8. 782 dəfə oxunub ,   0 şərh   Çap et

İbadətlərə nəzər salanda namazın digər ibadətlərin önünə keçdiyini görürük. Namaza gündə ən az beş dəfə ehtiyacımız var. Ona görə də Allah onu bizə fərz buyurmuşdur. Sözsüz ki, belə bir ibadətin mənəvi faydaları ilə yanaşı, vücuda da bir çox yararları vardır.

Bu faydaları sadalaya bilərik: Namaz ürəyin fəaliyyətini tənzimləyir, damarları genişləndirir, hüceyrələri elastikləşdirir. Həzm sistemini yaxşılaşdırır, qəbzliyin qarşısını alır. Sinirləri sakitləşdirir, oynaq iltihabının qarşısını alır. Xəstəliklərə qarşı immuniteti artırır. Əzələləri gücləndirir və oynaqların hərəkət qabiliyyətini artırır. Vücudu gücləndirib əzginliyi və halsızlığı aradan qaldırır. Fiziki və əqli sağlamlığa faydalı olur. Qozbelliyin yaranmasına mane olur və bel ağrılarını aradan qaldırır. Namazın hərəkətləri qan dövranını tənzimləyir, beyinə qanın düzgün getməsini təmin edir. İndi bu faydaların ən gözə çarpanlarını təfərrüatlı şəkildə izah edək:

Namaz bel ağrılarını azaldır

Müasir dövrdə xüsusilə də müəyyən yaşdan sonra insanların ən çox əziyyət çəkdiyi xəstəliklərdən biri də bel ağrısıdır. Bel ağrısını müalicə etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Halbuki bel ağrısının ən mükəmməl məlhəmi bəşər övladına on dörd əsr əvvəl bildirilmişdir.

Statistikaya görə, insanların 80-90%-i həyatda bir və ya bir neçə dəfə bel ağrısı keçirir.  Ümumilikdə götürəndə xəstəliklər arasında bel ağrısından şikayət 4,5-ə bərabərdir. Əvvəllər insanlar daha aktiv və hərəkətli yaşayırdılar. İndi isə texnologiyanın inkişafı həyatı passivləşdirmişdir. Bu da bel ağrılarının geniş yayılmasına səbəb olur.

Həkimlər bel ağrısının qarşısını almaq üçün müəyyən hərəkətlərin edilməsini məsləhət görürlər. Ən faydalı hərəkət kombinasiyası isə namazda ehtiva olunmuşdur.

Yaratdığı bəndənin ehtiyaclarını bilən Uca Allah ibadətlərin belə insanın sağlamlığına da faydalı olsun deyə ən münasib hərəkətlərlə yerinə yetirilməsini istəmişdir. İbadətlərdə məqsəd Allahın rizası olsa da, sağlamlığa dair hikmət və faydalarını bu dünyada bir lütf kimi qəbul etmək olar. Bu hərəkətlər  insanın sağlamlığı üçün çox faydalıdır:

1. Dizləri qatlayıb oturmaq bel əzələlərinin daha yaxşı dartılmasını təmin edir, bel və döş qəfəsi əzələlərini qüvvətləndirir.

2. Əlləri yerə dayayıb alını yerə qoyduqdan sonra dikəlib oturmaq. Bunu namazda səcdəyə gedərkən edirik. Bu hərəkət beli əymədən edilir. Bu zaman əlin təkanı köməyə gəlir və fəqərə disklərinə güc düşmür, beləcə bel əzələləri qüvvətlənir.

3. Əyilib əllərinizi dizlərinizin üstünə qoyun və belinizi dik saxlayın, sonra da dizlərə təkan verib belinizi dikəldin. Bu hərəkət bel əzələlərini qüvvətləndirir. Gənclərdə bel ağrılarına tez-tez rast gəlinməsi əzələ toxumasının zəifliyi ilə əlaqədardır. Zəif əzələlər fəqərələrə kömək edə bilmir, yük fəqərələrə və fəqərələrarası disklərin üzərinə düşür və xəstəliklərə zəmin hazırlayır. Yuxarıda sadaladığımız hərəkətlərlə bu əzələləri gücləndirmək lazımdır.

Aparılan araşdırmalardan da məlum olur ki, kiçik yaşlarda namaza başlayan insanlar arasında bel ağrılarına nadir hallarda rast gəlinir[1].

Namaz və beyin

Beyin insan vücudunun ən yuxarı hissəsində yerləşir. Bu səbəbdən bəzən yerin cazibə qüvvəsinin də təsiri ilə beyin ümumən və ya kifayət qədər qanla təmin edilmir. Üstəlik, beyinə gedən qan damarlarının deformasiyaya uğraması və ya qanda şəkərin miqdarının azalması ilə nəticələnən bir sıra xəstəliklər varsa, təhlükə daha da artır.

Bu cür halların qarşısını almaq üçün ilk növbədə beyini qanla təmin edən damarları sağlam saxlamaq lazımdır. Dəstəmaz və namaz isə bu mənada ən yaxşı tədbirdir. Qiyam, sonra rüku və ardınca səcdə beyinə qanı həm sürətlə, həm də getdikcə artan tempdə ötürür. Qanın bu üsulla tədrici şəkildə beynə göndərilməsi, eynilə avtomobilin sürətinin yavaş-yavaş artırılmasına bənzəyir.

Rəbbimiz incə damarlara və həssas quruluşa malik insan beyninin qanla təminatını mükəmməl tənzimləmişdir. Beləcə, gündə beş vaxt namazda qırx dəfə rükuya, səksən dəfə səcdəyə gedirik ki, bunun da sayəsində həm beyin kifayət qədər qanla qidalanmış, həm də damarlar və sinirlərin sağlamlığı qorunmuş olur.

Dəstəmaz və namazın ömür boyu edilən ibadət olduğunu da unutmamalıyıq. Bir ildə edilən rüku və səcdələrin sayı 43800-dür. 63 il ərzində isə bu rəqəm 2.628.000-a çatır. Bu mənada namazın istər beyinə, istərsə də digər orqanlara nə qədər faydalı olduğunu bir təsəvvür edin.

Revmatizmin dərmanı namaz

Oynaqlar bədənimizin hərəkətini təmin edir. Oynaqların sağlam olması onların mütəmadi olaraq hərəkət etməsindən asılıdır. Diqqət etsək görərik ki, namaz qılarkən demək olar ki, bütün oynaqlar hərəkət edir.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) oynaq sağlamlığı və onların özünəməxsus şükrü ilə əlaqədar buyurur: “Siz hər bir oynağınıza görə bir sədəqə borclusunuz. Hər təsbih (“Subhənallah”) sədəqə, hər təhlil (“Lə iləhə illəllah”) sədəqə, hər təkbir sədəqədir (Elə isə, bu zikrləri tərk etməyin). Quşluq vaxtı qılınan iki rükət namaz da bunları əvəz edir”[2].

Hədisdə oynaqlar üçün edilən şükürlər arasında iki rükət quşluq namazı da tövsiyə olunur. Bunun üzərində dayanmağa dəyər. Məlumdur ki, quşluq (duha) namazı sabah vaxtı ilə günorta arasında qılınır. Bu zaman dilimi əksər insanların yuxudan oyandığı vaxtdır.

Yuxu zamanı oynaqlar uzun müddət hərəkətsiz qalır. Bu da orqanların fəaliyyətinə və oynaqlara mənfi təsir göstərir. Məhz bu vaxt dəstəmaz alıb qılınan iki rükət namaz oynaqların hərəkətini yenidən bərpa edir.

Göründüyü kimi, Allah-Təala namaztək məsuliyyətli bir ibadəti çiyinlərimizə qoymuşdur. Eyni zamanda namazın hərəkətlərini saysız-hesabsız fiziki və mənəvi xəstəliklərə şəfa etmişdir.

“Günaydın” (Türkiyə) qəzetinin 5 avqust 1983-cü il tarixli sayında belə bir məqalə dərc olunmuşdur: “Fransızların fikrincə, revmatizmin əlacı beş vaxt namaz qılmaqdır”.

“Fransız həkimlər revmatizm, bel və onurğa sümüyü ağrılarından əziyyət çəkən xəstələrə müsəlmanlar kimi beş vaxt namaz qılmağı tövsiyə edirlər. Həkimlərin fikrincə, namazdakı hərəkətlər ən yaxşı gimnastik hərəkətlərdir və gündə beş dəfə namaz qılmaq revmatizm ağrılarını xeyli azaldır. Həmçinin onlar namazda əyilib-qalxmağın diz qapaqlarındakı ağrıları götürdüyünü, səcdənin isə bilavasitə kürək əzələlərini gücləndirdiyini qeyd edirlər”[3].

Namaz kapillyar damarları qoruyur

Məlumdur ki, idmanın məqsədi sağlam vücuda sahib olmaqdır. İdmanın sağlamlığa müsbət təsir etməsi üçün də qan dövranı və kapillyarlar sağlam olmalıdır. Qərb ölkələrinin tibb sahəsində yaş və ya yaşlanma məfhumları bu kriteri əsasında müəyyənləşir. Məsələn, bir insanın 50 yaxud 70 yaşında olması o qədər də önəmli deyil. Əsas məsələ həmin insanın damarlarının yaşıdır. Əgər 70 yaşlı bir insanın damarları elastikliyini qoruyub saxlayıbsa və funksiyasını yerinə yetirə bilirsə, yəni iyirmi yaşındakı sağlam bir insanın damarları kimidirsə, həmin şəxsin fizioloji yaşı (70 olmasına baxmayaraq) iyirmi yaş qəbul olunur.

Həkimlər araşdırmalar zamanı aşağıdakı nəticəni əldə ediblər: “kapilyarların sağlamlığını qorumaq üçün qaçış, ağırlıqqaldırma və boks kimi sərt idman növlərindənsə, müntəzəm şəkildə ahəngli və ritmik hərəkətlər etmək daha faydalıdır.

Belə ki, çinlilər asta hərəkətlərlə müşayiət olunan idmanla məşğul olurlar. Hətta şəhər əhalisi küçələrə enib bu asta və ahəngdar hərəkətləri birlikdə edir.

Nəticə etibarilə, aparılan tədqiqatlar, əldə olunan nəticələr və bunların tətbiqi insanları, elm adamlarını qeyri-ixtiyari də olsa, İslamın əsaslarına yaxınlaşdırır.

Namazın tədili-ərkanı[4], nizamlı və müntəzəm hərəkətləri kapillyar damarların sağlamlığı baxımından olduqca faydalıdır və elmi araşdırmalarla da təsdiq olunur[5].

Namaz bu xüsusiyyətləri ilə bütün idman növlərini üstələyir. Kapillyar damarların sağlamlığını qorumaq orqanizmin sağlamlığını qorumaq deməkdir. Çünki namaz kapillyarların, onların qidalandırdığı bədən hüceyrələrinin və toxumaların yenilənməsini təmin edir. Tibbin son nailiyyətlərindən çıxış edib deyə bilərik ki, ən effektiv və uzunmüddətli üsul hüceyrələrin müalicəsidir. Hüceyrələrin müalicəsi isə bədənin bütün orqanlarının sağlamlığı deməkdir. Bu nəticələrə aparan ən mükəmməl yol da namazdır.

Namaz və varikoz xəstəliyi

Ayaqlarda qan damarlarının həddən artıq genəlməsi, qatı qanla dolub şişməsi ilə müşahidə olunan varikoz xəstəliyi çox geniş yayılmışdır. Statistikaya görə, dünya əhalisinin 10-20%-də bu xəstəliyə rast gəlinir.

Araşdırmalar zamanı namazın insanı varikoz xəstəliyinə tutulmaqdan qoruduğu müəyyən edilmişdir. Bu mövzuda tədqiqat aparan İsgəndəriyyə Universitetinin (Misir) əməkdaşı professor Tövfiq Avlan namazın qiyam, rüku, səcdə və təşəhhüd kimi rüknləri arasındakı uyğunluq, yardımlaşma və həmahəngliyi heyrətlə izlədiyini qeyd etmişdir. Professor Avlan elmi hesablamalara əsaslanaraq, rüku zamanı topuq nahiyəsində qanın damarın daxili divara göstərdiyi təzyiqin yarıya qədər azaldığını müəyyən edib. Onun səcdə zamanı qan təzyiqinin maksimum səviyyədə azaldığını bildirmişdir. Bu isə uzun müddət şaquli vəziyyətdə duran qan damarları üçün istirahət deməkdir. Səcdə zamanı qan dövranının istiqaməti ilə Yer kürəsinin fırlanma istiqaməti eyni olur.

Bu vəziyyətdə qanın ayaqdan ürəyə, aşağıdan yuxarıya doğru hərəkəti daha asan və normal olur. Nəticədə, ayaqüstə dayanmış vəziyyətlə müqayisədə qanın damarlara təzyiqi 65% aşağı düşür. Bu da insanı varikoz xəstəliyinə tutulmaqdan qoruyur[6].

Səcdənin digər tibbi faydaları

“Atom Texnologiya Mərkəzi”nin direktoru misirli bioloq professor Məhəmməd Ziyaüddin Hamidin apardığı tədqiqatlara görə, elektromaqnit sahəsinin[7] şüa və radiasiyası insanların hüceyrələrinə təsir göstərir və onların enerjisini artırır. Bu elektromaqnit sahəsinin təsirinin güclənməsi, yəni hüceyrələrin həddən artıq yüklənməsi, bu şüa və radiasiyanın bədəndə normadan artıq yığılması hüceyrələrin fəaliyyətinə mənfi təsir göstərir.

Bunun nəticəsində insanda əsrin xəstəliyinə çevrilmiş baş ağrısı,[8] boyun iltihabı, əzələ zəifliyi, yorğunluq və halsızlıqla yanaşı, unutqanlıq kimi xəstəliklər əmələ gəlir. Əgər bu elektromaqnit dalğalar bədəndən xaric edilməsə, vücudda xərçəng xəstəliyinə yol açan bəd xassəli şişlər əmələ gətirər. Vücudun sağlamlığı üçün bu elektromaqnit dalğaları bədəndən bir yerə boşaltmaq lazımdır ki, insan bu zərərli dalğaların fəsadlarına məruz qalmasın. Bunun üçün ən münasib yer isə elə yerin səthidir, torpaqdır, Allaha səcdə etməkdir.

Çünki səcdə zamanı alının yer səthinə toxunuşu ilə bədəndə yığılmış elektromaqnit dalğalar torpağa ötürülür. Vücud boşalır. Xüsusilə, səcdənin (əmr edildiyi kimi) yeddi bədən üzvümüz: alın, burun, iki əl, iki diz və iki ayaq barmaqları üzərində edilməsi bu boşalma hadisəsini asanlaşdırır. Beləcə insan da rahatlaşır.

Araşdırmada qeyd edilir ki, Məkkə coğrafi mərkəzdir. Buna görə də oranın (maqniti çəkən Şimal Qütbü kimi) xüsusi bir cazibəsi var. İnsan üzünü Qibləyə (Məkkəyə) tutub namaza duranda elektromaqnit dalğalar digər yönlərə nisbətən daha asan boşalır. Bu da Məkkənin özünəxas sirridir.

Professor Ziyaüddin araşdırmanı sonunda deyir: “Bəd xassəli şiş, əsəbilik, gərginlik, miqren[9], stress və halsızlıqdan uzaq olmaq istəyirsənsə, səcdə et”[10]

[1]Arslan Mayda, “Sızıntı”, iyul, 2001, s. 201-203. sizinti.com.tr

[2]Müslim, “Müsafirin”, 84.

[3]“Günaydın” qəzeti, 5 avqust 1983

[4]Tədili-ərkan – namazın rüknlərini düzgün, yerli-yerində və nizamla yerinə yetirmək.

[5]Süleyman Arif  Emre, “Namazın hayati özellikleri”,  Kitab dünyası yayınları, Konya, 2006.

[6]“www. 55a.net” saytından (“Mevsuatul-İcazil ilmi fil-Qurani ves-Sünne”)

[7]İnternet, televizor, soyuducu, paltaryuyan maşın, lüminiessensiya lampaları, mobil telefonlar, simsiz uşaq telefonları və bu kimi cihazlar elektromaqnit sahəsi əmələ gətirir.

[8]2006-cı ilin avqustunda Türkiyədə aparılmış bir tədqiqat zamanı üç nəfərdən ikisində baş ağrısının olması müəyyən edilmişdir.

[9]Başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən və kəskin ağrılarla müşayiət olunan xəstəlik.

[10]www.moheet.com” saytından (Şəbəkətül-ilamil-Ərəbiyyə).



Açar sözləri

fayda namaz tibb

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


Şərh yaz