14. 783 dəfə oxunub ,   0 şərh   Çap et

Namazın fərz, vacib, sünnə və müstəhəb kimi növləri var. Həddi-büluğ yaşına çatmış, ruhi xəstə olmayan hər müsəlmanın gündə beş dəfə müəyyən vaxtlarda qıldığı namazlar fərz namaz sayılır. Cümə namazı da bu qəbildəndir.

Vitr və bayram namazları isə vacib namazlardır. Fərz namazlardan əvvəl və ya sonra, yaxud da həm əvvəl, həm də sonra qılınan namazlar isə sünnə namazlardır. Təravih namazı da sünnə namazdır. Digər vaxtlarda qılınan və nafilə ya da “tətəvvü” adlanan bir sıra namazlar isə sünnə və ya müstəhəb namazlar sayılır. Təhəccüd, duha, əvvabin namazları belə namazlardandır.

Hənəfilərin vacib dedikləri namazlara əksər İslam alimləri fərz dedikləri üçün namazı fərz və sünnə olmaqla iki qrupa bölürlər.

Fərz namazlar

Fərz ibadətlər qəti dəlilə əsaslanır və bunu yerinə yetirmək hər kəsin borcudur.  Fərz buyrulan əmələ riayət etməyən şəxs üçün maddi-mənəvi cəza var. Fərz namazlarını inkar edən dindən çıxır.

Fərz namazlar fərzi-ayn (hər bir fərdə fərz olan) və fərzi-kifayə (bir qrup camaata fərz olan) olmaqla iki yerə bölünür. Fərzi-ayn ağlı başında olan və yetkinlik yaşına çatmış hər bir müsəlmana fərz olub, hər kəsin fərdi olaraq şəxsən yerinə yetirməli olduğu əmrlərdir. Gündəlik beş vaxt namaz və cümə namazı, Ramazan ayında oruc tutmaq hər kəsə fərzdir.

Gündəlik beş vaxt fərz namazların rükətlərinin sayı belədir: Sübh namazı iki rükət, günorta namazı dörd rükət, ikindi namazı dörd rükət, axşam namazı üç rükət, yatsı namazı dörd rükət. Bir gün ərzində cəmi on yeddi rükət fərz namaz var. Hər rükət üçün ən az 1,5-2 dəqiqə sərf edilsə, hər kəsdən ibadət üçün gündə təqribən 25-30 dəqiqə vaxt tələb olunur. Bu vaxtı sərf etməklə Allaha olan qulluq borcumuzu yerinə yetirmiş və Onun rizasını qazanmağa çalışmış oluruq.

Cümə namazı cümə günü günorta namazı vaxtında camaatla qılınan iki rükət namazdır. Cümə namazı qılınanda onunla yanaşı günorta namazı qılınmır.

Fərzi-kifayə isə bir qism müsəlmanların yerinə yetirməsi ilə digərlərinin məsuliyyətdən azad olduğu əmrlərdir. Cənazə namazı buna misal olar bilər. Bir kənd, qəsəbə və ya şəhərdə bir cənazə namazını bir neçə nəfər qıldığı təqdirdə digər müsəlmanlar məsuliyyətdən azad olur. Lakin heç kim qılmasa, həmin bölgədəki hamı məsuliyyət daşıyır.

Vacib namazlar

Allah və Rəsulunun mükəlləf olan hər bir müsəlmandan yerinə yetirməsini məcburi şəkildə tələb etdiyi hökmlərə “vacib” deyilir. Vitr və bayram namazları və tilavət səcdəsi bu qəbildəndir. Vacibə əməl olunmalıdır, lakin vacibi tərk etməyin cəzası fərzdəkindən daha azdır. Vacibi inkar edən dindən çıxmasa da, günahkar sayılır. Məsələn, namazda bir fərzi tərk etmək namazı pozarkən, namazın bir vacibini bilərək tərk etmək təhrimən məkruhdur, səhvən tərk edərkən də səhv səcdəsi ilə bu natamamlıq tamamlanır.

Nəzir (əhd) namazı, səhv səcdəsi və pozulan nafilə namazın qəzası da vacibdir.

Vitr namazı üç rükət, bayram namazları isə iki rükətdir.

Nafilə namazlar

Fərz və vacib namazlar xaricindəki namazlara nafilə namazlar deyilir. Fərz namazlardan əvvəl və sonra qılınan sünnə namazlar, həmçinin duha, təhəccüd, əvvabin namazları “tətəvvü” adlanan nafilə namazlardır. Bəzi İslam alimləri sünnə ilə nafiləni ayırd edərək namazları ümumi olaraq fərz, vacib, sünnə və nafilə namazlar olmaqla dörd yerə bölürlər.

Sünnə namazların rükətlərinin sayı belədir: sübh namazının iki rükət sünnəsi, günorta namazının dörd rükət ilk və iki rükət son sünnəsi, ikindi namazının dörd rükət sünnəsi, axşam namazının iki rükət sünnəsi və yatsı namazının dörd rükət ilk və iki rükət son sünnəsi.

Cümənin dörd rükət ilk sünnəsi, fərzindən sonra, dörd rükət son sünnəsi və iki rükət də “vaxtın sünnəsi” adı ilə başqa bir sünnə vardır.

Təravih namazı iyirmi rükətdir. Digər nafilə namazlar da ən az iki rükətdir.

Fərz namazlardan əvvəl və sonra qılınan sünnə namazlara “rəvatib” deyilir. Bunlardan sübh, günorta, axşam namazları ilə yatsı namazının son sünnəsi “müəkkəd”, ikindi və yatsı namazlarından əvvəl qılınan sünnələr isə “qeyri-müəkkəd” sünnə və ya müstəhəb, məndub namazlar adlanır. Müəkkəd sünnə Hz. Peyğəmbərin (s.ə.s) daim qıldığı, nadir hallarda tərk etdiyi nafilə namazlardır. Qeyri-müəkkəd sünnələr isə daim qılınması haqqında qəti dəlil olmayan nafilə namazlardır.

Rəvatib sünnələrdən başqa digər nafilə namazlara isə “rəqaib” deyilir. Bunlar Hz. Peyğəmbərin tətbiqatına əsaslanaraq müəyyən zamanlarda yaxud insanın öz istəyi ilə hər hansı bir zamanda Allaha yaxınlaşmaq, mükafat qazanmaq və əcr almaq məqsədilə qılınan namazlardır. Təhəccüd, duha, istixarə, istisqa (yağış), xüsuf (günəş tutularkən), küsuf (ay tutularkən), təhiyyətul-məscid (məscid salamlama), tövbə, əvvabin, təsbeh, ehrama giriş, səfərə çıxma və səfərdən qayıtma, hacət, dəstəmaz və qüsldən sonra qılınan namazlar rəqaib növündən nafilə namazlardır.




Bənzər məqalələr

Nafilə İbadətlər

“Nəfl” kökündən yaranan nafilə kəlməsi lüğətdə “haqq edilən miqdara və ya paya əlavə olunan, artırılan, artıq” kimi mənalara gəlir; Fiqhdə nafilə, dinin fərz və vacib hökmündə olmayıb, mükəlləfdən yerinə yetirməsini gözlədiyi hər hansı maddi və bədəni ibadətə deyilir.

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Quran və Sünnənin həyatımızda yeri

Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.

Zilhiccə orucu

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.


Şərh yaz