Vəhy kəlmə olaraq, “eyham etmək, pıçıldamaq, işarə etmək, ilham və təlqin etmək, ardıcıl və gizli bir şəkildə bildirmək”, kimi mənalara gəlir. Bir termin olaraq isə, vəhy “Uca Allahın bildirmək istədiyi hidayət və buyruqlarını elçi olaraq seçdiyi qullarına birbaşa və ya bir mələk vasitəsi ilə ənənəvi olmayan gizli bir yolla bildirməsidir.” Vəhyin mahiyyətini bilmək və qavramaq o halı yaşamayan biz insanlar üçün qeyri-mümkündür. Beləliklə biz, -bəşər baxımından- vəhyin məqbul və zəruri olduğunu qəbul edir, necəliyi və mahiyyəti ilə maraqlanmarıq. Vəhyin nazil olma şəkillərini də peyğəmbərlərin xaricində heç bir insan idrak edə bilməyəcəyi üçün bunu əqli mühakimə ilə deyil, ancaq onların bildirməsi ilə öyrənə bilərik. Quranda vəhyin üç növündən bəhs edilir: “Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və röya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər…” (Şura surəsi, 42/51.) İslam Dinində vəhy ayədə bildirildiyi üzrə bu üç xüsusdan birinə yönəlik olaraq reallaşmışdır: 1. Cənabi-Allahın ilahi xəbəri birbaşa peyğəmbərin qəlbinə qoyması ilə (ilqa) 2. Peyğəmbərlərin hiss və qulaq kimi batini və zahiri qəbuledicilərinə əmr və istəklərini eşitdirməklə. 3. Müəyyən bir şəkil və surətə bürünmüş vəhy gətirməklə vəzifələndirilən bir mələyin elçi olaraq göndərilməsi ilə. Cənabi-Haqq əmr və xəbərlərini fövqəladə fitrətlə yaradılmış insanlar olan peyğəmbərani-izama (böyük peyğəmbərlər), bu üç yoldan biri ilə eşitdirmiş və əksəriyyət etibarilə bu mövzuda bir mələk işlədərək öz sistemini insanlara təlim buyurmuşdur. Quran və Səhih Sünnət ilə vəhy mələyinin Cəbrail olduğunu bildirmişdirlər. Peyğəmbərlər vəhyi alma əsnasında şüurlu halda olurlar. Özlərini və şüurlarını itirmir, əksinə şüurları artaraq ən yüksək səviyyəyə çatır. Peyğəmbərlərlə əlaqəli bu vəziyyətə, -Peyğəmbər Əfəndimizin (sallallahu əleyhi və səlləm) zatında- Allah belə diqqət çəkir: “… (Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!) Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!” (Qiyamə surəsi, 75/16-19. ) Bu ayə vəhy əsnasında bir peyğəmbərin bütün diqqət və şüurunu mühafizə etdiyini göstərir.