14. 200 dəfə oxunub ,   0 şərh   Çap et

Kimlərlə evlənmək olmaz?

İslam dininə görə, ailə qurmaq insanın əsas haqlarından biridir. Dinimiz evliliyə təşviq etmişdir. Ancaq dinimizə görə, müəyyən şəxslərlə evlənmək haramdır. Bu haramlıq iki cürdür:

  1. Əbədi haram olan nikah.
  2. Müvəqqəti haram olan nikah.

Bu məqalədə İslam hüququnda haram olan nikah məsələsi Azərbaycan Respublikasının Ailə məcəlləsi ilə müqayisəli hazırlanmışdır.

Üsul və füru deyərkən bir insanın şəcərəsi nəzərdə tutulur. Ata və baba, ana və nənə üsul sayılır. Oğul, qız, oğul və qızın uşaqları, yəni nəvələr, nəticələr və s. isə füru sayılır.

Nikahı haram olunan şəxslərlə əlaqəli hökmlər əsasən “Nisa” surəsinin 22-24 ayələrində izah edilmişdir.

“Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur! Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi).”

Bu ayədə kişilərlə əlaqəli hökmlər bildirilmişdir. Qadınlarla əlaqəli hökmlər də buna qiyas edilərək verilmişdir. Allah Rəsulu (s.ə.s) da ayədə bildirilən hökmlərə təfsilatlı izah gətirmiş, bəzi hökmlərə əlavələr etmişdir.

Əbədi haram olan nikah haqqındakı hökmlər belədir:

Qan bağı

Qan bağı ilə evlənilməsi qadağan olunan şəxslər dörd qrupdur. Kişiyə qan bağı qohumluğuna görə, aşağıdakılar ilə evlənmək qadağandır:

  1. Üsul: öz anası, nənəsi…
  2. Füru: qızı, oğul və qız nəvələri…
  3. Ana və atanın fürusu: bacı, bacının və qardaşın qızları, nəvələri …
  4. Baba və nənənin ancaq uşaqları: bibi və xala.

Qadına da aşağıdakı qan bağı olan qohumları ilə evlənmək haramdır:

  1. Üsul: öz atası, babası…
  2. Füru: oğlu, oğul və qız nəvələri…
  3. Ana və atanın fürusu: qardaş, bacı və qardaşının oğlanları.
  4. Baba və nənənin ancaq uşaqları: əmi və dayı.

Qan bağı qohumluqda atabir və anabir qardaşa, bacıya, bacı və qardaşın oğlanları və qızlarına da eyni hökm şamildir. Eləcə də baba və nənənin başqasından olan uşaqları da əmi, bibi, dayı, xala hökmündədir.

Evlilik bağı

Evlilik yəni sonradan əmələ gələn qohumluq səbəbi ilə evlənilməsi qadağan olan şəxslər də dörd qrupdur. Kişilər üçün evlilik səbəbi ilə evlənməsi haram olan qohumlar bunlardır:

  1. Üsulun arvadları, yəni ögey ana və ögey nənə. Ögey nənənin ata və ya ana babanın arvadı olması hökmü dəyişmir.
  2. Fürunun arvadları, yəni gəlinlər. Oğlunun, nəvəsinin arvadı.
  3. Öz arvadının üsulu, yəni qayınana, arvadının ata və ana nənələri
  4. Öz arvadını fürusu, yəni ögey qız, eləcə də ögey qızının və ya oğlunun qızları.

Bu maddənin dördüncü qrupundakı qadınlarla evlilik qadağası üçün sadəcə nikah yetərli deyil. Nikahdan sonra zifafın yəni cinsi münasibətin olması şərtdir.

Əgər kişi bir qadınla nikahlanıb zifafa girmədən boşayarsa həmin qadının əvvəlki ərindən olan qızı ilə evlənə bilər. Ancaq nikah bağladıqdan sonra zifafa girmədən boşadığı qadının anası ilə heç vaxt evlənə bilməz.

Kişi qeyri-məşru şəkildə əlaqədə olduğu, yəni zina etdiyi qadının üsul və fürusu ilə də evlənə bilməz.

Süd əmmə və əmizdirmə

Uşağa süd əmdiyi yaşda öz anasından başqa bir qadın süd əmizdirərsə süd qohumluğu əmələ gəlir. Süd qohumluğu süd əmən şəxsə miras haqqı vermir, ancaq daimi evlənmə qadağası gətirir. Süd əmmə səbəbi ilə yeddi qrup insanla evlənmək haramdır. Bunların ikisi Quranı-Kərimdə bildirilmişdir. Geri qalanlarının haramlığı Peyğəmbərimiz (s.ə.s) tərəfindən bildirilmişdir: “Doğum səbəbilə haram olan şeylər, süd əmməyə görə də haramdır”.[1] Yəni qan qohumluğu səbəbilə haram olanlar (ana, bacı), süd əmməklə də haramdır.

  1. Süd üsulu, yəni süd ana və ata, süd nənə və baba.
  2. Süd fürusu, qadın süd əmizdirdiyi uşaqlarla evlənə bilməz. Həmçinin həmin uşaqlarla süd əmizdirən qadının əri, yəni uşaqların süd atası da evlənə bilməz.
  3. Süd ananın və atanın qanbir və süd əmizdirmə ilə qohum olan uşaqları, yəni süd əmən şəxs süd qardaş və bacıları və onların uşaqları ilə evlənə bilməz.
  4. Süd nənə və babanın sadəcə uşaqları, yəni süd bibi və süd xala ilə də evlənmək olmaz.
  5. Öz arvadının süd anası və nənəsi ilə də evlənmək haramdır.
  6. Arvadının süd əmizdirdiyi uşaqlar. Burada arvadının əvvəlki əri ilə evli ikən əmizdirdiyi uşalar nəzərdə tutulur. Ancaq burada sadəcə nikah yetərli deyil. Haram olması üçün zifafın da olması şərtdir. (Müqayisə üçün baxın: evlilik bağı 4-cü maddə)
  7. Süd ata və babanın süd ana və süd nənə olmayan digər arvadları
  8. Süddən olan fürunun arvadları

İbn Abbas belə nəql edir: Allah Rəsuluna (s.ə.s) əmisi Həmzənin qızı ilə evlənməyi təklif etdilər. Rəsulullah (s.ə.s): “O mənə halal deyil. Çünki o mənim süd qardaşımın qızıdır. Doğumdan haram olan, süd ilə də haramdır”, – buyurdu”.[2] Bu hökmə əsasən bir qadından süd əmən qadına süd atası, süd əmisi, süd dayısı, süd qardaşı və süd qardaşının oğlu ilə evlənmək haramdır.

İslam hüquqçularına görə, süd qohumluğunun əmələ gəlməsi üçün uşaq iki yaşına qədərə öz anasından başqa bir qadından süd əmməlidir. Əmmənin az və çox olması şərt deyildir. Ancaq imam Şafeiyə görə, süd qohumluğunun əmələ gəlməsi üçün müəyyən aralıqlarla beş dəfə doydurucu əmmə şərtdir.

İki yaşından sonra əmmə hadisəsi baş versə, hətta süd gəlsə belə süd qohumluğu əmələ gəlmir.

Qeyd etmək lazımdır ki, süd qohumluğu ancaq başqa qadından süd əmən şəxs üçün keçərlidir. Həmin şəxsin qardaş və bacıları əgər süd əmdiyi qadından süd əmməyiblərsə onlar onun süd bacı və qardaşı və digər qohumları ilə evlənə bilərlər. Evlənmə qadağası yalnız həmin şəxsə aiddir.

Nikahı müvəqqəti haram olanlar

Nikahı müvəqqəti haram olanları belə sıralaya bilərik:

  1. İki qohumla eyni anda evli olmaq. İslam hüququna görə, kişi eyni anda maksimum dörd qadınla evli ola bilər.[3] Ancaq iki qohumla eyni anda evi ola bilməz. “Nisa” surəsinin 22-ci ayəsinı əsasən iki bacı ilə eyni anda evli olmaq qadağandır. Allah Rəsulu (s.ə.s) buna qiyas edərək qadının bibi və xalası ilə də eyni anda evli olmağı qadağan etmişdir. Allah Rəsulu (s.ə.s) bunu qadağan edərkən də belə izah vermişdir: “Əgər siz bir qadınla bibisini və ya xalasını eyni vaxtda nikahlasanız sileyi-rəhmi kəsmiş olarsınız”.[4]

İsa ibn Talha belə nəql edir: “Rəsulullah (s.ə.s) sileyi-rəhmin kəsilməsindən qorxaraq qadının yaxın qohumları ilə birlikdə eyni kişinin nikahında olmasını qadağan etdi.” [5] Bir qadının bibisi və xalası ilə eyni vaxtda nikahlamağın  qadağan olmasının hikməti budur ki, bu cür nikah ailə həyatına zərər verir. İstər-istəməz arada yaranan mübahisəli məsələlər qohum-əqrəba arasında düşmənçiliyə səbəb olur.

Həmçinin bir qadını, həmin qadının oğlunun qızı ilə və ya qızının qızı ilə də eyni vaxtda nikahlamaq haramdır.

  1. Kişi üç talaqla boşadığı arvadı ilə həmin qadın başqası ilə evlənib əri vəfat etmədiyi və boşamadığı müddətcə evlənə bilməz.
  2. Evli qadınla evlənmək də müvəqqəti evlilik maneəsidir. Qan, evlilik, süd qohumluğu olmayan başqası ilə evli qadınla əri həmin qadını boşamadığı və əri vəfat etmədiyi təqdirdə evlənmək olmaz. Həmin qadınla boşanma və vəfat baş verərsə iddət müddəti tamamlandıqdan sonra evlənmək olar. Əks təqdirdə evli qadına evlənmək təklif etmək və evlənmək haramdır. Bağlanmış nikah batildir.

Qadağalara rəğmən bağlanmış nikahın hökmü

Dinimizə görə, evlənilməsi əbədi və müvəqqəti haram olan şəxslərlə bağlanan nikah batildir. Bilmədən evlənmiş şəxslər bunu öyrəndikdə dərhal şəri qaydalara görə ayrılmalıdırlar.

Yuxarıda qeyd edilməyən hallar

İslama görə, övladlığa götürülmüş şəxslər götürən şəxsin həqiqi övladı sayılmır. Ayədəki “öz belinizdən” ifadəsi ilə həqiqi oğullar nəzərdə tutulur. Buna görə də, övladlığa götürülən şəxs qan, evlilik və süd qohumluğu ilə haram deyilsə evlənə bilər. Həmçinin kişi övladlığa götürdüyü oğlunun boşadığı və ya dul qalan xanımı ilə evlənə  bilər.[6]

El arşında yayılmış kirvəlik də heç bir qohumluq bağı yaratmır. Kişi kirvəsinin qızı, bacı və s. qohumları ilə evlənə bilər.

Eləcə də el arasında adət-ənənə olan “beşik kəsmə” adəti də evlilik məcburiyyəti gətirmir. Ailə böyükləri öz aralarında daha öncədən razılaşmış olsalar da uşaqlar evlilik yaşına çatdıqda özləri müstəqil qərar verə bilərlər.

Mövcud qanunvericiliyin tələbləri

Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.

Ailə məcəlləsinin 10-cu maddəsinə əsasən  Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunmuşdur. Bu maddənin ikinci bəndinə əsasən  üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Ailə məcəlləsinin 12-ci maddəsində isə nikahın bağlanmasına mane olan hallar bildirilmişdir. Həmin maddəyə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar; övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Ailə məcəlləsində birinci dərəcədən qan bağı ilə qohum olan şəxslərlə evlənmək qadağandır. Ancaq burada əmi, dayı, xala və bibi qeyd olunmamışdır. Adət-ənənədə bu nəzərə alınır. Ancaq istisna da olsa bəzən bu qəbil evliliklərə rast gəlmək mümkündür. Dinimizə görə, bu cür evlilik qadağandır.

Son illərdə xüsusən ataların cavanlıq illərində buraxdıqları “səhv”lər ucbatından dünyaya gələn uşaqların evliliklərinə şahid oluruq. Bəzən isə uşaq yaşlarında oğlanla qızın eyni qadından süd əmdiyi sonradan ortaya çıxır.

Bütün bu hallarda, yəni evlənməsi haram olan şəxslə ailə quranlar bunu öyrəndikdə dinimizə görə boşanmalıdırlar. Hər iki tərəfə bunu imtahan olaraq qəbul etməli və dinin hökmünə əməl etməlidir.

İslam hüququnda bu mövzunun belə geniş izahı ailənin təməllərini sağlam əsaslar üzərində qurmaq üçündür. Buna görə də evlənməyi düşünən şəxslər həyat yoldaşı seçməzdən əvvəl mütləq ailə böyükləri ilə məsləhətləşməlidir. Ailə böyükləri də “cavanlıq səhvi” etmiş olsalar da həqiqəti gizlətməməyə çalışmalıdır. Bunlar Allah-Təalanın buyruqları və ailə yuvası üçün dinin ortaya qoyduğu sərhədlərdir. Allahın təyin etdiyi şeydə hər zaman xeyir vardır.

 [1] Buxari/2502, Müslim/1444

[2] Buxari/2503, Müslim/l/447

[3] Nisa surəsi, 4/

[4] İbn Hibban

[5] Şövqani, Neylul-övtar, VI/157; Əbu Davud, əl-Mərasil: Büyük Şafii İlmihali / Mustafa El-Buğa / Mustafa El-Hin / Ali Eş-Şerbeci

[6] Əhzab 4 və 37




Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.


Şərh yaz