1. 661 dəfə oxunub ,   0 şərh   Çap et

كَمَا تَكُونُوا يُوَلَّى عَلَيْكُمْ

“Necəsinizsə, elə idarə edilirsiniz”.[1]

Siz hansı keyfiyyətdəsinizsə, idarəçiləriniz də o keyfiyyətdə olacaqlar. Bu, elə bir mükəmməl cümlədir ki, onun əsasında idarəetmə sənəti haqqında cildlərlə kitab yazmaq olar. “Hamınız çobansınız və hamınız əlinizin altında olanlara görə məsuliyyət daşıyırsınız” [2] hökmü hər kəsin məsuliyyət çərçivəsindən xəbər verir. Ancaq “Siz necə olsanız, elə də idarə edilərsiniz” ifadəsi bu məsələnin ictimai hüquq tərəfini də əks etdirir.

Əvvəla, bu hədis idarə edilənlərə deyir ki, siz çox əhəmiyyətlisiniz, çünki idarənizi öhdəsinə götürmək istəyənlər hansı yolla olur-olsun, sizin qapınızı döymək məcburiyyətindədir. Yəni onları məhz siz formalaşdırırsınız.

Cəmiyyətin də özünə görə dəyişməz prinsipləri vardır. Fizikanın, kimyanın, astronomiyanın özünəxas sabit və “şəriəti-fitriyə”[3] qanunları olduğu kimi, cəmiyyətin də özünəməxsus prinsipləri vardır ki, bunlar qiyamətədək dəyişməz qalacaq. Buna binaən insanlar şərə, fitnə-fəsada əl atır, qəlblərində pisliklərin yaşamasına imkan verirlərsə, onların idarəçiləri də “pis”lər və despotlar olacaq. Bu, Allah-Təalanın dəyişməz qanunudur.

Bəli, fitnə-fəsad “məziyyət”ləri insanların xarakterində böyüyüb kök ata bilirsə, bu fitrətlərdə mənəvi xəstəliklər boy atıb canlanırsa, onda Allah (c.c.) onların başına eyni fitrət və “xəmir”dən yoğurulmuş insanlar gətirər.

İkincisi, həmçinin bu hədis göstərir ki, qanunlar, nizamnamələr kağıza yazılmış müddəalardır və o qədər də təsirli deyildir. İnsanlar yığışıb ən sərt qanunnamələr hazırlasalar belə, əhəmiyyətli olan onun ehtiva etdiyi maddələrə əməl edilib-edilməməsidir. Buna görə də əsas məsələ idarə edilənlərin əxlaqi keyfiyyətləridir. Əgər onlar gözəl əxlaqa yiyələnmiş, öhdələrinə düşən problem və məsələləri həll etmiş insanlardırsa, onların başına keçənlər də zərərli insanlar olmaz.

Türkiyədə bir millət vəkilinə zəmanədən, haqsızlıqlardan şikayət olunur. O da belə cavab verir:

“Ey camaat, bunu bilin ki, siz “müntəxib”siniz (seçici), mən isə “müntəxab”am (seçilən). Gedəcəyimiz yer isə “müntəxabun ileyh”dir (millət məclisidir). Sizin etdiyiniz işə “intixab” deyilir. İntixab da seçmək deməkdir, bu söz isə “nuxbə”dən gəlir. Nuxbə sürüşmək deməkdir. Unutmayın ki, bir şeyin altında nə varsa, qaymağı da ondan olur. Qatığın üstündə qatıq qaymağı, südün üstündə süd qaymağı, zəyin üstündə də zəy qaymağı olur…”

Bir misal da tarixə zülmüylə ad qoymuş Həccacı-Zalimdən verək. Ona Həzrət Ömərin ədalətindən danışan şəxsə verdiyi cavab mövzumuza aydınlıq gətirməsi baxımından əhəmiyyətlidir. Həccac deyir: “Siz Ömər dövründəki insanlar olsaydınız, heç şübhəsiz, mən də Ömər olardım…”

Üçüncüsü, hər bir insan günahı özündə axtarmalıdır. İnsan özünə  vəkillik etdikcə, günahı həmişə başqasında axtarır.( Öz gözündəki tiri görməz, başqalarının gözündə çör-çöp axtarar. Atalar sözü.) Bu düşüncə ilə də mənən yüksəlməsi, əxlaqən gözəlləşməsi mümkün deyil… İnsanlar özlərini mənən dəyişmədikcə Allah-Təala da onları dəyişdirməz[4]. Əgər insanın qəlbində və əməllərində pozulma olarsa, bu, yuxarılara qədər hər tərəfə yayılar. Bunları insanların əxlaqi keyfiyyətlərinə də şamil etmək olar. Yəni idarə edilənlərin mənəvi-əxlaqi vəziyyəti ilə idarə edənlərin mənəvi-əxlaqi vəziyyəti arasında səbəb-nəticə əlaqəsi vardır.


[1]     İbn Cəmi, Mücəmüş-şüyux s. 149; Deyləmi, Müsnəd, 3/305.

[2]     Buxari, Cümə, 11; Müslim, İmarə, 20.

[3]     Yaradılış qanunları.

[4]     Buxari, Cümə, 11; Müslim, İmarə, 20