Nərd oynamaq haramdır. Bunun səbəbi isə zaman israfı yox, Rəsulullahın (s.ə.s) bunun haram olduğunu bildirməsidir. Allah Rəsulu (s.ə.s) “Kim nərd oynayarsa Allah və Rəsuluna isyan etmişdir”[1] buyurmuşdur. Nərdin haram olmasındakı səbəb vaxtın boşa xərclənməsi və ya qumara alışmaq deyil. Bunlar sadəcə onun qadağan olunmasının hikmətləridir. Nərd oynayarkən zərlərin hər atışda fərqli düşməsi, zərdən nəsə ummaq, qədərə üsyan düşüncəsinə səbəbiyyət verməsi onun qadağan olunmasının hikmətlərindən sayıla bilər. İnanan bir insan da Allah Rəsulunun (s.ə.s) sünnəsinə səhabələr kimi sorğulamadan tabe olmalıdır.
Alimlər nərdin haram olması haqqında ittifaq etmişlər. İstər qumar niyyətiylə olsun, istərsə də vaxt keçirmək niyyətiylə olsun hər iki halda nərd oynamaq haramdır. Çünki, bunu etmək Allah və Rəsuluna (s.ə.s) üsyandır.
Bu haqda Peyğəmbərimizdən (s.ə.s) nəql edilən hədislər bunlardır: “Nərdə oynayan, əlini donuz ətinə və qanına batırmış kimidir.”[2] “Nərd oynayan şəxs, Allaha və Rəsuluna üsyan etmişdir.”[3] “Zər (kiab) ilə oynayan insan Allah və Rəsuluna üsyan etmişdir.”[4] “Nərd ilə oynayıb, sonra namaz qılmağa duran şəxs, irin və donuz qanı ilə dəstəmaz almış və namaz qılmış kimidir.”[5] Son iki hədisin sənədi zəifdir.
İslam alimləri də hədislərdən və səhabələrin bu mövzudakı həssaslığına əsaslanaraq nərdin haram olduğunu bildirmişlər.
[1] Əbu Davud, Ədəb 56; İbn Macə, Ədəb 43; Muvatta, Röya 6.
[2] Müslim, Şir, 10; Əbu Davud, Ədəb, 56.
[3] Əbu Davud, Ədəb, 56; İbn Macə, Ədəb, 43.
[4] Şövqani, Nəylul-əvtar, VIII, 94.
[5] Şövqani, Nəylul-əvtar, VIII, 94.