Mənəviyyata Açılan Pəncərə

Müdrik (imama namazın birinci rükətində tabe olan şəxs)

Müdrik sözü ərəbcə “dərk etmiş, çatmış” mənalarına gəlir. Dini termin olaraq, namazın hamısını imamla birlikdə qılan şəxsə müdrik deyilir. İmama ən gec ilk rükətin rükusunda yetişən şəxs həmin rükətə çatmış sayılır. Bu şəxs ayaq üstə iftitah təkbirini almış və imam rükuda olarkən, daha qalxmadan rükuya gedərsə, o rükəti tam qılmış sayılır.

Namazı camaatla qılmağın savabı tək başına qılmaqdan iyirmi yeddi dəfə daha çox olduğu üçün belə vəziyyətlərdə təkbaşına qılınan namaz tərk edilərək imama uymaq lazımdır.

Bir şəxs təkbaşına bir fərz namazı qılmağa başladıqdan sonra, olduğu yerdə o fərz namazı camaatla qılınmağa başlanılsa, təkbaşına qılan əgər səcdəyə getməyibsə, namazı dərhal kəsərək imama uyar ki, bu müstəhəbdir. Belə bir vəziyyətlə qarşılaşanın salam verməsi lazım deyil. Ədəbə uyğun olsun deyə “sağ tərəfə salam verər” deyənlər də vardır. Təkbaşına qıldığı namazda birinci rükətin səcdəsində olanın: əgər qıldığı namaz səhər və axşam namazıdırsa, bu namazları buraxaraq imama uyar. Fəqət bunların ikinci rükəti üçün səcdəyə gedibsə, namazı tərk etməyərək tamamlayar. Salam verdikdən sonra isə camaat namazı davam etdiyini görsə belə onun imama uymaz. Çünki imamla qılacağı namaz nafilə hökmündədir. Səhər namazının fərzindən sonra nafilə qılınmaz. Axşam namazı da üç rükətdir, üç rükətli nafilə namaz olmadığı üçün fərzini tamamlayan şəxs imama uymaz, yəni camaata daxil olmaz.

Əgər başladığı və ilk rükətin səcdəsini etdiyi namaz günorta, ikindi və yatsı namazıdırsa, bu təqdirdə qıldığı bir rükətə bir rükət də əlavə edərək təşəhhüddə oturaraq salam verər, sonra da imama uyar. Özünün qıldığı iki rükət isə nafilə hökmünə keçər.

Belə bir namazın üçüncü rükətində olan, lakin hələ səcdəyə getməyən şəxs dərhal ayaq üstə və ya oturaraq salam verib namazdan çıxar, imama uyar, təkbaşına qıldığı iki rükət isə nafilə sayılar. Fəqət bu namazın üçüncü rükətinin səcdəsini etmişdirsə, bu namazı axıra qədər qılar ki, bununla da fərzi yerinə yetirmiş olar. Ancaq bu namaz günorta və ya yatsı namazı olarsa, təkbaşına qıldığı bu fərzdən sonra yenə imama uya bilər. Burada o məhəyyərdir, sərbəstdir. İmamla qılacağı namaz nafilə hökmünə keçər. Ancaq ikindi namazında belə edə bilməz. Çünki ikindi namazından sonra nafilə namaz qılmaq məkruhdur.

Nafilə bir namaza başlamış bir şəxsin yanında camaatla namaz başlansa, bu nafiləni iki rükət qılaraq camaata qatılar. Üçüncü rükətə qalxıbsa, onu da dördüncü rükətə tamamlayar. Amma nafilə namaza başlayan şəxs, qılınmağa başlayan bir cənazə namazını qaçırmaqdan qor­xarsa, nafilə namazı dərhal tərk edərək cənazə namazı üçün imama uyar. Sonra isə nafiləni qəza edər. Çünki cənazə namazının qəzası mümkün deyil.

Camaatla səhər namazının qılındığını görən şəxs camaata çata biləcəyini düşünürsə, dərhal səhər namazının sünnəsini qılar və əgər lazım gələrsə, sübhanəkə, əuzu və əlavə surəni buraxaraq yalnız fatihə ilə kifayətlənə bilər. Bundan sonra imama uyar. Ancaq imama çatmayacağından qorxarsa, sünnəni qılmadan imama uyar, sünnəni qəza etməz, əgər sünnəyə başlayıbsa, bunu tamamlayar.

Günorta, ikindi və yatsı namazlarının camaatla qılındığını görən şəxs bunların ilk sünnəsini qılmadan imama uyar. Fərz namazı tamamladıqdan sonra günortanın dörd rükət sünnəsini qəza edər. İkindi namazından sonra nafilə namaz qılmaq məkruh olduğu üçün fərz qıldıqdan sonra sünnəti qəza edilməz. Yatsı namazının ilk sünnəti isə qeyri-müəkkəd bir sünnə olduğu üçün istəsə qılar, istəsə tərk edər.

Exit mobile version