Mənəviyyata Açılan Pəncərə

Kin və qəzəbdən xilas olmaq

 Kin intiqam almaq üçün fürsət axtarmaq, qisas hissi ilə dolub-daşmaq deməkdir. Müxtəlif səbəblərdən kinlə kirlənən insan qəlbinin qaraldığını, ağıl və fikir mexanizminin intiqamdan başqa bir şey düşünmədiyini hiss edir. İntiqam hissi onun səmimi sevgi və həqiqi imanla Haqq Təalaya qulluq etməsinə də mane olur. Qəlbin kin və nifrətdən arınması qəlb və ağılın, cism və ruhun ahəng içində işləməsini, başqa sözlə, psixoloji müvazinəti təmin edir. Kin və qəzəbinə hakim olan bir fərd cəmiyyət üçün faydalı olma və yaxşılıq duyğusunun necə dərinləşdiyini müşahidə edər.

Haqq Təala kin və nifrətin insanları ədalətsizliyə təhrik edən potensial təhlükə olduğunu bildirərək bəyan edir ki, bu hisdən lüzumsuz istifadə, xüsusilə, cəmiyyətə qarşı ədalətsizlik vasitəsinə  çevrilə bilər. Eyni zamanda ədaləti həyata keçirmək üçün kin və nifrət hissinə qalib gəlmək lazımdır ki, bu da ciddi səy və cəhd tələb edir:

“Ey iman edənlər! Allah qarşısında var gücünüzlə və bütün işlərinizdə ədaləti gerçəkləşdirin və ədalət nümunəsi şahidləri olun! Bir camaata qarşı içinizdə bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun, bu, təqvaya daha yaxındır. Allahdan qorxun Allah elədiyiniz hər şeydən xəbərdardır.” (Maidə, 5/8)

Hər cür kin və nifrət zehni narahat edər, vücudu xəstə salar. Səmimi qəlbdən əfv etmədən şəfa tapmaq çətindir. Nifrət, qəzəb, kin, tənqid, hiddət və qisas arzusu, başqalarının əziyyətini görmə istəyi kimi mənfi hislər insanın zehin dünyasını kirlədər, canı haldan salar və sağlamlığa mənfi təsir göstərər.

Yardımlaşma duyğu və düşüncəsinin təravətini qorumaq, insanların köməyinə qaçmaq və “mən” mərkəzli bir həyatı tərk edib başqalarını düşünmə – diyərqəmlik şüuruna yiyələnməyə çalışmaq hiddətin qarşısını alan əsas məziyyətlərdir. Allah-Təala belə buyurur: “Allahdan qorxanlar (müttəqilər) bolluqda da, darlıqda da Allah yolunda verər, hirslənəndə qəzəbini udar, insanların qüsurlarını bağışlayarlar. Allah da belə yaxşı davrananları sevər.” (Ali-İmran, 3/134)

İnsan yaradılış etibarı ilə yaxşılıq və pislik arasında vargəl edir. Buna görə də yaxşılığı Allahdan, pisliyi isə nəfsindən bilməlidir. Bu yaxşılıq və pislik arasında gedib-gələn insan təbiətini pis, çirkin işlərdən çəkindirməklə, xüsusilə də, böyük günahlardan qaçmaqla təmiz, duru və büllur kimi saxlamalıdır. Bütün bunlar da qəzəbə və hiddətə hakim olmaqda mühüm rol oynayır. “Onlar elə kimsələrdir ki, böyük günahlardan və pis əməllərdən çəkinər, hiddətlənəndə qəzəblərini udar, qarşıdakının qüsurlarını bağışlayarlar (Şura, 42/37)” ayəsi bu həqiqətə işarə edir.

Həmçinin insanın həm özü, həm də özündən əvvəlkilər üçün əfv diləməsi, qəlbində inananlara qarşı kin və nifrət toxumlarının cücərməməsini Allahdan istəməsi, bu duasının qəbulunu gözləməsi kin və nifrətdən arınmasına vəsilə olur: “Onlardan sonra gələnlər (başda mühacirlər olmaqla qiyamətə qədər gələcək möminlər): “Ey Kərim Rəbbimiz, bizi və bizdən əvvəlki mömin bacı-qardaşımızı bağışla! Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə! Duamızı qəbul et, ya Rəbb, çünki Sən Raufsan, Rahimsən!” (Həşr, 59/10)

Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) həyatında kin və nifrət hislərinə hakim olmağa dair gözəl nümunələr vardır.  İndi də bu nümunələrdən bəzilərinə nəzər yetirək.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Ənəs ibn Malikə ruhunda meydana gəlmə ehtimalı olan nifrət kirlərini təmizləməyi, pislik edənləri bağışlamağı, kin və nifrət qalıqlarından arınmağı əmr edir.

Hz. Ənəs (radiyallahu anh) Rəsulullahın (sallallahu əleyhi və səlləm) ona belə dediyini rəvayət edir: “Övladım! Heç kəsə kin və düşmənçilik bəsləmədən yat, qalx! İmkanın varsa bunu et! Övladım, bu, mənim sünnətimdir. Kim mənim sünnətimə əməl edərsə, həqiqətən, məni sevmiş olar. Məni sevən də mənimlə bir­likdə cənnətdə olar.”[1] Demək ki, qəlbini qısqanclıq, kin və düşmənçilik hissindən təmizləyənlər cənnətdə  Allahın Rəsulu (sallallahu əleyhi və səlləm) ilə birlikdə olacaq.

Kin, öfkə qəlbin intiqam hissi ilə hərəkətə gəlməsidir. Bəzi insanlar hər şeyə hiddətlənir, hirslənir, hirsli, sərt və amansız olurlar. Bəziləri də tez əsəbiləşsələr də, hirsləri tez soyuyur. Buna görə də Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) qəzəblənmə və hirsin soyuması baxımından insanları üç qrupa bölmüş və hansının daha fəzilətli olduğunu bizə göstərmişdir. Həm də burdan aydın­ olur ki, hirslənəndə dəstəmaz almaq və ya torpağa təmas etmək qəzəb hisini soyudur. Əbu Səid əl-Xudrinin nəql etdiyi bir rəvayətdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurur:

“Xəbəriniz olsun, bəziləri gec hirslənir, hirsi tez soyuyur, bəziləri də tez hirslənir, tez sakitləşir. Belələri bir-birini tarazlayır. Elələri də var ki, tez qəzəblənir, ancaq hirsi gec soyuyur. Bilin ki, bunların ən xeyirlisi gec hirslənib tez sakitləşəndir. Ən şərlisi isə tez hirslənən, ancaq hirsi gec soyuyandır… Bilin ki, qəzəb insanın qəlbində bir qordur. Gözlərin qızarmasını, ovurdların şişməsini görmürsünüz? Kim qəzəblənməyə başladığını hiss edərsə, yerə (torpağa) təmas etsin…”[2]

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) qəzəbinə qalib gələnləri həqiqi pəhləvana bənzətmişdir. İbn Məsuddan: Rəsulullah (sallallahu əleyhi və səlləm) bir gün: “Siz aranızda kimi pəhləvan sayırsınız?” deyə soruşdu. Əshab (radiyallahu anh): “Heç kimə yıxılmayan, məğlub olmayan adamı!” dedilər. Rəsulullah (sallallahu əleyhi və səlləm): “Xeyr” – dedi,  –  əsl pəhləvan güləşdə rəqiblərini məğlub edən deyil, əsəbiləşdiyi zaman nəfsinə hakim olandır”[3].

Hirsi soyutmaqda torpağa təmas kimi suya təmas da faydalıdır. Əbu Vail nəql edir:

“Urvə ibn Məhəmməd əs-Sədinin yanına gəldik. Bir şəxs söhbət əsnasında Urvəni hirsləndirdi. Urvə gedib dəstəmaz aldı və dedi: Atam demişdi ki, babam Atiyə (radiyallahu anh) Rəsulullahın (sallallahu əleyhi və səlləm) belə söylədiyini rəvayət edirmiş: “Qəzəb şeytandandır, şeytan da oddan yaradılmışdır, odu isə su ilə söndürərlər. Elə isə hislənəndə dərhal durub dəstəmaz alın.”[4]

Həmçinin hirslənəndə ayaq üstəyiksə, oturmaqla hirsimizi yatıra bilərik. Bu davranış nəticə etibarı ilə torpağa təmas etməyə bənzəyir. Əbu Zərdən (radiyallahu anh): Rəsulullah (sallallahu əleyhi və səlləm) bizə buyurmuşdur ki, kim ayaq üstə olanda hirslənsə, tez otursun. Hirsi soyusa lap yaxşı, soyumasa yan tərəfə yaslansın.[5]

Bura qədər hirsi soyutmaq üçün əməli üsullardan bəhs etdik. Məsələnin digər tərəfi isə qəzəblənən şəxsin Allaha (cəllə cəlaluhu) sığınmasıdır. Muaz ibn Cəbəldən (radiyallahu anh): İki nəfər Allah Rəsulunun hüzurunda bir-birini təhqir etdi. Hətta birinin o birinə qarşı kini üzündən hiss olunurdu. Rəsulullah (sallallahu əleyhi və səlləm): “Mən bir söz bilirəm, əgər onu söyləsə, qəzəbi soyuyacaq. Həmin söz “Əuzu billəhi minəşşeytanirracim”dir!” – buyurdu.[6]

Əbu Hureyrədən (radiyallahu anh): Bir nəfər: “Ey Allahın Rəsulu! Mənə elə bir qısa nəsihət ver ki, heç vaxt  unutmayım” – demiş və bunu bir neçə dəfə təkrar etmişdi. Rəsulullah (bir sözlə): “Qə­zəb­lənmə!” cavabını vermişdi.[7]

Qəzəblənən insan saf və təmiz niyyətlə verilən nəsihətləri diq­qətlə dinləməli, gözəl və doğru tövsiyələri qəzəb ucbatından eşitməməzliyə vurmamalıdır. İbn Abbas (radiyallahu anh) nəql edir:

“Uyeynə  ibn Xısn mədinəyə gələndə qardaşı oğlu Hürr ibn Qeysin yanına getdi. Hürr ibn Qeys (radiyallahu anh) Həzrəti Ömə­rin (radiyallahu anh) yaxınlarından idi. Həzrəti Ömərin (radiyallahu anh) məclisində yaşlı və ya gənc qurra[8] və fəqihlərdən[9] ibarət müşavirə heyəti olurdu.

Uyeynə ibn Xısn (radiyallahu anh) İbn Qeysə (radiyallahu anh): “Ey qardaşım oğlu! Əmirəl-mömininin hüzuruna çıxmaq üçün ondan mənə icazə al!” – dedi. O da Həzrəti Ömərdən (radiyallahu anh) icazə istədi. Ancaq İbn Xısn Həzrəti Ömərin (radiyallahu anh) yanına girən kimi: “Bəsdir, ey İbn Xəttab! Sən bizə kifayət qədər vermədiyin kimi aramızda ədalətlə də hökm etmirsən!” – dedi. Həzrəti Ömər (radiyallahu anh) çox qəzəbləndi. Az qala onun üçün üstünə yeriyirdi ki, Hürr (radiyallahu anh) araya girib: “Ey Əmirəl-möminin, Allah-Təala Rəsuluna: “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (Əraf, 7/199) əmr etmişdir. Bu adam da cahillərdən biridir” – dedi. Vallah, Hürr (radiyallahu anh) bu ayəni oxuyan kimi Həzrəti Ömər (radiyallahu anh) yerində dayandı və heç bir şey eləmədi. Həzrəti Ömər (radiyallahu anh) Qurani-Kərim ayələri oxunanda dərhal dayanar, qəzəbi soyuyardı.[10]

İnsan qəzəb hissindən boğulanda düzgün qərarlar da verə bilmir. Bu cür hallarla əlaqədar qadağa da vardır. Həzrəti Əbu Bəkir (radiyallahu anh) Sicistanda qazılıq edən oğlu Abdullaha yazmışdı: “Qəzəbli olanda iki şəxs arasında hökm vermə! Çünki mən Rə­sulullahın (sallallahu əleyhi və səlləm) belə dediyini eşitdim: “Heç kim qəzəbli ola-ola iki şəxs arasında hökm verməsin.”[11]

İbn Abbas (radiyallahu anh): “Yaxşılıqla pislik eyni ola bilməz! Ona görə də sən pisliyi yaxşılıqla, gözəlliklə dəf et! Bir də görərsən ki,  aranızda düşmənçilik olan şəxs yaxın dosta dönüb! Bu (pisliyə yax­şılıqla cavab vermə xüsusiyyəti) yalnız səbir edənlərə verilir və yalnız bö­yük qismət (savab, fəzilət) sahiblərinə əta olunur! (Fussilət, 41/34-35) ayəsini belə izah etmişdir: “Ayədə keçən “yaxşılıqla, gözəlliklə dəf et” əmr ilə qəzəbli olanda səbir etmək, pisliyə məruz qalanda isə bağışlamaq nəzərdə tutulur. İnsanlar bunları edəndə Allah onları qoruyur, düşmənləri də onların qarşısında (hörmətdən) əyilir, sə­mimi dost olurlar.”[12]


[1]. Tirmizi, Elm 16.

[2]. Tirmizi, Fitən 26, (2191).

 [3]. Buxari,  Ədəb 3, (4779).

 [4]. Əbu Davud, Ədəb 4, (4784).

 [5]. Əbu Davud, Ədəb 4, (4782).

 [6]. Tirmizi, Daavat 53, (3448); Əbu Davud, Ədəb 4, (4780).

 [7]. Buxari, Ədəb 76; Tirmizi, Birr 73, (2021); Muvatta, Hüsnül-Xulq 11, (2, 906).

 [8]. Quranı üsul və təcvidinə uyğun oxuyanlar

 [9]259. Din, şəriət elminin alimləri

 [10]. Buxari, İtisam 2, Təfsir, Əraf, 5.

 [11]. Buxari, Əhkam 13; Müslim, Əqdiyə 16, (1717); Tirmizi, Əhkam 7, (1334); Əbu Davud, Əqdiyə 9, (3589); Nəsayi, Qudat 17, (8, 337, 238).

 [12]. Buxari, Təfsir, Ha-mim, əs-Səcdə (Fussilət) 1.

 

Exit mobile version