3. 281 dəfə oxunub ,   0 şərh   Çap et

Sosial həyatın içində idi

Təbiiliyi

Təvazökarlığı və qulluqda dərinliyi

Onun məhviyyət və təvazökarlığı da fətanətinin bir yönü kimi parlamaqdadır. Allahın dini vüsət tapdıqca, Rəsulunu qəbul edənlərin sayı artdıqca təvazökarlığı da dərinləşirdi. Təvazökarlıq və məhviyyət[1] hissi elə bil Onunla bir doğulmuşdu, ömrünün sonuna qədər qol-budaq ataraq bar verdi. “Kim Allah qarşısında təvazökar olsa, Allah onu ucaldar”[2], – deyən və dediyini ən yaxşı şəkildə tətbiq və təmsil edən Həzrət Məhəmməd Mustafadır (s.a.s.).

O, daima özünü sadə bir insan bilmiş və özünü sadə xalqdan heç vaxt ayırmamışdı. Həzrət Əliyə isnad edilən gözəl bir söz vardır: ” Sadə bir insan ol!” O, bütün ömrünü bu istiqamətdə keçirmiş və sadə bir insan kimi qalmağa xüsusi diqqət yetirmişdir.

Bəli, insan dünyəvi məqam və mənsəb əldə edincə həddini aşmamalı və özünü unutmamalıdır. İnsan padşah da ola bilər, tarla gözətçisi də. Ancaq onları birləşdirən insanlıqdır. Elə isə bir insanın çiyninə götürdüyü mükəlləfiyyətin keyfiyyəti onu başqa varlığa çevirməməlidir. Başqa sözlə, insan hər zaman və şəraitdə özünü sadə bir insan bilməlidir.

Əgər demokratiya adlanan sistem bəzilərinin qəbul etdiyi kimi, yer üzündə ən mükəmməl sistemdirsə, İslam bu zirvəni, həm də əsrlərlə əvvəl fəth etmişdir. Lakin biz “İslam tam bir demokratik sistemdir”, – deyə bilmərik.

Budur  sistemin mükəmməlliyini göstərən cəmiyyətdən nümunələr:

Həzrət Əli (r.a.) bir zimmi (xristian) ilə mühakimə olunmaq üçün məhkəməyə gəlir. Bu vaxt Qazı Şüreyh ona oturmaq üçün yer göstərir. Həzrət Əli bu xüsusi hörmətdən narazılığını dərhal bildirir. Çünki zimni ilə eyni şərtlərdə mühakimə olunmalı idi. Təsəvvür edin ki, o gün Həzrət Əli böyük bir dövlətin xəlifəsi, yəni dövlət başçısı idi.[3]

Allah Rəsulu, təbii, sadə və səmimi bir insandı. Çox vaxt Onun məclisinə ilk gələnlər ancaq səhabənin davranışları və ya Onun sözə başlaması ilə Peyğəmbərin kim olduğunu seçə bilirdilər.  Hicrət zamanı o günəcən Allah Rəsulunu görməmiş bəzi mədinəlilər Həzrət Əbu Bəkrin əlini öpmək istəmişdilər. Yəni onu Allah Rəsulu sanmışdılar. Ancaq o, qalxıb xirqəsi ilə Peyğəmbərimizə kölgə salandan sonra Allah Rəsulunun kim olduğunu anlamışdılar.[4] Çünki Allah Rəsulu heç bir davranışı ilə özünü  Əbu Bəkrdən fərqləndirməmişdi.

Məkkəni fəth edib şəhərə girəndə göstərdiyi məhviyyət və təvazö dillərdə dastandır. Miniyi üstündə elə oturmuşdu ki, başı az qala yəhərin qaşına dəyəcəkdi. O uca Nəbi o müqəddəs diyara məhz belə bir təvazö ruhuyla girmişdi.[5]

Başda Həzrət Aişə anamız olmaqla bir çox səhabələrdən rəvayət edilən bir hədis bunları bəyan edir: “Allah Rəsulu evdə sadə bir insan kimi davranırdı. Öz paltarını yamayır, ayaqqabılarını təmir edir və ev işlərində xanımlarına kömək edirdi”.[6] Halbuki bunları edəndə adı dünyanın hər tərəfində yad edilir, hər kəs Ondan və gətirdiyi dindən danışırdı. O, zamanını elə nizamlamışdı ki, o qədər mühüm məsuliyyətlərin arasında bu kimi işlərə də vaxt ayıra bilirdi. O, bütün gözəl xüsusiyyətlərin zirvəsində oturmağa layiq idi və elə də oldu…

Sosial həyatın içində idi

Böyüklərdə böyüklüyün nişanəsi təvazökarlıq və məhviyyətdir. Kiçikliyin əlaməti isə təkəbbürdür. Allah Rəsulu ən böyük insandır. Elə isə təvazökarlığı da bu səviyyədə olmalı idi…

Məscid inşası zamanı hamı kimi kərpic daşıyan,[7] xəndək qazıntısında hər kəs qarnına bir daş bağladığı halda, ikisini bağlayan,[8] əzəməti qarşısında qızdırmalı xəstə kimi tir-tir əsən bir adama: “Qardaşım, qorxma, mən də sənin kimi anası quru çörək yeyən bir insanam”,[9] – deyən Allah Rəsulu, şübhəsiz ki, ən təvazökar insandı.

Məclislərdə böyüklük əlaməti olaraq ayaq-ayaq üstünə atıb oturanların psixiatriyanın hansı sahəsində dəlilik keçirdiklərini bilmirəm, amma onların ruhunda ciddi bir çatışmazlıq olduğunu əminliklə söyləyə bilərəm. Allah Rəsulu hamı kimi oturub-dururdu. Bəli, Onun hər hərəkəti ədəblə yoğurulmuşdu. O, böyüklüyünü üzünü yerə qoymaqla və səccadədə coşmaqla göstərirdi.

“Kim Allah üçün təvazökarlıq edərsə, Allah onu ucaldar. Kim qürurlanarsa, Allah da onun burnunu yerə sürtər”.[10]

Təvazökarlq və məhviyyət insanda iki qanaddır, onu uca aləmə doğru pərvaz etdirər. Allah Rəsulu təvazökarlığı sayəsində ən çətin məsələlərin öhdəsindən gəlmiş və əbədiyyətə qədər bəşəriyyətin rəhbəri olmuşdur. İnsanlar zaman və məkanın dar ölçülərinin fövqünə yüksələn bu mümtaz və seçilmiş rəhbərin qarşısına sıxılmadan çıxar və sözlərini də rahatlıqla deyərdilər. Çünki O, çox rahat bir insan idi.

Müslim və Əbu Davud nəql edir: “Bir gün əqli çatışmazlığı olan bir qadın gəldi, Allah Rəsuluna: “Ya Rəsulallah, Səninlə bir işim var”, – dedi. Allah Rəsulu onunla birlikdə yolun bir kənarına çəkildi, məsələni dinlədi və həll etdi”.[11]

Buxarinin Həzrət Ənəsdən rəvayət etdiyinə görə bir cariyə gəlir, Peyğəmbərimizin qolundan tutaraq çəkir, Ona bir işini gördürmək istəyir. Allah Rəsulu da tərəddüd etmədən gedib ona kömək edir.[12]

Bu iş, bəlkə də, ev süpürmək, bəlkə də, yuyulmuş paltarları sıxmaq idi. Nə iş olur-olsun, Allah Rəsulu onu görürdü. Çünki O, bir fitrət insanı idi, bu hərəkəti də zillət deyildi. Zillət Onun yuxularına belə girə bilməmişdi. O, ömrü boyu küfrə qarşı mətanətlə mübarizə aparmışdı. Və yuxarıda da söylədiyimiz kimi, O, ən şücaətli insan idi. Həzrət Əli deyir: “Biz müharibə meydanında qorxanda Allah Rəsulunun arxasına sığınar və Onunla qorunardıq”.[13] Hətta insanlar  onun yanında özlərini rahat və təhlükəsiz hiss edirdilər. İndi belə bir insan bu səviyyədə məhviyyət göstərirsə, bu da yalnız Onun təvazökarlığından qaynaqlanır.

Təbiiliyi

Təvazökarlıq zillət olmadığı kimi, təkəbbür də vüqar, təmkin deyil. Allah Rəsulu təvazökarlığında da müvazinəti qoruyurdu. Bəli, Onun bu vəsfi də bizlərə “Məhəmmədun Rəsulullah” dedirdir.

Bir hakim məhkəmədə ciddi olmalıdır. Bu, təmkindir. Ancaq evdə uşaqları ilə bu cür rəftar etsə, bu, qürur olar. Çünki insan evində ailənin bir üzvüdür, təbii və sadə davranmalıdır. Bunlar Quranın düsturudur və ən gözəl tətbiqçisi də Allah Rəsuludur. Sonrakılarınkı isə Ona bənzəmə cəhdi və Onu təqliddir.

Hamı Onu ən böyük insan kimi görə bilər, lakin O belə deyir: “Heç kim öz əməli ilə Cənnətə girə bilməz”. “Sən də mi?” – deyənlərə də: “Bəli, mən də, əgər Allahın (c.c.) mərhəməti olmasa”.[14]

Bəli, bu söz Onun təbii və fitriliyindən süzülür. Özünü sadə insan kimi görür, davranışlarını da bu anlayışa uyğun tənzimləyirdi.

Bir gün Həzrət Ömər gəlib Allah Rəsulundan ümrə üçün icazə istəmişdi. Bəli, ümrəyə getmək üçün də Ondan icazə alırdılar. Çünki onlar intizamlı idilər, itaətkardılar. Hər işdə, hər müşküldə Allah Rəsulunun yanına qaçır, hər şeyi Ona ərz edirdilər. Evində həddi-büluğa çatmış qızı olan Onun yanına gəlir: “Ya Rəsulallah, evimdə yeniyetmə qızım var. Kimə verməyimi istəyirsənsə, əmr buyur”, – deyirdi… Bir başqası bağçasını Allah yolunda vermək istəyir,  gəlib vəziyyəti əvvəlcə Allah Rəsuluna ərz edirdi… Etikafa girmək istəyən, səfərə çıxmaq niyyətində olan – hər kəs Allah Rəsulunun hüzuruna gəlir və Ondan icazə alırdı. İndi isə Həzrət Ömər gəlib ümrə etmək üçün izin istəyirdi. Allah Rəsulu razılıq verməklə yanaşı, bir rica da edir. Və Həzrət Ömər ömür boyu bu ricanı  xatırladıqca  həyəcanlanıb coşacaqdı:

“Qardaşım, duana bizi də ortaq et, bizi unutma”.[15] Bu münasibətlə Həzrət Ömər belə demişdi: “O gün dünyalar mənim olsaydı, o qədər sevinməzdim”.[16]

Təvazökarlığı və qulluqda dərinliyi

Onun bu təvazökarlıq və məhviyyəti könülləri bir dəfə deyil, bir neçə dəfə fəth edirdi. Bu fəthlərlə ümmətinin əlindən tutub nur pilləkənlərlə məna aləmlərinin zirvələrinə aparırdı. Həzrət Ömər bir həmlədə İslamdan mənən alacağını almışdı. Amma Allah Rəsulu onları daha uca məqamlara çıxarmaq istəyirdi və elə də etdi. Bədəvi bir cəmiyyətdən müəllimlik və mürşidlik edən bir camaat meydana gətirdi. O, insanları zirvələrə doğru apararkən özü də mənən yüksəlirdi. Belə ki, O, mənən yüksəldikcə buna paralel təvazökarlığı və məhviyyəti artırdı.

Səhih hədis kitabları rəvayət edir: “Allah Rəsulu Cəbraillə oturub söhbət edirdi və kim bilir, neçə gündən bəri ağzına bir tikə də qoymamışdı. Cəbrail Onun ən sadiq dostu idi. Zəif bir rəvayətdə Allah Rəsuluna belə demişdi: “Mən Səndən sonra yer üzünə ancaq bir neçə dəfə enəcəyəm”. Çünki Həzrət Məhəmmədsiz (s.a.s.) dünya Cəbrailə də hicran olar. (Necə ki, illərdir, bu dünya bizə də hicran olmuşdur.) Və Cəbrailə bu halını danışdı: “Günlərdir, ağzıma bir şey qoymamışam”. Birdən göy gurultusu kimi səs eşidildi. Bir mələk enirdi. (Təbəranidəki rəvayətdə onun İsrafil (ə.) olduğu deyilir.) Cəbrail Peyğəmbərimizə bu mələyin dünyaya ilk dəfə endiyini xəbər verir. Mələk Allahdan salam gətirmişdir… Allah (c.c.) soruşur ki: “Məlik peyğəmbər, yoxsa qul peyğəmbər olmaq istəyirsən?” Allah Rəsulu Allahdan gələn bu təklif qarşısında heyrətlə Cəbrailə baxır. (O, müəyyən məqama qədər Cəbraildən mərifət dərsi alırdı. Hətta meracda Peyğəmbərimiz Cəbrailin Allahla yaxın münasibətinə heyran qalmışdı və bundan bir münasibətlə də bəhs olunur.[17] Bəli, Cəbrail kimi bir mələk səviyyəsində Allahı bilmək mümkün deyil.) Cəbrail Allah Rəsuluna işarə edərək deyir: “Ey Allahın Elçisi! Rəbbinə qarşı təvazökar ol!”

Allah Quran dili ilə Rəsuluna təvazökarlığı əmr etmirdimi: ” Sənə tabe olan möminləri təvazö qanadının altına al!” Quranda bunun kimi bir çox ayə var.

Və Allah Rəsulu də eyni şeyi tələb etdi: “Qul peyğəmbər olmaq istəyirəm”.[18]

O, qulluğu seçincə Allah (c.c.) da Onun qulluğunu Onun başına tac etdi. Quran Onu bir çox yerdə qulluğu ilə zikr edir. Müsəlmanlar da şəhadət gətirərkən Onun Allahın qulu və elçisi olduğuna şahidlik edirlər. Bəli, O, ilk növbədə Allahın qulu, sonra da rəsuludur. Qulluq risalətdən əvvəl gəlir.

Kimsə kiminsə qulu ola, sahibinin boyunduruğunu boynunda gəzdirə bilər. Həzrət Məhəmməd (s.a.s.) isə əvvəl-axır Allahın qulu və köləsi olmuşdur. O, həyatının heç bir dövründə, heç bir mərhələsində başqasının qarşısında boyun büküb baş əyməmişdir. Ubudiyyət, Allaha qulluq Onun əsl xüsusiyyətlərindəndir.

O, quldur. Allah Qurani-Kərimdə Onun qul olduğunu nəzərə çatdıraraq: “Allahın qulu (Muhəmməd əleyhissəlam) Ona ibadət etmək (namaz qılmaq) üçün qalxdıqda (cinlər) az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keçsinlər”[19], – deyir.

İstər bu Allah Rəsulunun başına yığışan cinlər, istərsə də Məkkə müşrikləri olsun, bizim üçün əsas məsələ Quranda Ondan “Abdullah” – Allahın qulu ünvanı ilə bəhs edilməsidir.

Quranın Allah kəlamı olduğunu bildirən və bu mövzuda şübhəsi olanları meydana dəvət edən bu ayədə də O, yenə “Qul” ünvanı ilə yad edilir:

“Əgər qulumuza (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) etibar etdiklərinizi də köməyə çağırın! Madam ki belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və daşlardan ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!”[20]

Yenə Qurani-Kərim Onu ən çox yüksəldiyi məqamla – qulluğu ilə anır:

“Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-Əqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!”[21]

Boykot hadisəsindən sonra Həzrət Xədicə və Əbu Talibin vəfatı ilə Allah Rəsulu insanlar arasında himayəsiz qalmışdı. Elə ki səbəblər tamamilə süqut etdi, Ona dəstək olan dirəklər bir-bir aşdı və yapışmağa bir budaq da qalmadı, məhz o zaman Müsəbbibül-Əsbab (Bütün səbəblərə hakim olan Allah) Əhadiyyət bürcündə kəmali-rəhmətlə təcəlli etdi. Zamanın böyük mütəfəkkirinin bəyanı ilə Əhadiyyət nuru tövhid bürcündə göründü və Allah Rəsulu Rəbbini, Malikini və Xaliqini şəxsən görmək üçün səmaların o biri tərəfinə dəvət edildi və oralarda ən şərəfli qonaq kimi qarşılandı.

Burada əsl məqsədimiz meracı izah etmək deyil. O fəslə heç girməyəcəyəm. Sadəcə Meracı misal verməklə bir məqama diqqətinizi çəkmək istədim:

Allah (c.c.) belə böyük möcüzəni bəyan edərkən Peyğəmbərimizi nə Qurandakı, nə İncildəki, nə də Tövratdakı adlarıyla, yəni Məhəmməd, Əhməd və Ahyədlə yad etmir, Onun qulluğundan bəhs edərək “Abduhu” deyir. Sanki O: “Mən qul oldum”, – deyincə, Allah (c.c.) da Ona belə deyir: “Madam ki Sən qul oldun, Mən də qulluğu ən böyük dəyər və fəzilət etdim və yer üzündə ən böyük dəyərli cövhər kimi qulluğu qəbul edirəm. Onun üçün harada Sənin dəyər və qiymətindən bəhs etmək istəsəm, orada Sənin qulluğundan bəhs edəcəyəm. Həm də elə bəhs edəcəyəm ki, hər Müsəlman şəhadətində Sənin risalətindən əvvəl qulluğunu dilə gətirəcək və dünyanın dörd bir tərəfi onların bu hayqırtısı ilə lərzəyə gələcək…” Bəli, dünyanın hər tərəfi sənin qul olduğunu hayqıracaq.

 


[1]Qüsurunu bilib özünə həddən artıq dəyər verməmək, təvazökarlıq

[2]Müslim, Birr 69; Tirmizi, Birr 82; Bezzar, əl-Müsnəd, 3/161; Təbərani, əl-Mücəmül-övsat, 5/140. (İfadə əl-Mucəmul-övsatdandır.)

[3]İbn Asakir, Tarixi-Dəməşq, 23/23-24; 42/487.

[4]İbn Hişam, əs-Siratün-nəbəviyyə, 3/20; Təbəri, Tarixül-üməm vəl-müluk, 1/571.

[5]İbn Hişam, əs-Siratün-nəbəviyyə, 5/63.

[6]Əhməd b. Hənbəl, əl-Müsnəd, 6/256; Qazı İyaz, əş-Şəfa, 1/132.

[7]Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/381.

[8]Tirmizi, Zühd 39.

[9]İbn Macə, Ətimə 30.

[10]Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/76; Təbərani, əl-Mücəmül-övsat, 5/140. (İfadə əl-Mücəmül-övsatdan.)

[11] Müslim, Fəzail 76; Əbu Davud, Ədəb 12.

[12] Buxari, Ədəb 61; İbn Macə, Zühd 16.

[13] İbn Cad, Müsnəd, s. 372; Əbu Yala, Müsnəd, 1/258; Hakim, əl-Müstədrək, 2/155.

[14]Buxari, Riqaq  18; Müslim, Sifətül-münafiqin 71-78.

[15]Tirmizi, Daavat 109; Əbu Davud, Vitr 23.

[16]Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/29.

[17]İbn Əbi Asam, əs-Sünnə, 1/276; Hakim Tirmizi, Nəvadirül-üsul, 2/127; Təbərani, əl-Mucəmul-övsat, 5/64.

[18]Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/231; Abdurrəzzaq, əl-Musannəf, 3/183-184; Təbərani, əl-Mücəmül-övsat, 7/88; Beyhaqi, Şuabül-İman, 1/177.

[19]Cinn surəsi, 72/19.

[20]Bəqərə surəsi, 2/23-24.

[21]İsra surəsi, 17/1.



Açar sözləri

təbiilik təvazökarlıq

Bənzər məqalələr

Rəsulullahın (s.ə.s) bənzərsiz təvazökarlığı

Rəsulullah (s.ə.s) bir gün səhabələriylə bir yerdə yemək yeyirdi. Oradan keçən bir qadın: “Buna bax, oturub kölə kimi yemək yeyir!” – dedi. Və Allah Rəsulu halını pozmadan cavab verdi: “Bəli, məndən gözəl kölə olar?! Mən Allahın (cəllə cəlaluhu) köləsiyəm.” Qadın yenə üzsüzlük edib dilləndi: “Özü yeyir, mənə vermir!” – dedi. Allah Rəsulu onu da süfrəyə […]


Şərh yaz