1. 961 dəfə oxunub ,   0 şərh   Çap et

Həzrət Ömərdən (r.a.) nəql edilir:

إِنَّمَا اْلأَعْمَالُ بِالنِّيَّاتِ وَإِنَّمَا لِكُلِّ امْرِئٍ مَا نَوَى، فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللّٰهِ وَرَسُولِهِ فَهِجْرَتُهُ إِلَى اللّٰهِ وَرَسُولِهِ، وَمَنْ كَانَتْ هِجْرَتُهُ لِدُنْيَا يُصِيبُهَا أَوِ امْرَأَةٍ يَتَزَوَّجُهَا فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ

“Əməllər niyyətlərə görədir. Kimin niyyəti nədirsə, onu da əldə edəcək. Kim Allah və Rəsulu (riza və məmnuniyyəti) üçün hicrət etmişsə, o, hicrəti ilə Allah və Rəsuluna yönəlmiş sayılır. Kim dünya malı və ya bir qadından ötrü hicrət etmişdirsə, o da həmin şeylərə görə hicrət etmiş sayılır”[1].

İki Cahan Sərvəri bu sözləri aşağıdakı hadisə ilə bağlı demişdir:

Hər kəs Məkkədən Mədinəyə Allah rizası üçün hicrət edirdi. Ancaq adı naməlum qalan bir səhabə Ümmü Qeys adlı sevdiyi bir qadından ötrü hicrət etmişdi[2]. Şübhəsiz ki, o şəxs mömin idi, amma bir qadın üçün hicrətə getmişdi.

O da bir mühacir idi, amma Ümmü-Qeysin “mühaciri”… O, bir qadın yolunda bu qədər məşəqqətlərə dözmüşdü. Bu hadisə Allah Rəsulunun məlum hədisinin mövzusu olmuşdur. Səbəbin xüsusiliyi, yəni konkret şəxs və ya hadisə ilə bağlı olması hökmün ümumiliyinə – hər kəsə şamil olmasına mane deyil. Nəticə etibarilə, hədisin hökmü ümumidir, hər işə və hər kəsə şamildir.

Bəli, təkcə hicrətin deyil, bütün əməllərin dəyəri niyyətlə ölçülür.  Hicrət edən insanın niyyəti yalnız Allah və Rəsulu olarsa, buna mükafat olaraq Allah və Rəsulunu(n rizasını) qazanar. Bu, namazda da, orucda da, zəkatda da – hər əməldə belədir. Allahın haqqını qoruyan insan Onu, Onun mərhəmət, inayət və kərəmini həmişə yanında görər. İnsan Allahın lütf və köməyini görəndə də mənən coşar, məst olar və səcdəyə qapanıb Rəbbinə daha da yaxınlaşmağa çalışar… Və Rəbbinə yaxınlaşdıqca da bu duyğu, düşüncə bütün əməllərinə hakim kəsilər. Bu “hakimliy”in kölgəsində hər şey dəyişib başqalaşan aləmlərə keçəndə də, yəni qəbirdə, bərzəxdə, həşrdə, sirat körpüsündə də daim Rəbbini, Onun inayətini hiss edər. Əgər əməlləri ilə – şübhəsiz, Allahın bir lütfü sayəsində – Livaül-Həmdə[3] çatsa, orada da İki Cahan Sərvərinə qovuşar və təsəvvüredilməz məqamlara yüksələr.

Əksinə, Allah rizası üçün deyil, sırf bir qadından ötrü hicrət edərsə, çəkdiyi bütün məşəqqətlər cismani zövqlər üçün olduğuna görə, hədər gedər, heç bir faydası olmaz.

Nəfs üçün yaşamaq, daima cismani həyatı düşünmək, heç vaxt vicdan və ruhun səsinə qulaq asmamaq boş yerə oturub-durmaq, ömrü orada-burada bihudə keçirmək deməkdir. Belə insanlar əsla Allah-Təalanın rizası istiqamətində yaşayanların qazandığı məqam və uğurlarını əldə edə bilməyəcək. Başqa bir hədisində də Allah Rəsulu: “Möminin niyyəti əməlindən xeyirlidir”,[4] – buyurur. Çünki insan nə qədər çalışır-çalışsın, niyyətinə bərabər əməl işləyə bilməz. Allah-Təala əngin mərhəməti ilə əməldən çox qəlbdəki niyyətə görə insanla müamilə edir. Niyyət, təbii ki, əməllərdən daha çox savab qazandırır. Bəli, məhz buna görə möminin niyyəti əməlindən daha xeyirlidir.

Rəsulullah bir hədisində: أَلاَ وَإِنَّ فِي الْجَسَدِ مُضْغَةً إِذَا صَلَحَتْ صَلَحَ الْجَسَدُ كُلُّهُ، وَإِذَا فَسَدَتْ فَسَدَ الْجَسَدُ كُلُّهُ، أَلاَ وَهِيَ الْقَلْبُ “Diqqət yetirin! İnsanın vücudunda bir ət parçası vardır. Əgər o, saleh (sağlam, təmiz) olarsa, bütün bədən nicat tapar, əgər o xarab olarsa, bütün vücud xarab olar. Diqqət yetirin, o, ürəkdir (qəlbdir)”, [5] – buyurur.

İxlasınız olarsa, münbit yerə səpdiyiniz bütün toxumlar cücərər. Başlanğıcda rüşeym kimi zəif və çəlimsiz olsalar da, zaman keçdikcə kök salıb boy atan çinarlara çevrilərlər. Və siz o biri aləmdə onların kölgəsində yaşayarsınız. Bəli, onlar sizin niyyətinizin səmimiliyi səviyyəsində yayılar, inkişaf edər və qarşınıza Cənnət meyvələri şəklində çıxarlar.

Niyyət sayəsində hər bir adət və vərdiş bir ibadətə çevrilir. Axşam yatarkən gecə ibadətinə niyyət edən bir insanın yuxuda alıb-verdiyi nəfəs belə zikr kimi yazılır. Belə olmasaydı, bu qədər az vaxtda, bu qədər az əməllə Cənnəti necə qazanmaq olardı? Bəli, əgər möminə əbədi həyat veriləcəksə, o da onun əbədi qulluq niyyətinə bəxş edilmiş bir lütf olacaq və ona əbədi Cənnəti qazandıracaqdır. Kafir üçün də vəziyyət eyni şəkildədir, yəni o da əbədi Cəhənnəmə layiq olacaqdır.

Bəli, biz niyyətimizdəki əbədi qulluq düşüncəsi ilə Cənnətə getmək  haqqı qazanırıq, kafir də niyyətindəki əbədi nankorluq inadı ilə Cəhənnəmə! Bəli, əməllərin ən kiçiyindən ən böyüyünə qədər istisnasız hamısına dəyər və qiymət qazandıran və onlara həyat verən yalnız və yalnız niyyətdir.

İnsan bəzən əməl işləmədən də sırf niyyəti ilə savab qazanır. Məsələn, bir insan bir yaxşı iş görməyə niyyət etsə, amma onu həyata keçirə bilməsə, yenə bir savab qazanar. Əgər onu edərsə, bəzən on, bəzən yüz, bəzən də daha çox savab əldə edər. Halbuki pis əməllər niyyət olaraq qalarsa, yəni edilməzsə, günah kimi yazılmaz, işlənərsə, yalnız bir günah olaraq qeyd olunar[6]. Təbii ki, hər pisliyin günahı özünə uyğun cəzaya layiqdir.

Hicrət

Hicrət xüsusi mənada sona çatmışdır, çünki Allah Rəsulu: لاَ هِجْرَةَ بَعْدَ الْفَتْحِ “Məkkə fəthindən sonra hicrət sona çatmışdır”,[7] – deyə buyurur. Lakin ümumi mənada hicrət davam edir və qiyamətə qədər də davam edəcək. Çünki hicrət Allah yolunda mücahədə (Allahı insanlara anlatmaq) ilə əkiz qardaşdır, birlikdə doğulmuş və birlikdə yaşayacaqlar. Yenə Peyğəmbərimiz mücahədənin qiyamət gününədək davam edəcəyini bəyan etmişdir: اَلْجِهَادُ مَاضٍ إِلَى يَوْمِ الْقِيَامَةِ “Mücahədə qiyamət gününə qədər davam edəcək”.[8]

Bəli, möhtac könüllərə haqq və həqiqəti anlatmaq naminə anadan, atadan, yardan, yarandan ayrılıb yurdunu tərk edən, diyar-diyar gəzən hər bir məfkurə yolçusu, hər bir inanan insan sonsuz feyzi olan bir saleh hicrət halqasının içindədir, savabını da mütləq görəcək. Belə olmasaydı Allah Rəsulunun əshabəsi yurdundan-yuvasından ayrılaraq Orta-Asiya steplərinə, Afrikanın dərinlikərinə və ya Dünyanın başqa yerlərinə İslamiyyəti götürməzlərdi.

Digər tərəfdən, Allah və Rəsulu yolunda edilən hicrətin savabından bəhs olunmur. Ehtimal ki, bu, belə əməllərə o biri dünyada qeyri-adi, xariqüladə mükafatların veriləcəyinə işarədir. Mələklər bu əməli olduğu kimi yazırlar, mükafatını da Allah-Təala şəxsən özü verir.

Hədisin əvvəlində işlənən اِنَّمَا məhdudlaşdırıcı ədat mənasını verir: yəni “əməli əməl edən ancaq niyyətdir”. Bu da o deməkdir ki, niyyətsiz heç bir ibadət məqbul olmaz. Necə ki insan niyyətsiz min rükət namaz qılsa, illərlə ac qalsa, malının hamısını sərf etsə, həccin bütün rüknlərini niyyətsiz yerinə yetirsə, nə namaz qılmış, nə oruc tutmuş, nə zəkat vermiş, nə də həccə getmiş sayılır. Deməli, bütün bu hərəkət və davranışları ibadətə çevirən  məhz  niyyətdir.

Günahlardan hicrət

Mövzuya bir də nəzər salası olsaq, görərik ki, əvvəla, Allah Rəsulu niyyət kimi əhatəli bir mövzunu üç kəlmə ilə izah etmiş, ardınca da hicrət kimi geniş məzmunlu məsələyə iki-üç cümlə ilə işarə buyurmuşdur. “Günahları tərk etmək” mənasına gələn hicrətdən başlayaraq qiyamətəcən davam edən bütün hicrətləri, bütün mühacirətləri “səhli-mümtəni”[9] bir üslubla, həm də bir iki cümlədə ifadə etmək ancaq ləlü-gövhər bəyan sahibi o Zata xasdır.

Bir xüsusu da şərh etmək faydalı olardı: “Ən böyük mühacir günahlardan uzaq duran və Allah sevgisindən başqa bütün “sevgi”ləri qəlbindən silib atandır”.[10] Bir gün İbrahim ibn Ədhəm Allaha dua edir: “Ya Rəbbi, Sənin eşqinə düşdüm. Səndən qeyri hər şeyi tərk edib hüzuruna gəldim. Səni görəndən sonra gözlərim başqa şey görməz oldu…”

O, bu dualarla, bu imanla coşarkən duanın mənəvi havasında Kəbənin yanında oğlunu görür. Oğlu da onu görür. İllərin həsrəti ikisini də bir-birinə çəkir. Qucaqlaşırlar, bu zaman qeybdən bir səs gəlir: “İbrahim, bir qəlbdə iki sevgi olmaz!”

İbrahim dua ilə cavab verir: “Sənin sevginə mane olanı al, Allahım!” Və oğlu oradaca ayaqları altına yıxılıb canını təslim edir.[11]

İlahi mərhəmətə hicrət

Günahlardan uzaqlaşıb Rəbbin qapısını döymək, Ondan əfv fərmanı gələnədək qapıdan ayrılmamaq da bir hicrətdir:

             إِلَهِي عَبْدُكَ الْعَاصِي أَتَـاكَ        مُقِراًّ بِالذُّنُوبِ وَقَدْ دَعَاكَ

              وَإِنْ تَغْفِرْ فَأَنْتَ أَهْلٌ لِذَاكَ       وَإِنْ تَطْرُدْ فَمَنْ يَرْحَمْ سِوَاكَ

İlahi, günahkar qulun Sənə gəldi.

Günahlarını etiraf edib Sənə yalvarır.

Əgər bağışlasan, bu, Sənin şanındandır,

Əgər qovsan, Səndən başqa kim mərhəmət edə bilər.

Əvvəllər işlədiyi günahları tərk etdikdən sonra bir daha eyni günahı etməyi Cəhənnəmə girməkdən daha dəhşətli görən bir insan daima həqiqi mənada hicrət yolunda sayılır.

Halal hüdudlarının son sərhəd daşlarını minalanmış ərazi kimi görüb o yönə yaxınlaşmayan, əlinə-ayağına, gözünə-qulağına, dilinə-ağzına sahib olan insan ömrünün sonunacan daima hicrətdədir. O, istər insanlar arasında olsun, istərsə bir küncdə tənhalığa çəkilsin, müqəddəs köç könlünün dərinliklərində onun sadiq yoldaşıdır. Ancaq tənhalıqda hicrətin özünəxas, bambaşqa dərinliyi vardır. İnsan orada “üns billah”a[12] çatır və ilahi ilhamlarla ucaldılır.

Məsələni xülasə etsək, hədisi-şərif bu məqamları da ehtiva edir:

a. Niyyət əməlin ruhudur və  niyyətsiz əməllər ölü sayılır.

b. Niyyət savab olan əməlləri günaha, günah olan əməlləri də savablara çevirən nurlu və sirli bir iksirdir.

c. Əməlin əməl olması niyyətdən asılıdır; niyyətsiz hicrət gəzinti, cihad azğınlıq, həcc mənasız səyahət, namaz bədən tərbiyəsi, oruc da bir pəhrizdir. Bu ibadətlərin insanı Cənnətlərə uçuran qanadlara çevrilməsi ancaq niyyətlə mümkündür.

ç. Əbədi Cənnət əbədi qulluq niyyətinin, əbədi Cəhənnəm də əbədi inkar və küfr düşüncəsinin nəticəsidir.

d. İnsan niyyəti sayəsində çox kiçik cəhd və az xərclə çox böyük və qiymətli şeylər əldə edə bilər.

e. Niyyət fürsətindən yaxşı istifadə edənlər onunla dünyaları qazana bilərlər.

ə. Dünya və qadın nemət olaraq yaradıldığı halda, o nemətlərin sui-istifadə edilməsi və ya onlara münasibətin şəriət prinsipləri ilə tənzimlənməməsi Allah və Rəsulunun sevgisini unutdurar. Dolayısilə, insan sonsuz nemətlər qazanılan yerdə hər şeydən məhrum olar…


[1]   Buxari, Bədül-vəhy 1; Eyman 23; Müslim, İmarə 155; Əbu Davud, Talaq 10.

[2]   Təbərani, Əl-mücəmül-kəbir, 9/103; İbn Həcər, Fəthül-bari, 1/10.

[3]   Allah Rəsulunun (s.ə.s.) bayrağı. Ona inananlar qiyamətdən sonra bu bayrağın altında toplanacaq.

[4]   Təbərani, Əl-mücəmül-kəbir, 6/185.

[5]   Buxari, İman 39; Müslim, Müsaqat 107.

[6]   Baxın: Buxari, Riqaq, 31; Müslim, İman 203-208

[7]     Buxari, Cihad1; Müslim, İmarə 83-86.

[8]     Təbərani, Əl-mücəmül-övsat, 5/96. (Eyni mənanı fərqli sözlərlə ifadə edən başqa hədislər üçün baxın.: Buxari, Cihad, 44; Əbu Davud, Cihad 4)

[9]     Ədəbiyyatda çox çətin və uzun, fəlsəfi dərinliyi olan bir mövzunu sadə bir şəkildə ifadə etmə sənəti

[10]    Bunu ifadə edən اَلْمُهَاجِرُ مَنْ هَجَرَ مَا نَهَى اللّٰهُ عَنْهُ hədis aşağıda açıqlanacaq.

[11]    Fəridəddin Əttar,Təzkiratül-övliya, İbrahim ibn Ədhəmin həyatı bölümü.

[12]    Allaha yaxınlaşmağa



Açar sözləri

hicrət niyyət

Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

Oruca necə niyyət etməli?

Orucun şərtlərindən biri niyyətdir. Niyyətsiz oruc səhih deyil. Buna görə də oruca nə zaman və necə niyyət ediləcəyini bilmək lazımdır.

Niyyət etməyi və Bismillah deməyi unutmaq

Dəstəmaz və qüsl almağa başlayarkən niyyət etmək və Bismillah deməyin hökmü sünnədir. Niyyət etmədən və Bismillah demədən alınan qüsl və dəstəmaz səhih olar. Unudularsa sünnət savabından məhrum qalmış olarıq.

Niyyət nədir?

Niyyət məram, məqsəd, plan, amac, qəti iradə, qəlbin bir şeyi bilməsi, bir şeyi qərara alıb o işin nə üçün edildiyini anlaması və o işə yönəlməsi mənasını verir.

İbadətlərdə niyyətin əhəmiyyəti

Niyyət bir işi görmək fikrində olmaq, yönəlmək, qəti qərar və şüur mənalarına gəlir. İnsan niyyət sayəsində haraya yönəldiyini, nə istədiyini bilir və onu tapma, əldə etmə şüuruna yiyələnir. İnsanın bütün hərəkət və davranışlarının əsasında niyyət dayanır. İradənin sarsılmaz əsası və bir işi görmə gücünün ən sağlam bünövrəsi də niyyətdir. Hətta kainatda və insan nəfsində hər […]


Şərh yaz