54. 693 dəfə oxunub ,   0 şərh   Çap et

Yeni dünyaya gələn uşağın atası və ya hüquqi varisindən alacağı əsas haqlardan biri gözəl ad sahibi olmaqdır. Əgər uşaq ölü doğulsa belə ona ad qoyulmalıdır. Doğulan uşağa həmin gün ad qoymaq daha fəzilətlidir.

Doğulduğu zaman uşağa verilən şəxsi isim onun adı sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53-cü maddəsində də bildirilir ki, “Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir…”.

Rəsulullah uşaqlara necə ad qoyardı?

İslama görə, yeni doğulan uşağa ad qoyarkən sağ qulağına əzan, sol qulağına da iqamə oxumaq lazımdır. Əbu Rafi (r.a) nəql edir ki, Hz. Fatimənin (r.anha) oğlu Həsən dünyaya gələndə Rəsulullah (s.ə.s) onun qulağına əzan və İxlas surəsini oxudu, xurma ilə təhnik[1] elədi sonra da adını qoydu.[2]

Hz. Aişə (r.anha) bildirir ki, yeni dünyaya gələn uşaqları Peyğəmbərimizin yanına gətirərdilər. O, da həmin uşaqlar üçün dua edərdi.[3]

Əsma bint Əbu Bəkr nəql edir ki, “Məkkədə Abdullah ibn Zübeyrə hamilə idim. Doğum vaxtı yaxınlaşmışdı. Məkkədən Mədinəyə hicrət elədim. Abdullah Mədinədə dünyaya gəldi. Uşaq doğulan kimi onu Rəsulullahın (s.ə.s) yanına apardım. Uşağı qucağına götürdü. Xurma istədi. Xurmanı ağzında çeynəyərək əzdikdən və yumşaltdıqdan sonra uşağın damağına sürtdü. Sonra onun üçün dua elədi və adını Abdullah qoydu. Abdullah Mədinədə dünyaya gələn ilk müsəlman uşaq olduğundan müsəlmanlar buna çox sevindilər. Çünki, həmin vaxt Mədinədə yəhudilərin müsəlmanlara sehr etdiyi və onların uşaqları olmayacağı şayiəsi yayılmışdı”.[4]

Əbu Musa nəql edir ki, “Bir oğlum dünyaya gəlmişdi. Uşağı Rəsulullahın (s.ə.s) yanına gətirdim. Adını İbrahim qoydu və təhnik elədi. Sonra da “Gözün aydın olsun!” deyərək dua elədi və uşağı geri mənə verdi”. İbrahim Əbu Musanın ən böyük övladıdır.[5]

Uşağın adı doğumdan neçə gün sonra qoyulmalıdır?

İbn Ömər nəql edir, “Rəsulullah (s.ə.s) yeni dünyaya gələn uşağa yeddi gün sonra ad qoymaq, yuyundurmaq və əqiqə qurbanı kəsmək lazım gəldiyini əmr etdi”.[6]

Bu o demək deyil ki, mütləq yeddi gün bitəndə uşağa ad qoymaq lazımdır. İbn Qayyim əl-Cövzinin də dediyi kimi, “Adama qoyulan ad onun kimliyini bildirdiyinə görə, hər hansı ad qoyulmadıqda onu tanımaq çətinləşir. Buna görə də yeni doğulan uşağa doğulan gün ad qoyula biləcəyi kimi, iki, üç, beş, yeddi, on gün sonra da ad qoyula bilər. Bunda hər hansı məhdudiyyət yoxdur”.[7] Əbu Hənifənin rəyinə görə, doğulandan sonra bir dəfə olsa da səsi eşidilən və sonra ölən uşağa ad qoyulmalı, yuyundurulub kəfənləndikdən və namazı qılındıqdan sonra dəfn edilməlidir. İmam Əbu Yusifə görə isə, ölü doğulan uşağa belə ad qoyulmalıdır. Bütün bunlardan hərəkətlə onu demək olar ki, uşaq doğulduğu gün ona ad qoymaq olar.[8] Ancaq istəyən bir həftə sonra da qoya bilər.

Rəsulullahın (s.ə.s) dəyişdirdiyi adlar

Ərəblər İslamdan əvvəl özlərini cəsur, qorxmaz göstərmək üçün uşaqlara Qalib, Zalım, Müqatil (Döyüşçü), Əsəd (Aslan), Leys (İgid), Həcər (Daş), Səhr (Qaya) kimi adlar qoyurdular.[9]

Peyğəmbərimiz (s.ə.s) bəzi uşaq adlarını mənalarından dolayı dəyişmişdir. Hz. Əli (r.a) nəql edir ki, “Oğlum Həsən dünyaya gələndə onun adını Hərb qoydum. Peyğəmbərimiz gəldi və “Nəvəmi mənə göstərin. Adını nə qoydunuz?”, − deyə soruşdu. Mən də, “Hərb qoyduq”, − dedim. “Xeyir! Onun adı Həsəndir”, − buyurdu. Digər övladların Hüseyn və Muhsində də eyni cür oldu. Bundan sonra Rəsulullah (s.ə.s), “Mən onlara Harunun Şəbbər, Şəbbir və Müşəbbir adlı uşaqlarının adını qoydum”, − dedi.”[10]

“Səhl ibn Muaz bildirir ki, əl-Munzir İbn Əbi Üseyd doğulanda onu Rəsulullahın (s.ə.s) yanına gətirdilər. Peyğəmbərimiz (s.ə.s) onu qucağına götürdü və adının nə olduğunu soruşdu.  “Adı filandır”, − deyə cavab verdilər. Rəsulullah (s.ə.s), “Xeyir! Onun adı Münzirdir”, − dedi və adını Münzir olaraq dəyişdirdi”.[11]

Hz. Aişə (r.anha) də Rəsulullahın (s.ə.s) xoşagəlməz adları dəyişdirdiyini bildirir.[12] Əbu Hüreyrə (r.a) nəql edir, “Zeynəb bint Əbi Məsləmənin adı Bərrə idi.[13] “Bu adla sanki özünü təmizə çıxarır”, − dedilər. Bunu eşidən Peyğəmbərimiz (s.ə.s) Bərrə adını Zeynəb adı ilə dəyişdirdi”.[14]

Rəsulullahın (s.ə.s) adını dəyişdirdiyi səhabələrdən biri ilə əlaqəli hadisə isə belədir: “Bəşir ibn Məmunun əmisi Üsamə ibn Əxdari nəql edir ki, Əsrəm (faydasız, lazımsız, mərhəmətsiz) adlı bir adam vardı. Rəsulullah (s.ə.s) ondan, “Adın nədir?”, − deyə soruşdu. Həmin şəxs adını dedi. Rəsulullah (s.ə.s), “Xeyir! Sənin adın Züradir (əkinçi)”, − dedi.[15]

Səid ibn Müsəyyəb babasından nəql edir: “Babam Rəsulullahın (s.ə.s) yanına getmişdi. Rəsulullah (s.ə.s) “Adın nədir?” deyə soruşdu. Babam, “Həzn (kobud, qaba)”, − deyə cavab verdi. Peyğəmbərimiz (s.ə.s) “Xeyir! Sənin adın Səhldir (Səhl asanlıq deməkdir.)”, − dedi. İbn Müsəyyəb, “Olmaz! Səhl adını insanlar təhqir edər, üstəlik atamın qoyduğu adı dəyişə bilmərəm”, − dedi. İbn Müsəyyəb deyir ki,  “Kaş ki, adın dəyişməyinə razı olaydım. O gündən sonra ailəmizdə kobudluq daha da artdı”.

Hədis alimlərindən Əbu Davud bu hadisəni nəql etdikdən sonra Rəsulullahın (s.ə.s) dəyişdirdiyi adlar haqqında məlumat verir. Belə ki, Peyğəmbərimiz (s.ə.s), Asi (üsyankar), Əziz, Atələ (şiddət, kobudluq), Şeytan, Hakəm, Ğurab (qarğa), Hübab (şeytan adı), Şihab (alov) adlarını dəyişdirmişdir. Şihab adını Hişamla (comərd), Hərb adını Silmlə (sülh) və Müzdaci (yatan) adını da Münabis (gəzən) adıyla dəyişmişdir.

Yer adlarından isə, Arifə (quraqlıq) adlanan ərazini Hadirə (yaşıllıq), Şibud-dəlaləti (sapqınlıq məhəlləsi) adlı yeri də Şibul-huda (hidayət məhəlləsi) olaraq adlandırmışdır. Bənuz-zinyəni (zina oğulları) adını da Bənur-rüşd (Doğruluq oğulları) olaraq dəyişmişdir.[16]

Peyğəmbərimiz mənası gözəl adlara üstünlük verərdi

Yəhya ibn Said nəql edir, “Rəsulullah (s.ə.s) bir gün südü çox olan bir dəvəni göstərərək, “Kim bu dəvəni sağmaq istəyir?”, − deyə soruşdu. Bir nəfər ayağa qalxdı. Peyğəmbərimiz (s.ə.s) ona, “Adın nədir?”, − dedi. Həmin şəxs, “Mürrə (turş)”, − dedikdə, ona “Otur”, − dedi. Yenidən dəvəni göstərərək, “Kim bu dəvəni sağmaq istəyir?”, − deyə soruşanda başqa biri ayağa qalxdı. Onun da adını soruşdu. Hərb (müharibə) deyincə “Otur”, − dedi. Sualı təkrarladı. Başqa bir nəfər ayağa qalxdı. Adını soruşdu. “Yaiş (yaşayan)”, − dedi. Bunu eşidən Rəsulullah (s.ə.s), “Sən yaşayırsan”, deyərək ona dəvəni sağmağa icazə verdi”.[17]

Peyğəmbər adlarını künyə olaraq işlətmək olar?

Hədislərdə yeni doğulan uşaqlara peyğəmbər adlarını qoyula biləcəyi bildirilmiş, Peyğəmbərimiz (s.ə.s) də bəzi səhabələrə peyğəmbər adlarından künyə kimi istifadə etməyə icazə vermişdir. Rəsulullah (s.ə.s) bir hədisində belə buyurur: “Övladlarınıza peyğəmbər adları qoyun”.[18]

Ad qoymaq haqqı kimə aiddir?

İslamda uşağa ad qoymaq haqqı ataya aiddir. Ata vəfat elədiyi və ya həyat yoldaşından ayrıldığı təqdirdə bu haqq ananındır. Doğumundan əvvəl atası vəfat edən Peyğəmbərimizin (s.ə.s) adı da anası əminə tərəfindən Muhamməd olaraq seçilmiş, babası Əbdülmüttəlib tərəfindən də qoyulmuşdur.  Rəsulullah (s.ə.s) bir hədisində belə buyurmuşdur:

Siz qiyamət günündə adlarınızla və atalarınızın adları ilə çağırılacaqsınız. Buna görə də gözəl adlar qoyun!”[19]

Hansı adları qoymaq daha yaxşıdır?

Uşağa ad qoyarkən mənası gözəl olan ad seçmək lazımdır. Mənaca gözəl olmayan adların insan üzərindəki mənfi təsirləri nəzərə alınaraq bu adları qoymaq məkruh və ya təhrimən-məkruhdur.

Peyğəmbərimiz (s.ə.s) bir hədisində belə buyurur: “Allahın ən çox sevdiyi ad Abdullah və Abdurrahmandır”.[20]

Bu iki adın Allahın ən çox sevdiyi ad olmağını belə izah edə bilərik: Abdullah adı insanın bəndəliyini bildirir. Abdurrahman adında isə Allahın bütün məxluqata aid rəhmətini bildirən Rəhman ismi var. Təbii ki, Allah dərgahında bəyənilən sadəcə bu iki ad deyil. Yaxşı olar ki, uşağa Uca Allahın Əsmaül-hüsnadakı isimlərini qoyarkən ismin əvvəlinə “Abd (Əbd)” (bəndə) sözü artırılsın. Və belə qoyulan adların hamısı Allahın bəyəndiyi adlardandır.[21] Məsələn, Əbdülkərim – lütf və kərəmi bol olan Allahın bəndəsi, Əbdüllətif  – gözəl, lətif, həlim olan, bütün hadisələrin təfərrüatını bilə Allahın bəndəsi, Əbdülməcid – şanı uca, comərdlik və kərəmi bol olan Allahın bəndəsi deməkdir. Bu cür adlar həm də insanlara Allahı xatırlatmaq, tövhid əqidəsini qorumaq və insanın Allaha bəndə olduğunu unutmamaq baxımından da əhəmiyyətlidir.

“Bəndə, qul” mənasına gələn “əbd” kəlməsi ancaq Uca Allahın adlarının əvvəlində istifadə olunaraq ad kimi qoyula bilər. “Əbd” kəlməsi ilə başlayan bəzi adlar var ki, onları qoymaq olmaz. Məsələn, Əbdülməsih adını qoymaq haramdır. Ona görə ki, istər peyğəmbər, istərsə də səhabə fərqi yoxdur Allahdan başqasına bəndəlik mənası daşıyan bütün adlar alimlərin icması ilə haramdır. Yəni bir şəxsə Əbdünnəbi, Əbdürrəsul, Əbdülhüseyn, Əbdülkəbə, Hüseynqulu, Həsənqulu, Məmmədqulu və bənzər adların qoyulması caiz deyildir.

Məkruh adlar

 Peyğəmbərimiz (s.ə.s) bir hədisində belə buyurur: “Allahın ən çox sevdiyi ad Abdullah və Abdurrahmandır. Ən sadiq olanlar Haris və Həmmamdır. Ən xoşlamadığı adlar isə Hərb və Mürrədir”.[22]

Başqa bir hədisində isə belə buyurur: “Allah dərgahında ən xoşagəlməz ad Məlikul-əmlak (mülklərin sahibi) adıdır. Əslində Allahdan başqa Malik yoxdur”. Hədisin davamında Şahənşah adının da bunun kimi olduğunu bildirir.[23]

Birdən çox ad qoymaq olar?

Qoyulan adın məqsədi şəxsin tanınmasından və kimliyinin bilinməsindən ibarətdir. İnsanın tanınmağı üçün bir ad kifayətdir. Lakin, birdən çox ad qoymaq da caizdir. Yəni bir şəxsin həm adı, soyadı, həm künyəsi, həm də ləqəbi və ya təxəllüsü ola bilər. Peyğəmbərimizin (s.ə.s) də bir neçə adı olmuşdur. O (s.ə.s), bir hədisində belə buyurur: “Mənim beş adım var: Mən Muhammədəm (çox təriflənən), Mən Əhmədəm (çox həmd edən, sevilən), Mən Allahın vasitəmlə küfrü məhv edəcəyi əl-Mahiyəm, Mən Haşirəm (toplayan, yığan) ki, insanlar mənim arxamda toplanacaqlar. Mən Aqibəm (ən axırda gələn) ki, məndən sonra peyğəmbər gəlməyəcək”.[24]

Peyğəmbərimizin (s.ə.s) ad və künyəsinin qoyulmaması

Ərəblərdə adla yanaşı insanlar künyələri ilə də tanınırdılar. Bu adətən ilk doğulan uşağın adına nisbətlə verilirdi. Ancaq bir şəxs bizdəki ləqəb və ya təxəllüs kimi özünə künyə götürə bilərdi. Məsələn, Əbu Bəkir, Əbu Hüreyrə və s. Rəsulullahın (s.ə.s) künyəsi də övladlarından Qasıma nisbətlə Əbu Qasım idi. Peyğəmbərimizin (s.ə.s) öz künyəsi və adının eyni şəxsdə olmağından xoşu gəlməzdi.

Ənəs (r.a) nəql edir: “Bir gün Rəsulullah (s.ə.s) Baqi qəbirstanlığında idi. Qulağına Əbul-Qasım deyə bir səs gəldi. Başını səs gələn tərəfə çevirdi. Onu çağıran şəxs, “Ey Allahın Rəsulu! Səni yox filankəsi çağırdım”, – dedi. Bunu eşidən Hz. Peyğəmbər (s.ə.s), “Adımı qoya bilərsiniz, ancaq künyəmi özünüzə künyə etməyin”, – buyurdu”.[25]

Cabir (r.a) nəql edir ki, bir nəfərin bir oğlu dünyaya gəldi. Adını Qasım qoydu. Ona, “Biz sənə Əbu Qasım deyə bilmərik”, – dedik və bunu Rəsulullaha (s.ə.s) bildirdik. Rəsulullah (s.ə.s), “Oğlunun adı Abdurrahmandır”, – buyurdu. Bu hədisə belə əlavə də var: “Adımı qoya bilərsiniz. Lakin künyəmi künyə etməyin. Mən Qasımam (təqsim edənəm)”. Əbu Davudun nəql elədiyi bir hədis isə belədir: “Kim mənim adımı daşıyırsa künyəmi götürməsin. Kim də künyəmi daşıyırsa adımı götürməsin”.[26]

Alimlər bu qadağanın Peyğəmbərimizin həyatda olduğu dövr üçün keçərli olduğunu deyirlər. Əbu Davud və Tirmizinin (Əbu Davud, Ədəp 68; Tirmizi Ədəb 68) “Sünən”, Beyhəqinin isə “Sünəni-Kübra” (IX, 309) əsərindəki bir hədisdə Hz. Əli Peyğəmbərimizə (s.ə.s), “Ey Allahın Rəsulu! Sən dünyadan köçəndən sonra övladım olsa ona sənin adını və künyəni verəcəm”, – dedi. Peyğəmbərimiz də, “Bəli (verə bilərsən).”, – buyurdu. Səhabələr içərisində də Əbu Qasım künyəsi ilə tanınanlar vardı. Həmçinin bu künyə ilə məşhur olan alimlər də olmuşdur.  

Nəticə

Uşaqlara ad seçərkən Peyğəmbərimizin (s.ə.s) ad qoymaq xüsusundakı həssaslığını və adın uşaq psixologiyasına (Bu haqda ətraflı məlumat üçün saytımızdakı http://www.meneviyyat.az/adin-usaq-psixologiyasina-tesiri/ məqaləyə baxa bilərsiniz) təsirini nəzərə almalıyıq. Unutmamalıyıq ki, uşağa qoyulan ad onun xarakter və şəxsiyyətinə birbaşa təsir edir. Çünki, uşaq böyüdükcə ətrafındakılar tərəfindən öz adı ilə tanınır. Bu nöqteyi-nəzərdən valideynlərin üzərinə böyük iş düşür.

Bu məqalə Yeni Ümit dərgisinin İyul-Avqust-Sentyabr 2009-cu il, 85-ci sayından ixtisarla hazırlanmışdır. (Efendimiz’in Çocukları İsimlendirmede Uyguladığı Yöntem Yrd. Doç. Musa Kazım Gülçür)

[1] Xurmanı yumşalana qədər çeynəmək və yeni doğulan uşağın damağına sürtməyə təhnik deyilir.
[2] Əbu Davud, Ədəb 116, (5105); Tirmizi, Ədahi 17, (1514).
[3] Müslim, Ədəb, 27 (2147); Əbu Davud, Ədəb 116, (5106).
[4] Buxari, Mənaqibul-Ənsar 45, Əqiqə, 1; Müslim, Ədəb 26, (2146).
[5] Buxari, Əqiqə, 1; Müslim, Ədəb 24, (2145).
[6] Əbu Davud, Ədahi, 21, (2837); Tirmizi, Ədahi 23, (1522), Ədəb 63, (2834); Nəsai, Əqiqə 5, (7, 166); İbn Macə, Zəbai 1,(3165).
[7] İbni Qayyim əl-Cövziyye, İslamda Çocuk, (Tərc. Mahmut Kısa), s. 127.
[8] DİA, I, 333.
[9] DİA, I, 332.
[10] Əhməd ibn Hənbəl, I, 118. Şəbbər, Şəbbir və Müşəbbir adları İbrani dilində Həsən, Hüseyn və Mühsin adlarının qarşılığıdır.
[11] Buxari, Ədəb 108; Müslim, Ədəb 29, (2149).
[12] Tirmizi, Ədəb 66, (2841).
[13] “Bərrə” və ya “əl-bərrətu” kəlməsi ərəb dilində “əl-birr” kəlmədindən törəmişdir. Mənası olduqca comərd, dürüst qadın” deməkdir. Bu adın mənasında dolayı bəziləri Hz. Zeynəb üçün özünü təmizə çıxarmaq üçün belə edir deyirdilər. Elə bu səbəbdən də Peyğəmbərimiz (s.ə.s) adını dəyişmişdir.
[14] Buxari, Ədəb 108; Müslim, Ədəb 17, (2141).
[15] Əbu Davud, Ədəb 70, (4954).
[16] Buxari, Ədəb 107-108; Əbu Davud, Ədəb 70, (4956).
[17] Muvatta, İstizan 24 (2, 973).
[18] Əbu Davud, Ədəb 69, (4950).
[19] Əbu Davud, Ədəb 69, (4948).
[20] Müslim, Ədəb, 2, (2132); Əbu Davud, Ədəb 69, (4949); Tirmizi, Ədəb 64, (2835).
[21] Ayni, Umdə, XVIII, 257.
[22] Əbu Davud, Ədəb 69, (4950).
[23] Buxari, Ədəb 114; Müslim, Ədəb 20, (2143); Əbu Davud, Ədəb 70, (4961); Tirmizi, Ədəb 65, (2839).
[24] Buxari, Mənaqib 17, Təfsir, Saff 1; Müslim, Fəzail 125, (2354); Muvatta, Əsmaun-Nəbi 1, (2, 1004); Tirmizi, Ədəb 67, (2842).
[25] Buxari, Mənaqib 20, Ədəb 106; Müslim, Ədəb 1 (2131); Tirmizi, Ədəb 68, (2844).
[26] Buxari, Ədəb 105, 106, 109, Mənaqib 20; Müslim, Ədəb 2, (2133); Əbu Davud, Ədəb 74 (4965); Tirmizi, Ədəb 68, (2845).



Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?


Şərh yaz