- “Hər biriniz çobansınız (rai) və əlinizin altında olanlara cavabdehsiniz; dövlət başçısı xalqının (və ya məmurlarının), kişi əhli-əyalının, qadın evinin və ona tapşırılanların, xidmətçi sahibinin malının çobanıdır və onlara görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və əlinizin altında olanlardan məsulsunuz.”[1]
Rai “bir şeyi qoruyan”, “bir şeyə nəzarət edən” mənalarına gəlir. Çobana “rai” deyilməsi də ona əmanət edilən heyvanları ən təhlükəsiz və əlverişli yerlərdə otarması, onları qurda-quşa yem etməməsi, bir çətinliklə üzləşəndə əlindən gələni əsirgəməməsi, işini görəndə də daim xəsis və xəbis istəklərdən uzaq olması və dərin şəfqəti, əngin mərhəmət hissi ilə sürünün dərdlərinə həmdərd, sevincinə də şərik olması kimi əhəmiyyətli xüsuslardan qaynaqlanır.
Və elə, bir mənada dövlət başçısı ilə rəiyyət arasında da belə bir münasibət olmalıdır. Dövlət başçısı və onun məmurları da rəiyyəti qorumaq, onun kədər və sevincinə şərik olmaq, onlara xoşbəxt gələcək hazırlamaq və onların çətinliklərini aradan qaldırmaqla məsuldur.
Ailə başçısı ilə ailə üzvləri arasında da eyni münasibət hakimdir. Ailənin dolanışıq pulu, geyim-keçim və münasib yaşayış yeri ilə təmin edilməsi kimi məsələlərdə birinci məsuliyyət ailə başçısının çiyninə düşür. Təlim-tərbiyə, gözəl keçinmək, dünya və axirət səadətini təmin etmək kimi məsələlərdə isə hər iki tərəf məsuliyyət daşıyır. Bu cabadehlik qadının əri ilə münasibətlərinə də aiddir. Qadın evinin işlərini idarə etməyə, ərinin malını, şərəf və ləyaqətini qorumağa sürüsündən məsul olan bir çoban kimi cavbdehlik daşıyır.
Xidmətçinin ağasının malını, mülkünü, övladın atanın sərvət, şərəf və heysiyyətini qoruması – hamısının təməlində bu “rai” – “rəiyyət” münasibəti dayanır. Dinə görə, demək olar ki, hər kəs “rai” və “məri” kimi mükəlləf sayılır. İnsan həm bir çoban, yəni cavabdeh, həm də qorunan rəiyyətdir. Hətta bir “rai” nəzarət etməyə rəiyyəti olmasa belə, yenə məsul sayılır. Bəli, hər kəs öz nəfsini, ağlını və bütün duyğularını, bütün üzvlərini bir əmanət kimi qorumaq və düzgün istifadə etmək məcburiyyətindədir.
Məsuliyyət nədir?
Məsuliyyət sözü ərəb dilində “sorğu-suala çəkmək”, “hesablaşmaq” mənasındakı “səələ” felindən törəmişdir. Öz hərəkət və işlərinə görə cavab vermək, onların nəticələri üçün cavabdehliyi öz üzərinə götürmək məsuliyyət adlanır. Öz vəzifələrinin şüurunda olan, bu şüurla işlərini görən və əməllərinin nəticəsinə görə, cavabdeh olduğunu bilən insana məsuliyyətli insan deyilir.
Quran ayələrində “məsul” (cavabdeh) kəlməsi[2] ilə yanaşı eyni kökdən törəyib “cavabdehlik, vəd, sorğu-sual olunmaq”[3] mənalarını verən feillərə də rast gəlinir. Ayələrdə bildirilir ki, məsuliyyət müəyyən qayda-qanunlara əməl etdikdə və ya etmədikdə nəticəyə (cəza və ya mükafata) razı olmaqdır. Bu mənada insanın Allaha verdiyi sözlər və Allahın qoyduğu öhdəlikləri məsuliyyət adlandırmaq olar.[4]
Quranda səbil[5], cünah[6], cəza[7] və vəbal[8] sözləri də məsul sözü ilə eyni mənada işlənmişdir.
Rəsulullah (s.ə.s.) bir hədisində insanın ona lütf edilən bütün nemət və imkanların hesabını verəcəyini bildirmiş və belə buyurmuşdur:
“Qiyamət günü heç bir insan ömrünü harada keçirməsi, biliyindən necə istifadə etməsi, malını hansı yollarla qazanıb haralarda xərcləməsi və vücudunu haralarda əldən salması xüsuslarında hesaba çəkilməmiş bir addım da ata bilməz.”[9]
Yəni insan vaxtını, elmini və qazancını necə sərf etdiyindən, sağlamlığından məsuliyyət daşıyır.
Həmçinin Allah Rəsulu (s.ə.s.) insanların cəmiyyətdəki yer, vəzifə və mövqelərinə görə də müəyyən öhdəliklər daşıdığını xəbər vermişdir.[10]
Dini əsərlərdə təklif (hər hansı bir işi öhdəsinə götürmək, borc və ya vəzifə) Allahın insanı bir işi etmək və ya etməməklə məsul tutmasına deyilir. Dinin ilahi əmr və qadağalarına görə, məsul olan şəxs isə mükəlləf adlanır.[11]
Mömin məsuliyyət insanıdır!
Quranın bir çox ayəsində məsuliyyətin fərdi olduğu bildirilir. “Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir”[12] ayəsi də məsuliyyətin fərdi olduğunu bildirir.
Quranda fərdi məsuliyyətdən bəhs olunarkən insanın axirətdəki aqibətinə də toxunulur. Bildirilir ki, axirətdə sorğu-sual zamanı hər kəs öz əməlinə cavabdeh olacaq və heç bir ayrı-seçkilik edilməyəcək. Dünyadakı qohumluq, dostluq və tanışlıq axirətdə heç bir fayda verməyəcək. “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).”[13]
Möminin məsuliyyətləri haqda hədislərdən biri belədir: “Mənə bu altı şey haqqında söz verin, mən də sizin Cənnətə gedəcəyinizə zamin olum:
– Doğru danışın!
– Vədinizi yerinə yetirin!
– Əmanətə riayət edin!
– Ədəb yerinizi qoruyun!
– Gözlərinizi haramdan çəkin!
– Əllərinizi haramdan uzaq saxlayın.”[14]
İnsanın təkcə öz əməllərinə görə yox, başqaları ilə davranışlarına, ictimai öhdəliklərinə görə də cavabdehlik daşıyır: “Kim İslamda yaxşı bir cığır açaraq xeyirli bir işə səbəb olarsa, bu cığırla gedənlərin qazandığı savab o cığırı açana da tam şəkildə verilər və onların savabından heç nə azalmaz. Kim İslamda pis cığır, yol açarsa, o da onun günahını qazanar. O pis yolla gedənlərin günahından da ona yazılar. Üstəlik, onların günahından heç nə azalmaz.”[15]
Bu hədis eyni zamanda mömini yaxşı işlər görməyə təşviq edir, pis əmələ səbəb olanların isə, məsuliyyətlərinin artacağını bildirir. Çünki yaxşı və pis əməllər savab və ya günah qazandırır. Bu səbəbdən yaxşılıq və pisliyə səbəb olan şəxs etdiklərindən məsuldur.
İnsanın bütün hərəkət və davranışları cəmiyyətdəki fərdlərə birbaşa və ya dolayı yolla təsir edir. Buna görə də mömin nə qədər yaxşılıqlara səbəb olsa, bu onun xeyrinə, əksi isə zərərinədir. Çünki yaxşı əməllərin Allah qatındakı dəyəri çox böyükdür: “Kim bir yaxşı iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər.“[16]
Möminin başda valideynləri olmaqla qohumları, qonşuları və yaxınlarına qarşı da öhdəlikləri var: “Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin!”[17]
Hər haqq sahibinin haqqını ver!
Allah Rəsulu (s.ə.s.) Salmanla Əbu Dərdanı bir-birinə qardaş elan etmişdi. Buna görə də Salman Əbu Dərdaya baş çəkərdi. Bir dəfə ziyarət əsnasında qardaşının zövcəsi Ümmü Dərdanı köhnə paltarda və pərişan gördü. Ondan: “Niyə bu haldasan?” – deyə soruşdu. Qadın: “Qardaşın Əbu Dərda mənimlə əlaqəsini tamamilə kəsdi, dünyadan da üz çevirdi,” – dedi. Elə o vaxt Əbu Dərda evə gəldi və hazırlatdığı yeməyi Salmana verərək: “Buyur, başla, mən orucluyam,” – dedi. Salman: “Sən yeməsən, mən də yeməyəcəyəm,” – dedi. Bundan sonra Əbu Dərda süfrəyə oturub yemək yedi. Gecə olanda Əbu Dərda təhəccüd namazı qılmağa qalxdı. Salman ona: “Bir az da yat!” – dedi. Əbu Dərda yatıb bir qədər sonra yenidən qalxmaq istədi. Salman yenə: “Yat!” – deyə izin vermədi. Gecənin sonuna doğru Salman: “İndi qalx!” – dedi və durub birlikdə namaz qıldılar. Sonra Salman Əbu Dərdaya bu tövsiyəni verdi:
“Rəbbinin sənin üstündə haqqı olduğu kimi, nəfsinin və ailənin də haqqı var. Hər bir haqq sahibinin haqqını ver.”
Sonra Əbu Dərda Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlib hadisəni ərz etdi. Rəsulullah da (s.ə.s.): “Salman düz deyib,” – buyurdu.[18]
Məsuliyyətin ağırlığı
Məhəmməd ibn Münkədir demək olar, hər bir hədis aliminin müraciət etdiyi hədis və qiraət alimidir. Allaha qorxusundan çox ağlayardı. Buna görə də ona “Bəkka” (çox ağlayan) deyirdilər. Qulluq şüurunun ağırılığından elə ağlayıb sızlayardı ki, anası: “Ay övladım, uşaqlığını bilməsəydim deyərdim ki, yəqin nə isə bir günahın var, ondan ötrü gözlərinin qorasını sıxırsan. Halbuki belə bir şey yoxdur, elə isə niyə bu qədər ağlayırsan?”[19] deyərdi. Amma Məhəmməd ibn Münkədir üçün ağlanılası çox şey vardı. Allah qorxusu, Allahın böyüklüyü qarşısında bəndənin kiçikliyi, bir gün əməllərin hesabını vermək, öldükdən sonra həşr olunmaq, əməl dəftərini sağdan və ya soldan almaq, Cəhənnəmin alovları arasından Sirat körpüsünü keçmək məcburiyyəti idi onun göz yaşlarını selə döndərən. Huşunu itirənədək fəryadı kəsmirdi Məhəmməd ibn Münkədirin. Soruşdular: “Nədir bu fəryadın səbəbi?” “Bir ayənin hökmünə tuş gəlməkdən qoxuram! – dedi və ayəni oxudu, “Və (o zaman) Allah onların güman etmədikləri (gözləmədikləri şeyləri) qarşılarına çıxardı.”[20] O: “Qorxuram ki, Rəbbin dərgahında ummadığım şeylər əleyhimə ola!” – deyirdi.[21]
Məsuliyyətin dünyəvi və üxrəvi faydaları
De: “(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”[22]
Quranda insanın təkcə öz əməllərindən məsul olmadığı, Uca Allahın bəxş etdiyi nemətlərdən də sorğu-suala çəkiləcəyi bildirilir. Əfsus ki, insan bəzən üzərinə düşən öhdəlik və məsuliyyətləri unudur. Elə buna görədir ki, məsuliyyətli insanla məsuliyyətsiz insan bir-birindən fərqlənir: “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (səyi, əməli) görünəcəkdir! Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir!”[23] Bu ayə insanın dünya və axirət səadəti üçün məsuliyyətin nə qədər əhəmiyyətli olduğunu göstərir.
Müsəlmanın öhdəliklərindən biri də insanları yaxşı əməllərə təşviq etmək, pis əməllərdən çəkindirməkdir. Bu öhdəlik bir mənada pisliklərin çoxalmasına mane olmaq, yaxşılığı yaymaq üçündür. Pisliklərə göz yummaq onlara ortaq olmaq deməkdir. “Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir!”[24] ayəsində pis əməllərdən çəkindirməyənlər qınanır.
Uca Allah vəzifəsini tam yerinə yetirdiyi təqdirdə insanı dünyaya varis edəcəyini bildirmişdir: “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar.”[25]
Bunlarla yanaşı Quranda: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız (məsuliyyətli olsanız), O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir!”[26] − buyurulur. Bu ayələr Allaha iman edib dünyəvi və üxrəvi öhdəliklərini yerinə yetirənlərin təkcə dünyada yox, axirətdə də mükafatlandırılacağını xəbər verir. Bunun əksini edənlər də çətinliklərlə qarşılaşacaq və əzaba məruz qalacaqlar. Quranda üzərində düşən öhdəlikləri yerinə yetirməyənlərin necə həlak olduğu da qövmlərin həlakı şəklində insanlara nümunə göstərilmişdir.
Məsuliyyətlərinin şüurunda olan möminlərə axirətdə veriləcək nemətlər Allahın sevgi və dostluğunu qazanmaq, uca bir məqam, müxtəlif nemətlərlə dolu cənnət və s.-dir.[27]
Hekayə
Bir evdə Hamı, Biri, Hər Biri və Heç Kim adlı dörd qardaş yaşayırdı. Görüləsi bir iş vardı. Hamı inanırdı ki, Biri bu işi yerinə yetirəcək. Əslində, işin öhdəsindən Hər Biri də gələ bilərdi, amma Heç Kim bu işi görməyə çalışmırdı. Bu vəziyyət Birinin yaman acığına gəldi, çünki bu iş Hamının işi idi. Hamı düşünürdü ki, qardaşlardan Hər Biri bu işi yerinə yetirəcək. Amma Heç Kim bilmirdi ki, Hamı bu işi bacarmayacaq. Axırda Hər Birinin görə bildiyi bir işi Heç Kim yerinə yetirmədiyi üçün Hamı Birini günahlandırdı.
Nəticə
Məsuliyyət insanın Yaradana verdiyi sözü tutması, Ona layiq bəndə olmağa çalışması, haqq-hesab gününü unutmaması, Onun rizasını qazanmaq üçün əlindən gələni etməsidir. Məsuliyyət bəlkə də bütün insani məziyyətlərin ən üstünüdür. Çünki o olmadıqdan sonra digərlərinin heç bir əhəmiyyəti yoxdur. Xülasə, ən böyük məsuliyyət insan olmaqdır!
[1] Buxari, Cümə, 11; Müslim, İmarə, 20.
[2] Bax: İsra, 17/34; Furqan, 25/16; Saffat, 37/24.
[3] Bax: Bəqərə, 2/134, 141; Nəhl 16/56, 93; Ənkəbut, 29/13; Zuxruf, 43/44; Təkasur, 102/8.
[4] Bax: Əhzab, 33/15.
[5] Tövbə, 9/91, 93; Şura, 42/41.
[6] Bəqərə, 2/198, Nur, 24/29, 61; Əhzab, 33/5.
[7] Nəml, 27/90; Yasin, 36/54.
[8] Münafiqun, 63/5.
[9] Tirmizi, Qiyamət, 1.
[10] Bax: Buxari, Cümə, 11; Müslim, İmarət, 20; Əbu Davud, İmarət, 1.
[11] Mustafa Sinanoğlu, “Teklif”, DİA, XL, 385.
[12] Bəqərə, 2/286.
[13] Zilzal, 99/7-8.
[14] Əhməd ibn Hənbəl, Müsnəd, V, 323; Təbərani, Mücəmül-kəbir, VIII, 262; Beyhəqi, Sünən, VI, 288.
[15] Müslim, Zəkat, 69.
[16] Ənam, 6/160.
[17] Nisa, 4/36.
[18] Buxari, Savm 51, Ədəb 86.
[19] Əbu Nuaym, Xilyətül-övliya, III, 146; İbn Əsakir, Tarixi-Dəməşq, 56/67.
[20] Zümər, 39/47.
[21] Əbu Nuaym, Xilyətül-övliya, III, 146; Qurtubi, Məscidi li-əhkamul-Quran, XV, 265-266.
[22] Tövbə 105.
[23] Nəcm, 53/39-41.
[24] Maidə, 5/79.
[25] Nur, 24/55.
[26] Ənfal, 8/29.
[27] Bax: Ali İmran 3/76; Tövbə 9/4; Casiyə, 45/19; Duxan, 44/51; Rad, 13/35; Tur 52/17; Qələm, 68/34; Nəbə,