2. 671 dəfə oxunub ,   0 şərh   Çap et

Nəcva nədir?

İki ya da daha çox insanın öz aralarında pıçıldaşması, başqalarının eşidə bilməyəcəyi şəkildə yavaş səslə danışması və bir-birinə bəzi sirləri açmasına nəcva deyilir. Qurani-Kərimdə bir neçə nəfərin toplanaraq bəzi məsələləri gizlin və xüsusi görüşmələrlə həll etməsi nəcva adlandırılır.

Qurani-Kərimdə nəcva kəlməsi ilə nəzərdə tutulan pıçıldaşmalar və gizlin danışıqlar mütləq mənada qadağan edilməyib. Ancaq bu cür görüşlərə müəyyən şərtlər qoyulub. Əvvəla buna inanmaq lazımdır ki, göylərdə və yerdə olan hər şeyi Uca Allah bilir. Şübhəsiz ki, Allah bir araya gəlib pıçıldaşan, gizli-gizli danışan üç adamın yanındadır. Və O, onların danışığını görür və eşidir. Elə isə möminlər bu həqiqəti nəzərə alaraq görüşməli və buna uyğun danışmalıdırlar. Quranda Allah qadağan etdiyi halda günah, zülm və Peyğəmbərə üsyan etmək üçün gizlicə görüşən və müsəlmanların əleyhinə pıçıldaşaraq planlar quran münafiqlər qınanmış, onların ikiüzlülüyündən, inanmadıqları şeyləri söyləmələrindən, iman əsaslarını məsxərəyə qoymalarından və bu pis davranışlarına görə də Cəhənnəmə gedəcəkləri bildirilir.[1]

Bəli, münafiqlər əsl duyğu və düşüncələrini daim gizləyir və həmişə özlərini “imanlı” göstərirdilər. Münafiqlər danışanda yalan danışar, bu gün verdikləri sözü sabah danar və həmişə ən xain düşmənçilik hislərini dostluq pərdəsi ilə örtərdilər. Şərtlərə, şəraitə görə ikiüzlülük edər və müsəlmanlar üçün həmişə pis şeylər düşünərdilər. Qəlblərində kin, nifrət və düşmənçilik hisləri bəsləyir və özlərinə düşmən bildikləri möminlərə hər cür sui-qəsdi hazırlayırdılar. Digər din mənsubları ilə gizli-gizli toplaşaraq müsəlmanlar əleyhinə çirkin planlar qurar, Peyğəmbərimizin təbliğinə mane olmaq, İslama yaxınlaşanları müxtəlif hiylələrlə müsəlmanlardan uzaqlaşdırmaq, səmimi müsəlmanların arasını vurmaq və cəmiyyətin fərdləri arasına düşmənçilik toxumları səpmək, fitnə-fəsad törətmək üçün əllərindən gələni edərdilər.

Müsəlmanların yanında onların rəğbətini qazanmaq üçün əllərindən gələni edən və onları eyni yolda olduqlarına inandıran münafiqlər ancaq öz tərəfdarları ilə baş-başa qalanda əsl simalarını göstərirdilər. Allaha üsyan, düşmənçilik, haqsızlıq və Allah Rəsuluna kin dolu sözlər söyləyərək pıçıldaşır və şər işlər üçün məkrli planlar hazırlayırdılar.

Yaxşı işlər barədə danışmaq

Allah onların bu xoşagəlməz davranışlarını bəyan etdikdən sonra münafiqlər kimi şər üçün bir araya gəlib pıçıldaşma barəsində möminlərə xəbərdarlıq etmişdir: “Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanılacağınız Allahdan qorxun!”[2] buyurmuşdur. Deməli, mömin günah, cinayət, düşmənlik, haqsızlıq və zülm haqqında danışılan, bu işlər üçün planlar hazırlanan məclisdə iştirak edə bilməz. Möminlər ancaq yaxşılıq, saleh əməl və dinin əmrlərinə riayət etmək üçün, təqva ilə bağlı məsələlər haqqında xüsusi dairədə fikir mübadiləsi apara bilər. Mömin bu görüşlərin başından sonuna qədər təqva anlayışından kənara çıxmamağa çalışmalı və Allahın hər an onu gördüyünü nəzərə alaraq təmkinli danışmalıdır. Dolayısilə, möminlərin gizli söhbətlərində sui-zənn, qeybət, yalan və böhtan olmamalıdır. Möminlər xeyir üçün toplandıqları kimi, xeyirli qərarlar alıb ayrılmalıdırlar.

Necə ki, Allah-Təala bir başqa ayədə: “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik”[3]  buyurur. Bəli, qeybəti adət halına gətirənlərin, həmişə intriqaya girənlərin, yalan və böhtandan çəkinməyənlərin məclisi xeyirdən uzaqdır. Bir yerə toplaşanlar ehtiyac sahiblərinin ehtiyaclarını aradan qaldırmaq, dərdi olanların dərdinə dərman olmaq, insanlara yaxşılıq etmək, ya da küsülüləri barışdırmaq kimi məqsədlər üçün toplaşarsa, onların söhbətində xeyir olar.

Böyüklərlə danışıq ədəbi

Bir çox insan Rəsulullahın (s.ə.s.) yanına gələrək Onunla xüsusi görüşmək, pıçıldaşaraq bəzi dərdlərini, diləklərini bildirmək istəyirdi. Hər kəs, hər məsələni Allah Rəsulundan (s.ə.s.) soruşmağa alışmışdı. İnsanlar başqalarına aça bilmədikləri ən gizli, ən məhrəm məsələləri belə Allah Rəsuluna deyə bilirdilər. Hətta bəzi münafiqlər Rəsulullahın (s.ə.s.) məclisində özlərini nümayiş etdirmək, vacib insan olduğunu göstərmək üçün hər fürsətdə Ona yaxınlaşır, pıçıltı ilə nə isə deməyə cəhd edirdilər. Şəfqət Peyğəmbəri (s.ə.s.) heç kimi rədd etmir və hər kəsin dərdinə dərman olmağa çalışırdı.

Ancaq bu hal get-gedə artırdı. Uca Allah Peyğəmbərimizə mərhəmət edərək belə buyurdu: “Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər bir şey tapmasanız bilin ki, Allah Bağışlayandır, Rəhmlidir”[4] Bu ilahi xəbərdarlıq Rəsulullaha (s.ə.s.) deyiləcək məsələlərin sədəqəyə dəyəcək qədər əhəmiyyətli olub-olmadığını düşünməyə çağırırdı. Üstəlik bu cür görüş tələblərində ifrata girməmələrini bildirirdi. Xüsusi görüşdən əvvəl verilən bu sədəqə əslində Allah Rəsuluna və ya ailəsinə yox, bilavasitə möhtaclara çatırdı. Çünki Peyğəmbərimizə və yaxın qohumlarına sədəqə haram idi.

Ayənin sonunda “Əgər bir şey tapmasanız bilin ki, Allah Bağışlayandır, Rəhmlidir” ifadəsindən də görünür ki, əgər sədəqə verə bilməyən insanın mühüm bir məsələsi varsa, onu Allah Rəsuluna deyə bilərdi. Beləcə möminlər hər istəyəndə Rəsuli-Əkrəmlə baş-başa görüşməyin doğru olmadığını anlamışdılar. Ancaq zəruri məsələlər olduqda görüşə bilərdilər. Möminlər vacib bir məsələ varsa, bunu qısa müddətdə, lakonik şəkildə və ədəb çərçivəsində görüşmək lazım gəldiyinin fərqində idilər.  Dolayısilə onların bu xüsusi görüş həvəsi, zəruri məsələləri məşvərət etmək düşüncəsinə çevirmişdir. Mömin ancaq Allahın rizasını qazanmaq və saleh əməl niyyəti ilə görüşməli, insan­ların problemlərini həll etmək düşüncəsi ilə məşvərət etməlidir. Əksinə, hər hansı bir xeyir niyyəti olmayan məclislər, onun-bunun haqqında pışıldaşmaq, üstəlik qruplaşaraq məkrli planlar qurmaq möminlərə yaddır.

Qeybət məclislərindən uzaq durmaq

Mütləq gizli görüşmək lazım gələrsə, bunu yaxşılıq və xeyir işlərə vəsilə olmaq düşüncəsilə etmək lazımdır.

Mömin kiminləsə pıçıldaşarkən, yoldaşını kənara çəkib ona gizli bir şey deyərkən, ictimai yerdə bir araya gəlib görüşərkən, ya da imana və Qurana xidmət naminə xüsusi məsələlərdə məşvərət edərkən qəlbini nəzərdən keçirməlidir. Məclisin yaxşılıq və xeyir işlərə vəsilə olmasına çalışmalıdır. Faydasız pıçıldaşma, qeybət, insanların ayıblarını demək və s. kimi günahlara qarşı çox diqqətli olmalıdır.

Ağzı göyçəklər kimi, ona-buna söz atan, qeybət edən, söz gəzdirən, insanların arasını vuranlara da imkan verməmək lazımdır. Mömin günah sayılan söhbətlərə qulaq asmamalı, onlara xoş baxmamalıdır. Qeybət edənləri dinləməməli, söz gəzdirənlərə yanında danışmağa imkan verməməlidir. Möminlərin qeybətini edən ən azı bir günahkar, bir fasiqdir. Dolayısilə, onu dinləmək və onun o günahkar sözlərinə əks-reaksiya verməmək qardaşlığı zədələyə, ilahi təvəccöhdən məhrumiyyətə səbəb ola bilər.

Bir neçə insan xüsusi məsələlər üçün toplaşanda İslamı təbliğdən danışsa, daha çox yaxşılıq etməyin yollarını axtarsa, məsələn, dünyanın hər hansı bir yerində zəlzələdən zərər çəkmiş insanlara əl uzatmaqdan söhbət etsə ya da dini dünyanın hər tərəfinə aparıb zülmətləri nura qərq etmək dərdi ilə yollara düşənlərin sayını artırmaq xəyalları ilə oturub dursa, məhz bu zaman həqiqi, Allahın da xoşnud olduğu bir “nəcva” baş tutar.

Yaxşılıq və xeyir işlərə vəsilə olmaq düşüncəsinı əsaslanmayan söhbətlər qeybətdən kənara çıxmaz və bu cür nəcvadan da xeyir gəlməz. Həmçinin hər kəsi maraqlandıran məsələlərin üç-beş nəfərin, üstəlik tənqidvari nəcvası vəhdətə xələl gətirər və mənəvi gücü zəiflədər. Belə yığıncaq və görüşlər yalnız şeytanı və tərəfdarlarını məmnun edər. Necə ki, Uca Allah nəcva ilə bağlı ayələrin davamında:

“Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər”[5] buyurur.

Münafiqləri günah, düşmənçilik və Peyğəmbərimizə qarşı gəlmək üçün gizli görüşlər keçirməyə sövq edən şeytandır. Onların pozulmuş təbiəti şeytanın kiçik bir təhriki ilə dərhal hərəkətə gəlmiş və: “Müsəlmanları necə məğlub edək, insanları Peyğəmbərin hansı əmrinin yersiz olduğuna inandıraq və ona üsyan etsinlər!” kimi düşüncələrin zehinlərində kök salmasına zəmin hazırlamışdır. Münafiqlər bu məqsədlə toplanırdılar ki, bu da onların belə çirkin duyğu və düşüncələrdə boğulmasına səbəb olurdu. Bu baxımdan da, bu cür məşru, qanuni olmayan gizli görüşlər şeytandandır.

Həmçinin bu cür fəaliyyətlər psixoloji təsirlə müsəlmanların mənəvi gücünü zəiflətmə məqsədi daşıdığı üçün şeytan əməli sayılır. Çünki beş-on nəfər münafiq gizlicə toplaşıb pıçıldaşsa, bu bəzi möminlərdə tərəddüd və narahatçılığa səbəb ola bilər. Ağıllarına: “Görəsən, bu gizli görüşdə nə danışdılar, nə qərar aldılar, hansı plan qurdular?” kimi suallar gələ bilər. Bu aspektdən, münafiqlər günah, düşmənçilik və Peyğəmbərimizə üsyan etmək barədə dayanmadan gizlicə görüşərkən, bəlkə də, bunların ətrafa yayıladığını, söz-söhbətə səbəb olduğunu bilirdilər. Məsələn, Uhud döyüşündən əvvəl mənəvi gücə və birlik ruhuna çox ehtiyac vardı. Halbuki belə təhlükəli vaxtda beş-on nəfər toplaşır, gizli-gizli söhbət edirdi. Onları görən səhabələr: “Görəsən, haqqımızda nə danışdılar?” deyə əndişələnirdilər. Dolayısilə, münafiqlərin bu hərəkətləri möminlərdə az da olsa psixoloji təsir edir və mənəvi gücün zəifləməsinə səbəb olurdu. Bu nöqteyi-nəzərdən də bu cür gizli görüşlər şeytandandır.

Bu cür şər aqibətə düçar olmamaq üçün xüsusi olaraq görüşən insanlar həmişə niyyətini və məqsədini nəzərdən keçirməlidirlər. Həmçinin söhbət əsnasında nəcvanın şərtlərinə riayət edib-etmədiklərini sorğu-sual etməli və mütləq Allah rizasını hədəf seçməlidir. Bununla yanaşı olduqca şəffaf olmalı, gizli işlər görən insan kimi davranmamalı, görüşün vaxtını, yerini və mövzusunu bilməsində heç bir problem olmayan bəzi insanlara da xəbər verməlidirlər. Üstəlik Peyğəmbərimizin (s.ə.s.): “İki nəfər öz aralarında üçüncü şəxsdən icazə almadan danışmasın. Əks halda, o adam bundan inciyər” hədisinə əməl edərək görüşə şahid olan insanlardan icazə almalı, toplantının məzmununu izah etməsələr də mövzu haqqında qısa məlumat verməli və o insanların tərəddüdlərini aradan qaldırmalıdırlar.

Bir və ya bir neçə müsəlmanın mömin(lər) haqqında pıçıldaşması ən təhlükəli görüşdür. Bir neçə insanın yanında bir mömin haqqında: “Filankəslə xasiyyətimiz uyğun gəlmir, filan yönünü bəyənmirəm” deyib təhqir etmək və qeybətini qırmaq günahdır. Bunu edən bir möminin ancaq səmimi qəlbdən peşman olduqdan sonra, halallıq istəyib istiğfar etməklə günahı bağışlana bilər.

Nəticə

Nəcva insanların nöqsanlarını örtmək, xəta və günahlarını yaymamaq, onların şərəf, heysiyyət və etibarını qorumaq üçün ən uyğun üsuldur. Bir insanın yoldan çıxdığına şahid olsanız, bunu başqalarına demədən, qeybətə girmədən, mübaliğə etmədən səlahiyyətli, sözü keçən bir nəfərə bildirə bilərsiniz. İki nəfərlə həlli mümkün olan məsələni, üçüncü şəxsə açmaq və bir insanın nöqsanlarını artıq adamın bilməsinə səbəb olmaq da doğru deyil. Ancaq belə hallarda pıçıldaşma, gizli görüşmə və məsələni çox gizli yollarla həll etmə möminə xas keyfiyyətdir. Hər kəs başqaları haqqında rahatlıqla əsaslı, əsassız danışsa və məsələlər dilə düşsə, dərdlər daha da çoxalar və zərərçəkənlərin sayı artar. Bir insan başqası haqqında danışar, başqası başqa birinin ayıblarını açar və bir başqası da başqasının günahlarını faş edərsə… birlik, bərabərlik və qardaşlıq düşüncəsi zədələnər. Qardaşlıq ruhu zədələndiyinə görə də Uca Allah bərəkətini kəsər.


[1] Mücadilə surəsi, 58/7-8.
[2] Mücadilə surəsi, 58/9.
[3] Nisa surəsi, 4/114.
[4] Mücadilə surəsi, 58/9.
[5] Mücadilə surəsi, 58/10



Bənzər məqalələr

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

İfk hadisəsindən alınacaq dərslər

Nur surəsindəki İfk hadisəsi ilə əlaqəli ayədən möminlər hansı dərsləri almalıdırlar?

Qeybət nədir?
Qeybət nədir?

Qeybət bir şəxsin xarici görkəmi, bədən quruluşu, əxlaqi keyfiyyətləri, qohumları, hətta yaşadığı evə, sürdüyü maşına kimi din və dünya işləri haqqında – onun xoşuna gəlməyən sözləri, həm də arxasınca danışmaqdır. Bunlardan savayı, ən dəyərli sərmayə olan vaxtı boş yerə sərf və israf etməkdir.

Ailədə qeybət

Ərlə arvadın bir-birinin qeybətini etməsi caizdmi? Ailədə ərlə arvad arasında vaxtaşırı müəyyən problemlər olur. Bu problemlərini, necə dəyərlər, üz-üzə oturub həll etmək yerinə, orda-burda üçüncü şəxslərə (hətta valideynlərinə belə) danışmaları və bu zaman bir-birini tənqid etmələri, xəta və qüsurlarını açıb-ağartmaları qeybətdir, dolayısilə də, caiz deyil.

Qeybətin cəzası nədir?

Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifində qeybətin axirətdəki cəzası haqda buyurur: “Rəsulullah bir dəfə əshabla birlikdə olanda: –  Müflis kimdir? – deyə soruşdu. Bunun cavabında səhabələr: – Pulu və malı olmayan, onları əlindən çıxaran – dedilər.


Şərh yaz