1. 777 dəfə oxunub ,   0 şərh   Çap et

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ سَلَّمَ:

مِنْ حُسْنِ اِسلَامِ الْمَرْءِ تَرْكُهُ مَا لَا يَعْنِيهِ

 “Müsəlmanın malayəniliyi tərk etməsi onun müsəlmalığının gözəlliyindəndir…”

(Tirmizi, Zühd, 11; İbn Mace, Fiten, 12)

Əlbəttə ki, yalnız belə bir tərcümə ilə Allah Rəsuluna aid­ hədisin dərinliyini anlamaq, bu qısa ifadənin əngin məzmununu qavramaq mümkün deyildir.

Hədisdə möminin İslamda ehsan[1] və itqan[2] şüuruna çatma sirrindan bəhs edilir. Yəni həm əməllərində mükəmməl və qüsursuz səviyyəyə, həm də imanında ehsan sirrini təmsil etmək məqamına çatmış bir mömin mütləq malayəniliyi tərk etməlidir, tərk edər də…

Qeyri-ciddi insanların ibadətlərində də ciddiyyət yoxdur. Belə bir insan, bəlkə, namaz qılarkən ciddi görünə bilər, ancaq daxili aləmində, qəlb və vicdanında ciddiyyətə nail ola bilməmişdirsə, o, sadəcə ulduz kimi görünmə həvəsinə düşmüş bir işıldaböcəkdir. Uzun müddət də belə görünməsi mümkün deyildir. Xarakter  gizlənə bilməz. Hər insan gec-tez xarakterini, əsl simasını mütləq ortaya qoyar. Ancaq ciddiyyət onda xarakterə çevrilmişdirsə, bu, başqa məsələ. İnsan daim öz üzərində işləməklə, çalışmaqla  xarakterini formalaşdıra bilər. Məhz belə bir çalışma və nəzarətlə “olma”nın, “görünmə”nin qarşısını alınar. Bir sərçə özünü uzun müddət tovuz quşu kimi göstərə, yəni başqasının yerişini yeriyə bilməz. İnsan şüurunun və şüuraltının övladıdır. Onlardan qaçıb qurtula bilməz.

Məsələni bu şəkildə xülasə edə bilərik: batində (içdə) ehsan olmalıdır ki, zahirdə itqan olsun! Zahir daima batindən dəstək almalıdır. Daxili aləm ciddi olmalıdır ki, hal, hərəkət, söz və əməllərə sirayət etsin.

Hz. Ömər xilafət məqamına tövsiyə edilən böyük bir səhabə haqda belə demişdi: “… o adam hər yönü ilə xilafətə layiqdir. Ancaq zarafatı bir az çoxdur. Halbuki xilafət məsələsi bütünlüklə ciddiyyət tələb edir”. (Şibli Numani; Bütün Yönleriyle Hz. Ömer ve Devlet İdaresi. 1/299)

İnsanları idarə edən xəlifəlik ciddiyyət tələb edirsə, yer üzündə Allahın xəlifəsi olmaq ciddiyyət tələb etmirmi? Allaha boynu boyunduruqlu bir qul olmaqda lazımi ciddiyyəti əldə etməmiş bir insan digər xüsuslarda necə ciddi ola bilər?

Hədisin başındakı “min” prefiksi[3]* “hasr”[4] ifadə edir. Bununla müsəlmana ehsan sirrinə çatmaq üçün yol göstərilir. O yol da laübaliliyi tərk etməkdir. Bir insan nə qədər ki qeyri-ciddilikdən, laübalilikdən uzaqlaşmayıb, ehsan şüurunu əldə edə bilməz.

Bir hədisdə ehsan mərtəbəsi ən yüksək mərhələ kimi nəzərdən keçirilir. Allah Rəsulunun hüzuruna gələn Cəbrail əvvəlcə iman, sonra İslam haqqında sual verir və Allah Rəsulunun verdiyi cavabları təsdiq etdikdən sonra: “Ehsan nədir?” – deyə soruşur. Allah Rəsulu da Ona: “Ehsan Allaha Onu görürmüş kimi qulluq etməkdir.  Sən Onu görməsən də, O, səni görür” – (Buhari, İman 37; Müslim, İman, 1)deyə cavab verir.

Bu mərtəbəyə çatmaq ancaq mükəmməl təqva, zühd və vəlayətlə mümkündür. İnsan əvvəlcə o məqama çatmağı bir ideal və məqsəd seçməli, sonra da o məqama aparan yolları bir-bir keçməlidir.

Allah insana şah damarından daha yaxındır. Bir şairin dediyi kimi, insan Onu çöldə-biyabanda axtardığı halda, O, can içində candır. “Mən çöldə axtrararkən O, can içində can imiş”. Bir başqa şairimiz də belə deyir:

Mavəradan[5] gözləyərkən bir xəbər,

Pərdə qalxdı, elə gördüm mən məni.

Bəli, insan hər şeyi ilə Onun qüdrət əlindədir və hər şey Onun təcəllilərindən ibarətdir. Onu kənarda aramaq özünü bihudə yormaqdır. Çünki O, insana insanın özündən yaxındır, bu sirrin, düşüncənin kamilləşməsi də ehsandır. İnsanın qəlbi belə bir ehsan şüurunu mənimsədikdə davranışlarına itqanruhu hakim olur. Elə Allah-Təala da işin kamil, mükəmməl görülməsini istəyir və kamil işi sevir.

O, Quranda belə buyurur: “De: (Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməlləri­ni­zi görəcək. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!” (“Tövbə” surəsi, 9/105).

Yəni bütün əməllər Allahın, Rəsulunun və vicdanları huşyar (oyaq) möminlərin təftişindən keçəcək. Ona görə də insan hər əməlində bu təftişi nəzərə almalıdır ki, əməlləri onu utandırmasın. Bu da əməlin mükəmməl icrasını zərurətə çevirir. Belə bir əmələ müvəffəq olmaq da ancaq mənən, daxilən “ehsan” məqamına çatmaqla mümkündür. İnsan daxilən nə qədər dərinləşə bilsə, davranışları da o qədər mükəmməl olar və qeyri-ciddiliyə yol verməz. Beləcə İslamın gözəlliklərini duyar, başqa sözlə, gözəl olan İslamı yaşayar, gözəl olan İslamiyyətin gözəlliyinə layiq mükəmməllik zirvəsində taxt qurar.

“Malayəni” lüzumsuz, mənasız və faydasız “iş”lərlə məşğul olmaq deməkdir. Belə ki, bu cür məşğuliyyətlərin nə insanın özünə, nə ailəsinə, nə də millətinə bir faydası var. Məhz İslamiyyətin gö­zəlliklərini görən, duyan, dərk edib yaşayan bir insan eyni zamanda qeyri-ciddilikdən də uzaqlaşar. Elə isə bu hədis eyni zamanda insana nə etməyi, necə davranmağı da öyrədir. İnsan daima ülvi və yüksək işlər görməli, gördüyü hər iş də ya birbaşa, ya da dolayısilə, həm özünə, həm ailəsinə, həm də cəmiyyətə faydalı olmalıdır. Bir mənada ciddi insana xas keyfiyyətlər bunlardır…

Sözün bu yerində hədisdə əksini tapan incə bir məsələyə də toxunaq: “Malayənilik”lə məşğul olan bir insan “özünə” baxmağa,  işlərinə nəzarət etməyə imkan tapmaz. Mütəmadi olaraq heç özünə aid olmayan iş və düşüncələrlə baş yoran bir insan özü üçün zəruri olan məsələlərlə məşğul olmağa vaxt tapmaz…

Öz yolunu tapa bilməyən insanın doğru bir iş görməsi qeyri-müm­­kündür. “Malayani”lərlə dolu olan bir insanın “məna”ları sezməsi, duyması, dərk etməsi heç mümkün deyildir. Bəli, qəlbi və zehni yararsız, mənasız şeylərlə dolu olan insan ülvi və gözəl işlərlə məşğul ola bilərmi?


[1]. Allahı görürmüş kimi ibadət etmək

 

[2]. Həqiqətə yaxından vaqif olmaq, dəlillərlə bilmək, inanmaq

 

[3]. Ön şəkilçi – Azərbaycan dilində çıxışlıq hal

 

[4]. Xüsusilik, məhdudiyyət

 

[5]. Hatifdən, qeybdən




Şərh yaz