1. 295 dəfə oxunub ,   0 şərh   Çap et

Etibar timsalı

O, yetim böyüdü

Əbdülmüttəlibin yanında

Əbu Talibin himayəsində

 

 

Etibar timsalı

Onun uşaqlıq, gənclik və yetkinlik dövrləri peyğəmbərliyinin müqəddiməsi, mərhələləri və pillələri mahiyyətini daşıyırdı. Bunun nəticəsi olaraq da Onu tanıyan bir çox insanlar peyğəmbərlik gələr-gəlməz dərhal inanıb müsəlman olmuşdular.

Çünki O, həyatında bircə dəfə də yalan danışmamışdı. İndi Allahdan (c.c.) bəhs edir və peyğəmbər olduğunu söyləyirdi. Ən kiçik məsələlərdə belə yalan danışmayan bir insan belə böyük və ülvi bir məsələdə yalana əl atardımı?![1] Bu, əsla mümkün deyildi. O dövrün insanları belə düşünür, hər kəs olmasa da, inadkarlıq və həsəd içində boğulmayanlar dərhal imana gəlirdi. Bəli, dövr cahiliyyə dövrü idi. Lakin Cahiliyyə o dövrün ümumi adı idi. Yoxsa O, heç vaxt cahiliyyə dövrünü yaşamamışdı. O, əmin, etibarlı, doğru-dürüst insan idi. Onu hər kəs belə tanıyır, belə qəbul edirdi. O qədər etibarlı idi ki, məsələn, səfərə çıxmağı düşünürsünüz, xanımınızı etibarlı bir adam tapşırmaq istəyirsiniz, heç tərəddüd etmədən Həzrət Məhəmmədə (s.a.s.) əmanət edə bilərdiniz. Siz gələnəcən gözünü qaldırıb ona baxmayacağına qətiyyən şübhəniz olmazdı. Malınızı kiminsə yanında qoymağı düşünürsünüz? Tərəddüd etmədən gedib Məhəmmədül-Əminə təslim edə bilərdiniz, çünki malınıza zərrə qədər ziyan gəlməyəcəyinə inanırdınız. Bir məsələ haqqında ən doğru fikri öyrənməkmi istəyirsiniz? Dərhal doğruluğun əndəlibi-zişanı (şanlı bülbülü) o sədaqət timsalının yanına qaçır, Onu dinləyir, Onun dedikləri ilə hökm verir və Onun bəyanlarını hər işdə rəhbər qəbul edirdiniz, çünki O, həyatında bir dəfə də olsun yalan danışmamışdır.

Sübut istəyirsiniz? O, Səfa təpəsinə çıxıb ətrafına toplaşmış insanlardan soruşur: “”Bu dağın arxasından bir ordu gəlir, sizə hücum edəcək” desəm, mənə inanarsınızmı?” Hər kəs bir ağızdan: “Bəli, inanarıq. Çünki heç vaxt sənin yalan danışdığını görməmişik”,[2] – deyir. Bunu söyləyənlər arasında Əbu Ləhəb kimi din düşmənləri də vardır. Ancaq hamısı Onun doğruluğunu və etibarlılığını təsdiq edir.

O, dünyaya göz açmamış atası vəfat etdi, beş-altı yaşına çatanda da anasını itirdi. Bunlardan sonra babası Əbdülmüttəlib Onu himayəyə götürdü. Səkkiz yaşına yenicə girmişdi ki, babası da vəfat etdi. Sanki qədər Onu, hər şeydən təcrid edir və tamamilə Allaha (c.c.) təslim olmağa hazırlayırdı. Ona əl uzadan bütün hamilər bir-bir dünyadan köçür və tövhid nuru içində əhadiyyət ((Allahın (c.c.) əksər isimlərinin hər şeydə təcəlli etməsi və Yaradanın bir olduğunu göstərməsi) sirrinin zühuru ilə birbaşa Allahın himayəsi xatırladılırdı. O, “Kəlmeyi-Tövhid”[3] və “Hasbunəllah” cümləsini də başlanğıcdan vicdanında hiss edərək söyləməli idi. Buna görə də bütün zahiri səbəblər tamamilə dövrədən çıxmalı idi. Və elə də oldu…

Atasının adı “Allahın (c.c.) qulu” mənasına gələn Abdullah, anasının adı isə “əmin və doğru qadın” mənasınaı verən Əminə idi. Bəli, Onu əminlik doğuran, əmanətin əmanətdarı bir qadın  dünyaya gətirmişdi. Risalətdən əvvəl übudiyyətlə sərəfraz olan bu şərəfli insanın atasının adı da “Allahın qulu” mənasını daşıyırdı. Bunlar təsadüf deyildi, çünki qədəri yazan Allahdır (c.c.).

O, yetim böyüdü

O, yetim böyüdü. Onun çiyinlərini ağır bir yük, böyük bir vəzifə gözləyirdi. İndidən hazırlaşmalı idi. Kamil təvəkkül düşüncəsi ilə yetişməli, bütün çətinliklərə qarşı möhkəm xarakterə yiyələnməli idi. Allah (c.c.) Onu var-dövlətin təsiri ilə təkəbbürlənən və ya səfalət, yoxsulluq içində əzilən, cəsarətini itirən bir insan olmaqdan qorudu. Həyatının hər mərhələsində mötədilliyə sadiq, ifrat və təfritdən uzaq bir insan kimi yetişməsini təmin etdi.

Bir liderin bu cür çətin və ağır günlər görməsi çox mühümdür. Yetimliyin nə demək olduğunu bilməlidir ki, rəiyyəti ilə şəfqətli ata kimi rəftar edə bilsin. Kasıblığı görməlidir ki, idarə etdiyi insanların vəziyyətini anlasın və ona uyğun hərəkət etsin. Allah Rəsulunun uca əxlaqında bir nüvə şəklində olan yetim və kasıblara əl uzatma, onlara arxa olma xüsusiyyəti bu kəşməkeşli həyatın suyu, torpağı və havası ilə yoğrulmuşdu. O bənzərsiz şəxsiyyət sonralar zirvələrə çıxsa da, əvvəl necə idisə, elə də yaşadı və ömrü boyu həyat tərzini dəyişdirmədi. Ömrü boyu bir yetimi incitmədi və qapısına gələni  əliboş qaytarmadı. Çünki bunu Ona şəxsən Allah təlim və əmr buyurmuşdu:

“Məgər O, sənə yetim ikən sığınacaq vermədimi?! Sənin hər şeydən xəbərsiz vəziyyətdəykən yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! Elə isə yetimə zülm etmə! Dilənçini də (qapıdan) qovma! Və (həmişə) Rəbbinin sənə olan nemətindən danış!”[4]

Mən nə vaxt bu surəni oxuyuram, atam çoxdan vəfat etsə də, yenə də onu Allah Rəsuluna (şəfaətini umaraq) ərz edir və məni də qapısından qovmaması üçün o böyük ruha: “Qapında bir yetiməm. Nə olar, bu yetimi qovma qapından!” – deyirəm.

Əbdülmüttəlibin yanında

Əbdülmüttəlib Ondakı peyğəmbərlik nurunu çoxdan sezmişdi. Onunla birlikdə keçən günləri bərəkətli olurdu. Onu böyüklərin məclislərinə aparır, qayğısını və şəfqətini Ondan əsirgəmirdi.[5] Onda insanlığın qurtuluşunu görürdü. Allah Rəsulunun baxışlarındakı dərinliyi heç kimdə görmək mümkün deyildi. Bəlkə də, ata-babalarından peyğəmbər olduğu rəvayət edilən Lüey öz nəslindən belə bir peyğəmbər gələcəyini müjdələmiş və Əbdülmüttəlib də bu müjdəyə istinadən nəvəsi Məhəmmədin peyğəmbər olacağını kəşf və ya hiss etmişdi. Hər halda buna görə də nəvəsini hədsiz dərəcədə çox istəyir və Onu özünə belə qısqanırdı. Bu nəhəng insan vəfat edəndə nəvəsi Məhəmmədi bir daha bağrına basıb oxşaya bilməyəcəyi üçün hıçqıra-hıçqıra ağlamışdı.

Düşünün ki, Əbrəhə ordusunun qarşısında sarsılmayan və illər çəkən Ficar müharibəsində saysız-hesabsız düşmən qəbilələrlə girdiyi döyüşlərdə gözünü qırpmayan bu böyük insan əziz nəvəsindən ayrılığın iztirabı ilə uşaq kimi hıçqıra-hıçqıra ağlayırdı. Beləcə baba Əbdülmüttəlibin himayəsi də sona çatırdı. Bəli, o da son vəsiyyətini edərək gözlərini yumdu. Artıq bundan sonra o “Dürri-Yekta”nı[6] əmanət etdiyi əmisi Əbu Talib himayə edəcəkdi.

Əbu Talibin himayəsində

Əbu Talib sözündə durdu. Allah Rəsulunu qırx ilə yaxın himayə etdi və Ona arxa oldu. Onun bu yaxşılığı əvəzsiz qalmadı. Allah da ona Həzrət Əli (r.a.) kimi bir övlad nəsib etdi. Hər nəbinin nəsli öz övladları ilə davam etmişdir. Halbuki Allah Rəsulunun nəsli Həzrət Əli ilə davam edəcəkdi. Hətta bu məsələ ilə bağlı Peyğəmbərimizə isnad edilən rəvayət də var.[7]

Həzrət Əli (r.a.) İki Cahan Sərvərinin vəlayət (vəlilik) yönünü təmsil edirdi. Buna görə də o, bütün vəlilərin sərtacı (baş tacı) sayılır. Sanki Allah Qiyamətə qədər gələcək bütün təriqət əhlinin, bütün böyüklərin təqdirlə yad edib bağlandığı Şahi-Mərdan, Heydəri-Kərrar, Nəbi kürəkəni, Əliyyül-Mürtəza Həzrət Əlini atasına Allah Rəsuluna göstərdiyi mürüvvətin müqabilində bir hədiyyə, bir ərməğan kimi vermişdi.

Əbu Talib də atası Əbdulmüttəlib kimi yalnız zahiri səbəb idi. Onun əsl hamisi və müəllimi Allah idi. Allah (c.c.) bir tərəfdən o mümtaz şəxsiyyəti nəbilik səviyyəsinə yüksəldir, digər tərəfdən toplumu da Onu qəbul etməyə uyğun vəziyyətə gətirirdi. Gün keçdikcə Onun peyğəmbərliyinə olan işarələr dəqiqləşir və Həzrət Məhəmməd Mustafa hər kəsin barmaqla göstərdiyi və yaxından tanıdığı bir insan olaraq cəmiyyətdə uca yerini həmişə mühafizə edirdi.


[1]Buxari, Bədül-vəhy 3.

[2]Buxari, Təfsir (111) 1-2; Müslim, İman  355-356.

[3]“Lə iləhə illallah”

[4] Duha surəsi, 93/6-11.

[5]Buxari, Bədül-vəhy 3.

[6]Tayı-bərabəri olmayan inci

[7]Buxari, Təfsir (111) 1-2; Müslim, İman  355-356.




Şərh yaz