Mənəviyyata Açılan Pəncərə

Möhtəkirin aqibəti

Kənardan mal gətirən ticarətçinin (iş adamının) ruzisi verilmiş, möhtəkir[1] isə lənətlənmişdir”.[2]

Möhtəkirlik insanların ehtiyacı olmasına baxmayaraq, ticari dəyərə malik əmtəəni anbara yığmaq, bazara çıxarmayıb bahalaşmasını gözləməkdir. Belə bir qadağa qoyulmasında məqsəd topluma zərər vurulmasının qarşısını almaqdır. İslam dini bazar qiymətlərinin azad rəqabətlə tənzimlənməsini və formalaşmasını əsas götürdüyü üçün  möhtəkirliyə müsbət baxmır.

Qiymətlərin düşməsi ilə kədərlənən, qalxması ilə sevinən möhtəkirin hərisliyi, tamahkarlığı ucbatından mal və əşya qiymətləri süni yüksəlir. Bu halda halal qazanc deyil, zəhmətsiz gəlir dalınca qaçan şəxslər heç bir əmək sərf etmədən sərvətlərini artırırlar. İnsaf, vicdan, mərhəmət və şəfqət kimi duyğulara yad möhtəkirlər malı anbara toplayıb qiymətləri süni yüksəltməklə bazarı alt-üst edir və cəmiyyətə zülm verirlər. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm): “Allah bir ərzaq məhsulunda müsəlmanlara qarşı möhtəkirlik edən şəxsi cüzam və iflasa düçar edər”, – buyuraraq[3] möhtəkirliyin aqibətindən xəbər vermişdir. Bununla yanaşı, “Möhtəkirlik edənlər xəta içindədir”[4] və “Ancaq günahkar möhtəkirlik edər”[5] hədisləri ilə möhtəkirlərə xəbərdarlıq etmiş, “Xalqın zəruri ehtiyacı olan bir malı qırx gün anbarda saxlayan Allahdan uzaqdır, Allahın rəhməti də ondan uzaqdır”[6] sözü ilə də möhtəkiri necə pis aqibət gözlədiyini bildirmişdir.

Möhtəkirlik insanların ehtiyacı olan bir qida məhsulunu satın alıb anbara vurmaq və bahalaşmasını gözləməkdir. Ancaq mal satışa çıxarılanda qiymətlərin birdən qalxması nəticəsində malı yeni və baha qiymətə satmaq möhtəkirlik sayılmır. Qaz, yanacaq və s.  bu gün əsas ehtiyaclar arasındadır. Nəticə etibarilə insanların ehtiyacı olan əmtəə və xidmətlərdə möhtəkirlikdən uzaq olmaq, zəhmətsiz qazanc dalınca qaçmaqdansa, Allahın rizasını qazanmağa çalışmaq lazımdır.

[1] Varlanmaq məqsədilə yeyinti və s. zəruri şeyləri ucuz qiymətə alıb saxlayan və sonradan baha qiymətə satan alverçi.

[2] İbn Macə, Ticarət, 6; Darimi, Büyu, 12.

[3] İbn Macə, Ticarət, 6; Əhməd bin  Hənbəl, Müsnəd, I, 21.

[4] Müslim, Müsaqat, 129; Əbu Davud, Büyu, 49; Tirmizi, Büyu, 40.

[5] Əbu Davud, Büyu, 47; İbn Macə, Ticarət, 6.

[6] Əhməd ibn Hənbəl, Müsnəd, II, 33.

Exit mobile version