Ərəb dilindən dilimizə keçmiş olan məşvərət sözü lüğətdə “bir məsələni həll etmək üçün yığışıb danışma, müzakirə etmə, məsləhətləşmə” mənasında işlədilir. Şura, istişarə, müşavirə sözləri də məşvərətlə eyni kökdəndir. Ərəb leksikonunda məşvərət, “bir şeyi olduğu yerdən almaq, götürmək və ortaya çıxarıb görünür hala gətirmək” deməkdir. Bu mənada məşvərət, hər hansı bir mövzuda düzgün qərar qəbul etmək üçün şəxslərin bir araya gəlib uyğun qərarı ortaya çıxması üçün çalışmasıdır. (Rağib əl-İsfahani, Müfrədat, “şvr” maddəsi)
Quran və Sünnədə məşvərət
Quranı Kərimdə məşvərət ilə əlaqəli bir çox ayə vardır. Bu ayələrdən ikisində açıq şəkildə məşvərət etmək əmr edilir.
وَالَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَمْرُهُمْ شُورٰى بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
“Onlar Rəbbinin dəvətini qəbul edər, namazı qılar, öz aralarındakı işlərdə məşvərət edər və onlara verdiyimiz ruzidən infaq edərlər.”(Şura, 42/38)
Ayədə məşvərət, namaz və infaq etməklə birlikdə işlədilir. Deməli, məşvərət namaz və zəkat qədər önəmli bir məsələdir. Digər yandan ayənin keçdiyi surəyə də Şura (42-ci surə) adı verilmişdir.
فَبِمَا رَحْمَةٍ مِنَ اللهِ لِنْتَ لَهُمْ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الْأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللهِ إِنَّ اللهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ
“Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et. (Müəyyən dünyəvi) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər.” (Ali İmran, 3/159)
Ayədə açıq şəkildə Uca Allah peyğəmbərinə cəmiyyəti əlaqədar edən məsələlərdə məşvərət etməyi əmr edir. Ayənin eniş səbəbi belədir. Hicrətin 3-cü ili idi. Məkkəli müşriklər əvvəlki il Bədirdə məruz qaldıqları böyük həzimətin qisasını almaq üçün güclü ordu ilə Mədinə üzərinə hərəkətə keçdilər. Allah Rəsulu (s.ə.s) xəbəri alır-almaz hər kəsi məsciddə topladı. Öz fikrini açıqladı, Mədinədə qalıb müdafiə müharibəsi edərək düşmənlə mübarizə aparmağı uyğun gördü. Gənc əshabə meydan müharibəsi istəyirdi. Əksəriyyətin görüş bu istiqamətdə olduğu üçün onların təklifini qəbul etdi. Fikirlərinə dəyər verildiyi üçün döyüşə hazırlaşan hər kəs ruhən və fikrən işin içinə girdi və canla -başla hazırlaşmağa başladı.
Allah rəsulu (s.ə.s) döyüş başlamamış yetmişə yaxın oxçunu Ayneyn təpəsinə yerləşdirdi. Onlara ciddi şəkildə tənbeh etdi ki, nə olur-olsun buradan ayrılmayın. Müsəlman əsgərlərin cəsurca həmləsi ilə düşmən cəbhəsi darmadağın edildi, onlar qaçmağa başladı. Gəl gör ki, qədərin cilvəsi, oxçular təpəsindəki əsgərlər orada nə qədər qalacaqları xüsusunda ictihad xətası etdilər, qənimət toplamaq üçün aşağı endilər. Düşmənin pusquda gözləyən süvari dəstəsi arxadan qəfil hücuma keçdi. Döyüş meydanında vəziyyət əksinə dəyişdi. Nəticədə müsəlman cəbhəsi dağıldı, yetmiş nəfər şəhid oldu. Şəhidlər müslə edildiyi üçün üzləri tanınmayacaq halda idi. Belə olan halda Rəsulullahın yerinə başqa bir adam olsaydı, ən yaxşı ehtimal “gedin, nə halınız varsa görün” deyərdi. O belə etmədi. Bəhsi keçən ayə nazil oldu. Allah Təala onları əfv etməsini, üstəgəl təkrar onları bir araya gətirib müşavirə etməsini istədi. Bu məqamda: Şübhəsiz nə Allahın nə də Rəsulunun məşvərətə ehtiyacı var. Ancaq Allah onu, ümmətə bir rəhmət vəsiləsi etdi. Kim məşvərət edərsə, o doğrunu əldə etməkdən məhrum qalmaz.. kim də onu tərk edərsə yolunu azar?” Uca Allah vəhy ilə dəstəklədiyi nəbisini belə məşvərət etməyə sövq edirsə, deməli bu önəmli məslədir. Unutmayaq ki, iki nəfərin fikri bir nəfərdən üstündür. Bunun misalı iplərinin sayı artdıqca müqaviməti də artan sağlam kəndir bənzəyir. Eyni fikri dəstəkləyən insanlar çoxaldıqca gücləri də artar.
Bəhsi keçən ayə ilə bağlı tabeinin böyük alimi Həsən Bəsri buyurur ki, Allah Təala, “görüləcək işlərdə onlarla məşvərət et” deyərək varlıq aləmi içərisində ən kamil olana məşvərəti əmr etdi. Bu əmr, Rəsulullahın (s.ə.s) əshabına ehtiyacından irəli gəlmirdi. Bu əmrlə Uca Allah, bizə məşvərətin əhəmiyyətini, onunla gündəlik həyatda problemləri həll etmək necə tətbiq ediləcəyimizi öyrətmək istədi. İnsan alim də olsa başqaları ilə məşvərətə etməlidir.” ( İbn Man əd-Dürri, Təmyiz No:945, 60/a.) (Günümüzdə elmi araşdırmalar keçən əsrlərdən fərqli olaraq heyət halında aparılır.)
Uhuddan bir il öncə müsəlmanlarla məkkəlilər Bədirdə qarşılaşdı. Hübab ibn Münzir (r.a) adlı səhabi Allah Rəsulunun (s.ə.s) yanı gəldi. Ondan ordunun yerləşdiyi yer haqqında bilgi almaq istədi. “Ya Rəsulullah (s.ə.s) burada yerlənmək fikri vəhyə əsasəndir, yoxsa özünüzmü qərar verdiniz? Əgər biz su quyularının önündə yer alarsaq daha yaşı mövqe tutmuş olarıq,” – dedi. Allah Rəsulu onun fikrini bəyəndi və o şəkildə əsgərləri yerləşdirdi.
Məkkəlilər Mədinəyə hücum etməkdən vaz keçmirlər. Yenə hicrətin 5-ci ili Xəndək müharibəsi ərəfəsi idi. Xəbər gəldi ki, düşmən çox böyük ordu ilə Mədinəyə hücum çəkəcək. Yenə Allah Rəsulu (s.ə.s) əshabəni toplayıb məşvərət etdi. Səlman Farisi xəndək qazılaraq istehkam hazırlamağı təklif etdi. Allah Rəsulu (s.ə.s) bu fikri bəyəndi. Həqiqətən nəticədə, düşmən heç nə edə bilmədən, kor-peşman geri qayıtdı.
Mədinədə məscid inşası tamamlandı. İnsanlara namaz vaxtını elan etmək üçün uyğun bir yol axtarılırdı. Məsciddə toplaşıb məsələni müzakirə etdilər. Fərqli fikirlər səsləndi, lakin yekun qərar çıxmadı. Hamı evinə dağıldı. Ertəsi gün Abdullah ibn Zeyd (r.a) yuxusunda gördüyü şeyləri danışdı. Ona yuxusunda azanın sözləri öyrədilmişdi. O da həzrət Bilala öyrətdi, beləliklə ilk azan oxundu.
Bəzən elə olur ki, şəxslər bir araya gəlir, günlərcə bir məsələ üzərində məşğul olurlar. Aralarında parlaq zəkalı insanlar da vardır. Bəzən elə olur ki, sıravi biri çox ağla batan təklif irəli sürər. Əgər həmin ortamda səmimiyyət varsa və bu səmimiyyət onlarda birlik ruhu yaradırsa, heç kimsə eqosunu qabartmırsa, Allah mələyi vasitəsi ilə orada iştirak edənlərdən birinin qulağına məsələnin həlli yolun fısıldadar. يَدُ اللهِ مَعَ الْجَمَاعَةِ “Allahın rəhmət və inayət əli camaatla bərabərdir.” (Tirmizi, Fitən, 7; Nəsəi, Təhrim, 6) Ürəklər bir yerdə atarsa ilahi inayət yardıma çatar.
Ümumu əlaqədar edən qərar və fəaliyyətlərdə məsələnin ümuma mal olması üçün məşvərət çox önəmlidir. İnsanlar bir məsələnin içinə öz fikirlərini qatdıqları zaman, bu balaca bir fikir də ola bilər, özlərini o işin içində görərlər. Yük ağır gəlsə əllərini daşın altına qoyarlar. Əksi olarsa, yəni alınan qərarda insanların iştirakı olmaz, fikri alınmaz, təklifinə baxılmazsa problemin həlli anında onlar iştirak etməz, etsə belə könülsüz olar, yük ağır olsa dəstək olmaq üçün əl uzatmaz, özlərini riskə atmazlar. Ona görə də ümumu əlaqədar edən məsələlərdə məsələ hər kəsə açılmalı, hamının fikri dinlənilməli, ortaq qərar alınmalıdır. Bu şəkildə qərar alınınca daşınılan yük daha çox çiyinə düşəcəyi üçün, nə qədər ağır olsa da, paylaşıldığı üçün xəfif gələcəkdir.
Ailədə məşvərətin önəmi
Bilindiyi kimi, ailə cəmiyyətin ən kiçik parçasıdır. Əsasən iki nəfərdən ibarətdir. Uca Allah Quranda bu kiçik toplumda belə məşvərət etməyi, ortaq qərar almağı tövsiyə edir. “Uşaqlarının tam əmizdirilməsini istəyənlər (atalar) üçün analar uşaqlarını tam iki il əmizdirsinlər. Onların (anaların) yeməyi və geyimi adətə görə (uşağın) atasının üzərinə düşür. Heç kim gücünün çatmadığından məsul tutulmaz. Nə ana, nə də ata uşağına görə zərər çəkməlidir! Eyni məsuliyyət varisin üzərinə də düşür. Əgər ata və ana öz aralarında məsləhətləşərək razılığa gəlib uşağı süddən kəsmək istəsələr, heç birinə günah yoxdur.” (Bəqərə, 2/233)
Məşvərət, ailə içində ehmal edildiyi təqdirdə ailə içində hüzursuzluq və problemlər baş verəcəkdir. Əgər cəmiyyətin nüvəsi sayılan ailədə hal belə olursa, cəmiyyətdə də məşvərət tərk edilərsə etiraz səsləri, tənqidlər, dağılmalar baş göstərər. Nəticədə hamı zərər görər. Allah Rəsulu (s.ə.s) buyurur ki, “Məşvərət edən məyus və məhrum qalmaz.” (Təbərani, Mucemül-kəbir 6/365)
Məşvərətin ədəbi
Hər şeyin bir ədəbi-ərkanı olduğu kimi, məşvərətin də öz ədəbi var. Məşvərətə rəhbərlik edən şəxs öncədən düşündüyü fikirləri ərz edib, o fikir ətrafında müzakirə aparmamlıdır. Gündəlikdə duran məsələ ilə bağlı öz fikirlərini yazılı şəkildə qeyd etməlidir. Toplantıda da mövzu açılınca öz fikrini hamı kimi səsləndirə bilər. Bəzən elə olur ki, onun fikri qəbul edilməsin. Belə olan halda eqosuna məğlub olmamalıdır. Belə düşünməlidir: “bəlkə mən yanılıram, görə bilmədiyim nüanslar da varmış.” Hər kəsi öz fikrini qəbul etməyə məcbur edərsə, nəticədə məsuliyyət öz üzərində qalar. Məsələni müzakirə edərkən hislərlə deyil, sakit düşüncə ilə, ağılla düşünmək, elə qərar almaq lazımdır.
Əslində bir mövzunun müzakirə edildiyi məşvərət məclisində fikri qəbul edilməyən heç bir şey itirməz. Özü də oradan yeni bir şeyi öyrənmiş olur. Fikri qəbul görən və nəticəsi də yaxşı alınan işlərdə də “bax mənim dediyim oldu” deyərək qürurlanmamaq lazımdır. Nəticədə hər şey Allahdandır.
Ancaq mən deyən olacaq
Yaşadığımız dövrdə insanlar dinləmə bacarığını itiriblər. Bu mövzu o qədər aktualdır ki, kitabı belə yazılıb. Dinləmə bacağı olmayınca insan ətrafa at gözlüyü ilə baxır. (At gözlüyü ilə baxmaq frazeoloji ifadədir. Keçmişdə arabaçılar meşədə gedərkən at sağa-sola baxıb ürkməsin deyə atın göz ətrafına xüsusi qoruma taxardı. Belə olunca da at ancaq önünə baxar, sağda solda olanları görmürdü. İnsan da at gözlüyü ilə məsələlərə baxınca alternativləri görə bilmir. Ancaq öz bildiyini doğru kimi qəbul edir. ) Ətrafındakı insanların təklif və iradları geri planda qalır. Dinləmə yerinə, qarşı tərəf danışarkən beynində ona necə cavab verəcəyinin planlarını qurur. Nəticədə qabaran eqoların dalaşması başlayır.
Məşvərət məclisində iştirak edən şəxslər bərabər hüquqlu olmalıdır. Orada oturan şəxslər fikir ortaya qoyarkən vəzifə, rütbə, stajı nəzərə verməməlidir. Elə olur ki, adam tituluna görə onun fikirlərinə dəyər verilməsini gözləyir, bu yanlışdır. Bəzən gənc bir beyindən parlaq fikir ortaya çıxa bilər. Bəzən də tam tərsi olur. Gənclər arasına düşən yaşlı adamın gözəl bir təklif irəli sürər.
Bəli, məşvərət edərkən heç kimsə öz fikrini mütləq doğru kimi qəbul etdirməyə çalışmamalıdır. Bəlkə, hər kəsi yaxşı dinlədikdən sonra: “Siz bu məsələdə çox haqlısınız. Söylədiyiniz hər sözün altına imzamı ataram. Fəqət bunların yanında mənim də ağlıma belə bir fikir gəlmişdi. Bu haqda nə fikirləşirsiniz?”- deməyi bacarmalıdır. Bəzən yumşaq üslub ən sərt daşı, dəmiri əridir. Tam əksi, despot üslubla öz fikrini dayadan şəxs nə qədər parlaq təklif irəli sürsə də mənfi reaksiya, qıcıq yaradır.
Qeybət və məşvərət
Qeybət ilə məşvərət arasında incə cizgi vardır. Məşvərət edərkən qeybət etməmək lazımdır. Qeybət iki şəxsin bir araya gəlib üçüncü şəxs haqqında onun üzünə deyə bilmədiyini arxasınca danışmağa deyilir. Bunun istisnası var, əgər bir şəxs üçüncü tərəf ilə iş görəcəksə, həmin şəxs haqqında məlumat almaq üçün məsləhət ala, müzakirə apara bilər. Fikri alınan şəxs də qərəz və düşmənçilik güdmədən üçüncü şəxs haqqında gərəkli məlumatları verə bilər. Ancaq məqsədi aşarsa qeybət sayılır.
Kiminlə məşvərət etməli?
Peyğəmbərimiz (s.ə.s) həyatına nəzər saldığımız zaman görürük ki, o bəzi məsələləri xalqa açıq şəkildə danışmış, hər kəsin fikrini almışdır. Elə məsələlər də vardır ki, onu ən yaxın insanlar belə bilməmiş, bəzi səfərlərə çıxarkən sadəcə həzrət Əbu Bəkir ilə məşvərət etmişdir. Rəşid xəlifələrdən həzrət Ömər (r.a) əşərei-mübəşşərəni özünə yaxın bilmiş, hər məsələni onlarla məşvərət etmişdir, onların Mədinə xaricinə getməsinə izin verməmişdir.
Şəxsi mələlərdə məşvərət edərkən işin növünə görə məşvərət edəcək şəxslər də dəyişir. Dini mövzularda, dini bütün, elmli şəxsdən fikir almaq lazımdır. Dünyəvi işlərdə isə ixtisas sahibi şəxslə görüşmək, ondan məsləhət almaq daha doğrudur. İxtisas tələb etməyən mövzularda məşvərət edərkən isə mühakiməsi sağlam, həyat təcrübəsi çox, o məsələdə maddi qazanc, xüsusi məqsəd güdməyən, maddi çıxarı olmayan şəxslə məşvərət etmək daha uyğun olar. Bəzi alimlər “sizi sevən” şəxslərlə məşvərət edin deyə tövsiyə edirlər. Çünki sevən şəxs sevdiyinə zərər gəlməsini istəməz. (Maverdi, Ədəbüd-dünya vəd-din, s. 290-291). Allah Rəsulu (s.ə.s) məşvərət edilən şəxsin güvənilir olması haqqında belə buyurur: “Danışılan, özünə güvən duyulan kimsə deməkdir” (Əbu Davud, “Ədəb”, 114; Tirmizi, “Ədəb”, 57)
İş yerində, istehsalat müəssisəlində məşvərət, mütəxəssislərlə yanaşı orada işləyən, o işi görən şəxslərlə də müzakirə olunmalıdır. İdarə qərarlar isə idarə heyətinin üzvləri və işi görən şəxslərin içindən seçilən təmsilçilər ilə birlikdə alınmalı ki, çıxan qərar isabətli olsun.
Məşvərətin nəticəsinə itaət
Allah Rəsulu (s.ə.s) əshabə ilə Uhud müharibəsi ərəfəsində məşvərət etdi. Allah Rəsulu şəhər içində qalıb müdafiə olunmağı təklif etdi. Lakin məşvərət nəticəsində camaatın çoxunu təşkil edən gənclər meydan müharibəsi istədi. Halbuki O, Mədinə şəhər dövlətinin rəhbəri idi, lakin əksəriyyətin görüşünə tabe oldu. Qərar çıxmışdı, Uhuda gediləcək, meydan müharibəsi olacaqdı. Qərar alındıqdan bir müddət sonra yaşlılar gəncləri toplayıb dedi ki, “siz nə etdiniz, o peyğəmbərdir, nə olacağını bilir, gəlin fikrinizdən daşının”. Gəlib Allah Rəsuluna (s.ə.s) gənclərə uymamağı, müdafiə taktikasını tətbiq etməsini təklif etdilər. Allah Rəsulu (s.ə.s) onlara qısa və lakonik cavab verdi: “Peyğəmbər əyninə zireh geyindikdən sonra onu əsla çıxarmaz!” Allah Rəsulu (s.ə.s) insanlara bir dərs verirdi, məşvərət məclisində alınan qərar sizin istədiyiniz kimi olmasa da, hamı ona itaət etməlidir.
Əgər alınan qərarın nəticəsi arzu olunan kimi olmazsa, əsla mənim sözümə baxmadınız, baxın başınıza nə gəldi” deyilməməlidir. Bu qeybət sayılır. Allah Rəsulu (s.ə.s) Uhud müharibəsi qurtardıqdan sonra kimsəni tənqid etmədi, əksinə hamını bağışladı, təkrar insanları bir araya gətirdi. Ertəsi gün carçı şəhərdə elan etdi ki “dünən Uhudda iştirak edənlər səfərə çıxacaq”. Heç kimsə etiraz etmədi, yaralı olanlar belə bu düşməni təqib etmək üçün səfərə çıxdılar. Ona görə rəhbər vəzifədə olan şəxs işlər tərsinə getdiyi böhran zamanlarında qırıcı deyil, toplayıcı olmalıdır.
Elə hallar olur ki, rəhbər vəzifədə olan şəxslər cəmiyyətin mənfəəti üçün məşvərət şurası olaraq bir araya gəlir, qərar alırlar. Onların aldığı qərara itaət etmək vacibdir. Çünki alınan qərarlar ixtisalaşmış şura üzvləri tərəfindən və cəmiyyətin rifahını nəzərə tutularaq alınır.
Nəcva…
Digər yandan alınan qərara etiraz üçün üç-beş nəfərin bir araya gəlib onu tənqid etməsi qeybət sayılır. Quranda bu nəcva adlanır. (Nəcva, bir neçə nəfərin toplanaraq bəzi məsələləri gizlin və xüsusi görüşmələri deməkdir.) Eyni şəkildə, məşvərət məclisi öncəsində üç-beş nəfərin bir araya gəlib bir məsələni hökmə bağlaması və məclisində də ağız birliyi edib həmin qərarı müdafiə etmələri caiz deyil, bu oyun pozuculuqdur.
Yenidən məşvərət
Bəzən elə olur ki, məşvərət edilərək bir qərar alınır. İşin icrası zamanı yeni problemlər və ya fürsətlər yaranır. Belə olan halda məşvərətdə alınan qərar, təkrar toplanılaraq məşvərət edilməli və o şəkildə pozulmalı, yeni qərar alınmalıdır.
Nəticə: Məşvərət cəmiyyətin bütün təbəqələrində işlərin icra edilməsi üçün ən uyğun yoldur. Ağıl ağıldan üstündür. Məşvərət edən yolda qalmaz. Quranda məşvərət inananların özəlliklərindən qəbul edilib, namazla, zəkatla birlikdə zikr edilmişdir. Ailədən başlayaraq qlobal dünyada baş verən hadisələri, problemləri insanlar danışaraq, müzakirə edərək həll edə bilərlər. Uca Allah son peyğəmbəri vasitəsi ilə məşvərətin heyətinin necə qərar alacağını bizlərə öyrətmişdir. Məşvərət heyətində iştirak edənlər bərabər hüquqlu olmalı, kimsə bildiyini gizlətməməlidir. Alınan qərar bağlayıcı olub, hamı itaət edilməlidir. Qərar alındıqdan sonra orada-burada etiraz səsini yüksəltmək qeybət sayılır.
Məşvərət və ya şura bir iş və ya məsələ ilə bağlı başqa insanların fikir və düşüncələrinə müraciət etməkdir. Bir çox məsələlərin həllində məşvərət əvəzolunmaz yerə sahibdir. Məşvərət sözünün əvəzinə müşavirə, şura, istişarə və məsləhət kəlmələrindən də istifadə olunur. Müəyyən məsələlər barədə məşvərət etmək, məsləhətləşmək Rəsulullahın sünnəsidir.
Beyət bir dinə, sistemə və ya həmin sistemin təmsilçisinə itaət etmək, ona sadiq qalacağına və üzərinə düşəni edəcəyinə söz verməkdir.
Mənəvi dəyərlərimizi tənqid edən və ya əleyhində danışanlarla necə davranmalıyıq? Ümumiyyətlə bu mövzuda tarazlığı necə qorumaq olar?
Sual: “Peyğəmbərimiz (s.ə.s) qılıncında qan olmayıb” deyirlər. Bu fikir nə dərəcədə doğrudur? Peyğəmbərimiz (s.ə.s) iştirak etdiyi müharibələrdə kimi isə öldürmüşdürmü? Allah Rəsulunun (s.ə.s) qılıncında qan olmamışdır fikri doğrudur. Həqiqətən şəfqət abidəsi olan Hz. Muhamməd (s.ə.s) heç kimsəni öldürməmişdir. Sadəcə yaraladığı bir düşməni var. O da yaraladığı yerdə ölməmişdir. Daha sonra qan axmadan ölmüşdür. Hadisə aşağıdakı […]
Bir çox valideyinlərin ehtiyac görmədiyi və diqqət etmədiyi ailədaxili məşvərətlər[1] əslində mümkünsüz kimi görünən bir çox problemin həllində mühim rol oynayır. Ailədaxili problemlər ətraflı müzakirə olunmalı, hamının fikri və bilgisi daxilində ortaq çarələr tapılmalıdır. Yaxşı, bəs nədir ailədaxili məşvərət və necə edilməlidir?