Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur: “Sonra bir camaat gördüm, dodaqları dəvə dodağı kimi idi. Bir dəstə məmur onlara nəzarət edir, dodaqlarını kəsib ağızlarına oddan daş qoyurdular, həmin daşlar ayaqlarından çıxırdı. “Ey Cəbrail! Bunlar kimdir?” – dedim. O: “Yetimlərin malını haqsız yerə yeyənlərdir“, – dedi. Sonra bir camaat gördüm, onların dərisini parça-parça kəsib ağızlarına tıxayırdılar. Onlara: “Yediyiniz kimi yeyin!” – deyirdilər. Bu, onlar üçün ən iyrənc şey idi. “Ey Cəbrail, bunlar kimdir?” – dedim. “Bunlar insanların ətini yeyən və sözlə (iftira və s.) irz-namusuna təcavüz edən sözgəzdirən və fitnəçilərdir“, – dedi. Bir camaat da gördüm ki, qabaqlarına bir süfrə qoyulmuşdu, süfrənin üstündə ən gözəl ətdən kabablar var idi. Ətrafına isə leş düzülmüşdü. Onlar gözəl əti bir kənara qoyub leşləri yeməyə başladılar. “Bunlar kimdir, ey Cəbrail?” – dedim. O: “Bunlar zina edənlərdir“, – dedi. “Allahın halal etdiyini qoyub haram buyurduğunu yeyirlər”. Sonra bir topa insan gördüm, qarınları ev kimi böyük idi. Bunlar Firon ailəsinin yolunun üstündə dayanırlar. Firon ailəsi sabah-axşam oda atılarkən bunların yanından keçir, bu zaman bunlar ayağa qalxmağa cəhd edirlər, ancaq qarınlarının ağırlığı ilə yerə yıxılırlar. Firon ailəsi də bunları əzib keçirlər. “Ey Cəbrail, bunlar kimdir?” – dedim… Dedi: “Onlar faiz yeyənlərdir. Onlar qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar“[1]. Bir dəstə qadının köksündən, bir dəstə qadının isə ayaqlarından baş aşağı asıldığını gördüm. “Ey Cəbrail! Bunlar kimdir?” – deyə soruşdum. O da: “Bunlar zina edən və uşaqlarını öldürən qadınlardır“, – dedi[2].
[1] Bəqərə, 2/275.
[2] Buxari, Salət, 1; Ənbiya, 5, 22; Müslim, İman, 263-264.