Sual:Nisyə satışlarda qoyulan əlavə məbləğ caizdirmi? Həmin məbləğ faiz sayılırmı?
Cavab: İslam alimlərinin əksəriyyəti nisyə satışlarda qoyulan əlavə məbləğin caiz olduğunu bildirmişlər. Belə ki, Hz. Peyğəmbərin şərtli alış-veriş etdiyi və buna icazə verdiyi ilə bağlı səhih hədislər mövcuddur. Belə olan təqdirdə, nisyə satışlarda qoyulan əlavə məbləğ faiz sayılmır. Çünki pul ilə pul olmayan bir mal istər nağd, istərsə də nisyə satılsın, qiymət fərqi faiz sayılmır. Yəni burada pul qarşılığında pul satılmadığına görə faizdən bəhs etmək qeyri-mümkündür. Bundan əlavə, nisyə satışlardakı qiymət fərqinin yalnız müəyyən edilən müddətin əvəzi olaraq hesab edilməsi də kifayət deyildir. Çünki başqa bir sıra səbəblər də nağdla nisyə arasında fərq qoyulmasını zəruri edə bilər. Məsələn, malını nağd satıb pulunu alan bununla işini tamamlamış olur. Lakin malını nisyə satan sahibkar isə, borcları qeydə almaq, vaxtaşırı təqib etmək, borcun dalınca düşərək almaq, eləcə də bunun üçün bir sıra əlavə xərclər sərf etmək və s. kimi işlərlə qarşı-qarşıyadır və bütün bunlar nisyə satışlardakı qiymət fərqini zəruri edir.
Həmçinin, malını nisyə satan sahibkar müəyyən müddət həmin malın əvəzini ala bilməyəcək, onu dövriyyəyə buraxa bilməyəcək və nəticə etibarilə, əlavə gəlirdən məhrum olacaqdır. Elə isə, sözügedən məhrumiyyət də nisyə satışlardakı qoyulan əlavə məbləğin digər bir səbəbi ola bilər. Bundan başqa, nisyə satışlarda mal müştəriyə verilmiş və onun mülkiyyətinə keçmişdir. Ancaq satıcı nöqteyi-nəzərindən pulu ala bilməmək və inflyasiya ehtimalı da vardır. Bunu da vurğulamalıyıq etməliyik ki, nisyə alış-verişdə qeyri-müəyyənlik də yoxdur. Çünki alıcı ilə satıcı malın nisyə qiymətində razılaşıb müqavilə bağlamışlar. Bütün bunlara əlavə olaraq qeyd etmək lazımdır ki, islam hüququndakı səddi-zərayi prinsipinə müvafiq olaraq nisyə satışlarda qoyulan əlavə məbləğin tamamilə qadağan edilməsi, imkansız insanların işini daha da çətinləşdirməklə nəticələnər. Belə ki, bu kimi müqavilə qadağan edildiyi təqdirdə, sahibkar malını nağd qiymətlə satmağa meyil edəcək, mala ehtiyacı olan, əlində nağd pul olmadığı üçün borc pul axtaracaq, borc tapa bilməyən də məcburiyyət qarşısında faizli kredit almağa yönələcəkdir. Məhz bu haram yolun qarşısını almaq üçün, əlavə məbləğlə edilən nisyə satışların qarşısı alınmamalıdır.
Dr. Anar Qurbanov