Allah və axirət inancı kimi, mələklərin varlığına imanın da insanın həyatına bir çox yöndən müsbət təsir və faydaları vardır. Bunları aşağıdakı kimi ümumiləşdirə bilərik:
Mələklərə inanan bir insan heç vaxt özünü tənha hiss etməz. Çünki bu insan ən yalqız anlarında da mələklərin yanında olduğunu bilər və onların varlığından mənəvi feyz alar. O görünməz mənəvi dostlarla bir mənada dostluq edərək mənəvi rahatlıq tapar.
Mələklərə iman insanın nəfsani istəklərini cilovlamasında mühüm önəm daşıyır. Belə ki, hər an mələklərin nəzarəti altında olduğunu bilən və bu cür düşünən bir mömin günah tərəfə addım atmaqdan utanıb çəkinər.
Bu iman əsası insanların mənəvi gözəlliyin və əxlaqi zərafətin bir simvolu sayılan mələklərə oxşamağa çalışması baxımından da təşviqedici bir amildir. Əməli həyatda təmiz və pak yaşamaq üçün əlindən gələni edən möminlərin “mələk kimi insan” və buna oxşar vəsflərlə yad edilməsi də bu inancın bəşər həyatında oynadığı rolu göstərir.