1. 810 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq  üçün nə etmək lazımdır?

Ən əvvəl bunu yaxşı dərk etməliyik ki, bir şəxsin müsəlman kimi yaşaması və müsəlman olaraq ölməsi önəmli məsələdir. Allah Rəsuluna (s.ə.s) aid edilən bir sözdə belə buyurulur: “Necə yaşayarsınız elə də ölərsiniz, necə ölərsiniz elə də həşr olunarsınız.”[1]. O biri dünya, möminin ölüm halındakı vəziyyətinə görə şəkil alacaq. Ölüm anında, can bədəndən çıxarkən, hadisələr insanın yaşadığı həyat cizgisində seyr edəcəkdir.

Əgər bir insan yaşadığı həyatı çox nəzih, təmiz və üst səviyyədə yaşamış; hər daim Rəbbi ilə münasibətini qorumuş; ruhu, qəlbi, zehni Allahın rizasını qazanmaq üfüqündə olmuşsa, Allah bilir, onun bu dünyadan köçməsi də həmin istiqamətdə olacaqdır. İmanı mövzularda dərinlik qazanmayıbsa, Allah qorusun, boşluq içərisində bu dünyadan köçüb gedəcəkdir. Elə isə, insan ömrünü iman cizgisində yaşamalıdır ki, imanlı ölə bilsin. İmanla ölməlidir ki, imanlı dirilə bilsin. 

İslam alimləri, ölüm anında imanlı və imansız  gedən şəxslərin necə hallara düçar olduqları ilə bağlı müşahidələrini rəqaiq növündən kitablarda qeyd etmişlər. Rəqaiq kitabları əsasən insanın mənəvi-ruhani yönünü inkişaf etdirən, qəlbinin sarı siminə toxunan, insanın diqqətini axirət həyatına və hesab yurduna  yönəldən mövzuları əhatə edir. İmam Qurtubinin “Ət-təzkirə fi əhvalil-məvta və umuril-əxira (ölülər və onların axirət əhvalı haqqında risalə)”adlı əsəri bu qəbil kitablardandır. Həmin əsərdə qeyd olunur ki: “Dövrümüzdə biz elə kimsələrə şahid olduq ki, onlar necə bir həyat yaşamışdılarsa vəfat edərkən gözlərini həyata həmin mülahizələrlə bağlamışdılar. İnsan ömrünü nə ilə keçirirsə, gedərkən də onunla gedir. Buna görə insan ruhunu və düşüncəsini gözəl şeylərlə bəsləməlidir.” Bu gün bizə xəyal, uydurma kimi gələ bilər, ancaq mənəvi inkişafı yüksək olan şəxslər, Allahın izni ilə, bizim görmədiklərimizi görə bilirlər. Bu qəbil əsərlərə nəzər saldığımız zaman görürük ki, keçmiş dövrlərdə elə şəxslər olub ki, ölüm əsnasında, vəfat edərkən sanki qanadlanıb quş olub, uçmuşlar. Həmin şəxslərin həyatını ələ alsaq görərik ki, hər daim Quranla məşğul olmuş, ona könül vermiş,  avazı çıxdığı qədər Quran oxumuş və dili-ağzı ancaq Haqq və həqiqəti  anlatmaq olmuşdur. Bu mövzuda o qədər məşğul olmuşlar ki, şüur altıları o şəkildə formalaşmış, hər şeyi o arşına vurmuşlar. Gündəlik həyatında namazın böyük əhəmiyyəti olan müsəlman üçün ölüm anında ən gözəl şey, Rəbbinin hüzurunda başını yerə qoyub səcdə halını almasıdır. Hədisdə də bildirildiyi kimi, insanın, Rəbbinə ən yaxın olduğu an səcdə anıdır.[2] Belə bir şəxs səcdə halında ruhunu Rəbbinə təslim eləməyi arzu edər.

Əks qütbdə də elə insanlar vardır ki, ölüm anında belə günahdan, günaha xatırladan şeylərdən əl çəkə bilmir. Allah qorusun, canı hülquma gəlmiş, yenə də “maşını qarajda saxlayın, açarı bura gətirin” deyəndən, “filankəsdə mənim sələm pulum qalıb” deyənə kimi hər cür insan obrazını görmək mümkündür.  Bu qəbil sözləri deyə-deyə dəyişik ruh haləti içərində gözü, ağzı açıq ölən çox insan var. Bu dünyada necə yaşamışsa şüur altı da ona görə formalaşır. Fərqində olmadan şüur altı ilə həqiqətlər gün üzünə çıxar, bir nisbətdə insan onun təzyiqi altına qalar, istəməsə də həqiqətləri dilə gətirər. Allah bilir, bəlkə bu hal qəbirdə belə davam edər. İnkir-Minkirin suallarına belə düzgün cavabı verə bilməz. Tək arzu-diləyimiz var, Allah axırımızı xeyirli eləsin.

Uca kitabımız Quran, “Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və yalnız müsəlman olaraq can verin!”[3], buyurur. İnsanın ağlına bir sual gəlir: “Görən, müsəlman olaraq ölmək əlimizdədir?” Mömin, sahib olduğu imkanları, ələ düşən fürsətləri müsbət yöndə istifadə etmək məcburiyyətindədir. Bir savab başqa bir savabı nəticə verir. Hədisin ifadəsi ilə “xeyir xeyri gətirər.”[4] Məsələn, Allah, sədəqə verən möminin qəlbini yumşaldar və ona ibadət sevgisi verər. Ona verilən bu ibadət sevgisi, yeni xeyirli əməllər görmə sevgisini, arzusunu oyandırar. Fikrimizi belə bir metaforla ilə izah edə bilərik. Labirintin içinə düşən insan, çıxışı axtararkən dönüb-dolaşıb hər zaman ilk başdakı yerə gəldiyini düşünək. Atdığı hər bir addım boşuna atılmış olar. Başqa bir misal verək, həlqənin içərisində dönən və hər dəfə təkrar başa qayıdan insanı düşünək. Kənara çıxa bilmədiyi üçün eyni xətt üzrə boş-boşuna dolaşıb durar. Əldə edilən nəticə sıfır olar. Buna məntiqdə mənasız təkrarlanma, qısır döngü, fasid dairə deyilir. Şeytanın içərisinə düşüb, çıxa bilmədiyi girdab da belə bir şeydir. Buna qarşılıq bir dairə düşünün ki, yenə onda da dairəvi hərəkət edirsiniz, ancaq hər dəfəsində bir addım irəli keçmisiniz. Buna da saleh dairə deyə bilərik. Əslində mömin yürüdüyü bu yol zahirən dairəyə oxşayır. Ancaq 3d formatında nəzər salsaq görərik ki, onun təqib etdiyi dairə spiral şəklindədir. Hər dəfə başlanğıcla paralel nöqtəyə gəldiyi zaman bir pillə yüksəlmiş olur. Bir pillə yüksəldiyi üçün atdığı addımı şövqlə, istəyərək atar. Bilir ki, onun irəliləyişi ona yeni-yeni uğurlar, qazanclar nəsib edəcəkdir.

Möminlərin anası Həzrət Aişə (r.anha) belə rəvayət edir: Allah Rəsulu (s.ə.s):

“Hər kim Allaha qovuşmaq istəyərsə, Allah da ona qovuşmaq istəyər. Hər kim Allaha qovuşmaq istəməzsə, Allah da ona qovuşmağı arzu eləməz”- buyurdu.

Bunun üzərinə mən: “Ey Allahın Rəsulu! Ölmək istəmədiyi üçünmü (qovuşmaq istəmir)? Elə olsa, heç birimiz ölmək istəmirik, – dedim.”

-“Xeyr, elə deyil. Möminə (ölüm ayağında) Allahın rəhməti, rizası və Cənnəti müjdə verildiyi vaxt, Allah Təalaya qovuşmaq üçün can atar. Bax o zaman Allah da ona qovuşmaq istəyər. Kafirə isə Allahın əzabı, qəzəbi xəbər verildiyi an Allahla qarşılaşmaqdan yaxasını qurtarmaq üçün can atar; Allah da ona qovuşmaqdan xoşlanmaz” buyurdu.” (Müslim, Zikir 14-17)   

Yaşanmış hadisədir. Həyatının bütün anlarını namazla bəzəyən, “namaz dəlisi” 25-30 yaşlarında bir gənc vardı. Yenə bir gün “Allahu əkbər” deyərək namaza başlayır. Birdən əli üstə yıxılır. Yatağa uzadırlar və dəqiqələr sonrası vəfat edir. Bu onun son namaz idi. Nəfəsini səcdəyə getdikdən sonra nöqtələyən nə qədər insan var. Bəli, insan həyatı boyunca nəyi arzulayır, nəyi axtarar, nəyin arxasınca qaçarsa həyatı o şəkildə sona çatar. Allah xeyirli bir işin ardınca gedərkən canımızı alsın.

Tələbəlik illərimdə tanış olduğum Əli Fuad dayı vardı. Atam yaşında kişi idi. İstehsal müəssisəsi vardı, iş adamı idi. İslamla 50 yaşından sonra tanış olmuşdu. Həmişə keçmiş həyatını düşünüb heyflənir, gözləri dolardı. Gənclik illərini sosialist-kommunist ideologiyasına hədər vermişdi. Dilindən-ağzından, hər dəfə də titrək səslə bu sözlər tökülərdi: “Allah mənim canımı xeyirli iş dalınca gedərkən alsın. Ümidim odur, bəlkə Allah məni bu vəsilə ilə bağışlayar. Fövt etdiyim günlərimin hesabından qurtularam.”

İnsanın ağlına belə bir sual da gələ bilər: “Namaz qılmayan, xeyirli iş başında ölməyən, hətta son nəfəsdə şəhadəti gətirə bilməyənin aqibəti yaxşı deyildir?” Heç kimsə belə bir şeyi iddia edə bilməz, zatən doğru da deyildir. Fəqət həyatını Allahın istədiyi kimi yaşayan, hər şeyi incə ələyib, sıx toxuyan şəxs də vəfat edərkən – Allahın izni və inayəti ilə – bu dünyadan gözəl şəkildə ayrılar. Allah qorusun, haram və pis şeyləri şüur altı halına gətirən, oturub-durub ancaq ziyanlıq düşünən şəxsin də aqibətindən qorxular, qorxmaq da lazımdır.

Digər vacib məsələ də budur: İnsanın, Rəbbinə olan imanı, həyatı boyunca ruhuna elə işləməli ki, şeytan oraya müdaxilə edə bilməsin. Şeytan hər daim insanın qəlbinə imanı mövzularda tərəddüdlər salaraq imanını sarsıtmağa çalışır. İmanın canlı və təzə qalması üçün hər gün təfəkkürlə, zikrlə, mütaliə ilə yeni-yeni düyümlər atmaq lazımdır. Məsələn, Allah inancı mövzusunda qənaət gətirmək üçün bir tək dəlil yetərlidir. Gəl gör ki, şeytan və onun təqibçiləri boş durmurlar. Sağdan, soldan, öndən, arxadan və hər dəfəsində də fərqli taktika ilə iman qalasını təxrib etməyə çalışırlar. Ona görə də imanımızı elm təknəsində yoğurmalı, bildiyimiz, öyrəndiyimiz ilə əməl etməli, təhqiqi imanı əldə etməliyik. İman bir tək qəlbdə qalmamalı, damarlarda dolaşan qan ilə bütün vücudumuzu sarmalıdır. Allah Rəsulu (s.ə.s) buyurur ki, “şeytan insanın vücudunda qan kimi dolaşır[5]. Allah bilir, qırmızı qan, ağ qan cisimciklərini minik kimi istifadə edir, öncə qəlbə hücum çəkir, fitnə salır; oradan beyinə keçir ağlına şübhə salır. İman, möminin qanı içində elə yer etməlidir ki, şeytan hər yerdə iman gücü ilə boğulmalı, iman da qəlbin mərtəbələri olan sirri, xəfanı[6] fəth etməlidir. İnsan, Rəbbi ilə elə  münasibət qurmalıdır ki, başqaları onun halını bilməməli, şeytanın da xəbəri olmamalıdır. O nöqtəni ancaq Rəbbimiz bilməli və qəlbimiz sezməlidir. Hər növ şübhə və tərəddüdə elə qapalı olmalıyıq ki, son nəfəsdə şeytan ağlımızı çaşdırmasın. Yenə vurğulayaq, bunu əldə etmək üçün mütaliə, təfəkkür edilməli, inandığımız kimi yaşamalıyıq.

Müsəlman olaraq ölmək üçün diqqət edilməsi gərəkli bir digər  məsələ rabitəi-mövtdür, yəni ölümü hər daim xatırlamaq. “Ləzzətləri yox edəni (yəni ölümü) çox xatırlayın.”[7]buyurur Peyğəmbərimiz (s.ə.s). Ölümü, öləcəyimizi unutmamaq lazımdır. Ölüm “mənim” dediyimiz hər şeydən ayrılmaqdır. Gec-tez əlbət bir gün  hər kəsi yaxasından yapışacaqdır. İnsan oğlu başqalarının cənazəsini görüncə təəssüflənir, ancaq özünün də öləcəyini qəbul etmək istəmir.  

Təsəvvüf və həqiqət əhli  tez-tez ölümü düşünmüş, ona görə yola rəvan olmuş, ölümü şəbi-əruz (sevgiliyə qovuşma) kimi görmüş, hər zaman ölmək intizarı içində qalmışlar. Sevgilisinə, məhbubuna, mətlubuna  nə vaxt qovuşacağı arzusu ilə yanmış, alovlanmışlar.  Yuxarıda qeyd etdik, iman əhli Allaha, Allah da onlara qovuşmaq istər. Ancaq inkar edənin halı bunun tam tərsidir.

Qəlbində imanı olan hər mömin Rəbbinə qovuşmaq arzusu daşımalıdır. Uzun müddət qürbətdə qalan şəxs doğulduğu yerə gedərkən yol boyu sevdiklərinə qovuşma arzusu ilə ikidə-bir telefona, saata baxıb “çatmadıqmı” deməsi kimi, imanlı mömin də Rəbbinə qovuşmaq üçün can atmalıdır.

Ölümü arzulamaq doğru deyildir. Allah Rəsulunun (s.ə.s) ölüm arzusunda ölçünü bizə göstərmişdir. “Sizdən heç kimsə, məruz qaldığı bir zərər səbəbi ilə, ölümü təmənni etməsin. Bunu etmək məcburiyyətində qalarsa, heç olmasa belə desin: ‘Rəbbim! Haqqımda yaşamaq xeyirli isə yaşat. Ölüm xeyirli isə canımı al.”[8] 

Həqiqi mömin dünya zindanında sırf Rəbbin rizası üçün qalar, qalmaq üçün də dişini sıxıb səbir edər. Bir tərəfdən də gözü qapı aralığında qalar, hər an “gəl” nidasının səslənməsini gözləyər.

Qüdsi hədisdə buyurulur ki: “Qulum Mənə bir qarış yaxınlaşarsa Mən ona bir arşın yaxınlaşaram. O Mənə bir arşın yaxınlaşarsa, Mən ona bir qolac yaxınlaşaram. O Mənə yürüyərək gələrsə Mən ona qaçaraq gedərəm.”[9] Daha sonra da bu yaxınlıq elə hal alar ki, Uca Allah o möminin görən gözü olur da artıq o insan yanlış olana baxmaz. Allah onun eşidən qulağı olar, artıq hər şeyə ən gözəl şəkildə dəyər verər və günah dəvətçilərini eşitməz. Onun tutan əli və yürüyən ayağı olur, Allah onu səhv addım atmaqdan, yanlış yönə dönməkdən qoruyar.

Sözün özü budur ki, insan bu dünyada nə üçün var olduğunu unutmamalı, o biri dünyaya da imanla, alını açıq, üzüağ getməyə çalışmalıdır. Bunun üçün imanda dərinləşməli, ölümü unutmamalıdır. Ölümə Ona (c.c) qovuşmaq üçün bir tramplin nəzəri ilə baxmalıdır. Hər daim dilində “Ey Sevgili, uzatma dünya sürgünümü” tərənnümü ilə Ona qovuşmaq üçün can atmalıdır.

Rəbbim, bizim durduğumuz yerə görə deyil, Öz sonsuz kərəminə yaraşan şəkildə lütf-ehsan etsin. “Soltana soltanlıq, qapı quluna da bəndəlik yaraşır.” Ümidimiz Onadır ki, bizi o biri tərəfdə sonsuz hədiyyə və sürprizləri  ilə sevindirər…

 

[1] Əliyyul-Qari, Mirqatul-məfatih 1/332, 7/375, 8/431.

[2] Müslim, Səlat 215; Əbu Davud, Səlat 148; Nəsəi, Tətbiq 78.

[3] Ali İmran, 3/102

[4] Buxari, Cihad 37; Riqaq 7; Müslim, Zəkat 121-123.

[5] Buxari, Etiqaf 11, 12, Bədul-xalq 11, Ədəb 121, Əhkam 21; Müslim, Salam 23, 24.

[6] Sirr, xəfa qəlbin mənəvi mərtəbələridir.

[7] Nəsəi, Cənaiz, 3

[8] Buxari, Mərda, 19

[9] Buxari, Tövhid 15, 50; Müslim, Tövbə 1, Zikr 1, 20-22.

 



Açar sözləri

iman ölüm

Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

İmanı pozan sözlər

Bəzən insan fərqində olmadan imanını zədələyəcək, Allahı ittiham edici sözlər söyləyir. Qəzəb anında bu sözlər söylənmişsə belə, qəzəbi soyuyunca insan tövbə etməli, peşman olduğunu etiraf etməlidir. Əks təqdirdə uçurumun kənarında dayandığını iş işdən keçəndən sonra anlayar, o zaman da gec olar.

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Stressin çarəsi

Stress xarici və ya daxili mühitin mənfi, qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiyanın adıdır. Stress bədənin kənar təsirlərə göstərdiyi fiziki və psixoloji-emosional reaksiyadır.

Dünyada nələrlə sınağa çəkilirik?

Sahib olduğumuz bütün nemətlər, qarşımıza çıxan hər bir çətinlik öz-özlüyündə bir imtahandır. Bununla yanaşı, ayə və hədislərin işığında bəzi mühüm sınaqları qeyd etməyə çalışacağıq.


Şərh yaz