10. 427 dəfə oxunub ,   0 şərh   Çap et

Niyyət məram, məqsəd, plan, amac, qəti iradə, qəlbin bir şeyi bilməsi, bir şeyi qərara alıb o işin nə üçün edildiyini anlaması və o işə yönəlməsi mənasını verir. İnsan hara yönəldiyini, nə istədiyini, nəyi axtardığını niyyəti sayəsində bilir. Bütün əməl, hərəkət və davranışların kökündə niyyət dayanır. Nə ediriksə, nə danışırıqsa, hamısı nəticə etibarilə niyyətimiz qədər dəyərli olur. Qurani-Kərimdə Allah-Təalaya əl açıb ilahi rizanı diləyən yoxsulların bu cəhəti belə vəsf edilir: “Rəbbinin camalını və rizasını diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma. Nə sən onlardan, nə də onlar səndən məsul deyilsiniz ki, onları qovub zalımlardan olasan”.[1]

Niyyət əməllərin nəticəsinə böyük təsir edir. Niyyətlə pis işləri yaxşı əməllərə çevirə bilərik. İnsan niyyəti sayəsində ibadətdən ayrılmayan, daima Rəbbinə üz tutan, niyaz edən bir mömin olur, əbədi Cənnəti qazanır, yaxud da Cəhənnəmə yuvarlanır. Niyyət ibadətlərin ruhudur, bir iksirdir. Bütün əməllər 0-dırsa, niyyət onların qabağına qoyulan 1-dir, 1-in hesabına 0 bir dəyər qazanır, “can”a gəlir. Niyyət sayəsində ibadətlərlə yeddidən yeddi yüzə qədər savab qazanırıq. Sevgili Peyğəmbərimiz (s.a.s.) bir hədisində buyurur: “Allah yaxşı və pis əməlləri yazdı. Sonra belə buyurdu: “Kim yaxşı bir işə niyyət edib onu edə bilməzsə, Allah ona niyyətinin əvəzində həmin yaxşılığı etmiş kimi savab yazar. Kim də yaxşılığa niyyət edib onu edərsə, ona ondan yeddi yüzə qədər  yaxşılıq savabı yazar. Kim bir pislik niyyətinə düşüb onu etməzsə, Allah onun əməl dəftərinə bir yaxşılıq savabı yazar.  Kim də pisliyə niyyət edib onu işləyərsə,  ona sadəcə bir günah yazar”.[2]

Əgər niyyət doğru deyilsə, namazın əyilib-qalxmaqdan, yəni gimnastik hərəkətlərdən bir fərqi olmaz. Yaşlananda oynaq ağrıları olmasın, ayaqlar ağrımasın deyə qılınan namaz namaz deyildir. Oruc tutmaqda niyyətiniz Allahın rizasını qazanmaqdırsa, Allah sizi bu iltifatı ilə qarşılayar: “Oruc mənim üçündür. Mükafatını da Mən verəcəyəm”. Ancaq sırf diyet və pəhriz saxlamaq üçün oruc tutursunuzsa, Peyğəmbərimizin buyurduğu kimi aclıq və susuzluqdan başqa bir “qazancınız” olmaz. Belə bir ibadətin heç bir faydası yoxdur. Bəli, niyyət bu qədər önəmli bir şeydir.

Niyyətin mayası, mahiyyəti ixlasdır, səmimilikdir. İxlas təmizürəklilik, Allaha qəlbən bağlı olmaq, hər bir əməli sırf Allah rizası üçün işləmək deməkdir. Niyyət bəzən pis şeyləri belə  yaxşılığa çevirir. Küçə-bayırda, bazar-dükanda boş yerə gəzib-dolaşmaq günaha zəmin hazırladığı və vaxt israfı olduğu üçün doğru deyildir. Əksinə küçədə-bayırda gəzməkdə niyyət kiməsə haqqı, həqiqəti çatdırmaqdırsa, nəticəsi də xeyirli olar. İnsan sırf İslamiyyətə gözəl nümunə olmaq niyyəti ilə bir yerdə gəzib-dolaşarsa, yenə də savab qazanar.

Niyyət və qəlb pozulmuşsa, insan hərb meydanında ölsə belə, “şəhid” qanı ilə dəfn olunsa belə, yenə də Cəhənnəmə yuvarlanıb gedər. “Necə cəsur insandır” desinlər deyə, döyüşürsə, “nə gözəl çıxış etdi” deyə alqışlansın deyə, konfrans keçirirsə, “nə qədər işgüzar adamdır” desinlər deyə bir işə girişirsə, dünyada bu əməyinin mükafatını ala, hamının təqdirini qazana bilər, ancaq Allahın mükafatını əsla! Hətta işlədiyi yaxşı əməllər də pisliyə çevrilər.

Amma bir həqiqət də var ki, bir insanın heç bir yaxşı əməl işləmədən, təkcə niyyətlə qurtulması mümkün deyildir. Niyyət qəlbin Allahı məqsəd bilməsidir, yəni Onu, Onun razılığını istəməsidir. Bir insanın qəlbindəki məqsəd‒niyyət  Allahın rizasını qazanmaq  olarsa, heç vaxt uduzmaz. Başqa qapıları döyməz, başqa işlərlə məşğul olmaz. Məsələn, bəziləri deyir ki, “Mənim niyyətim düzdür, qəlbim təmizdir”. Bəli, bəlkə də, onun qəlbi təmizdir, amma bunun Allaha ibadətlə bir əlaqəsi yoxdur. Səcdə etmək niyyətində deyildir. Ayaqlarını büküb, dizlərini qatlayıb  alnını yerə qoymur.

Beləliklə, bu insan nə qədər “ürəyim təmizdir”, “niyyətim safdır” deyir-desin, bir faydası yoxdur. Gündəlik həyatda görülən məişət işləri belə niyyət sayəsində insana ibadət savabı qazandıra bilər. Hər gün evə çörək alırıq. Çörəyi ailəmizin ehtiyaclarını təmin eləmək üçün evə gətirsək, bu adi davranış bizim üçün ibadət olar. Böyüklər buna adətlərin ibadətə çevrilməsi  demişlər.

Qurani-Kərimdə: “Ürəyinizdə qəsd edərək (məqsədyönlü şə­kil­də) etdikləriniz istisna, səhvən işlədiyiniz xətalara görə mə­su­liyyət daşımırsınız. Allah bağışlayan və rəhm edəndir”,[3] – buyurulur.Niyyət özlüyündə məqsəd olduğu üçün insan ona görə də məsul sayılır. Sevgili Peyğəmbərimiz (s.a.s.) belə buyurur: “Əməllər (başqa şeyə görə deyil), ancaq niyyətlərə görədir. Kimin niyyəti nədirsə, əldə etdiyi şey də ona uyğun olacaq. Kim Allah və Rəsulu (razılığını qazanmaq) üçün hicrət edirsə, onun hicrəti Allah və Rəsuluna yönəlmiş sayılır. Kim də bir dünya malı və ya nikahlamaq istədiyi bir qadından ötrü hicrət edirsə, onun hicrəti də istədiyi şeyə görə olur”.[4]

Məşhur hədis alimi Əbu Davud əs-Sicistani belə demişdir: “Pey­ğəmbərimizdən beş yüz min hədis yazdım. Onlar arasından hökm mövzusunda dörd min səkkiz yüz hədis seçdim. Bir insanın dini həyatını yaşaması üçün dörd hədis kifayətdir:

1. Əməllər niyyətlərə görədir.

2. Halal və haram məlumdur.

3. Yaxşı müsəlman özünə aid olmayan (lüzumsuz) şeylərdən uzaq gəzər.

4. Allah gözəldir və gözəl olanı sevər. Allah-Təala bəndələrinə aid əmrlərini peyğəmbərləri vasitəsilə çatdırmışdır”.[5]

Hətta Alah Rəsulu həyat yoldaşı Həzrət Ruqiyyənin xəs­tə­liyinə görə Bədir döyüşündə iştirak edə bilməyən Həzrət Osmanın Bədir qaziləri qədər mükafat qazanacağını bildirmişdir. Bədir qənimətlərini bölərkən ona da qazilər qədər pay ayırmışdır. Başqa hədisində isə niyyətin əməldən üstün olduğunu bəyan etmişdir. Ənəs ibn Malikin rəvayət etdiyi hədisi-şərifdə Allah Rəsulu (s.a.s.) buyurur: “Möminin niyyəti əməlindən xeyirlidir”.[6] Demək ki, xalis niyyət olmadan əməl və ibadətlərin heç bir dəyəri yoxdur. Səhl ibn Səidin rəvayətində isə Peyğəmbərimiz belə buyurur: “Möminin niyyəti əməlindən xeyirlidir. Münafiqin əməli də niyyətindən xeyirlidir. Hamısı niyyətinə görə əməl işləyir. Mömin bir əməl işlədimi, qəlbində bir nur parlayır”.[7]

Zeyd ibn Sabitdən (r.a.) rəvayət edilir: “Döyüşə getməyən möminlərlə Allah yolunda malları və canları ilə cihad edənlər eyni deyildir”[8] ayəsi nazil olanda Allah Rəsulu (s.a.s.) bunu yazmağı əmr etdi. Elə bu əsnada gözləri görməyən Abdullah ibn Ümmi Məktum gələrək: “Ey Allahın Rəsulu, cihada gücüm çatsaydı, mən də gedib düşmənlə döyüşərdim”, – dedi. Bunun ardınca Allah-Təala: “Üzrsüz səbəbə görə (döyüşə qatılmayanlar)” əla­və­sini nazil etdi.[9] Bu ayəyə görə üzrlü səbəbdən döyüşə qatıla bilməyənlər sırf niyyətlərinə görə mücahidlərlə eyni savabı qazanırlar. Digər tərəfdən, Peyğəmbərimiz bir hədisində şəhid olmağı ürəkdən istəyənlərin yataqda ölsələr belə şəhidlər zümrəsinə daxil olacağını bildirir.


[1] “Ənam” surəsi, 6/52

[2] Buxari, “Səhih”, 20/140

[3] “Əhzab” surəsi, 33/5

[4] Buxari, “Səhih”, 1, 3

[5] “Cəmiül-ulum vəl-hökm”, İbn Rəcəb, 3, 6

[6] Beyhaqi, “Sünən”, V, 343

[7] Təbərani, “əl-Kəbir”, 6, 185

[8] “Nisa” surəsi, 4/95

[9] Buxari, “Səhih”, 9, 419



Açar sözləri

niyyət

Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

Oruca necə niyyət etməli?

Orucun şərtlərindən biri niyyətdir. Niyyətsiz oruc səhih deyil. Buna görə də oruca nə zaman və necə niyyət ediləcəyini bilmək lazımdır.

Niyyət etməyi və Bismillah deməyi unutmaq

Dəstəmaz və qüsl almağa başlayarkən niyyət etmək və Bismillah deməyin hökmü sünnədir. Niyyət etmədən və Bismillah demədən alınan qüsl və dəstəmaz səhih olar. Unudularsa sünnət savabından məhrum qalmış olarıq.

Niyyət və hicrət

Əməllər niyyətlərə görədir. Kimin niyyəti nədirsə, onu da əldə edəcək.

İbadətlərdə niyyətin əhəmiyyəti

Niyyət bir işi görmək fikrində olmaq, yönəlmək, qəti qərar və şüur mənalarına gəlir. İnsan niyyət sayəsində haraya yönəldiyini, nə istədiyini bilir və onu tapma, əldə etmə şüuruna yiyələnir. İnsanın bütün hərəkət və davranışlarının əsasında niyyət dayanır. İradənin sarsılmaz əsası və bir işi görmə gücünün ən sağlam bünövrəsi də niyyətdir. Hətta kainatda və insan nəfsində hər […]


Şərh yaz