Mənəviyyata Açılan Pəncərə

Necə tövbə etməliyik

 Tövbə ərəb dilində, geri dönmək, qayıtmaq, dönüş etmək kimi mənalara gəlir. Dini bir ifadə olaraq isə tövbə, xətalarına qarşı peşmanlıq hiss edərək onları etiraf edib, tərk edilən məsuliyyətləri təkrar yerinə yetirmək və yenidən özünü ələ alıb Allaha tərəf yönəlmək deməkdir.

Tövbə məfhumu daha geniş izah edən alimlər də olmuşdur. Onların verdikləri izahları ümumiləşdirsək, tövbə, duyğu, düşüncə, təsəvvür və davranışlarda Rəbbimizin ilahlığına qarşı içərisinə düşdüyümüz bütün növ müxalif davranışlardan əl çəkib,  əmr və qadağaları baxımdan təkrar Onun razı olduğu yola yönəlmək deməkdir.

Tövbə, sadəcə vicdanın çirkin gördüyü bir şeyi diksinərək tərk etmək deyildir. Doğru olan tövbə, Allahın sevmədiyi, istəmədiyi şeylərdən, öz ağıl və düşüncəsinə görə yararlı hesab etsə belə uzaqlaşıb, yenə Onun göstərdiyi yola üz tutmaqdır.

Tövbə, insanın özünü yeniləməsi, sapdırıcı düşüncə və davranışlarla pozulan qəlbinin tarazlığını yenidən nizamlayaraq Allahın qəzəbindən rəhmətinə sığınmaqdır.

Başqa bir ifadə ilə Tövbə günah duyğusu ilə insan mənliyinin hesablaşması, dağlar qədər böyük günahlar qarşısında iradəsi ilə dayanaraq mübarizə aparmasıdır. İnsanın, tamamilə günahdan uzaq dura bilməsi mümkün deyildir. Əlbəttə o mələklər kimi günahdan məsum tutulmayıb. Bu nöqteyi-nəzərdən insan hər zaman xəta işləməklə qarşı-qarşıya gələ bilər.

İnsanı mələkdən ayıran cəhət onun günah işləyə biləcək bir varlıq olmasıdır. Digər cəhəti isə ayağı günaha doğru sürüşdüyü zaman, ayağa qalxıb xətasında israr etmədən, əvvəlkindən daha təmkinli bir şəkildə yoluna davam edə bilməsidir. Bu hal onu mələklərdən daha üstün səviyyəyə çıxara biləcək özəllikdir.

Yaşadığımız dövrdə hər tərəfin günahlarla dolub-daşdığını görürük. Bu gün şeytan və onun yardımçıları qol-qanad açıb hər künc-bucaqda, hər tərəfdə öz toruna düşürəcək qurbanlar axtarır.

Allah Rəsulu (s.ə.s) bir hədisində “İşlənən hər günah insan qəlbində qara bir nöqtə meydana gətirər. İnsan, tövbə edib günahdan əl çəkərsə qəlbi yenidən parlayar. Günahından dönməz və işləməyə davam edərsə qara nöqtələr artar və ən son qəlbi tamamən qaralar” (Tirmizi, Təfsirul-Quran, 75) Şeytanın arzusu, insanın qəlbini günahlarla qaraltmaq, onu günahlar vasitəsi ilə Allahdan uzaqlaşdırmaqdır. Həmçinin şeytan günah işləyən insanı Allahın rəhmətinə, bağışlamasına qarşı ümidsizliyə sövq etmək istəyir. Məqsədi bu yolla da onu Allahın rəhmətindən uzaqlaşdırmaqdır.

İnsan bunu dərk etməlidir ki, Allah onu  yaradarkən mələk deyil, insan olaraq yaradıb. Digər tərəfdən də insan ilahi əmr və qadağalara riayət məsələsində aciz və gücsüzdür. Allah Təala insanın bunu dərk edərək, qurtuluşu üçün işlədiyi əməllərə deyil, Allahın rəhmətinə güvənməsini, bel bağlamasını istəyir. Buna görə də hər daim Onun rəhmət qapısına sığınmağa ehtiyacı olan, günahkar bir varlıq olduğunu nəzərdən çıxartmamalıdır.

Mövzu ilə əlaqəli bir neçə hədisə nəzər salaq. Allah Rəsulu: (s.ə.s):

 والذي نفسي بيده لو لم تذنبوا لذهب الله بكم ولجاء بقوم غيركم يذنبون فيستغفرون الله فيغفر لهم 

“Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, əgər siz heç günah işləməsəydiniz, Allah sizi toplu olaraq həlak edər, günah işləyən, ardınca da bağışlanma diləyən  bir qövm  yaradar və onları məğfirət edərdi, baöışlayardı.”[1]

“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki  mən ona gündə yüz dəfə tövbə edirəm.”[2] “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.” [3] – buyurur.

Allah Təala insana göylərin, yerin, dağların daşımaqda aciz qaldığı bir əmanəti təklif etmiş insan da o əmanətə sahib çıxma məsuliyətini öz üstünə götürmüşdür.[4] Lakin insan, yükləndiyi bu məsuliyyətin tam haqqını verərək Allahın razılığını əldə edərək nicat tapmır. Əksinə insan bu məsuliyyətin hesabından, gücü nisbətində,  daim Allahın rızasına tərəf üz tutub, hər əksik və qüsuru üçün tövbə etməsi və bağışlanma diləməsi nəticəsində Allahın mərhəməti sayəsində qurtula bilər.

Allah Təala bu həqiqəti əhzab surəsində açıqca ifadə edir: إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنْسَانُ ۖ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولً Həqiqətən, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o, çox zalım və çox cahildir.”      [5]لِيُعَذِّبَ اللَّهُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ وَيَتُوبَ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا Allah (bu əmanəti ona görə insana yüklədi ki,) münafiq kişilərə, münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara əzab versin, mömin kişilərin və mömin qadınların tövbəsini də qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.” (Əhzab 33/73)

  Bu ayələrdə, öncəliklə insanın əmanətin məsuliyyətini öhdəliyinə götürdüyü üzərində durulur. Daha sonra, əmanətə necə riayət etməsindən asılı olaraq insanların münafiq, kafir və mömin olaraq üç zümrəyə ayrıldığını və möminlər xaric digər iki zümrəyə əzab ediləcəyi ifadə edilir. Diqqət edilirsə ayədə möminlərin əmanətə haqqı ilə riayət etdiyindən bəhs edilmir, əksinə onların tövbə etməsi nəzərə verilir. Bu da onu göstərir ki, möminlər də məsuliyyəti yerinə yetirmədə qüsursuz deyillər. Mömini digərlərindən ayıran özəllik xətasından peşman olub Allah qarşısında acizliyini ifadə etməsidir. Belə olan halda onlar əfvinə, mərhəmətinə nail olurlar. Ayənin sonunda “Allah bağışlayandır, rəhmlidir” şəklində tamamlanması da insanın qurtuluşunun ilahi rəhmət sayəsində olacağını və hər an tövbəyə möhtac olduğumuzu göstərir.

Bu mövzuda önəmli bir məsələni də qeyd etmək lazımdır ki, şeytan insanı Allahın rəhmətindən  ümidini kəsmək yolu ilə azdırdığı kimi, onu Allahın rəhməti ilə tovlayıb günaha sövq edərək də yoldan çıxara bilər. Ona görə də mömin gücü nisbətində daim günahdan ilandan, əqrəbdən qaçar kimi qaçmalıdır.

Belə ki, günahın, ilan əqrəb kimi nə zaman qarşımıza çıxacağı bəlli deyil. Günahı işləmək bir yana imkan nisbətində insan onun səmtinə belə yanaşmamalıdır. Diqqət etsək Qurani Kərimdə  də Allah Təala, bizləri bəzi günahlardan çəkindirərkən “yaxınlaşmayın” və ya “uzaq durun” kimi ifadələr işlədir.[6]

İnsan bir günaha bulaşınca o kiridən bir an əvvəl xilas olmağa çalışmalıdır. Günah ərəb dilində quyruq mənasına gələn “zənəb” sözü ilə eyni kökdən gəlir. Quyruq heyvanlara xas özəllikdir. İnsan günah işləyərkən  sanki özünü bir quyruq taxaraq quyruqlu varlıqlara bənzədər. Elə isə insanın ona ilişən hər quyruğu kökündən kəsib atması lazımdır. Necə ki, bulaşan hər maddi kiri su ilə təmizləyib üzərində daşımadığı kimi mənəvi pislik, kir, ləkə olan günahı da təmizləməsi lazımdır. Bunu etmək də tövbə ilə mümkündür. Allah Rəsulu (səs) bir hədisində: “…التَّائِبُ مِنْ الذَّنْبِ كَمَنْ لَا ذَنْبَ لَهُ – “Günahından tam olaraq üz döndərib tövbə edən, onu heç işləməmiş kimidir.” (İbn Macə, Zühd 30; Təbərani, el-Mucəmul-kəbir, 10/150)   buyurur.

Hər bir işin ədəbi, ərkanı olduğu kimi, günahlarda tövbə etmənin də özünə xas ədəbi, qaydası və şərtləri vardır. Onlardan bəziləri bunlardır:

  1.Günah qarşısında peşmanlıq hissi duymaq, alnını səcdəyə qoyub peşmanlıqla göz yaşı tökməkdir. Allah Rəsulu (s.ə.s) bir hədisində peşmanlığı tövbənin önəmli bir rükunu hesab edərək belə buyurmuşdur: “Nədamət (peşmanlıq) tövbədir”[7] Üç səhabi Təbuk səfərinə iştirak etməmişdi. Etdikləri hərəkətdən çox peşman oldular. Onların tövbələrinin qəbul olduğuna dair  haqlarında ayə nazil oldu. Bəhsi keçən ayədə onların bağışlanmasına vəsilə olan şeyin, dünyanı özlərinə dar gələcək dərəcədə peşmançılıq yaşamaları olduğu bildirilir. وَعَلَى الثَّلٰثَةِ الَّذينَ خُلِّفُواؕ حَتّٰٓى اِذَا ضَاقَتْ عَلَيْهِمُ الْاَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ اَنْفُسُهُمْ وَظَنُّٓوا اَنْ لَا مَلْجَأَ مِنَ اللّٰهِ اِلَّٓا اِلَيْهِؕ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُواؕ اِنَّ اللّٰهَ هُوَ التَّوَّابُ الرَّحيمُࣖ “Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də tövbələrini qəbul etdi. Belə ki, dünya onlara dar olmuş, ürəkləri qəm-qüssədən təngə gəlib sıxılmışdı. Onlar Allahın əzabından yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (Tövbə 9/118)

  1. Tövbəni gecikdirməmək lazımdır. Digər bir ifadəylə günahın ömrünün qısa tutulmalıdır. Günah işlədiyimiz ilk anda dərhal tövbə qapısına yönəlməli, günaha yaşamaq imkanı verməməliyik. İnsanın əlində bir saat daha ömrünün davam edəcəyinin təminatı, zəmanəti yoxdur. Tövbə fürsətini əldən çıxararıqsa hər an üzərimizdə olan günahla dünyadan Allahın hüzuruna getmə ehtimalımız var. Məhz bu səbəblə də  tövbə üçün xüsusi günləri, gecələri gözləməyə ehtiyac yoxdur. Dərhal tövbə edərək günah kirindən xilas olmaq, qurtulmaq lazımdır. Ayədə:    اِنَّ اللّٰهَ يُحِبُّ التَّوَّابٖينَ وَيُحِبُّ الْمُتَطَهِّرٖينَ “Allah (günahından) tövbə edənləri, təmiz, pak olanları sevər!” – buyurulur. (Bəqərə, 2/222) Digər yandan insan günaha bir saniyə belə ömür bağışlaması öz əleyhinədir. Çünki günah dərhal tövbə ilə silinməzsə qəlbi sancan zəhərli bir ilan halına gəlir, onun qəlbini qaraldır. Unutmayaq, hər günahdan yeni bir günah doğar. Nəhayət, بَلْ رَانَ عَلَى قُلُوبِهِمْ  Xeyr belə deyildir. Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır. [8] ayəsinin sirri o şəxs haqqında ortaya çıxar.
  2. Günahı çirkin görmək və günahı günah olaraq bilmək. Çünki günah çirkin görülməzsə ondan qaçma, uzaqlaşma əzmi də olmaz. İçimizdən günahın günah olması adına geçirdiyimiz hər etiraz hissi də o günahı işləmək qədər bir günahdır. Məsələn bir insanın : “Keşkə qul haqqı deyə bir şey olmasaydı nə gözəl olardı!” şəklində düşünməsi günahı işləməkdən daha böyük günahdır.
  3. Günah çox böyük olduğu bir vəziyyətdə etdiyimiz tövbə və istiğfarın da, o günahın böyüklüyünə paralel ölçüdə dərin və əhatəli olması lazımdır. Əgər tövbə o dərinlikdə deyilsə o zaman deyə bilərik ki belə bir tövbəninin, o günahı tamamən silib, süpürüb götürməsi mümkün deyildir.
  4. Tövbə etsə də, yenə günahını unutmamaq, daim xatırlayıb o anın peşmanlığını hiss etmək lazımdır. Allah (c.c.) sonsuz rəhməti ilə insanı ilk tövbəsində bağışlasa belə insan yenə də işlədiyi günahın peşmançılığını ömür boyu hiss edib özünü əfv etməməsi lazımdır.

Bu davranış həm Allah  qatında tövbəsinin qəbuluna yola açan önəmli bir peşmanlıq, həm də təkrar işlənmə ehtimalı olan günaha qarşı möhkəm bir sədd meydana gətirir.

    1. İnsanın tövbə ilə qəlbindəki günah ləkəsini təmizlədikdən sonra, orada qalan günah izlərini də tamamən yox edib cilalaması lazımdır. Bunun üçün işlədiyi günahın ardınca tövbə etməli, daha sonra savab bir iş görməlidir. Bu mövzuda Allah Rəsulu (s.ə.s) belə buyurur: “Harada olursan ol Allahdan qorx, günah işlədikdən sonra dərhal arxasınca yaxşılıq et ki, o günahı silib süpürsün.  Və insanlarla da xoş rəftar ol.”[9]
    2. İnsan günahını heç vaxt Allahın rəhmətindən daha böyük görməməlidir

قُلْ يَا عِبَادِيَ الَّذٖينَ اَسْرَفُوا عَلٰٓى اَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللّٰهِؕ اِنَّ اللّٰهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعاًؕ اِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

Ya Peyğəmbər! Mənim adımdan qullarıma de: “Ey Mənim günah törətməklə özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah tövbə etdikdə bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (Zümər 39/ 53)

 

Yenə bir hədisdə buyurulur ki: Sizdən əvvəlki dövrlərdə yaşayan bir adam, doxsan doqquz adamı qətlə yetirdikdən sonra :“Buranın ən böyük alimi kimdir?”- deyə soruşar.  Ona bir rahib göstərilər. O da   rahibin yanına gedər. Ona belə sual verər: “Mən, doxsan doqquz adam öldürmüşəm, tövbə etsəm qəbul olarmı?”Bu sualın cavabında rahib, “Tövbən qəbul olunmaz!” deyər. Adam onu da öldürər. Öldürdüyü insan sayı yüzə çatar. Yenə ən böyük alimin kim olduğunu  soraqlaşıb  onun yanına gedər:

-“Mən yüz adam öldürdüm. Tövbə  etsəm qəbul olarmı?”-deyə sual verər. Alim isə ona belə nəsihət edər: “Bəli, sənin tövbə etmənə kimsə mane ola bilməz. Ancaq filan yerə get, orada Allah Təalaya ibadətlə məşğul olan insanlar var. Orada  onlarla bərabər sən de Allaha ibadət et və onlarla bərabər ol!” Alimin bu nəsihətindən sonra  adam yola çıxır ancaq  yarı yola çatdığında da ölür. Rəhmət mələkləri də əzab mələkləri də bir araya gələrək öz aralarında bu şəxsin vəziyyətini müzakirə etməyə başlayar. Rəhmət mələkləri: “Bu adam canı könüldən tövbə edərək  buraya gəldi.” Əzab mələkləri isə: “Bu şəxs heç bir yaxşı iş görməyib.”- deyə etiraz edərlər.

Nəhayət arxadan bir başqa mələk onların yanına gələr. Onlara deyər ki: “İki yer arasındaki məsafəni ölçün. Hansı tərəfə daha yaxın isə adam o tərəfə aiddir.” Bundan sonra məsafə ölçülür. Adamın gedəcəyi yerə daha yaxın olduğunu görüncə bu şəxs  rəhmət mələklərinə təslim edilir.[10]

Tövbə ilə bağlı hər kəsə maraqlı gələn bir məsələ: “Tövbəmi pozarsam nə etməliyəm?”-sualının cavabıdır.

İnsan, zaman-zaman tövbə etdiyi günaha iradə zəifliyi göstərib təkrar bulaşar. Belə  olan halda onun istiqamətə çatması və istiqamətini qoruması çox çətindir. Halbuki o işlədiyi günahdan tövbə edərkən həqiqətən də səmimi idi. Tövbəsini də vicdanından gələn səsi dinləyərək etmişdi. Etdiyi günahdan diksindiyi üçün tövbə etmiş və tövbəsində çox səmimi olmuşdur. Ancaq iradəsi zəif bu insanlarda çox vaxt günahlara qarşı olan diksintinin yerini arzu və istəklər alır və onlar da təkrarən sürüşə bilərlər. Unutmayaq ki, insan nə qədər günah işləsə də, hətta eyni günahı təkrarlasa da Allahın əfvi, mərhəməti, bağışlaması sonsuzdur. Şeytan vəsvəsəsinə dinləmədən yenə tövbə qapısına üz tutmalıdır.

Günlərin bir günü bir nəfər  Həzrət Əliyə (r.a) gələrək günah işlədiyini və nə etməsi lazım olduğunu soruşar. Həzrət Əli “get tövbə et” deyər. Aradan bir müddət keçər adam yenə yaxınlaşar və eyni günahı təkrarladığını deyər. “Get, tövbə et!” cavabını alar. Bir müddət keçər yenə gələr. “Ya Əli! Mən eyni günahı yenə elədim, indi nə edim?!”-deyə soruşar. Həzrət Əli də: “Get, tövbə et!”-deyə cavab verər. Adam, bu səfər: “Ya Əli! Hər səfərində yanına gəlir, eyni günahı işlədiyimi deyirəm, sən də “get, tövbə et!”, deyirsən. Bu nə vaxta qədər davam edəcək. Hikmət şəhərinin qapısı  belə cavab verir: “Sən o, günahı tərk edənə qədər.”

Nəticə etibarı ilə deyə bilərik ki, insan zəif və aciz varlıqdır. Hər daim Rəbbi ilə münasibətdə olmaq məcburiyyətindədir. Xəta, günah işlədikdə bu nisbətdə hüzurdan uzaqlaşar. Ona görə tövbə edərək, öz yoluna qayıtmalıdır. Tövbənin də özünə xas ədəbi, ərkanı vardır. Digər yandan insanın günahı nə qədər çox olsa da Allahın rəhmətindən ümidini kəsməməlidir.

[1] Müslim, Tövbə 9,

[2] Müslim Zikir 42

[3] Tirmizi Qiyamət 49, İbn-i Macə, Zühd, 30

[4] Əhzəb 33/72

[5] Əhzab 33/72

[6] İsra 17/32, Ənam 6/152 Nisa 4/31 Hücurat 49/12

[7] İbn Macə, Zöhd 30

[8] Mütəffifin 83/14

[9] Tirmizi, Birr, 55

[10] İbn Macə, diyet, 2; Əhməd ibn Hənbəı el-Müsnəd 3/20.

Xudavənd Məhərrəmov

İlahiyatçı

Exit mobile version