tapmaq üçün uşağınızı yaxşı tanımalı və hər hansı sözə və ya hərəkətə reaksiyalarının səbəbini bilməlisiniz.
İnsan ictimai bir varlıqdır. Həyatda yaşamaq üçün başqa insanlara və ünsiyyətə möhtacdır. Bu, ilahi qanundur. Allah insanı bu cür fitrətlə yaratmışdır. Dolayısilə, hər bir bəşər övladı həyatın enişli-yoxuşlu yollarında qarşısına çıxan maddi-mənəvi əngəllərin öhdəsindən gəlmək üçün başqa insanların maddi-mənəvi yardımına ehtiyac duyur. Elə insanlar vardır ki, özümüzü onlara daha yaxın hiss edirik. Çünki onlar bizim dost və yoldaşlarımızdır. Nə vaxt çətinə düşsək, Xızır kimi köməyimizə çatırlar.
İnsanın əşya və hadisələrə baxışı necədirsə, xarakter və ruhi-mənəvi durumu da tədricən o düşüncə ətrafında formalaşmağa başlayır. Gözəl görmək gözəl düşünməyə zəmin hazırladığı kimi pis görmək də pis düşüncələrə gətirib çıxarır. Zənnin bir qismi gözəldir, digər qismi isə çirkindir. Gözəl olan hüsnü-zənn, çirkin olana isə sui-zənn deyilir.
Hədiyyələşmə adəti bəşər tarixinin bütün dövrlərində olmuşdur. Zəngin, kasıb, böyük, kiçik − hər kəsin hədiyyə almaqdan və verməkdən xoşu gəlir. Hədiyyələşməyin ən gözəl örnəklərini Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) həyatında görürük. Buna görə də hər bir mömin ailə üzvlərinə, yaxın qonşu və qohumlarına, səmimi dostlarına, münasibət qurmaq istədiyi adamlara, bir şey istəyənlərə hədiyyə verməli, verilən hədiyyələri də qəbul etməlidir.
Dəvət – ehtiram və sevgi göstərmək məqsədi ilə verilən yemək, çay, ziyafət, məclis və yığıncaq mənasına gəlir. Müsəlmanların aralarındakı sevgi və dostluq münasibətlərini gücləndirən ədəb qaydalarından biri də dəvətə getməkdir. Çağırılan yerə getmək müsəlmanın vəzifəsidir. Bunu Allah Rəsulu (s.ə.s) bəyan edir: “Yeməyə dəvət ediləndə gedin, oruc tutmusunuzsa, ziyafət verənə dua edin, oruclu deyilsinizsə, yeyin”
Quranın düsturları, qanunları əzəldən gəldiyindən əbədə gedəcək. Mədəniyyətin qanunları kimi qocalıb ölməyə məhkum deyil. Daima gəncdir, qüvvətlidir. Quranda əksini tapan minlərlə məsələdən hər biri bəşəriyyətin dünyada xoşbəxt olmasına xidmət etməklə yanaşı əbədi həyatın təmininə də xidmət edir.
Yer üzündə şəfqətin hakim olduğunu açıq-aşkar müşahidə edirik. Şəfqət acıma, bir məzluma mərhəmət etmə duyğusudur. Şəfqət ağlayan bir insanın hıçqırıqlarını dinləmə, yaralı-bərəli bir insanın yaralarını sarıma hissidir. Bu şəfqət hissinin hər yerdə özünü göstərdiyini görürük. Əliniz yaralansa və siz də əlinizi müalicə etdirsəniz, inanın, Allahın mərhəmət və şəfqəti olmadan qanınız həmin yara yerində bərpaedici funksiyasını yerinə yetirməz və nə edirsiniz edin, siz o yaranı sağalda bilməzsiniz.
Nəhəng bir insanı xatırladan kainat da bu cür hikmətlərlə təchiz edilmişdir. Belə ki, bütün mövcudatda zərrə qədər də olsun mənasız, lazımsız bir şey tapmaq mümkün deyildir. Zahirən faydasız görünən, qımıldanmadan dayanan bir ağac yarpağında belə neçə-neçə hikmət və fayda gizlənmişdir! Hərçənd ki, Haqq-Təala bunları bu cür yaratmağa məcbur deyildir, ancaq Onun Hakim ismi bunu zəruri edir.
Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.
Ərəbcə “nəvm” sözünün qarşılığı olan yuxu bədənin dincəlib yenidən fəaliyyətə başlaması üçün vücuddan və xarici aləmdən gələn siqnalları müvəqqəti olaraq qəbul etməməsi, daxili orqanların fəaliyyətinin passivləşməsi deməkdir. Yuxu insanlar üçün bir nemətdir. Bütün günü işləyib yorulan vücud gecə istirahəti ilə əvvəlki gücünü bərpa edir.
Müsəlman olaraq biz həm Allaha, həm də Rəsuluna (s.ə.s) iman edirik. Yəni Allahın göndərdiyi Quran və Rəsulunun sünnəsinə tabe olmaqla mükəlləfik. Çünki Allah Rəsulullah (s.ə.s) vasitəsilə əmr və qadağan etdiklərinə tabe olmağı əmr etmişdir.
Qiyamətin nə vaxtsa baş verəcəyinə heç kəs şübhə və tərəddüdlə baxmır. Hətta dəqiq elmlər və bu sahələrdə çalışan elm adamları da sözügedən mövzuda həmrəydir, ancaq onlar bu reallığı uzaq gələcəkdə gözləyirlər. Halbuki bu gün baş verən fövqəladə hadisələrin sayı-hesabı yoxdur və qiyamətin bunlardan hər hansı biri ilə qopması mümkündür.
Rəsulullah (s.ə.s) ömrü boyunca ciddi olsa da, hər kəs kimi bəzən zarafat etmişdir. Zarafatlarında belə doğrunu deyər, insanları utandıran və incidən ifadə və davranışlardan uzaq olar, qəlbə dəyəsi ağır zarafatlar etməzdi. Daha çox uşaqlarına, zövcələrinə, heç kimin iltifat göstərmədiyi yoxsul insanlara, qayğı gözləyən adamlara zarafat edərdi.
Gülmək “xoş və qəribə hadisə və hallara hissi münasibəti əksər vaxtlarda səsli şəkildə bildirmək, sevinc və ya heyrəti biruzə vermək, səssizcə gülümsəmək, təbəssüm etmək” mənalarına gəlir. Gülməyin üç növü var: təbəssüm, gülmək və qəhqəhə çəkmək. Təbəssüm – üz cizgilərinin sevinc hissi ilə geriyə doğru xəfifcə çəkilməsi və dişlərin görünməsi ilə müşayiət olunan gülümsəməkdir.
“Mütəşabeh” lüğətdə iki şeyin bir-birinə bənzəməsi mənasına gələn “təşabüh” məsdərindən törəmiş ismi-faildir. Məfhum olaraq da “nəyin qəsd olunduğu bilinməyən, izaha, təvilə ehtiyacı olan ayələr” deyə tərif edə bilərik.
Rəsuli-Əkrəmin (s.ə.s) bizə tövsiyəsi acmadıqca yeməmək, yemək yeyəndə isə mədəni doldurmadan süfrədən qalxmaqdır. Bir müsəlman yaşamaq üçün yeməlidir, yemək-içməyi həyatının amalına çevirməməlidir.
Dil, Allahın insana bəxş etdiyi ən böyük nemət və Onun yaratdığı ən incə sənət əsərlərindən biri olmaqla yanaşı yerində istifadə edilmədiyi zaman potensial təhlükəyə çevrilmə xüsusiyyətinə də malikdir. Dil insan üçün istifadə məqsədindən asılı olaraq yerinə görə rəhmət, yerinə görə də bəla və müsibət səbəbi ola bilər. Dil bədəndə kiçik orqan olmasına baxmayaraq yerinə yetirdiyi funksiya və səbəb olduğu işlər etibarilə böyük təsirə malikdir.
“Bir şeyi yaddan çıxarmamalıyıq ki, insana yuxu gətirən melatonin hormonunun normal ifraz olunması ilə cinsi və əqli fəaliyyətin inkişafı arasında sıx əlaqə vardır. Bu ahəng sayəsində insan vücudu stabil və nizamlı həyat yaşayır. Bu səbəbdən də mütəmadi və vaxtlı-vaxtında namaz qılmaq insanı gündəlik həyata uyğunlaşmasını təmin edir və orqanların iş qabiliyyətini maksimum səviyyəyə çatdırır”
Namaz ürəyin fəaliyyətini tənzimləyir, damarları genişləndirir, hüceyrələri elastikləşdirir. Həzm sistemini yaxşılaşdırır, qəbzliyin qarşısını alır. Sinirləri sakitləşdirir, oynaq iltihabının qarşısını alır. Xəstəliklərə qarşı immuniteti artırır. Əzələləri gücləndirir və oynaqların hərəkət qabiliyyətini artırır. Vücudu gücləndirib əzginliyi və halsızlığı aradan qaldırır. Fiziki və əqli sağlamlığa faydalı olur.