مِنْ حُسْنِ إِسْلاَمِ الْمَرْءِ تَرْكُهُ مَا لاَ يَعْنِيهِ
“Müsəlmanın lüzumsuz işləri tərk etməsi onun müsəlmanlığının gözəlliyindəndir…” [1]
Hədisdə İslamda ehsan[2] və itqan[3] sirrinin – mənəvi məqamlarının açarından bəhs edilir. Hədisi belə anlamaq olar: “həm əməllərində mükəmməl və qüsursuz səviyyəyə, həm də imanında ehsan sirrinin təmsilçisi məqamına çatmış bir mömin mütləq lüzumsuz işləri tərk etməlidir, tərk edər də…”
Daxildəki ciddiyyət xaricə əks olunar
Qeyri-ciddi və laübalı insanların ibadətlərində də ciddiyyət görmək çətindir. Belə bir insan namaz qılanda ciddi görünsə də, daxili aləmində, qəlb və vicdanında ciddiyyət fəzilətinə yiyələnməmişsə, ulduz kimi görünmə həvəsinə düşmüş bir işılda böcəkdən fərqi yoxdur. Uzun müddət də ciddi görünməsi mümkün deyildir. Xarakter gizlənə bilməz. Hər insan gec-tez xarakterini, əsl simasını mütləq ortaya qoyar. Ancaq ciddiyyət bir kimsədə xarakterə çevrilmişsə, bu, başqa məsələ. İnsan daim öz üzərində işləməklə, çalışmaqla ciddiliyi fitrət halına gətirməlidir. Məhz belə bir çalışma və təmrinlə “olma”nın, “görünmə”nin qarşısını alar. Bir sərçə özünü uzun müddət tovuz quşu kimi göstərə bilməz. İnsan həm şüurlu və həm də zehin altında formalaşan təsəvvürlərinin övladıdır. Onlardan qaçıb qurtula bilməz.
Məsələni bu şəkildə xülasə edə bilərik: batində (içdə) ehsan olmalıdır ki, zahirdə itqan olsun! Zahir daima batindən güc almalı, ondan qidalanmalıdır. Daxili aləm ciddi olmalıdır ki, hal, hərəkət, söz və əməllərə də sirayət etsin.
Həzrət Ömər xilafət məqamına tövsiyə edilən böyük bir səhabə haqda belə demişdi: “… o adam hər cəhətdən xilafətə layiqdir. Ancaq zarafatı bir az çoxdur. Halbuki xilafət məsələsi bütünlüklə ciddiyyət tələb edir”.[4]
İnsanları idarə edən xəlifəlik ciddiyyət tələb edirsə, yer üzündə Allahın təmsilçisi – xəlifəsi olmaq ciddiyyət tələb etmirmi?
Allaha boynu bükülü bir bəndə olmaqda lazımi ciddiyyəti əldə etməmiş bir insan digər məsələlərdə necə ciddi ola bilər?
Ehsan şüuru və ciddiyyət
Hədisin başında gələn “min” şəkilçisi “hasr” mənasını ifadə edir, yəni bir xüsusa nəzər yetirməmizi istəyir, bizlərə ehsan şüurunu əldə etmək üçün yol göstərir. O yol da laübalılığı tərk etməkdir. Bir insan qeyri-ciddilikdən, laübalılıqdan uzaqlaşmadıqca ehsan şüurunu əldə edə bilməz.
“Cibril hədisi” kimi tanınan məşhur hədisdə Ehsan mərtəbəsi ən yüksək mərhələ kimi vurğulanır. Allah Rəsulunun (s.a.s.) hüzuruna gələn Cəbrail (a.s.) əvvəlcə iman, sonra İslam haqqında sual verir və aldığı cavabları təsdiq etdikdən sonra:
“İhsan nədir?” – deyə soruşur. Allah Rəsulu da Ona: اَلْإِحْسَانُ أَنْ تَعْبُدَ اللّٰهَ كَأَنَّكَ تَرَاهُ فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ “İhsan Allaha, Onu görürmüş kimi qulluq etməkdir. Sən Onu görməsən də, O, səni görür”[5] – deyə cavab verir.
Bu mərtəbəyə çatmaq ancaq mükəmməl təqva, zühd və vəlayətlə mümkündür. İnsan əvvəlcə o məqamı bir ideal və məqsəd seçməli, sonra da o məqama aparan yolları bir-bir aşmağa çalışmalıdır.
Allah insana şah damarından daha yaxındır. Bir şairin dediyi kimi, insan Onu çöldə-biyabanda axtardığı halda, O, can içində candır. “Mən çöldə axtararkən Onu, O, can içində can imiş”. Bir başqa şairimiz də belə deyir:
Mavəradan[6] gözləyərkən bir xəbər,
Pərdə qalxdı, elə gördüm mən məni.
Bəli, insan bütün varlığı ilə İlahinin qüdrət əlindədir və hər şey Onun təcəllilərindən ibarətdir. Onu kənarda aramaq özünü bihudə yormaqdır. Çünki Allah, insana onun özündən yaxındır, bu sirrin, düşüncənin kamilləşməsi də Ehsandır.[7]
Hər işdə itqan
İnsanın vicdanını belə bir ehsan şüuru saranda davranışlarında da itqan ruhu hakim olur. Elə Allah-Təala da işin kamil, mükəmməl görülməsini istəyir və kamil işi sevir.
Allah Quranda belə buyurur:
وَقُلِ اعْمَلُوا فَسَيَرَى اللّٰهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ وَسَتُرَدُّونَ إِلَى عَالِمِ الْغَيْبِ
وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ
“De: İstədiyinizi edin. Allah (c.c.), Onun Peyğəmbəri və möminlər etdiklərinizi görəcək. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!” [8]
Yəni bütün əməllər Allahın, Rəsulunun və vicdanları hüşyar (oyaq) möminlərin təftişindən keçəcək. Ona görə də, insan hər əməlində bu təftişi nəzərə almalıdır ki, əməllərinə görə utanmasın. Bu da əməlin mükəmməl icrasını zərurətə çevirir. Belə bir əmələ müvəffəq olmaq da ancaq mənən, daxilən “ehsan” məqamına çatmaqla mümkündür. İnsan daxilən nə qədər dərinləşə bilsə, davranışları da o qədər mükəmməl olar və qeyri-ciddiliyə yol verməz. Beləcə İslamın gözəlliklərini duyar, başqa sözlə, gözəl olan İslamı yaşayar, gözəl olan İslamiyyətin gözəlliyinə layiq mükəmməllik zirvəsinə ucalar.
“Malayani” lüzumsuz, mənasız və faydasız “iş”lərlə məşğul olmaq deməkdir. Belə ki, bu cür məşğuliyyətlərin nə insanın özünə, nə ailəsinə, nə də millətinə bir faydası var. Məhz İslamiyyətin gözəlliklərini görən, duyan, dərk edib yaşayan bir insan eyni zamanda qeyri-ciddilikdən də uzaqlaşar. Bu hədis həm də insana nə etməyi, necə davranmağı da öyrədir. İnsan daima ülvi və yüksək işlər görməli, gördüyü hər iş də ya birbaşa, ya da dolayısilə, həm özünə, həm ailəsinə, həm də cəmiyyətə faydalı olmalıdır. Sadalananlar ciddi insana xas keyfiyyətlərdir…
“Malayanilik”lə (insana fayda verməyən məşğuliyyət) məşğul olan bir insan özünə lazım olacaq işlərə heç baş qoşmaz. Vaxtını lüzumsuz iş və fikirlərə sərf edər, özü üçün zəruri olan məsələlərlə məşğul olmağa vaxtı qalmaz…
Öz yolunu tapa bilməyən insanın doğru bir iş görməsi qeyri-mümkündür. Lüzumsuz işlərdən başı açılmayan bir insanın dərin “məna”ları sezməsi, duyması, dərk etməsi heç mümkündürmü?! Bəli, bir insanın ki, qəlbi və zehni yararsız, mənasız şeylərlə doludur, ondan ülvi və gözəl əməllər gözləmək əbəsdir!
[1] Tirmizi, “Zühd” 11; İbn Macə, “Fitən” 12.
[2] Allahı görürmüş kimi ibadət etmək
[3] Həqiqətə dərindən vaqif olmaq, dəlillərlə bilmək, inanmaq
[4] Təbəri, “Tarixül-üməm vəl-müluk”, 2/581; İbn Əsakir, “Tarix-i Diməşq”, 44/438, 45/453; İbnül-Əsir, “Ən-nihayə fi qaribil-hadis”, 2/118.
[5] Buxari, “İman” 37; Müslim, “İman” 1-7. (Bu hadisə irəlidə qısaca təmas edəcəyik.)
[6] Hatifdən, qeybdən
[7] And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur!) “Qaf” surəsi, 16
[8] “Tövbə” surəsi, 9/105.