3. 395 dəfə oxunub ,   1 şərh   Çap et

Səhər vaxtının girməsi ilə insan bədənində kortizon[1] hormonu artır. Ona görə insan özünü səhərlər gümrah hiss edir. Dolayısilə, günün bu vaxtı işləmək və ruzi qazanmaq üçün ən bərəkətli vaxtdır. “Allahım, səhər erkən qalxan ümmətimin bərəkətini artır (o vaxtı onlar üçün bərəkətli eylə)”[2] hədisi-şərifi də bu həqiqəti ifadə edir.

Eyni zamanda sübh vaxtı havanın tərkibində sinir sisteminə, əzələlərin işinə və əqli fəaliyyətə müsbət təsir göstərən və onları daha da aktivləşdirən ozon qazının miqdarı maksimum həddə çatır.

Səhərin açılmasından yeddi saat sonra, yəni günorta vaxtı isə vəziyyət bunun tam əksi olur. İnsanın vücudunda kortizonun miqdarı ən aşağı səviyyəyə düşür. İnsan işləməkdən yorulur, vücudu halsızlaşır. İstirahətə ehtiyac hiss edir.

Məhz bu zaman qılınan günorta namazı yorğun bədəni rahatlaşdırır, qəlb və ruha rahatlıq gətirir. Bədən isə yatıb dincəlmək istəyir. Bu yerdə də qaylulə[3] köməyə çatır. Qaylulə yuxusu bədənin əvvəlki güc və qüvvəsini bərpa edir. Allah Rəsulu: “Sahura gec qalxmaqla oruca, qaylulə etməklə də gecə namazına güc toplayın”[4],– buyuraraq bu yuxunun səmərəliliyi artırmaqda nə qədər mühüm rol oynadığına işarə edir.

Elm sübut edir ki, günorta vaxtı vücud çox çətin mərhələdən keçir. Həmin vaxtda bədəndə insanı yatmağa məcbur edən maddə ifraz edir. Ona görə də bu əsnada vücud gücsüz və halsız olur. Qaylulə yuxusunu yatmayanda isə bu halsızlıq bütün günü davam edir.

Qaylulənin bir çox faydaları müəyyən edilmişdir. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, qaylulənin bir saatı gecənin üç saatına bərabərdir. Bu sünnəyə əməl edən insanların işində keyfiyyət daha yüksək olur. Qaylulə yuxusunu yatan şagirdlər digərlərinə nisbətən 50% daha yaxşı nəticə göstərirlər. Bu səbəbdən işin səmərəliliyini və keyfiyyətini artırmaq məqsədi ilə işçilərə az da olsa, qaylulə tövsiyə olunur.

ABŞ-ın Harvard Universitetində könüllü şəxslər üzərində aparılan “Görmə yolu ilə öyrənmə qabiliyyəti” adlı təcrübə zamanı məlum olmuşdur ki, gündüz bir qədər yatmaq səkkiz saatlıq gecə yuxusu qədər faydalıdır. Tədqiqatçı Sara Mendik təcrübənin yekununu belə xarakterizə etmişdir: “Könüllü iştirakçılardan hansına azacıq yatmağa icazə vermədiksə, növbəti saatlarda onların iş qabiliyyəti aşağı düşdü. Bir qədər yatıb yuxu görənlər isə gümrahlaşdı və iş qabiliyyəti yüksəldi”[5].

Xüsusilə, sübh namazına qalxmağın faydaları ilə bağlı aşağıdakı bilgilər məlumdur:

Məsələn, səhər tezdən oyanıb sonra yatmamaq və ümumən az yatmaq depressiyanı 70% azaldır. Skandinav ölkələrində bununla bağlı bir çox tədqiqat aparılmış və “yuxu deprivasiyası (yuxudan məhrum etmə)” metodu depressiyanın müalicə üsulu kimi tibb ədəbiyyatına daxil edilmişdir[6].

İkindi vaxtı isə qanda adrenalin artır, ürək və vücud daha aktiv olur. Günün bu vaxtı ürək xəstələri üçün təhlükəlidir. Vücud və orqanların passiv vəziyyətdən aktiv hala keçməsi, xüsusilə, ürək xəstələri üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. İkindi namazı vücudu və ürəyi bu ani dəyişikliyə hazırlayır. Ürək və beyinin işini tənzimləyir.

Bu məqamda “Namazlara, (xüsusilə), orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)”[7] ayəsinin hikməti ortaya çıxır. Əksər təfsir alimlərinə görə, “orta namaz” ifadəsi ilə ikindi namazı nəzərdə tutulur. Allah ikindi namazının əhəmiyyətini göz önünə sərir. Bu vaxtda qılınan namaz adrenalinin qəfil yüksəlməsinin və ürəyin sürətlə döyünməsinin qarşısını alır, orqanizmin işini nizamlayır.

Axşam vaxtı qandakı kortizon hormonunun miqdarı aşağı düşür. Səhər vaxtının əksinə olaraq, aydınlığın qaranlıqla əvəz olunması ilə bədənin aktivliyi azalmağa başlayır. Əzginlik və yuxu gətirən melatonin hormonunun ifrazı artır və insan tənbəlləşir. Axşam namazının hərəkətləri ilə vücud enerji qazanır və aktivləşir, gün də bərəkətlənir.

Və işa namazının vaxtı girir. Bu vaxt bütün günü işləyib yorulan vücudun qaranlığın düşməsi ilə istirahətə çəkilmə mərhələsinə keçididir. Buna görə də müsəlmanın işlərini tam yekunlaşdırmaq üçün işa namazını gecikdirməsi və namazını qılan kimi yatması müstəhəbdir[8]. “Müsnəd”də verilən rəvayətdə Muaz ibn Cəbəl belə deyir: “Bir gün Rəsulullah işa namazını gecikdirdi. İnsanlar da elə bildilər ki, Rəsulullah artıq namazı qılıb və daha bayıra çıxmayacaq. Sonra Rəsulullah: “Bu namazı yatanacan gecikdirin. Siz bu namazla digər ümmətlərdən üstün edildiniz, çünki sizdən əvvəlki ümmətlər bu namazı qılmayıblar”, – deyə buyurdu”[9].

Elmlər doktoru Züheyr Rabih bu nəticəyə gəlir:

“Bir şeyi yaddan çıxarmamalıyıq ki, insana yuxu gətirən melatonin hormonunun normal ifraz olunması ilə cinsi və əqli fəaliyyətin inkişafı arasında sıx əlaqə vardır. Bu ahəng sayəsində insan vücudu stabil və nizamlı həyat yaşayır. Bu səbəbdən də mütəmadi və vaxtlı-vaxtında namaz qılmaq insanı gündəlik həyata uyğunlaşmasını təmin edir və orqanların iş qabiliyyətini maksimum səviyyəyə çatdırır”[10].

[1]Kortizon  böyrək  üstü vəzdə ifraz olunan, iltihabın qarşısını alan hormondur.

[2]Əbu Davud, “Cihad”, 78; Əhməd ibn Hənbəl, “Müsnəd”, I, 153.

[3]Qaylulə − günorta yuxusu. Peyğəmbərimizin sünnəsidir

[4]İbn Macə, “Siyam”, 22; İbn Hüzeymə, “Səhih”, III, 214.

[5]Sara Mendick, “Take a nap change your life”, s. 19-20.

[6]Yusuf Karaçay, “Bir psikiyatristle sohbetler”, s. 13.

[7]“Bəqərə” surəsi, 2/238.

[8]Müstəhəb – Peyğəmbərimizin  (s.a.s.) sevdiyi və işlədiyi əməllərdir, sədəqə vermək və nafilə oruc tutmaq kimi

[9]Əhməd ibn Hənbəl, “Müsnəd”, V, 237.

[10]Ahmet Altun, “Namazın Sırları”, s. 124-125.



Açar sözləri

hikmət namaz tibb

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


1 şərh yazılıb
  1. SEO Azərbaycan , 19/05/2014 tarixində, saat 13:05

    Çox gözəl məlumatdır. Təşəkkürlər.

Şərh yaz