Sual: Almaq üçün yoxladığınız mala zərər dəysə bunu kim ödəməlidir?
Cavab: Bu mövzu günümüzün aktual məsələlərindən biridir. Məsələn, mağazaya girirsən, çini qaba baxırsan (ki, xoşuna gəlsə, alasan). Ancaq elə olur ki, qab nəyəsə toxunur, ya da başqa bir səbəbə görə sınır. Təbii ki, bu vaxt zərərin kim tərəfindən ödənilməsi məsələsi ortaya çıxır. Belə bir hadisə Həzrəti Ömərin (r.a.) də başına gəlmişdi. O, almaq üçün bir at bəyənir, üstəlik qiymətini də razılaşır, qalır atı çapıb necə qaçdığını yoxlamaq. Həzrəti Ömər yanındakı adamlarından birinə atı çapıb yoxlamağı tapşırır. Ancaq iş elə gətirir ki, qaçarkən atın ayağı bir çuxura düşüb sınır. Hər şey razılaşdırılıb, ancaq mal artıq o mal deyil. At sahibi haqqını istəyir. Həzrəti Ömər isə ədalətli qərar çıxarmaq üçün dövrün tanınmış alimi Qazı Şüreyhə müraciət etməyi məsləhət görür. Razılaşdıqdan sonra qazı belə bir hökm çıxarır: atı minib çapmaq, yoxlamaq, sahibinin icazəsi ilə olmuşsa, zərər atın sahibinə aiddir. Yox, əgər atın sahibinin icazəsi olmadan çaparkən ayağı sınmışsa, onda alan adam zərəri ödəməlidir. Təxminən elə çini qab məsələsi də bu cür həll olunmalıdır. Yəni, sən satıcıdan xəbərsiz götürüb yoxladığın halda qab sınmışsa, cəriməni sən ödəməlisən. Yox, əgər satıcının icazəsi ilə onun gözü qarşısında baxarkən sınmışsa (və burada sənin heç bir təqsirin yoxdursa), cərimə mal sahibinə aiddir…