Nafilə sözü “bir şeyi lazım olduğundan artıq etmək” deməkdir. Termin olaraq isə ibadətin fərz və vacib növlərindən başqa könüllü şəkildə yerinə yetirilən ibadətlərə nafilə ibadətlər deyilir.
Rəsulullah (s.ə.s.) bir qüdsi hədisdə Allahın nafilə ibadətlər haqqında belə buyurduğunu bəyan edir:
“Qulum fərz buyurduğum əməllərdən daha yaxşı heç bir vasitə ilə Mənə yaxınlaşa bilməz. Qulum (fərzlərdən əlavə etdiyi) nafilə ibadətlərlə Mənə yaxınlaşar və nəhayət, onu sevərəm. Onu sevəndə də onun eşidən qulağı, görən gözü, tutan əli və gəzən ayağı olaram. Belə bir qul Məndən bir şey diləyərsə, şübhəsiz, verərəm. Mənə pənah gətirərsə, onu hifz və himayə edərəm.”[1]
Hər il ramazan ayında oruc tutmaq[2] fərz, nəzir və qəzaya qalmış nafilə orucu tutmaq vacibdir. Fərz və vacib oruclardan başqa tutulan oruclara nafilə oruclar deyilir. Bəzi günlər xaric ilin bütün günlərində nafilə oruc tutmaq olar. Allah Rəsulunun (s.ə.s.) çox vaxt oruc tutduğu və möminləri də oruc tutmağa təşviq etdiyi günlər bunlardır:
Bazar ertəsi və cümə axşamı orucu
Həzrət Aişə (r. anha) Allah Rəsulunun bazar ertəsi və cümə axşamı günü oruc tutmağa əhəmiyyət verdiyini nəql edir.[3] Çünki həmin günlərdə insanların əməlləri Allah-Təalaya ərz edilir. Üsamə ibn Zeyd belə nəql edir: “Mən Allah Rəsulundan (s.ə.s.) bazar ertəsi və cümə axşamları niyə oruc tutduğunu soruşdum. O: “Bazar ertəsi və cümə axşamı əməllər Allah-Təalaya ərz edilir. Mən də əməllərim ərz edilərkən oruclu olmaq istəyirəm.” – buyurdu.”[4]
Hər ay üç gün oruc tutmaq
Hicri ayların 13, 14 və 15-ci günləri oruc tutmaq sünnədir. Bu günlərdə oruc tutmaq ilboyu oruc tutmaq qədər savabdır. Məlumdur ki, bir xeyir əməlin qarşılığında on savab verilir: “Kim bir yaxşı iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər.”[5] Bir ayda tutulan üç gün orucu ona vursaq, otuz gün edər. Yəni bu üç günü oruc tutan hər gün oruc tutmuş kimi savab qazanar. Əbu Dərda (r.a.) nəql edir: “Allah Rəsulu (s.ə.s.) mənə üç ibadəti tövsiyə etdi, onları ömrüm boyu yerinə yetirəcəyəm: hər aydan üç gün oruc tutmağı, duha namazı qılmağı və vitri qılmadan yatmamağı.”[6]
Abdullah ibn Amr (r.a.) nəql edir: “Mən nə qədər ömrüm var, gecələri namazla, gündüzləri də orucla keçirəcəyimə söz vermişdim. Bundan xəbər tutan Allah Rəsulu (s.ə.s.) məni çağırıb: “Sən bu cür sözlər demisən?” – deyə soruşdu. Mən də: “Bəli, ya Rəsulallah,” – dedim. Rəsulullah (s.ə.s.): “Amma sənin buna gücün çatmaz. Sən bəzi günlər oruc tut, bəzi günlər tutma. Bəzi gecələr yat, bəzi gecələr də namaz qıl. Bir də hər ay üç gün oruc tut. Çünki hər xeyirli əmələ on savab verilir. Ayda üç gün oruc tutmaq bütün il boyu oruc tutmaq kimidir,” – buyurdu. Mən: “Daha çox oruc tuta bilərəm,” – deyəndə Rəsulullah (s.ə.s.): “Bundan fəzilətlisi yoxdur,” – buyurdu.[7]
Əbu Zər (r.a.) Allah Rəsulunun belə buyurduğunu nəql edir: “Ey Əbu Zər! Oruc tutmaq istəsən, (hər hansı bir) ayın 13, 14 və 15-ci günləri tut.”[8]
Həzrət Davudun orucu (Savmu-Davud)
Rəsulullah (s.ə.s.) bir hədisində ramazan ayı xaricində tutulan ən fəzilətli orucun Həzrət Davudun (ə.) tutduğu oruc olduğunu bildirir: “Allaha ən xoş gələn namaz və oruc Həzrət Davudun namaz və orucudur. Davud (ə.) gecənin ilk yarısında istirahət edər, üçdə birini namazla keçirər və altıda birini də yatardı. Həm də bir gün oruc tutar, bir gün tutmazdı.”[9] Qeyd edək ki, İslamda bütün ili oruclu keçirmək yoxdur. İl boyu oruc tutmaq istəyənlər ən azından Davud orucu tuta bilərlər.
Şəvval orucu
Ramazan ayından sonra gələn şəvval ayında altı gün oruc tutmaq müstəhəbdir. Peyğəmbərimiz (s.ə.s.) bu haqda buyurur: “Kim ramazan ayını oruclu keçirər və ardınca şəvval ayının da altı gününü oruc tutarsa, bütün ili oruclu keçirmiş kimi olar.”[10]
Şəvval ayında tutulan orucu ardıcıl və ya ayrı-ayrı günlərdə tutmaq olar. Ancaq bayram günlərindən sonra ardıcıl tutulması daha fəzilətlidir. Şəvval ayında qəza və nəzir orucları tutaraq eyni savabı qazanmaq da mümkündür.
Ərəfə günü orucu
Zilhiccə ayının 9-u Ərəfə günüdür. Peyğəmbərimiz (s.ə.s.) bu gün tutulan orucun keçmiş və gələcək bir illik günahlara kəffarə olduğunu bildirmişdir.[11] Allah Rəsulu (s.ə.s.) zəvvarlara Ərəfə günü oruc tutmağı qadağan etmişdir. Yəni həcc ibadətini yerinə yetirənlər Ərəfə günü oruc tuta bilməzlər. Çünki oruc tutan mömin həcc ibadətini yerinə yetirməkdə çətinlik çəkə bilər.
Zilhiccə orucu
Zilhiccə ayının ilk doqquz günü oruc tutmaq tövsiyə olunur.[12] Həzrət Həfsə (r. anha) nəql edir: “Rəsulullah (s.ə.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.”[13]
Aşura orucu
Məhərrəm ayının onuncu gününə Aşura günü deyilir. Yalnız bu gün deyil, əvvəlki və sonrakı günlərdən birini və ikisini də birləşdirərək oruc tutmaq müstəhəb sayılır. Peyğəmbərimizdən Aşura günü tutulan orucun fəzilətini soruşduqda Rəsulullah (s.ə.s.): “Keçmiş ilin günahlarına kəffarə olar.”[14] – buyurmuşdur.
İbn Abbasın (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) vəfatından bir il əvvəl belə buyurmuşdur: “Allah ömür versə, gələn ilə qədər yaşasam, məhərrəm ayının doqquzuncu günü mütləq oruc tutacağam.”[15]
İbn Abbas (r.a.) nəql edir: “Rəsulullah (s.ə.s) Mədinəyə hicrət edəndə yəhudilərin Aşura günü oruc tutduqlarını görüb bunun səbəbini soruşdu. Onlar: “Bu gün çox gözəl gündür. Allah bu gün Həzrət Musanı (ə.) və İsrailoğullarını düşməndən qurtarıb. Buna görə də Həzrət Musa (ə.) bu gün oruc tutub,” – dedilər. Peyğəmbərimiz (s.ə.s.) də: “Mən Musaya sizdən daha yaxınam”, − buyuraraq bu gün oruc tutmağı əmr etdi.”[16] Ramazan orucu fərz qılınana qədər möminlər aşura orucu tutdular. Ramazan orucu fərz buyrulandan sonra Allah Rəsulu (s.ə.s.) Aşura orucunu istəyənlərin tuta biləcəyini bildirdi: “Bu gün Aşuradır. Bu gün oruc tutmaq sizə fərz deyil. Diləyən oruc tutsun, diləyən tutmasın.”[17] Yəni Əsri-Səadətdə istəyən Aşura orucunu tutar, istəyən də tutmazdı.
Haram aylarda oruc tutmaq
Hicri təqvimin zilqədə, zilhiccə, məhərrəm və rəcəb ayları haram aylar sayılır. Bu aylarda cümə axşamı, cümə və şənbə günləri oruc tutmaq məndubdur.
Rəcəb və şaban ayında oruc tutmaq
Arzu edənlər rəcəb və şaban ayında həftənin birinci və dördüncü günləri və ya ayda üç gün nafilə oruc tuta bilərlər. Rəsulullahın (s.ə.s.) bəzən şaban ayında bir neçə gün oruc tutduğu bildirilir. İstəyənlər rəcəb və şaban ayında bazar ertəsi və cümə axşamı günləri nafilə və ya qəza orucu tuta bilər.
Bundan əlavə Rəsulullah (s.ə.s.) bir hədisində “Qışda tutulan oruc zəhmətsiz qənimətdir.”[18] – buyurmuşdur.
Hansı günlərdə oruc tutmaq olmaz?
Bəzi günlərdə oruc tutmaq qadağan edilmişdir.
“Kim şəkk günü oruc tutarsa, Əbu Qasıma (Peyğəmbərimizə) qarşı gəlmiş olar.”[22]
“Heç kəs ramazandan bir və ya iki gün əvvəl oruc tutmasın. Ancaq adətən tutduğu oruc bu günə düşürsə, tutsun.“[23]
Nafilə orucla əlaqəli hökmlər
Cünub, aybaşı və zahı olan şəxslər fərz və ya nafilə oruc tuta bilməzlər.
Pozulan nafilə orucun qəzasını tutmaq vacibdir.
Maaş və ya nəyinsə müqabilində başqasına aid işdə işləyən şəxs, işinə mane olacaqsa, iş sahibinin icazəsi olmadan nafilə oruc tuta bilməz. Ancaq hər hansı zərər yoxdursa, iş sahibinin icazəsi olmadan oruc tuta bilər.
Üzərində ramazan orucunun qəzası olanlar nafilə oruc tuta bilərlər.
Həcc ibadəti əsnasında oruc tutmaq məkruhdur.
Qadının həyat yoldaşının icazəsi olmadan nafilə oruc tutması məkruhdur. Yoldaşı ona bu orucu pozdura bilər. Qadın nafilə oruc tutarkən əri onunla yaxınlıq etmək istədikdə qadın gərək orucunu pozsun, çünki ərinin ehtiyacını ödəmək onun üçün nafilə ibadətdən daha əfzəldir. Qadın pozduğu nafilə orucunun qəzasını daha sonra mütləq tutmalıdır, ona görə ki yarıda buraxılmış nafilə ibadəti əda etmək vacibdir. Hədisdə buyurulur: “Qadının yoldaşı yanında olduğu halda ondan icazəsiz oruc tutması halal deyil.”[26]
Nafilə oruc tutan zərurət olduqda (qonaq çağrıldıqda, səhhəti pisləşdikdə və s.) orucunu poza bilər. Ancaq pozduğu orucun qəzasını sonra tutmalıdır.
Nəticə
İnsan ruh və bədəndən ibarətdir. Bədəni bəslədiyimiz kimi ruhunu da bəsləməliyik. Çünki bizim yaradılış qayəmiz Yaranada ibadət etmək, Onu bilib-tanımaqdır. Əgər ruhun bədən üzərində hakimliyi zəifləsə və ya bədən ruha hakim olsa, onda insan həvəs və şəhvətinin əsirinə çevrilər, ağıl və dinin qoyduğu sərhədlərə əhəmiyyət verməz. Bütün gücünü ancaq yeyib-içməyə sərf edər. Beləcə elmin və mədəniyyətin zirvəsinə yüksəldiyi halda, dəyirman çarxlarını fırlayan heyvandan fərqlənməz, günlərini mətbəxlə ayaqyolu arasında keçirər. Nə bir məqsədi, qayəsi olar, nə də axirət düşüncəsi. Onda ancaq yeyib-içmək, zövq almaq hissi, yemək üçün qazanc qayğısı qalar, insani duyğular, mənəviyyat sıradan çıxar.
İbadətləri səbirlə yerinə yetirmək, hadisələr qarşısında sarsılmamaq, Haqq qapısından ayrılmamaq, günah işləməkdə səbir etmək və s. dinin yarısını təşkil edir. Oruc da səbrin yarısıdır.[27] Orucda iki səbir var: biri günah işləməmək üçün şəhvani istəklərə sinə gərərək səbir etmək, digəri də ac-susuz qalaraq ibadətin çətinliyinə dözməklə səbir etmək.
Unutmaq olmaz ki, Allah yolunda görülən hər bir işin mütləq savabı var.
“Allah qatında oruc qədər savablı ibadət yoxdur.”[28]
“Elə bir qul yoxdur ki, Allah yolunda (Onun rizası üçün) bir gün oruc tutsun, Allah da həmin oruca görə onun üzünü yetmiş illik məsafədə olan Cəhənnəmdən uzaq etməsin.”[29]
Xülasə, nafilə oruclar möminə yaradılış qayəsini xatırladır, Allahın razılığını qazanmağa bir vəsilə olur.
“Nəfl” kökündən yaranan nafilə kəlməsi lüğətdə “haqq edilən miqdara və ya paya əlavə olunan, artırılan, artıq” kimi mənalara gəlir; Fiqhdə nafilə, dinin fərz və vacib hökmündə olmayıb, mükəlləfdən yerinə yetirməsini gözlədiyi hər hansı maddi və bədəni ibadətə deyilir.
Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.
Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.