4. 876 dəfə oxunub ,   0 şərh   Çap et

Hər xəstəliyə çarə

İtin yalaması

Yeməkdən əvvəl və sonra əlləri yumaq

Ağız və diş təmizliyi (misvak)

Yemək və içməkdə ölçü

Sürmə

Qara zirə (çörək otu)

Milçək

İçkidə dərman (fayda) yoxdur

Sünnət olmaq

Bu hissədə Allah Rəsulunun müxtəlif elm sahələrinə aid məsələlər haqda dediyi sözlərin yenə Onun doğruluğuna şahidlik etməsindən qısaca danışmaq istəyirik.

Hər xəstəliyə çarə

Buxari Allah Rəsulunun bir hədisini rəvayət edir: “Allah elə bir xəstəlik göndərməmişdir ki, onun müalicəsini yaratmış olmasın”.[1] Yəni Allah (c.c.) hər bir xəstəliyin çarəsini və müalicə üsulunu var etmişdir. Allah Rəsulunun bu sözü tibb aləmində və elmə təşviq mövzusunda bu günəcən deyilmiş ən əhatəli və müfəssəl kəlamdır. Mənası da belədir: əgər bir xəstəlik varsa, şübhəsiz ki, onun müalicəsi də vardır. Yəni gün gələcək Allahın tövfiq və inayəti ilə bütün xəstəliklərin müalicəsi tapılacaq.

Hədisin başqa bir rəvayətində: “Hər dərdin dərmanı vardır”, – buyurur.[2]

Başqa bir hədisi-şərifdə: “Müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır”.[3]

Ömrü uzatma çarəsini tapsalar, insanların qocalmasını müvəqqəti olaraq müəyyən qədər ləngitsələr və hətta ölümü gecikdirsələr belə, yenə bəşər karvanının müqəddər səfərini dayandıra bilməyəcəklər. O yol ki ruhlar aləmindən gəlib uşaqlığa, gəncliyə, yaşlılığa və sonra da qəbrə çatır, oradan da həşrə qədər uzanır və gedib Cənnət və ya Cəhənnəmdə sona çatır. Bu yolun qabağına sədd çəkmək mümkün deyil, insanlar doğulacaq, böyüyəcək, yaşlanacaq və öləcək. Ancaq bütün dərdlərin dərmanı vardır, əsas odur ki, araşdırılıb tapılsın.

İki Cahan Sərvəri bu və bu kimi sözləri ilə bütün bəşəri elmə təşviq edir və bütün elm adamlarını və tədqiqatçıları xəstəliklərə çarə axtarmağa çağırır:

Büdcənizdən pul ayırın, elmi-tədqiqat institutları qurun, ölümün sahilinə qədər irəliləyin və bu sərhədə qədər uzanan o geniş sahəni araşdırıb nəzarət altına alın!

Elə Qurani-Kərim də həmişə bu məsələni nəsihət etmiş, elmə təşviq mövzusunda peyğəmbərlərə aid möcüzələri diqqətə çatdırmış və araşdırmaları o möcüzələrlə ideallaşdırmışdır. Bəli, necə ki peyğəmbərlər dini, mənəvi həyatda insanlığa rəhbər olmuş, onları əyri-üyrü yollardan doğru və təhlükəsiz sahilə çıxarmışlar, eləcə də müsbət, yəni ağılı işıqlandıran elmlərdə bəşərə liderlik vəzifəsini çiyinlərinə götürərək hər biri bir sahənin ustad və mürşidi kimi önə keçmiş, insana yol göstərmişdir. Nəticə etibarilə, bəşər övladına bütün maddi-mənəvi tərəqqinin açarlarını nəbilər vermişdir. Bəli, Allah-Təala Quranda peyğəmbərlərə aid möcüzələri insanları o möcüzələrin əlçatan sərhədlərinədək irəliləməyə təşviq etmək üçün bəyan edir.

Məsələn, Həzrət Məsih Allahın izni ilə ölüləri diriltmişdir. Quran da bunu nəql edir. Ancaq bu, son sərhəddir. Bəşərin tərəqqisi orada sona çatır. Nə üçün? Çünki səbəblər çərçivəsi orada bitir və oradan o tərəfə möcüzələr başlayır. İnsan qüdrəti, insan gücü və iradəsinə aid olan işlər fitri qanunların çərçivəsini aşa bilməz. Bəli, elm və texnologiyanın möcüzələri nə səviyyəyə çatır-çatsın, möcüzə sərhədlərini keçə bilməyəcək. Bu sərhədlər Peyğəmbərlərin cövlangahıdır və əbədiyyətə qədər də belə qalacaq. Bəli, oralarda ancaq peyğəmbərlər gəzə bilər. Bəşər hər zaman möcüzələrin başladığı sərhədə qədər irəliləyə bilər və bütün təşviqlər də buna görə edilir.

Qurani-Kərim məhz Həzrət Məsihin möcüzəsi ilə təşviq edir və deyir ki, xəstələrin müalicə yolları ölüm sərhədinə qədər açıqdır, hətta xərçəng kimi, QİÇS (SPİD) kimi hələ müalicəsi tapılmamış xəstəliklərin də əlacı mütləq vardır, axtarın və tapın! Əvvəllər çarəsiz sanılan xəstəliklər bu gün artıq rahatlıqla müalicə edilir, demək ki, çalışsanız, bu xəstəliklərin də çarəsini tapa bilərsiniz.

Peyğəmbərimizin bilavasitə tibbə və xüsusilə, gigiyenaya dair bir çox sözləri vardır. Elə tibbin böyük bir hissəsini də gigiyena təşkil edir və etməlidir də. Çünki əsas məsələ insanı xəstəliyə tutulmaqdan qorumaqdır ki, bu da daha asandır. Xəstəliyə tutulandan sonra müalicə olunmaq isə çox çətin, məsrəfli və bəzən müşküldür. Ona görə də Peyğəmbərimiz ilk olaraq bu xüsusa əhəmiyyət vermiş və tibbi tövsiyələrinin çoxunu gigeyena üzərində cəmləmişdir.

Səadət əsrində, xüsusilə, başqa ölkələrdən gələn təbiblər Mədinədə özlərinə iş tapa bilmirdilər. Bunun əsası səbəbi də Peyğəmbərimizin bu mövzuda bütün məsləhətlərinə əməl edilməsi idi.

Qəlblərin və könüllərin təbibi Rəsulullah vücuda aid məsələlərdə də bir mənada həkimlik edir və insanları həm maddi, həm də mənəvi xəstəliklərdən qorumaq üçün tədbirlər görürdü.

İtin yalaması

İmam Müslim “Səhih”ində nəql edir:

“İt birinizin qabını yalayarsa, qab birincisi torpaqla olmaq şərti ilə yeddi dəfə yuyulmaqla təmizlənmiş olur”.[4]

O dövrdə bugünkü kimi sterilizə maddələri yox idi. Allah Rəsulu əşyaları dezinfeksiya etmək üçün daha çox torpağı tövsiyə edirdi. Ancaq sonradan elmi araşdırmalar nəticəsində aydın olmuşdur ki, su kimi torpaq da dezinfeksiya etmə xüsusiyyətinə malikdir. Bundan başqa torpaq tetralit və tetrasklin kimi maddələr də ehtiva edir ki, bunlar bir qisim mikrobların dezinfeksiyasında istifadə edilən maddələrdir. Demək ki, Allah Rəsulu torpaqla yumağı tövsiyə etməklə qabı əvvəlcə sterilizə etməyi məsləhət görmüş olurdu.

Bundan başqa, hədisi-şərifdə bu xüsuslara da diqqət çəkilmişdir:

Birincisi, itdə ehtimal olunan bəzi xəstəliklər insana da keçə bilər. Bu isə hələ indi-indi  araşdırılır.

İkincisi, it nəcisi kimi şeylər insan sağlamlığına tamamilə zərərli ola bilər. Seliyi də bunun kimi. Müəyyən mərhələdən sonra onlardan yoluxan xəstəliklərin qarşısını almaq da artıq qeyri-mümkün olur. Onun üçün sterilizə çox əhəmiyyətlidir.

Üçüncüsü, bir əşyanı torpaqla yuyanda torpaq sterilizə mikrobuna çevrilir ki, onun da təmizlənməsi üçün bir rəvayətə görə, altı, bir rəvayətə görə, yeddi dəfə su ilə yumaq lazım gəlir. Bu mövzu Almaniya və İngiltərədə çıxan bəzi məcmuələrdə əksini tapmış və Peyğəmbərimizin doğru bəyanı onlar tərəfindən də təsdiq edilmişdir.

Peyğəmbərimiz itlər məsələsində o qədər həssas davranmışdır ki, hətta bir dəfə öz ictihadı ilə onları öldürməyi əmr etmişdir.[5] Ancaq daha sonra bu əmrindən vaz keçmiş və belə buyurmuşdur: “Əgər itlər ayrı-ayrılıqda bir millət[6] olmasaydılar, onları öldürməyi əmr edərdim”.[7]

Yəni əgər it bütün növlər içində insan, bitki, digər heyvanlar və s. kimi ekoloji tarazlığın bir ünsürünü təşkil etməsə idi və fitri qanunlara görə yaradılışında zərurət olmasaydı, onları öldürməyi əmr edərdim. Çünki it mikrob yuvasıdır.

Burada Peyğəmbərimizin məsələyə yaxınlaşması da ayrı bir möcüzədir. Çünki indilərdə hələ haqqında yeni-yeni danışılan təbiətdəki nizam və ya ekoloji tarazlıq o dövrdə itlərin lüzumsuz yerə öldürülməməsi prinsipi ilə qorunur və qanunlaşdırılır. Biz isə 1400 il sonra kərkəslər, balinalar, fillər və kərgədanların nəslinin kəsilməsi, başqa sözlə, təbiətdəki tarazlığın pozulması haqqında danışmağa başlamışıq. Halbuki Allah Rəsulu hələ öz dövründə: “Əgər itlər ayrı-ayrılıqda bir millət olmasaydılar…” – deyərək həyati əhəmiyyətli bir məsələni xatırladırdı.

Bəli, Allah (c.c.) kainatı yaratmış və kainatı təşkil edən ünsürlər arasında ümumi tarazlıq meydana gətirmişdir ki: “Göyü O ucaltdı, mizanı O qoydu!. Ona görə ki, bu mizanı pozmayasınız”[8] ayəsi də bu ümumi prinsipi bəyan etməkdədir. Bəli, Allah Rəsulu bir müvazinət timsalı idi. Təbii ki, müvazinəti qoruyacaq və yuxarıda qeyd edilən əmri ilə itləri öldürtməyəcəkdi. Bu bir neçə sözlük cümləsində belə biz bu qədər möcüzəvi məsələlər  təsbit edə biliriksə, irəlidə eyni cümlə, kim bilir, neçə-neçə həqiqətlərin aşkar edilməsində ilham mənbəyi olacaq. Bu sözün deyildiyi tarixdə bir nəfər bütün ömrü boyu düşünüb təkcə həmin cümləni söyləmiş olsaydı, bu, onun dahi sayılmasına kifayət edərdi. Halbuki Allah Rəsulunun bu cür minlərlə bəyanı var. Dühanı Onun qapısındakı dilənçiliklə baş-başa qoyub bu sözü də nöqtələyək:

Qətiyyətlə və tərəddüdsüz əminliklə bildiririk ki, hadisələr və vaqeələr öz dili ilə daima Allah Rəsulunu təsdiq edib: “Sən Allahın Rəsulusan və Sən doğru sözlüsən!” – deməkdədir. Elmi həssaslıq yayıldıqca bir gün bütün insanların eyni şeyləri söyləyəcəyinə şübhə etmirik. Bəli, bu gün elmlər bir casus kimi varlığın içinə soxulmuş, Peyğəmbərimizin və Quranın bəyan etdiyi həqiqətləri araşdırmaqda və bu tədqiqatların işığında həqiqəti tanımış həssas ruhlar gün keçdikcə Allah Rəsulunun doğruluğunu daha dərindən hiss etməkdə və Onun adını yüz min minarədən hayqırmağa çalışmaqdadır.

Yeməkdən əvvəl və sonra əlləri yumaq

Tirmizi və Əbu Davudun rəvayət etdiyi bir hədisdə Allah Rəsulu buyurur: “Yeməyin bərəkəti yeməkdən əvvəl və yeməkdən sonra əlləri yumaqdadır”.[9]

Yeməkdə bərəkət, təmizlik, paklıq, nəzafət axtarırsınızsa və o yeməyin sizin üçün bərəkət mənbyi olmasını arzu edirsinizsə, həm yeməkdən əvvəl, həm də sonra dəstəmaz alırmış kimi əllərinizi mütləq yuyun!

Allah Rəsulu bu sözləri ilə təmizlik məsələsinə dair bir prinsip ortaya qoyur. Yoxsa biz bunları ağlımızla bilə bilməzdik. Üstəlik o dövrdə insanın bir dırnağın altında milyonlarla mikrobun gizləndiyini bilməsi heç mümkün deyildi. O dövr bir yana qalsın, bu gün belə bu məsələnin elmi tərəfini nə qədər insan bilir?

Başqa bir hədisində təmizliklə bağlı: “Yuxudan qalxanda əlinizi üç dəfə yumadan (yemək və ya maye qabına) salmayın. Çünki gecə əlinizin haralarda gəzdiyini bilə bilməzsiniz”, – deyə buyuran Allah Rəsulu[10] əl təmizliyinə xüsusi əhəmiyyət verir, bunu ciddi vurğulayır.

Həkimlər bu məsələnin mahiyyətini hələ indi-indi izah edirlər. Bəli, insan yuxuda olanda əlini sağına-soluna aparır və hiss etmədən də mikroblara bulaşdırır. Sonra da əlini yumadan ağzına vursa, nələri udduğunu söyləməyə ehtiyac varmı?

O gün mikroskopmu, rentgen şüalarımı, laboratoriyamı vardı ki, Allah Rəsulu insanın əlinə bulaşacaq mikrobları bilsin və ümmətini xəbərdar etsin? Xeyr, bunların heç biri yox idi, amma hamısının fövqündə bir həqiqət vardı, o da bütün bunları vəhyin müxtəlif şəkilləri ilə Ona öyrədən bir Varlığın mövcudluğu idi. Bəli, O, nə bilirdisə, Müəllimi-Əkbərin sayəsində bilirdi. Allah həqiqətləri “Mətlüv” və ya “qeyri-mətlüv”[11] vəhylə Ona öyrədir, O da bunları ümmətinə təlim və təbliğ edirdi. Onun üçün də söylədiklərində zərrə qədər uydurma və yanlış tapmaq mümkün deyil.

Ağız və diş təmizliyi (misvak)

Kutubu-Sittədə yekdilliklə rəvayət edilən, nəqlində qırxa yaxın səhabənin imzası olan, buna görə də mütəvatir sayılan bir hədisdə Allah Rəsulu: “Əgər ümmətimi çətinliyə salmaqdan çəkinməsəydim, hər namazdan əvvəl misvakdan istifadə etməyi əmr edərdim”, – buyurur.[12]

Ümmətini çətinliyə salmaqdan narahat olub belə bir əmr verməmişdir. Yoxsa dişlərin misvakla təmizlənməsi də dəstəmaz kimi namazın fərzlərindən biri olacaqdı. Bu isə bu dinin ruhu olan asanlıq prinsipi ilə ziddiyyət təşkil edəcəkdi. Çünki hər kəs hər yerdə misvak tapmaya bilərdi.

Misvakdan istifadə fərz deyil, amma mühüm sünnətdir. Keçmişdə alimlər bu məsələ barədə cildlərlə kitab yazmışlar. Yeni tədqiqatçılarımız da misvak məsələsini müxtəlif aspektlərdə araşdırdılar. Gələcəkdə, inşallah, onları da oxuyacaqsınız…

“Sivak – diş təmizləmə” deməkdir və bu təkcə misvakla deyil, barmaqlarla, duzla, məcunla, başqa vasitələrlə də edilə bilər. Bəli, istəyən istədiyi şəkildə dişini təmizləyə bilər, buna heç kəs bir şey demir. Ancaq unutmayaq ki, misvak da bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir.

İndi bir din təsəvvür edin ki, o dinin mübəlliği (bani və qurucusu deyil. Çünki dinin qurucusu və banisi yalnız Allahdır (c.c.). Peyğəmbərimiz onun təbliğçisidir.) gündə beş-on dəfə misvakdan istifadə etməyi, həm də bir sünnət kimi misvak işlətməyi əmr edir. Demək ki, bu din bu günün diş təmizliyi, diş gigiyenası anlayışını çox-çox geridə qoyur. Sadə xalq bir yana, mən diş həkimlərinin belə gündə beş-on dəfə dişlərini fırçaladığını zənn etmirəm. Halbuki Peyğəmbərimiz hər gün ən azından dişlərini bu qədər təmizləyirdi. Gecə bir neçə dəfə qalxar, namaz qılar və hər namazdan əvvəl mütləq misvak işlədərdi.[13] Sübh namazında, işraq[14] və quşluq (duha) namazlarında, günorta, ikindi, axşam və işa namazlarında, namaza durmadan və dəstəmaz alarkən misvakla dişlərini təmizlədiyi kimi, bir şey yeyib-içdikdən sonra da dişlərini təmizləməyi ehmal etməzdi. İndi bütün bunları sayası olsaq, zənnimcə, Allah Rəsulunun dişlərini beş-on dəfədən də çox misvakla təmizlədiyini görərik.

Yemək və içməkdə ölçü

Şəxsi gigiyena məsələsində yenə Allah Rəsulu buyurur: “Yemək yeyərkən mədənin üçdə birini yeməyə, üçdə birini suya və digər üçdə birini də havaya ayırın. Allahın ən çox qəzəb etdiyi qab dolu mədədir”.[15]

Bu hədisi qüvvətləndirən başqa hədislər də vardır: bunlardan birində Allah Rəsulu belə buyurur:

“Ümmətimə görə ən çox qorxduğum şeylər: qarın bağlamaq, çox yatmaq, tənbəllik və “yəqin” zəifliyidir”.[16]

Hədisdə bəyan edilən məsələlər nəticə etibarilə eyni nöqtədə birləşir. Bəli, hesabsız, sorğu-sualsız və qafilanə yaşayan, ömrünün çoxunu yuxuda keçirən bir insanın kökəlməsi qaçılmazdır. İnsan kökəldikcə daha çox yeyəcək, yedikcə də özünü qəflətin qoynuna atacaq. İlk səbəbdən başlasaq; çox yeyən adam, təbii ki, çox yatacaq, çox yatan adamda da qətiyyən yəqin olmayacaq. Hansı yöndən yanaşsaq, Allah Rəsulu ümmətinə görə  bütün bunlardan narahat olmuşdur.

Bəli, burada da sözü tibb dünyasının müstəsna simalarına həvalə edir və sizi onların elmi təhlilləri ilə baş-başa buraxıram. Onları oxuyandan sonra Allah Rəsulunun əsrlər əvvəl söylədiklərinin haqq və həqiqətin özü olduğunu görəcək və sözlərində zərrə qədər yanılma olmadığına şahidlik edəcəksiniz.

Sürmə

İndi də başqa bir hədisə keçmək istəyirəm: yenə Allah Rəsulu buyurur: “Gözlərinizə sürmə çəkin. Çünki o, gözlərinizi açar və kirpiklərinizi bəsləyər”.[17]

Qəlbi və zehni münəvvər (nurlu) təbiblərimiz deyir ki, göz və kirpiklərin bəslənməsində bu günədək istifadə edilən ən faydalı dərman Allah Rəsulunun da tövsiyə etdiyi sürmədir. Biz də gələcəkdə kosmetika sahəsində sürmədən geniş istifadə ediləcəyini təxmin edirik. Sürmə kimi Peyğəmbər tövsiyəsində yer alan bir dəyərli maddə də xınadır ki, o da antibiotik təsirə malik olub dərini qoruyur.[18] Müasir elm xınanın sterilizə qabiliyyətinə görə hal-hazırda istifadə edilən yod kimi maddələrdən daha güclü olduğunu ortaya qoyur.

 Qara zirə (çörək otu)

Buxaridə keçən hədisdə Əbu Hureyrə Allah Rəsulunun belə buyurduğunu nəql edir: “Bu qara dənə, yəni qara zirə var ha, ölümdən başqa hər dərdə dəvadır”.[19]

“Hər dərd” ifadəsi ərəb dilində çoxluq mənasında işlənmişdir. Bununla yanaşı qara zirə üzərində ciddi araşdırmalar aparılsa, kim bilir, nə qədər xəstəliklərə çarə olduğu ortaya çıxacaq.

Hədisi-şərifdə, xüsusilə, iki məqama diqqət çəkilir:

Birincisi, qara zirənin şəfalı xüsusiyyəti.

İkincisi isə, onun belə ölümə çarə olmaması.

Biz yenə məsələnin elmi təhlilini mütəxəssislərə həvalə edib sadəcə ağlımıza gələn bir-iki xüsusu qeyd etməyə çalışacağıq:

Xəstəlik zamanı, xüsusilə, xəstəlikdən sonrakı dövrdə bol zülal qəbul etmək çox əhəmiyyətlidir. Bununla yanaşı bol kalori və vitamin, həzmin asan olması da zəruridir. Zənnimcə, xəstəlik dövründə həkimlər də bunları tövsiyə edir. Bəli, xəstə zülalla zəngin, bol kalorili və asan həzm olunan qidalar qəbul etməlidir ki, bir tərəfdən gücünü bərpa etsin, digər tərəfdən də həzmdə çətinlik çəkməsin.

Bu gün elmi araşdırmalar isbat edir ki, bütün bu xüsusiyyətlər qara zirədə mövcuddur. Bu mövzuda sınaqdan çıxarılmış o qədər konkret misal var ki, saymaqla bitməz. Demək, Allah Rəsulu nə buyurursa, necə deyirsə, elə olur və nəticələr də Onu təsdiq edir.

Milçək

Yenə Buxarinin rəvayət etdiyi bir hədislə mövzumuza davam edək. Allah Rəsulu buyurur: “(Su və ya yemək) qabınıza milçək düşərsə, milçəyin hər tərəfini (yeməyə və ya suya) batırın, sonra çıxarıb atın. Çünki onun bir qanadında  xəstəlik, bir qanadında da şəfa vardır”.[20]

Əvvəla, milçəyin mikrob daşımasını o dövrdə bilmək müşkül məsələ idi. Milçək mayeyə düşəndə qanadının birini ehtiyat üçün yuxarıda saxlamağa çalışır. Yəni qanadının ikisi də birdən mayeyə batmır. Çünki xilas ola bilsə, quru qalan qanadla uçub getməsi asanlaşacaq. O uçub getsə də, yeməyimizə, suyumuza saldığı mikroblarla bizi xəstəliyə yoluxdurmuş olur.

İkincisi, belə hallarda milçəyi bütünlüklə yeməyə və mayeyə batırmaq, sonra da çıxarıb atmaq məsləhət görülür. Çünki onun bir qanadında mikrob, bir qanadında da həmin mikrobu zərərsizləşdirən padzəhər vardır. Milçək ölüm həyəcanı içində çırpınarkən onun belinə toxunmaqla bu padzəhərlə dolu kisəni partlatmış, beləcə, onun bir qanadı ilə saldığı mikrobu digər qanadı ilə dezinfeksiya etmiş oluruq.

Bu məsələni araşdıran elm adamları deyirlər ki, milçəyin belindən basanda mikroskopla bəzi canlıların sağa-sola qaçdığını gördük. Və daha sonrakı araşdırmalarda bunların sterilizəedici mikroblar olduğunu öyrəndik.

İçkidə dərman (fayda) yoxdur

Tarık b. Süveyd (r.a.) nəql edir: “İçkinin qadağan edilməsindən əvvəl bəzi xəstəliklərin müalicəsində ondan istifadə edirdik. İçki qadağan edilincə Allah Rəsulunun yanına gəldim və vəziyyəti ərz edib müalicədə içkiyə icazə olub-olmadığını soruşdum. إِنَّهُ لَيْسَ بِدَوَاءٍ وَلَكِنَّهُ دَاءٌ “Xeyr, içki özü xəstəlikdir, əsla dərman ola bilməz”,[21]−  buyurdu.

Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Türkiyədə də spirtli içki əleyhinə simpoziumlar təşkil edildi. Bütün elm adamları bu məsələdə eyni fikri bildirdilər: içkinin bircə damcısı belə insanın cismində və ruhunda bəzi deformasiyalar meydana gətirir.

Allah Rəsulu isə bu məsələni əsrlərlə əvvəl bildirmiş və içkinin özünün xəstəlik olduğunu söyləmişdir.

Sünnət olmaq

Allah Rəsulu beş şeyin fitrətdən olduğunu bəyan edir. Biri də sünnət olmaqdır.[22]

Bu günün elm adamları da eyni şeyi təsbit edib demirmi: sünnət dərisi çirkab və mikrob toplamağa, cırılmağa və xərçəng olmağa əlverişli bir üzvcükdür və bunun da yeganə çarəsi sünnət olunmaqdır.

Demək ki, bu mövzuda da Qərb bizdən çox qabaqda gedir. Bu gün Amerika və İngiltərədə sünnət olunanların sayı milyonları keçir.

Bura qədər Allah Rəsulu və digər peyğəmbərlərin sədaqət və doğruluğundan bəhs etdik. Hər peyğəmbər doğruluq və sədaqətin zirvəsində dayanır. Onların həyatında yalanın zərrəsinə də yer olmamışdır. Sözlərində zərrə qədər yanlışlıq olsaydı, heç kimi doğru yola çatdıra bilməzdilər. Onlar insanlığı doğru yola qovuşdurmaq və onlara Cənnətə aparan yolları tərif etmək üçün gəlmişlər. Bəli, əgər doğruluq maddiləşib vücuda çevrilsə idi, o pak peyğəmbərləri qarşımızda görərdik.


[1]Buxari, Tibb 1; İbn Macə, Tibb 1.

[2]Müslim, Salam 69; Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/335.

[3]Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1.

[4]Müslim, Təharət 89-93; Tirmizi, Təharət 68.

[5]Buxari, Bədül-xalq 17; Müslim, Təharət 93.

[6]Növ mənasına uyğun gəlir

[7]Tirmizi, Sayd 16; Əbu Davud, Ədahi 21; Təharət 37.

[8]Rəhman surəsi, 55/7, 8

[9] Əbu Davud, Ətimə 11; Tirmizi, Ətimə 39.

[10] Buxari, Vudu 26; Müslim, Təharət 87-88.

[11]1. Mətlüv vəhy: oxunan, yəni Allahdan  Rəsuluna nazil olan vəhy – Qurani-Kərim. 2. Qeyri-mətlüv vəhy: tilavət edilməyən, oxunmayan vəhy, məna şəklində bildirilən ilahi bəyanlar – qüdsi hədislər

[12]Buxari, Cümə 8; Müslim, Təharət 42; Əbu Davud, Təharət 25; Tirmizi, Təharət 18; Nəsayi, Təharət 7.

[13]Buxari, Vudu 73; Müslim, Təharət 42-48.

[14]Günəşin doğuşundan qırx-əlli dəqiqə sonra qılınan namaz.

[15]Tirmizi, Zühd 47; İbn Macə, Ətimə 50; Əməd b. Hanbə, əl-Müsnə, 4/132.

[16]Süyuti, əl-Camiüs-sağir, 1/24 (Darəqutninin Əfradından nəql etmişdir).

[17]Tirmizi, Libas 23; İbn Macə, Tibb 25.

[18] Tirmizi, Libas 20; Tibb 13; Əbu Davud, Tərəccül 18.

[19] Buxari, Tibb 7; Müslim, Salam 88-89.

[20]Buxari, Bədül-xalq 17; Tibb 58; Əbu Davud, Ətimə 48.

[21] Müslim, Əşribə 12; Tirmizi, Tibb 8; Tahavi, Şərhi məanil-asar, 1/108.

[22] Buxari, Libas 63; İstizan 51; Müslim, Təharət 49.




Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Orucun tibbi faydaları

Belə bir araşdırma Pakistanda çıxan “əl-Muslimun” dərgisində “Orucun insan sağlamlığına müsbət təsiri” başlığı altında nəşr olundu. Araşdırmanı Dakar tibb fakultəsinin iki müəllimi qələmə almış, başqa bir müəllim isə nəzərdən keçirib analiz etmişdir. Həmin araşdımanı olduğu kimi təqdim edirik:

Oruc sağlamlıqdır

Orucdan çətin müalicə olunan və qıcqırma nəticəsində meydana gələn bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Eyni zamanda, qəbizliyin artmasının qarşısını alan ən münasib vasitələrdən biri də orucdur.

Azad düşüncə nədir?

Mütləq mənada azad olmaq mümkündürmü?

Cümə gününün sünnətləri

Cümə həftənin ən bərəkətli və fəzilətli günüdür.


Şərh yaz