2. 327 dəfə oxunub ,   1 şərh   Çap et

Sual: “Namaz gözəldir, lakin hər gün beş dəfə çoxdur. Heç vaxt qurtarmadığına görə yorğunluq verir” deyənlərə necə cavab vermək olar?

Cavab: Görəsən, ömrümüz əbədidirmi? Gələn ilə, hətta səhərə sağ çıxacağımız haqda əlimizdə qəti bir sənəd varmı? Bizə yorğunluq, bezginlik verən dünyada əbədi qalma vəhmi və xülyasıdır. Elə nazlanırıq ki, elə bil kef üçün dünyada əbədi yaşayacağıq. Əgər ömrümüzün azlığını və onun faydasız keçdiyini anlasaydıq, şübhəsiz, onun iyirmi dörddə birini əbədi bir səadətə aparan gözəl, xoş, rahat və bol rəhmətli bir ibadətə sərf etmək bizi nəinki yorardı, hətta bizdə ibadətə qarşı dərin istək meydana gətirərdi.

Hər gün çörək yeyirik, su içirik, hava ilə tənəffüs edirik; bütün bunlar bizə yorğunluq verirmi?

– Xeyr, vermir, çünki ehtiyac təkrarlandığına görə yorulmaq bir yana, hətta ləzzət alırıq. Elə isə qəlbimizin qidası, ruhumuzun abi-həyatı, mənəvi duyğularımızın (Lətifeyi-Rabbəniyyəmizin) şirin rüzgarını cəzb edən namaz da bizi yormamalıdır.

Bəli, biz yalnız bədən və mədədən ibarət deyilik. Ruhi-mənəvi tərəfimiz də var və onların da özlərinə uyğun qidaları olmalıdır. Növbə ilə bunları gözdən keçirək:

QƏLB: Sonsuz sayda təsirə, əziyyətə məruz qalan, hədsiz ləzzətlərə, əməllərə məftun olan qəlbin qida və qüvvətini hər şeyə qadir, mərhəmət və kərəm sahibi Yaradanın qapısını niyazla döyməklə əldə etmək olar.

RUH: Ayrılıq fəryadı qoparıb bu fani dünyadan sürətlə köçən varlıqların çoxu ilə əlaqədar olan ruh ölümsüzlük suyunu Əbədi bir Məbud və Məhbubun mərhəmət bulağına namazla yönələrək içə bilər.

MƏNƏVİ DUYĞU: Yaradılışı baxımından əbədiyyət istəyən və əbədilik üçün xəlq edilən, əzəli və əbədi bir Varlığın güzgüsü olan, son dərəcə lətif görünən şüurlu, insani sirr[1] və nurlu mənəvi duyğu bu əzici, sıxıntılı, müvəqqəti, qaranlıq və boğucu dünya işləri arasında, təbii ki, istirahətə çox möhtacdır və yalnız namazın ruhani havası ilə nəfəsini dərə bilər.

Keçmiş günlərin ibadət yükünü, namazın məşəqqətini, müsibət sıxıntısını bu gün düşünüb ah çəkmək, habelə, gələcək günlərin ibadət vəzifəsini, namaz ibadətini və müsibətlə gələn məşəqqətini bu gün düşünüb səbirsizlik göstərmək heç məntiqə sığarmı?

Belə bir səbirsizlik axmaq bir komandirin taktisana bənzəyir: düşmənin sağ cinah orduları onun tərəfinə keçdiyi halda ordunun bir hissəsini  həmin cinaha yollayır, bir hissəsini də  hələ düşmən əsgəri olmayan sol cinaha göndərib “Atəş!” əmri verir, mərkəzi büsbütün zəiflədir. Düşmən də bunu başa düşür, mərkəzə hücum edib ordunu darmadağın edir.

Bəli, buna bənzəyirik. Çünki keçmiş günlərin zəhməti bu gün rəhmətə çevrilib. Əziyyəti gedib, ləzzəti qalıb. Zəhməti izzət, məşəqqəti savab olub. Elə isə ondan nəinki yorulmaq, hətta yeni şövq, təzə zövq almaq lazımdır, ona baxıb daha ciddi çalışmaq gərəkdir. Gələcək günlər isə madam gəlməyib indidən onu düşünüb usanmaq və ümidsizliyə qapılmaq o günlərin aclıq və susuzluğunu bu gün fikirləşib dərd etməkdir ki, bu da divanəlikdən başqa bir şey deyildir. Madam ki həqiqət budur, ağlımız varsa, ibadət barəsində ancaq bu günü düşünək və “Günün bir saatını mükafatı olduqca böyük, əziyyəti olduqca az, xoş, gözəl və ülvi bir xidmətə sərf edirəm” deyək. O zaman bizim acı usancımız xoş səy və cəhdlərə çevrilər.

Ey səbirsiz nəfsimiz! Sən üç şeyə səbir etməkdə mükəlləfsən.

Birincisi: İbadət və itaət üçün səbir.

İkincisi: Günah işləməmək üçün səbir.

Üçüncüsü: Bəla və müsibətlərə qarşı səbir.

Ağlımız varsa, bu misalda görünən həqiqəti özümüzə rəhbər seçək. Mərd-mərdanə “Ya Sabur!” deyib Allah- Təalanın “Sabur” isminə sığınaq. Bu üç səbri çiynimizə götürək. Ulu Yaradanın bizə verdiyi səbir gücünü yanlış yollarda sərf etməsək, hər cür məşəqqət və müsibətə dözməyə kifayət edər. Gəlin o gücə arxalanaq.

Bu ibadət vəzifəsi nəticəsizdir, yoxsa mükafatı azdır ki, bizə usanc gətirir? Halbuki biri bizə bir az pul versə və yaxud qorxutsa, axşamadək yorulmadan, bezmədən qapısında işləyərik. Halbuki bu müsafirxanada aciz və zəif qəlbinə qüvvət və zənginlik, qəbir mənzilində qida və işıq, böyük məhkəmən olan məhşərdə sənəd və imtiyaz, Sirat körpüsündə nur və buraq (minik) olan namaz nəticəsizdir, yoxsa mükafatı azdır?

Ey nəfs, bir adam sənə 100 min manatlıq hədiyyə söz versə, yüz gün onun üçün işləyərsən. Onun sözündə dönmə ehtimalı olsa da, etimad edərək yorulmadan çalışarsan. Bəs vədindən dönməsi qeyri-mümkün olan Zat (Allah) cənnət kimi bir mükafatı və əbədi səadət kimi bir hədiyyəni sənə vəd etsə, çox qısa zamanda, sənə çox gözəl bir vəzifə tapşırsa, sən də xidmət etməsən, yaxud həvəssiz və bezgin halda yarımçıq xidmətinlə Onu vədində ittiham edərək mükafatına xor baxsan, ağır cəza verməklə həddini bildirəcəyini və dəhşətli bir əzaba haqq qazanacağını  düşünmürsənmi? Dünyada həbs olunmaq qorxusu ilə ən ağır işlərdə bezmədən çalışırsan. Bəs cəhənnəm kimi əbədi bir həbs qorxusu sənə ən yüngül və gözəl ibadətləri yerinə yetirmək üçün qüvvət vermirmi?

Görəsən, ibadətdə usanc və laqeydliyimiz, namazda qüsurumuz dünya işlərimizin çoxluğu ilə bağlıdır, yoxsa dolanışığın təmini ilə əlaqədar vaxt tapa bilmirik?

Görəsən, sırf dünya üçün yaradılmışıq ki, bütün vaxtımızı ona sərf edirik?!

Biz qabiliyyət baxımından bütün heyvanlardan üstün olsaq da, zəruri ehtiyacları əldə etməkdə iqtidarca bir sərçədən də zəifik. Elə isə niyə buna baxıb anlamırıq ki, əsl vəzifəmiz heyvan kimi çabalamaq (maddiyyat arxasınca qaçmaq) deyil, əksinə əsl insan kimi əbədi və əsl həyat üçün çalışmaqdır. Bununla yanaşı, dünya işlərinin çoxu bizə aid olmayan, mənasız, faydasız məşğuliyyətlərdir. Ən vacibini kənara qoyub ən lazımsız şeylərlə vaxt keçiririk, elə bil min il ömrümüz var.

“Məni namazdan və ibadətdən uzaqlaşdıran və yorğunluq verən belə lüzumsuz şeylər deyil, dolanışıqla bağlı vacib işlərdir” sözlərinə cavab olaraq:

Deyək ki, sən günü on manatlıq bir işdə işləyirsən və bu vaxt biri gəlib sənə: “Gəl on dəqiqə buranı qaz, min manat dəyərində qiymətli daş-qaş tapacaqsan” deyə təklif edir. Əgər sən bu təklifə: “Yox, gəlmirəm. Çünki bu günümdən bir manat kəsiləcək. Qazancım  azalacaq” cavabını versən, nə qədər ağılsız bəhanə olar. Eləcə də sən, məsələn, öz bağında güzəranını təmin etmək üçün işləyirsən, əgər fərz namazını tərk etsən, bütün zəhmətinin nəticəsi yalnız dünyalıq, əhəmiyyətsiz və bərəkətsiz qazancdan ibarət olar. Əgər istirahət vaxtını ruha rahatlıq, qəlbə dinclik gətirən namaza sərf etsən, o zaman bərəkətli ruzi ilə yanaşı, uxrəvi qazancının və axirət azuqənin əsas mənbəyini təşkil edən iki mənəvi xəzinə əldə edərsən:

Birincisi: bağında yetişdirdiyin bütün bitki və ya ağacların hər birinin təsbihindən, duasından pay alarsan.

İkincisi: həm də bu bağda yetişən məhsuldan hədisi-şərifin bildirdiyi kimi, heyvan, insan, inək, milçək, müştəri, oğru fərqi yoxdur kim yesə, sədəqə savabı qazanarsan. Bir şərtlə ki, Həqiqi Rəzzaq olah Allah üçün və Onun izni çərçivəsində hərəkət edəsən və özünə Onun malını Onun məxluqlarına çatdıran bir vasitəçi kimi baxasan.

Buradan da göründüyü kimi, namazı tərk edən böyük bir zərərə düçar olar, əhəmiyyətli bir sərvəti itirər. İnsana çalışma əzmi verən və əməldə böyük mənəvi qüvvəti təmin edən, ruhu qüvvətləndirən o iki nəticədən və o iki xəzinədən məhrum olar.

Hətta insan qocaldıqca bağbanlıqdan bezər: “Nəyimə lazımdır? Onsuz da, dünyadan köçməyimə az qalıb. Niyə bu qədər zəhmət çəkməliyəm?” deyib özünü tənbəlliyin qoynuna atar. Halbuki namaz qılan adam belə deyər: “Daha çox ibadət etməklə yanaşı, halal qazanc əldə etməyə çalışacağam. Qəbrimə daha çox ziya göndərəcəyəm. Axirətim üçün daha artıq  azuqə tədarük edəcəyəm”.

Xülasə, dünənki gün əlindən çıxıb, artıq keçmişdir. Sabaha çıxacağına dair də əlində bir sənəd yoxdur. Elə isə bil ki, həqiqi ömür yaşadığın bu gündür. Ona görə də günün heç olmasa bir saatını ehtiyat  üçün ibadətə çevirərək axirət sandıqçası olan məscidə, canamaza at.

Bil ki, hər təzə gün sənə və hər kəsə yeni bir aləmin qapısıdır. Əgər namaz qılmasan, ogünkü aləmin zülmətli və pərişan halda keçər, Misal aləmində[2] də əleyhinə şahidlik edər. Belə ki, hər kəsin hər günə aid  xüsusi bir aləmi var. O aləmin keyfiyyəti həmin adamın qəlbindən və əməlindən asılıdır.

Necə ki güzgüdə görünən ehtişamlı bir saray güzgünün rəngindən asılıdır, qaradırsa, qara görünəcək, qırmızıdırsa, qırmızı. Güzgünün şüşəsi şəffafdırsa, sarayı gözəl, şəffaf deyilsə, çirkin göstərəcək.

Bunun kimi, sən də qəlbinlə, ağlınla, əməlinlə, könlünlə öz aləminin şəklini dəyişdirə: ya əleyhinə, ya da lehinə şahidlik etdirə bilərsən.

Əgər namaz qılsan və o namazla aləmin yaradanı olan Haqq-Təalaya yönəlsən, dərhal aləmin nurlanar. Namazın bir elektrik lampasına çevrilər, namaza niyyətin də lampanın düyməsinə toxunmaq olar, o aləmin zülmətini dağıdar və dünyanın qarmaqarışıqlığı içində bir nizamın mövcudluğu və Qüdrət qələminin mənalı yazısı görünər. “Göyləri və Yeri nurlandıran Allahdır” (“Nur” surəsi, 24/35) ayəsinin bir nurunu sənin qəlbinə səpər. Sənin ogünkü aləmin o nurun əks olunması ilə işıqlanar, lehinə nurlu vəziyyətində şahidlik edər.

Namaz qılmayan insan bu halın fərqinə vara bilməz.

Qarmaqarışıq kimi gördüyümüz şeylər əslində öznəməxsus nizamla Allahın böyüklüyünü göstərir. Məsələn, cümə günü məscidə girən dindən, ibadətdən xəbərsiz bir şəxs camaatı ilk sünnəti qılarkən görsə, heç nə anlamaz. Çünki kimi səcdədə, kimi rükudadır. Halbuki hamını camaat şəklində fərzi namazını qılarkən görsə, nizamı görə bilər. Canlı və cansız varlıqların keçirdiyi mərhələlər namazı xatırladır. Məsələn, bitkilər yavaş-yavaş böyüyür. Bir müddət qiyamda (ayaq üstə) durandan sonra rükuya gedir, əyilir. Sonra da səcdə edir – torpağa qarışır.

Uşaqlıq, gənclik, cavanlıq, qocalıq və səcdə edirmiş kimi qəbrə girmək, dünyadan köçmək – bunların hamısı eyni vəziyyəti xatırladır. Günəş tam təpədə olanda, elə bil, qiyamdadır, sonra qürub namazgahında səcdəyə qapanır.

Dövlətlər də quruluş və yüksəliş dövrləri ilə namazın qiyamını (ayaq üstə durma, namazda iftitah təkbiri ilə rüku arasında ayaq üstə durmaq), sonra durğunluq və geriləmə ilə rükunu, daha sonra da süqut etməklə səcdəni xatırladır və “Allahu Əkbər” deyərək yalnız Allahın əbədi olduğunu elan edib gedir. Hətta hislərin coşması və sakitləşməsi belə eyni ritmi izləyir.

[1] Qəlbdə Allahı müşahidə edən duyğu

[2] Misal aləmi ruhlar aləmi ilə cism (maddi) aləmi arasında keçid aləm kimi təsvir edilir. insanda digər aləmlər kimi bu aləmin də kiçik bir əlaməti  mövcuddur ki, bu da xəyaldır. Daha əvvəl getdiyimiz bir şəhəri xəyalımızda canlandırdarkən xəyalımızda həmin şəhərin bir bənzəri (nümunəsi) şəkillənir. Məhz bu şəhərin əsli cisim aləmindən, xəyaldakı şəkli isə misal aləmindəndir. Bir güzgü qarşısında dayanarkən iki şəxs üz-üzə gəlir. Bunlardan biri həqiqi, ikincisi isə misalıdır. Yəni hər şeyin, hər hadisənin bir bənzəri başqa bir aləmdə – Misal aləmində mövcuddur.

 



Açar sözləri

faydaları ibadet namaz

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


1 şərh yazılıb
  1. Jalə , 30/01/2015 tarixində, saat 05:01

    Salamun aleykum. Mən namazımi əvvəllər sevə -sevə qılırdım(nafilə namaz da qılırdım). Təəssüflər olsun ki , çox ağır şeylər yaşadım və namazdan uzaqlaşdım(1il) İndi başlamışam ama əvvəlki kimi deyiləm . ümumiyyətlə namazdan uzaqlaşdıqdan sonra mənəviyyatım məhv olmuş haldadı. Məsələn, əvvəllər ayetel kürsünü oxuyanda sevinə -sevinə oxuyurdum.Hetta Efendimize də hədiyyə yollayırdim.Indi nə ayetel kürsünü nədə başqa bir duanı içten edə bilirəm. Sabaha garantim yox ama eyni yerdə qalmışam.

Şərh yaz