Mənəviyyata Açılan Pəncərə

Ölümü arzulayıb-arzulamamaq haqda

 

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «لَا يَتَمَنَّيَنَّ أَحَدُكُمُ الْمَوْتَ إِمَّا مُحْسِنًا فَلَعَلَّهُ يَزْدَادُ وَإِمَّا مُسِيئًا فَلَعَلَّهُ يَسْتَعْتِبُ»

وَف۪ي رِوَايَةٍ لِمُسْلِمٍ «لا يَتَمَنَّيَنَّ أَحَدُكُمُ الْمَوْتَ وَلَا يَدْعُ بِهِ مِنْ قَبْلِ أَنْ يَأْتِيَهُ، إِنَّهُ إِذَا مَاتَ انْقَطَعَ عَمَلُهُ وَإِنَّهُ لَا يَز۪يدُ الْمُؤْمِنَ عُمْرُهُ إِلَّا خَيْرًا».

 Əbu Hureyrənin (r.a.) nəql etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: “Heç kim ölümü arzulamasın. Çünki ölü­mü arzu edən şəxs möhsündürsə (səxavətli, yaxşılıq edən insan), (yaşayaraq), bəlkə, xeyir və yaxşılıqlarını daha da artırar. Əgər günahkar bir adamdırsa, onun da tövbə edib ilahi riza halqasına girmə ehtimalı vardır”. [Buxari, Təmənni 6; Müslim, Zikr 10]

Müslimin qeydə aldığı digər rəvayətdə isə belə buyurulmuşdur: “Heç kim ölümü arzulamasın. Heç kim əcəli gəlmədən əvvəl ölmək üçün dua etməsin. Çünki (dünya axirətin tarlasıdır) insan öləndən sonra əlinə bir daha yaxşılıq etmək imkanı düşməz. Möminin öm­rünün uzunluğu ancaq yaxşı əməlləri artırmasına vəsilədir”. [Müslim, Zikr 13]

 عَنْ أَنَسٍ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «لَا يَتَمَنَّيَنَّ أَحَدُكُمُ الْمَوْتَ لِضُرٍّ أَصَابَهُ، فَإِنْ كَانَ لَا بُدَّ فَاعِلاً فَلْيَقُلِ: اَللّٰهُمَّ أَحْيِن۪ي مَا كَانَتِ الْحَيَاةُ خَيْرًا ل۪ي وَتَوَفَّن۪ي إِذَا كَانَتِ الْوَفاَةُ خَيْرًا لِي»

Hz. Ənəs (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Heç kim bir çətinliklə üzləşdiyinə görə ölümü arzulamasın. Əgər ölümü arzulamağa məcbur olarsa, heç olmasa, belə desin: “Rəbbim, əgər həyat mənim üçün xeyirlidirsə yaşat, ölüm xeyirlidirsə,  canımı al”. [Buxari, Mərda 19; Dəavat 30; Müslim, Zikr 10]

Exit mobile version