6. 268 dəfə oxunub ,   0 şərh   Çap et

Məscid kəliməsi alnı yerə qoymaq, hörmət göstərmək, əyilmək və dimdik ayaq üstə durmaq mənasındakı “sücud” məsdərindən düzəldilmiş “səcdə edilən yer” mənasında bir məkana verilən addır. İnsanın Yaradana qarşı göstərdiyi ehtiramın bir ifadəsi olaraq “səcdə” islami ədəbiyyatda öz yerini belə tutmuşdur. Hz. Peyğəmbər (s.ə.s) də; “Bəndənin Allaha ən yaxın olduğu anın, səcdə anı olduğunu bildirmişdir.”[1]

Məscidlərin İslam dinində müstəsna yeri vardır. Allah-Təala bu haqda buyurur; “Məscidlər Allaha aiddir. O halda Allah ilə bərabər heç kimə ibadət etməyin.”[2] Quran və hədislər müsəlmanları cameləri mühafizə etməyə və yenilərini inşa etməyə dəvət edir. Belə ki; “Allahın məscidlərini ancaq Allaha və axirət gününə inanan, namazı tam qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayanlar inşa edər.”[3]

Məscidlər ibadət yerləri olduğuna görə oralara girib-çıxarkən və ibadət edərkən mütləq bir sıra qaydalara riayət etmək lazımdır. Qurani-Kərimdə Rəbbimiz buyurur; “Ey Adəm oğulları (hər dəfə) məscidlərə getdiyiniz vaxt qəşəng və gözəl paltarlarınızı geyinin.”[4] Ümumiyyətlə müsəlman hər zaman təmiz olmalı və xüsusən də məscidlərə gedərkən bu məsələyə daha çox diqqət etməlidir. Maddi təmizlik ilə yanaşı mənəvi təmizliyə də diqqət olunmalıdır. Buna görə də cünub, heyz və lohusalıq halında olanların təmizlənmədən bu şəkildə məscidə girmələri haramdır.[5] Əgər məcbur olsalar təyəmmüm edib sonra girməlidirlər. Məscidə dəstəmazsız girmək caiz olmaqla yanaşı, məkruhdur. Bir neçə qapısı olan məscidlərdən də yol kimi istifadə etmək xoş qarşılanmamışdır. Məscid ədəblərinə riayət edə bilməyən yaşdakı uşaqlarla əqli çatışmazlığı olan xəstələrin məscidə daxil olması, ümumiyyətlə uyğun görülməsə də, həddi büluğ yaşına çatmış (ağlı kəsən) uşaqları məscidə aparılması, camaat namazına alışdırılması və Qurani-Kərim öyrədilməsi təşviq edilmişdir. Məscidə daxil olarkən və çıxarkən dua oxunmalı və Rəsulullaha (s.ə.s) salətu-salam göndərilməlidir.

Rəsulullahın (s.ə.s) məscidə daxil olarkən etdiyi dua belədir. “Allahumməftəh li əbvəbə rahmətik.”Mənası: “Allahım! Mənim üçün rəhmət qapılarını aç.”Çıxanda isə; “Allahummə inni əsəlukə min fədlikə.” Mənası: “Allahım! Sənin lütf və kərəmini istəyirəm.[6]

Bundan əlavə məscidə girərkən səs-küylə deyil, təvazökarlıqla sağ ayaqla girmək, çıxarkən də sol ayaqla çıxmaq sünnədir. Məscidə daxil olan şəxsin namaz qılınması məkruh olmayan vaxtlarda və yaxud azan oxunmursa iki rükət təhiyyətül-məscid namazı qılmaq da sünnədir. Azan oxunduqdan sonra isə vaxt namazının sünnəsini qılmaq kifayətdir. Azan oxunduqdan sonra məsciddə olan bir şəxsin namaz qılmadan məsciddən çıxıb getməsi məkruhdur.

Məscidlərdə yatmaq, (müsafir, etikafda olan-özünü bir neçə gün ibadətə həsr edən xaric) qibləyə doğru ayaq uzatmaq, qibləyə arxa çevirib oturmaq, əlləri arxaya qoyub dizləri qaldırıb oturmaq caiz deyil.

Məscidlərdə tərəflərə qarşılıqlı mənfəət gətirən alış, satış, kirayə və başqa əqdlər və ya gəlir gətirən digər işlərin həyata keçirilməsinin hökmü məkruhdur.

Məsciddə alçaq səslə danışmaq caizdirsə də məscidə sırf söhbət etmək üçün getmək, yüksək səslə danışmaq, hətta camaatla toplu zikir xaric yüksək səslə zikr etmək xoş qarşılanmamışdır. Xülasə olaraq Allahın evləri olan məscidlərdə riayət edilməsi lazım olan bəzi qaydalar vardır. Qısaca olaraq belə sıralamaq olar;

– Məscidə könül xoşluğu ilə gəlməli

– Məscidə təmiz, dəstəmazlı və sağ ayaqla girməli

– Faydası olmayan lazımsız söhbətlərdən uzaq durmalı

– Ön sıralar doldurulmalı və önə keçmək üçün heç kimi narahat etməməli

– Möminləri incidən hər bir davranışdan uzaq durmalı

– Soğan, sarımsaq və s. kimi insanları narahat edən qoxularla məscidə getməməli

– Məscidi kirləndirəcək əşyaları məscidə gətirməməli.

Aqil Əliyev

[1] Nəsai, Tətbiq, 78.

[2] Cin surəsi, 18.

[3] Tövbə surəsi, 18.

[4] Əraf surəsi 31.

[5] Əbu Davud, Təharət, 93.

[6] Müslim, Müsafirin, 68. Əbu Davud, Səlat, 18.



Açar sözləri

ədəb məscid qayda

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.


Şərh yaz