1. 989 dəfə oxunub ,   0 şərh   Çap et

Bir qoyun sürüsünə hücum edən ac qurdun sürüyə vurduğu ziyan mala və vəzifəyə həris bir adamın dininə vurduğu zərərdən çox deyil”.

(Tirmizi, Zühd, 43; Darimi, II, 394; Əhməd ibn Hənbəl, Müsnəd, III, 456, 460, VIII, 24)

Həqiqətə çatmaq, xeyir və haqq yolunda sabitqədəm olmaq üçün verilən sonsuz istək və hərislik duyğusunu (əzm) müsbət işlərə yönəldəndə xeyrə, mənfi yöndə işlədəndə zərərə səbəb olur. Həris insanların dinə vurduğu zərər onsuz da təbiətən həris ac qurdun sürüyə vurduğu ziyandan daha böyükdür. Çünki mal-mülk, sərvət kimi fani vəzifə məqamlara məftun olan həris insan “məqsəd”inə çatmaq üçün halal-haram demədən bütün yollara əl atır. Bu dərəcədə hərislik atəşi ilə qovurulan bir şəxs, təəssüf ki, mənəvi və əxlaqi dəyərlərə əhəmiyyət verməz, nəfsinin istədiyi kimi yaşayar, qabağına çıxanı da qamarlayar.

Peyğəmbərimiz (s.ə.s) insanın bu hərislik hissinə işarə edərək buyurur: “Bəşər övladı nə qədər yaşlansa da, maddiyyat hərisliyi onun içində canlı qalır” (Buxari, Riqaq, 5; Tirmizi, Zühd, 5),­ “İnsan övladının iki dərə dolusu malı olsa, üçüncüsünü də istəyər. Adəm oğlunun mədəsini torpaqdan başqa heç nə doldura bilməz. Ancaq Allah tövbə edənin tövbəsini qəbul edər”. (Buxari, Riqaq, 10; Müslim, Zəkat, 116-119)

Allah Rəsulunun hərislik mövzusundakı xəbərdarlıqları səhabələrə elə dərindən təsir etmişdi ki, bəziləri ““Təkasür” surəsi nazil olana qədər bu hədisi Quranın bir ayəsi zənn edirdik”, – söyləmişdi.

Bir İslam aliminin dediyi kimi, insanın dini həyatına ən böyük zərər verən xəstəliklərdən biri də hərislikdir. Hərislik məyusluq, xəstəlik və zillətə səbəb olduğundan  məhrumiyyət və səfalət gətirir. Hərisliyi ilə  tanınan və dünyadan bərk-bərk yapışan bəzi millətlərin zillət və səfaləti buna ən bariz və əyani nümunədir.

Həris insanların həmişə itirdiyini bildirən “Hədsiz hərislik edən istədiyini əldə edə bilməz və itirər” ərəb atalar sözü mövzunu çox yığcam ifadə edir. Sən malı hərisliklə deyil, göz-könül toxluğu ilə istə ki, bərəkətli olsun.

Dolanışıq sıxıntısı və ya çox qazanmaq hərisliyi ilə sərxoş olmuş bir ticarətçi – Allah qorusun – hərislik üzündən haram-halal deməyib hər malı qəbul edə və üxrəvi həyata lazım olan çox şeyi bu yolda itirə bilər. Hətta hərislik gözünü elə tutar ki, İslamın təməl əsaslarından biri olan zəkatı da verməyə bilər.

 Xüsusilə, ticarət həyatında mal hərisliyindən gözü heç nə görməyən bir insanın Allaha qulluq şüuru ilə hərəkət etməsi də çox çətindir. Tamahkarlıq insanı başqalarının əlində-ovcunda olana göz dikməyə, həsəd hissi ilə onların haqqını tapdalamağa da təhrik edə bilər.  Buna görə də Qurani-Kərimdə insanın dünya malına nə qədər həris olmasına işarə edilmiş[1], xüsusən, dünya və axirətə müvazi şəkildə hazırlıq görülməsi vurğulanmışdır[2].

Hərislik həm şükürsüzlük, nankorluq, həm məhrumiyyətin səbəbi, həm də zillətə vasitədir. Toplu halda yaşayan qarışqalar belə sanki hərisliklərinə görə ayaq altında qalır və əzilir. Çünki qarışqaya ildə bir neçə buğda dəni kifayət etsə də, buna qane olmaz, gücü çatsa, min dən toplayar. Digər tərəfdən, arılar isə sanki qənaət etdiyinə görə baş üstündə uçur. Qənaət etdiyinə görə balı ilahi əmrlə insanlara yedizdirir.

Hərislik və tamahkarlığın əksinə qənaət və gözütoxluq bitib-tükənməyən bir xəzinədir. O, Allahın verdiklərinə razı olmaq və əldə olanlarla kifayətlənməkdir. Qənaətkar və gözütox insan dün­yada rahat və bərəkətli ömür sürər. Tamahkarlıq və acgözlük isə xoşbəxtlik və hüzurun qapılarını bağlayar, insanı təlaşlı və stresli həyata sövq edər. Buna görə də Peyğəmbərimiz “Sərvətin çoxluğu deyil, gözün toxluğu və könlün  zənginliyidir varlı olmaq!” buyurmuşdur. (Buxari, Riqaq, 15; Müslim, Zəkat, 120; Tirmizi, Zühd, 40)

Burada incə bir məqama toxunmaq lazımdır. Allahın rizasına uyğun istifadə etmək və saleh əməllərə vəsilə olmaq niyyəti ilə çox qazanmaq düşüncəsi qəbahət sayılmır. Əsas odur, niyyətlərimiz xalis, gördüyümüz iş halal olsun. İnsanın xeyir işlər görmək və dini xidmətlərə sərf etmək niyyəti ilə çoxlu sərvət qazanmaq arzusu çirkin bir davranış deyil. Əsas məsələ pulu halal qazanmaq və haqsız rəqabət yollarına əl atıb başqalarının çörəyinə bais olmamaqdır.

Ata-babalarımızın iş və ticarət həyatında sərgilədiyi dürüstlüyü və qənaətkarlığı bu mənqibə ilə təsvir edib mövzunu  bitirək.

Fateh Sultan Mehmet bir gün ərzaq məhsullarının keyfiyyəti və bazarın vəziyyətini yoxlamaq niyyəti ilə qiyafətini dəyişib bazara çıxır. Bir dükana girir. Salam verdikdən sonra: “Yarım batman yağ, yarım batman pendir verin”, – deyir. Dükan sahibi yarım batman yağı çəkib hesabladıqdan sonra: “Ağam! Başqa istədiklərini də qarşıdakı qonşudan al. Çünki onun malı həm daha yaxşıdır, həm də hələ alış-veriş etməyib”, – deyir.

Sultan ikinci dükana da girib yarım batman bal alınca dükan sahibi ona: “Allaha şükür olsun, ağam, həm siftəmi etdim, həm də uşaqlarımın dolanışığını çıxardım. Bundan sonrası təmiz xeyirdir. Qonşum isə hələ də alış-veriş etməyib”, – deyir. Ticarətçilərin gözütoxluğuna heyran olan Sultan: “Millət bu əxlaqla dünyaları fəth edər. Bu millətin saf əxlaqına xələl gətirənləri Allah qəhr etsin”, – deyir.

[1] “Adiyat” surəsi, 100/8.

[2] “Qəsəs” surəsi, 28/77.



Açar sözləri

acgözlük mal hərislik

Şərh yaz