Mənəviyyata Açılan Pəncərə

Münafiq kimə deyilər?

Sual:Kimlər münafiqdir? Münafiq münafiq olduğunu bilirmi?

İnsanlar iman baxımından üç qrupa ayrılır: mömin, kafir və münafiq. Mömin Allaha, Həzrət Məhəmmədin peyğəmbərliyinə və Onun xəbər verdiyi şeylərə ürəkdən inanıb bunları qəbul və təsdiq edən insana deyilir. Möminlər axirətdə Cənnətə gedəcək və orada bir çox nemətlərlə mükafatlandırılacaq. Bu, Allah-Təalanın vədidir. Günahkar möminlər axirətdə günahlarının cəzasını çəksələr də, axırda (inşallah) Cənnətə girəcəklər. Möminlərin əbədiyyən Cənnətdə olacağına dair Quranda bir çox ayələr vardır.

Kafir isə İslam dininin əsas prinsiplərinə inanmayan, Peyğəm­bərimizin Allahdan gətirdiyi dini əsaslardan birini, bir neçəsini, ya da hamısını inkar edənlərə deyilir. Məsələn, Allah-Təalanın, mələklərin varlığını qəbul etməyən, namazın fərz, içkinin haram olduğunu rədd edən adam kafirdir. Lüğətdə “kafir” sözü “bir şeyin üstünü örtən” mənasını verir. Həqiqi və doğru bir inancın üstünü örtdüklərinə və yalnış şeylərə inandıqlarına görə, bu cür adamlara kafir deyilir. Bir insan kafir kimi ölərsə, əbədiyyən Cəhənnəmdə qalacaq. Bir ayədə belə buyurulur: “Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun! Onlar həmişəlik lənət içərisində qalarlar. (Qiya­mətdə) onların əzabı azalmaz və üzlərinə də baxılmaz (üzrləri qəbul olunmaz)”.[1]

Münafiq isə Allahın bir olduğunu, Rəsulullahın peyğəmbərliyini və onun Allahdan gətirdiklərini qəbul etdiyini deyən, ancaq buna qəlbən inanmayan insanlardır. Zahirən müsəlman kimi yaşadığı halda ürəkdən iman etməyən adamlara münafiq deyilir. Münafiqin zahiri və batini bir-birindən fərqlidir. Münafiqin dili ilə qəlbi bir deyildir. Bir ayədə buyurulur: “İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik” deyirlər”.[2]Münafiqlərin əslində kafir olduğunu başqa bir ayədə görürük: “Onların Allah yolundan sapmasının səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar”.[3]

Münafiqlər İslam toplumu üçün kafirlərdən təhlükəlidir. Çünki onları kənardan müsəlman kimi göründükləri üçün tanımaq olmur. Münafiqlər müsəlman toplumunun əmin-amanlığını və birliyini daxildən pozur, quzu cildinə girərək sadəlövh və savadsız müsəlmanları səhv yola yönəldirlər. Peyğəmbərimiz vəhy sayəsində kimlərin münafiq olduğunu bilirdi, buna görə də əhəmiyyətli işləri onlara tapşırmırdı. Rəsulullahdan sonra vəhy kəsilmişdir, ona görə də  münafiqləri tanımaq çətindir. “Mü­səlmanam” deyənlərin qəlbini araşdırmaq da doğru olmadığı üçün dünyada münafiqlərlə müsəlman kimi rəftar edilir. Onların cəzası axirətə qalır. Bir ayədə bildirildiyi kimi, münafiqlər Cəhənnəmin ən alt təbəqəsinə atılır: “(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!”[4]

Nifaq (münafiqlik) kəlməsi “tunel” mənasını verir. Münafiqin də ruhunda qaranlıqlar olduğu üçün bu cür  adlandırılmışlar. İnanc baxımından münafiqliyin müxtəlif növləri var:

Etiqadi münafiqlik: Etiqadi münafiqlik – bir insanın inanmadığı halda inanırmış kimi görünməsi, qəlbən inanmayıb dillə iman gətirməsi deməkdir. Buna xalis münafiqlik də deyilir. Bu cür münafiqlər imanla münafiqlik arasında “var-gəl edən”, həmişə şübhə və tərəddüd keçirən, dolayısilə, imanında ciddi sıxıntı və zəiflik olan insanlardır.

Əməli münafiqlik: Əməli münafiqlik isə bəzi davranışlara görə, qismən etiqadi münafiqliyə  oxşayır. Belə müsəlmanların imanında münafiqlik olmur. İbadətlərdə tənbəllik edənlərin, ibadətlərini məcburiyyət düşüncəsi ilə istəməyə-istəməyə yerinə yetirənlərin bu əlaməti daşıma təklükəsi vardır.

Qurani-Kərim ayələrində münafiqlərin xüsusiyyətləri

1. Münafiqlərin qəlbi mərəzlidir: “Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izin istəməzlər (o saat cihada çıxarlar). Allah müttəqiləri tanıyır! Səndən (cihada çıxmamaq üçün) izin istəyənlər ancaq Allaha, axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar”.[5] Bir başqa ayədə də: “Onlar ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!”[6] – buyurulur.  Münafiqlərin qəlbində xəstəlik olduğunu bildirən bir başqa ayə belədir: “Ona görə də qəlblərində mərəz (nifaq xəstəliyi) olanları onların (kafirlərin) içində vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən qorxuruq” deyən görərsən”.[7]

Münafiq daima qəlbində şübhə və xəstəlik gəzdirdiyindən heç vaxt rahatlıq tapmır. Münafiqlik həm ruhi-mənəvi  xəstəlikdir, həm də müalicəyə ehtiyacı olan qəlb sıxıntısıdır…

2. Münafiqlərin bir xüsusiyyəti də özlərini bəyənmələridir. Buna qürurlanmaq və lovğalanmaq da daxildir. “Ona: “Allahdan qorx, fəsad çıxarma!” – deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə Cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!”[8] “Münafiqun” surəsində isə belə buyurulur: “Onlara: “Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin!” – deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən”.[9]

3. Münafiqlər eyni zamanda qorxaq insanlardır. “Münafiqlər ürəklərində olanları xəbər verəcək bir surənin nazil edil­mə­sindən çəkinirlər. De: “Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır!”[10] Qorxunun münafiqlərin bariz xüsusiyyəti olması haqqında Quranda buyurulur: “(Münafiqlər) sizdən olmaya-olmaya sizdən olduqları barədə Allaha and içərlər. Lakin onlar (əslində sizin onları öldürməyinizdən ehtiyat edən, buna görə də zahirən özlərini müsəlman kimi göstərən) qorxaq bir zümrədir. Əgər onlar bir sığınacaq və ya (gizlənmək üçün) mağara, yaxud girməyə bir yer tapsaydılar, tələsik ora üz tutardılar.”[11]

Münafiq insanlar şizofrenik olurlar. “(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Əslində, onlar (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və möminlərə əyan olacağından qorxub) çıxan hər səsin öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndir, sən onlardan həzər et! Allah onların bəlasını versin, necə də haqdan üz döndərirlər!”[12] Göründüyü kimi, münafiq insanların hər hərəkəti saxtadır. Onlardan doğru-dürüst əməl gözləmək əbəsdir. Ağızlarından çıxan kəlmələrin çoxu həqiqətdən uzaqdır.

4. Münafiqlər kin saxlayan olurlar. Ürəkləri kin, nifrətlə doludur. Həyatlarına sevgi yerinə düşmənçilik hakimdir. “Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”, – deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Rəsulum!) De: “Kininizdən ölün!” Əlbəttə, Allah ürəklərdə olanları bilir”.[13]

5. Münafiqlər eyni zamanda mal-dövlətə çox həris, acgöz insanlardır və hər şey mənim olsun deyirlər: “(Döyüşə qatılanda da xəsislik göstərib köməklərini) sizdən əsirgəyərlər. (Ya Rəsulum!) Onlara qorxu üz verdikdə can üstə olan (ölüm xofundan bayılan) adam kimi gözləri (o tərəf-bu tərəfə) dolana-dolana sənə baxdıqlarını görərsən. Qorxu canlarından çıxınca mala hərislik edib acı dilləri ilə sizi sancarlar. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır!”[14]

6. Münafiqlər hər işdə şəxsi mənafelərini güdürlər. Sərf edəndə hər cür fitnəkarla razılığa gəlir, münkirlərə arxa durur, anarxiya və fəsad çıxarmaqda bir qəbahət görmürlər. Onlar hər məsələyə nəfsin gözü ilə, hər şeyə mənfəət düşüncəsi ilə baxırlar. Ölçüləri nataraz, meyarları nizamsız, kriteriləri də yanlışdır. Ağı qara görür, gözələ çirkin deyir, zülmü alqışlayır, zalımı bağrına basır, işığa söyür,  nura qarşı çıxır, inanıb əsl insan olmağı axmaqlıq sayırlar.

Əslində, münafiqlərin öz arasında möhkəm birlik yoxdur. Amma doğrunu əyri, əyrini doğru görmək, imanlı insanlara kin bəsləmək kimi səbəblər müvəqqəti də olsa onları birləşdirir. Onların bu birliyi ürəkdən və səmimi deyil. Əksinə, onların duyğu və düşüncələri həmişə dağınıqdır.

Hədislərdə münafiqlik

Münafiqlik haqqında hədislərdə də bəhs edilir. Peyğəmbərimiz bir hədisi-şərifində: “Münafiqin üç əlaməti var: yalan danışmaq, sözündə durmamaq və əmanətə xəyanət etməkdir”, [15] – buyurur.

Yalan bir şeyin əslinə zidd sözlər danışmaq deməkdir və dərəcələri də olduqca çoxdur. Bunlardan bir qismi açıq-aşkar – bilavasitə yalandır. Məsələn, bir insanın yoldan keçərkən qırmızı bir maşın gördüyü halda, mavi rəngdə olduğunu deməsi açıq-aşkar yalan sayılır.

Başqa bir misal: Tutaq ki, saat doqquza beş dəqiqə qalıb. Bu vaxt kimsə bizdən saatı soruşur. “Saat doqquzdur”, – deyirik. Bu da açıq-aşkar yalandır. Yalanın bir növü də dolaylı, yəni bilavasitə yalandır.

Münafiq verdiyi sözü yerinə yetirməz. Belə insanlar söz verdiyi vaxtda gəlməməyi, təyyarəyə ən axırda minməyi, avtobusa tərpənəndə çatmağı məharət sayırlar. Halbuki bir insan dinin əmrlərinə riayət düşüncəsi ilə  verdiyi sözə əməl edər, bir yerə vaxtından tez gedərsə, dəqiqələrinə savab yazılar.

Münafiq əmanətə xəyanət edər. Bu məsələni təkcə əmanət edilən bir şeyi qoruya bilməmək və ya qəsdən xəyanət etmək kimi anlamaq natamamlıq olardı. İnsana əmanət edilən hər şey ağır məsuliyyət tələb edir. O, əmanəti göz bəbəyi kimi qorumağa borcludur. Ona görə də insan bəri başdan yüz ölçüb bir biçərək, öhdəsindən gələ bilmədiyi yükün altına girməməlidir. Peyğəmbərimiz də əmanətin qorunmamasını qiyamətin əlamətləri arasında saymışdır. Deməli, dünyanın nizamı ilə əmanətin qorunması bir-biri ilə yaxından bağlıdır.

Peyğəmbərimiz başqa bir hədisdə münafiqlik əlamətlərinə birini də əlavə edir. O da “fücur”dur. Fücur – bir əməlin günah olduğunu bilə-bilə onu açıq-aşkar, məsuliyyətsizcəsinə işləməkdir.

Bu sadalananlar münafiqliyin əlaməti hesab edilmişdir. Deyək ki, İslamın bütün hökmlərinə əməl edən  bir insanda bu əla­mətlərdən biri özünü göstərirsə, deməli, onun münafiqliklə əlaqəsi var.

Müsəlman həmişə özündə münafiq əlamətinin olmasından qorxmalıdır. Bu düşüncə ilə, bu əndişə ilə  daha  həssas olar,  ibadətlərinə daha diqqətli yanaşar. İbn Əli Muleykə deyir ki, otuza yaxın səhabə ilə tanış oldum. Hamısı da özündə münafiqlik əlaməti olduğunu deyirdi.[16]

Bu hadisə çox maraqlıdır. Peyğəmbərimizin sirdaşı Huzeyfə əl-Yəmani günlərin birində Həzrət Ömərə baş çəkməyə gəldi. O əsnada bir dəfn mərasimi var idi. Peyğəmbərimiz sağlığında bəzi münafiqlərin adını sirdaşı Həzrət Hüzeyfəyə demişdi. Ona görə də Həzrət Huzeyfə bəzi insanların dəfnində iştirak etmirdi. Bundan başa düşülürdü ki, ölən adam münafiqdir. Həzrət Ömər qonağı Huzeyfənin cənazə namazında iştirak etmədiyini görüb soruşdu:

– Huzeyfə, bu ölən münafiq idi?

Huzeyfə cavab verdikdən sonra Həzrət Ömər bir daha soruşdu:

– Allah eşqinə, de görüm, Allah Rəsulunun sənə adını dediyi münafiqlərin arasında mənim də adım  varmı?

– Vallah, yox, ey Möminlərin əmiri! Sən o adamlar arasında yoxsan.[17]

Ənəs ibn Malik (r.a.) nəql edir. Bir səhər səhabələr Peyğəm­bərimizin hüzuruna gəlib dedilər:

– Ey Allahın Rəsulu! Münafiq olduq, münafiq olduq!

Peyğəmbərimiz də soruşdu:

– Siz Allahın tək olduğuna, şəriki olmadığına, Həzrət Məhəmmədin Onun qulu və Rəsulu olduğuna şəhadət gətirmədinizmi?

Səhabələr cavab verdilər:

– Bəli, ey Allahın Rəsulu.

Peyğəmbərimiz onlara:

– Bu, münafiq olmaq deyil, – buyurdu.

Əshabi-kiram yenə də:

– Ey Allahın Rəsulu! Münafiq olduq, münafiq olduq, – dedi.

Peyğəmbərimiz də soruşdu:

– Siz Allahın tək olduğuna, şəriki olmadığına, Həzrət Məhəmmədin Onun qulu və Rəsulu olduğuna şəhadət etmədinizmi?

Səhabələr yenə cavab verdilər:

– Etdik, ey Allahın Rəsulu.

Peyğəmbərimiz onlara:

– Bu, münafiq olmaq deyil, – buyurdu.

Üçüncü dəfə:

– Ey Allahın Rəsulu! Münafiq olduq, münafiq olduq, – de­dikdə  Peyğəmbərimiz yenə soruşdu:

– Siz Allahın tək olduğuna, şəriki olmadığına, Həzrət Məhəmmədin Onun qulu və Rəsulu olduğuna şəhadət etmədinizmi?

Səhabələr cavab verdilər:

– Bəli,  etdik, ey Allahın Rəsulu. Amma Sənin hüzurundan ayrılandan sonra daha çox dünya işləri və ailəmizlə məşğul oluruq.

Bunları eşidən Peyğəmbərimiz buyurdu:

– Əgər həmişə mənim yanımdakı kimi olsaydınız, Mədinə küçələrində mələklər sizinlə yan-yana  gəzərdilər. [18]


[1] “Bəqərə” surəsi, 2/161-162

[2] “Bəqərə” surəsi, 2/8

[3] “Münafiqun” surəsi, 63/3

[4] “Nisa” surəsi, 4/145

[5] “Tövbə” surəsi, 9/44-45

[6] “Bəqərə” surəsi, 2/10

[7] “Maidə” surəsi, 5 /52

[8] “Bəqərə” surəsi, 2/206

[9] “Münafiqun” surəsi, 63/5

[10] “Tövbə” surəsi, 9/64

[11] “Tövbə” surəsi, 9/56-57

[12] “Munafiqun” surəsi, 63/4

[13] “Ali-İmran” surəsi, 3/119

[14] “Əhzab” surəsi, 33/19

[15] Tirmizi, “Səhih”, 9, 221

[16] Buxari, “Səhih”, 1, 83

[17] “Müsnədi-Rəbi”, 1, 361

[18] Əbu Yala, “Müsnəd”, 6, 59

 

Exit mobile version