3. 146 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulunun öz dövründə həll etdiyi neçə-neçə problemlərin qarşısında bu gün müasir dünya acizdir. Gələcək və daha uzaq gələcək isə başdan-ayağa bir problem yığınıdır. Məsələn, uzaq gələcəkdə bəşəriyyəti gözləyən ən böyük təhlükələrdən biri də neqroid və avropoid mübarizəsidir. Bu gün kamana qoyulmuş ox kimi vaxt-vədəsini gözləyən bu böyük problem onu sezənlərin indidən yuxusunu qaçırmağa başlamışdır.

Niyə? Çünki XXI əsrə qədəm basmaqdayıq, amma hələ də zəncini insan yerinə qoymurlar. Dünyanın bir çox yerində zəncilər dərisinin rənginə görə məhkum edilir, incidilir və onların mühüm vəzifələrə gəlmələrinə imkan verilmir. Avropada zəncilər təhqir edilir, şərəf və ləyaqəti tapdanır. Halbuki Allah Rəsulu o yumşaq bəyanları ilə bu problemin üstünə yerimiş və onu gözəl şəkildə həll etmişdir. Bəli, Onun gətirdiyi prinsiplərə görə, insanlar bir darağın dişləri kimidir.[1] Ərəb əcəmdən, əcəm ərəbdən üstün deyildir.[2] Həbəş bir kölə başa keçsə, ona itaət edilməlidir.[3]

Peyğəmbərimiz müxtəlif bəyannamələrin təmtəraqlı sözlərindən fərqli olaraq bərabərlik məsələsini cəmiyyətə elə oturtmuşdu ki, zənci kölə Bilal (r.a.) böyük insan hesab olunur və xəlifə Ömər (r.a.) belə deyirdi: “Əbu Bəkir (r.a.) böyük səhabədir. Bilalı da o azad edib.”[4]

Zeyd ibn Harisə (r.a.) də zənci idi. Allah Rəsulunun evinə kölə kimi gəlmiş, İki Cahan Sərvəri (s.a.s) də onu azad edib övladlığa götürmüşdü. Bu, o dövr üçün inqilab deməkdi. O zamankı cəmiyyətin bunu anlaması və qəbul etməsi müşküldü. İnsanlığın Ən Şərəflisi bir zənci köləni övladlığa götürür və özünü ona, onu da özünə varis edirdi…[5] Sonra da Zeydin oğlunu Əbu Bəkirlər, Ömərlər, Əlilər və başqa neçə-neçə böyük səhabələrdən ibarət  müsəlman ordusuna sərkərdə təyin etmişdi.[6] Üstəlik, əsli-nəcabəti, soy-kökü ilə bir peyğəmbərə yaraşan Zəynəb binti Cahşı (radiyallahu anha) ona gəlin gətirmişdi.[7] Zeydə və oğlu Üsaməyə elə dəyər vermişdi ki, bir gün xəlifə Ömər (r.a.) “Atacan, mənim nəyim Üsamədən əskikdir və ya onun məndən nəyi artıqdır ki, ona daha çox maaş ayırırsan?” deyə soruşan oğlu Abdullaha belə deyəcəkdi:

– Oğlum, onun səndən artıq və ya əskik xüsusiyyətini bilmirəm. Ancaq bildiyim bir şey var, o da Allah Rəsulunun onun atasını sənin atandan və Üsaməni də səndən çox istəməsidir. Mən də o sevginin xatirinə Üsaməni səndən üstün tuturam.”[8]

Bəli, ən əsil-nəcabətli qüreyşlilərdən Cəfər ibn Əbi Talib olan yerdə Zeyd ibn Harisənin (r.a.) sərkərdə olması, ordunun başına keçməsi necə möhtəşəm bir hadisəydi![9] Mühüm olan məsələ haqqında pafoslu cümlələr qurmaq, ağızdolusu danışmaq deyil, o məsələni şəxsən yaşamaqdır.

İnsanlar azad doğulur, heç kimin onları köləyə çevirməyə haqq və səlahiyyəti yoxdur. “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Üstünlük rəng, millət, soy və nəsildə deyil, təqvada, Allahdan qorxmaqda və yaxşı insan olmaqdadır.”[10]


[1]Deyləmi, “Müsnəd”, 4/300-301.

[2]Əhməd ibn Hənbəl, “Əl-müsnəd”, V, 411.

[3]Buxari, “Əhkam”, 4; Müslim, “İmarə”, 36-37.

[4]Buxari, “Fədailül-əshab”, 23.

[5]Buxari, “Məğazi”, 12; Əbu Davud, “Nikah”, 9; İbn Həcər, “Əl-isabə”, 2/599.

[6]İbnül-Cəvzi, “Sifətüs-safvə”, 1/521.

[7]İbn Həcər, “Əl-isabə”, 2/600.

[8]Tirmizi, “Mənaqib”, 39.

[9]Buxari, “Məğazi”, 44; Əhməd ibn Hənbəl, “Əl-müsnəd”, V, 299.

[10]Baxın: “Hucurat” surəsi, 49/13.



Açar sözləri

irqçilik

Şərh yaz