Mənəviyyata Açılan Pəncərə

Niyə duamız qəbul olmur

Sual: Çox dua edirik, ancaq qəbul olunmur, nə edək?

 Cavab: Dua “insanın bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir. Dua kəlməsi eyni zamanda “çağırmaq, səslənmək, istəmək, kömək diləmək” mənalarını daşıyan “dəvət” və “dava” sözləri kimi “kiçikdən böyüyə, aşağıdanyuxarıya yönəlmiş istək və yalvarış” mənalarını da verir. Dua aciz,  fəqir,  möhtac və  nəfsinə söz keçirə bilmədiyini anlayan bir bəndənin təvazö hissi ilə Allah-Təalaya yönəlib halını Ona ərz etməsidir. Dua eyni zamanda bəndənin Rəbbinə iman, etibar, etimadının bir təzahürüdür.

Dua Allahın tükənməz xəzinələrinin gizli və sirli açarı, fəqir, kimsəsiz və qəlbisınıqların da ən etibarlı pənah yeridir. Bu yerə addım atanlar o sehrli açarı əldə etmiş sayılır. Onun himayəsinə sığınan fəqir, miskin və möhtaclar da əliboş dönməzlər.

 Duanın qəbul olunmasının bir şərti də ürəkdən və israrla istəməkdir

 Bu şərt hər bir işdə əhəmiyyətlidir. Mömin ürəkdən və bütün varlığı ilə dua etməlidir. Məsələn, bəla və müsibətlərin sovuşması üçün oxunan xüsusi dualar vardır. Bu duaları müsibətin kölgəsi nə qədər çəkilib getməyib ara vermədən və ürəkdən etmək lazımdır. Bir dəfə dua etməklə iş bitmir. Dua ürəkdən olmalı, qəlbdən süzülüb dodaqlara axmalıdır. Bir neçə saat ömrü qalmış insanın duasını təsəvvür edin. Son anlarını yaşayan bir insan Allaha nə cür üz tutur, necə həyəcanla dua edirsə, bizdə hər duamızı eyni hislərlə etməliyik.

 Birlikdə dua etmək də çox önəmlidir

 Duanın qəbulunda mühüm rol oynayan səbəblərdən biri də eyni məkanda və camaatla edilməsidir. Çünki dua edənlərdən bəzilərinin tərtəmiz qəlbi orada olanlara da sirayət edir. Bu da orada qəlbin hüzur tapmasına səbəb olur, məclis əhlini daha da diqqətli və ciddi olmağa təşviq edir. Ancaq tək-tənha edilən duanın camaatla edilən duadan bəzi üstün cəhətləri də vardır. Bir mömin qulun tənha bir yerdə əllərini açıb halını Rəbbinə ərz etməsi nəyə desən dəyər.

 Allahın sevdiyi duaları etmək lazımdır

 Duanın daha tez qəbul olunması üçün bəzi yollar mövcuddur. Məsələn, peyğəmbərlərin, övliya və əsfiyanın (saf, süzülmüş, seçilmiş insan) dua-niyazları ilə Rəbbə yalvarmaq olar. Həzrət Əyyubun (ə) bu duası nə gözəldir: “Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!” (Ənbiya, 21/83)

Həzrət Yunusun (ə.) duası: “Zün-Nunu (balıq sahibi Yunusu) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qar­şı) qəzəblənərək çıxıb getmiş və (bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir ilah yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm). Əfv et, ey Rəbbim!” –  deyə dua etmişdi.”  (Ənbiya, 21/87)

“Fatihə” surəsi də gözəl bir duadır. Ürəkdən və qəlbən oxunanda Allahın izni ilə şəfaya səbəb olur. Elə “Fatihə”nin bir adı da “Şafiyə”dir. “Bismillahirrəhmanirrəhim!  Həmd  olsun Allaha – aləmlərin Rəbbinə, (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq möminlərə) rəhmli olana! O, Haqq-Hesab (qiyamət) gününün yeganə hakimidir! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!” (Fatihə, 1/1-7)

“Dua edirik, amma qəbul olunmur” demək doğrudurmu?

 Dua bir ibadətdir. İbadətə də biz insanların ehtiyacı var.”Dua edirəm, amma qəbul olunmur” deməyə haqqımız çatmır. Çünki duaya cavab verməklə, duanın qəbul edilməsi ayrı-ayrı şeylərdir. Duanın olduğu kimi qəbul edilməsi Allah-Təalanın hik­mə­tindən asılıdır. Allah dilərsə, bəndənin istəyini qəbul edər, istəməzsə, qəbul etməz. Xəstələnəndə həkimə gedib dərman istəyirsiniz. Həkim əvvəlcə sizi müayinədən keçirir, yoxlayır, sonra da diaqnoz qoyub buna uyğun resept yazır. Ancaq siz deyən hər dərmanı reseptə yazmır. Bunun kimi Allah-Təala da qullarının hər istəyinə, hər arzusuna cavab vermir. Allah qulundan ötrü nəyin yaxşı, nəyin pis olduğunu bilir. Məsələn, bir insan dualarında Allah-Təaladan mal-mülk diləsə, Allah da onun duasını qəbul edib ona var-dövlət versə, həmin insan sərvətini Allah yolunda sərf etməyə bilər. Beləcə doğru yoldan çıxar. Ona görə də Allah-Təala bəndəsinin hər diləyini qəbul etmir. Çünki dünyada varlı olub axirətdə kasıb qalmaq ən böyük müsibətdir.

Dua bir ibadətdir və ibadətin meyvəsi də axirətdə dəriləcək. Duanın dünyaya aid olan tərəfi  sadəcə onun vaxtı ilə əlaqədardır. Quraqlıq yağış duasının vaxtıdır. Yağış duası yağış yağdıran deyil. Quraqlıq vaxtı edilən dualar onun qəbulu üçün bir səbəbdir. Allah-Təalanın hikməti bu cür cərəyan edir.

Dua ən önəmli ehtiyaclardan biridir

Dua etməyə ehtiyac duymaq da duanın qəbulunda mühüm rol oynayır. Dua ehtiyacı insanın yaradılışından mövcuddur. Bütün dinlər insanları duaya təşviq etmişdir. İnsanlar gündəlik həyatda qarşılaşdıqları çətinliklərdən, sıxıntılardan qurtulmaq üçün bir pənahgah axtarır. “İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda üzünü çevirib çıxıb gedər. Elə bil bir az əvvəl Bizə dua edib yalvaran o deyildi. Həddi aşanlara etdikləri əməllər beləcə bərbəzəkli göstərildi”. (Yunus, 10/12) İnsan hər anı dəyərləndirərək çəkilən sıxıntını Allaha yönəlmək üçün bir səbəb bilməlidir.

“Duam qəbul olunmur” və ya “olmayacaq” kimi yanlış fikirlər təhlükəlidir, insanı qədərə, Allahın hökmlərinə üsyan etməyə sürükləyir. Halbuki heç bir dua cavabsız qalmır. Bizsə, dualarımıza dünyada cavab tapmağın hayındayıq. Bəlkə, Allah-Təala dualarımıza axirətdə cavab verəcək. Həzrət Ənəsin (r.a.) rəvayət etdiyi hədisdə Peyğəmbərimiz belə buyurur:

−  Qul duada tələsmədikcə xeyirli yoldadır.

Səhabə soruşur:

− Ey  Allahın Rəsulu! “Dua tələsmədikcə” nə deməkdir?

Peyğəmbərimiz cavab verir:

– Bir qulun “Allaha çox dua edirəm, amma qəbul olunmur”  deməsidir.

Böyük İslam alimlərindən Həsən Bəsri həzrətləri bu mövzuda belə deyir: “Allah bir bəndənin duasının cavabını təxirə salarsa, onun mükafatını axirətdə verər. Allah qulunun fani dünya ilə məşğul olmasını istəməz” (Müslim, “Səhih”, 13, 277)

 

 

Exit mobile version