“Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.“[1]
Rəsulullah (s.ə.s.) bu hədisində ramazanla gələn bərəkətə tam inanan, ixlas və səmimiyyətlə oruc tutub bu mübarək ayı ibadət və itaətlə keçirən, savabını da yalnız Allahdan gözləyən möminlərin keçmişdə işlədikləri günahlarının bağışlanalacağını müjdələmişdir. Hədisdəki “imənən” ifadəsi, inanılması lazımlı olan hər şeyə və orucla əlaqəli dini hökmlərə ürəkdən inanmağı; orucun fərz olduğuna, qarşılığında vəd edilən böyük mükafata şübhəsiz iman etməyi bildirir.
Bəli, biz Allahın bəndələri, Allah da bizim Məbudumuzdur. Bizim Ona qarşı etdiyimiz şeylər Onun haqqı, bizim də vəzifə və borcumuzdur. Oruc da Onun əmridir. O, ibadətlərimizdən hər vaxt xəbərdardır və etdiyimiz hər şeyi bilməkdədir. Eyni zamanda əllərimizi Ona qaldırdığımızda etdiyimiz dualara cavab verəndir. Bir hədisi-şərifdə Peyğəmbərimiz belə buyurur: “Allah Ona dua edən hər kəsə cavab verər (duasını qəbul edib istəyini verər). Ya dünyada dərhal arzusunu yerinə yetirər, ya əvəzini axirətə saxlayar, ya da duası qədər günahlarını bağışlayar. Əsas odur ki, duasında günah sayılan bir şey və ya qohumluq əlaqələrinin pozulmasını istəməsin, ya da tələsməsin,”[2] – buyurmuşdur. Başqa bir hədisi-şərifdə: “Rəbbiniz çox həyalıdır, kərimdir. O, əllərini qaldırıb dua edən qulunu boş qaytarmaqdan həya edər,”[3] – buyrulmuşdur.
Allaha qarşı yönələrkən və təvəccöh edərkən və Ona yalvararkən, hər şeydən əvvəl Onun qullarını gördüyünə, duaları eşitdiyinə və istəkləri yerinə yetirəcək gücə sahib olduğuna tam inanmaq lazımdır. Yoxsa inanmadan əl açmaq duanın ədəblərinə ziddir və bu şəkildə dua edən şəxsin çağırış və duasına cavab verilməyəcəyi məlumdur. O, lütf, kərəm, rəhmət və mərhəmətinin genişliyi ilə insanların dualarını qəbul edər. Bu səbəblə də “duamız cavabsız qaldı” deyə bilmərik. Duaların qəbul olmağı üçün Ona könüldən inanmalıyıq. İnanacaqsan ki, səmimiyyətlə əllərini qaldırdığın zaman Allah onları boş çevirməsin, üzünü qara çıxartmasın, səni üzüqara etməsin. Hədisdə keçən “imənən” qeydi belə bir inanmağı ifadə etməkdədir.
“İhtisab” sözü də savabın Allahdan gözlənilməsi mənasındadır. Bundan əlavə dünyaya aid mənfəət ummaqdan uzaq, yalnız Allahın razılığını arzulamaq və mükafatı Onun rəhmətindən ümid etmək deməkdir. Xeyir işlərdə və ibadətlərdə ixlas və səmimiyyətə zidd heç bir xüsus olmamalı, riyadan uzaq durulmalıdır. Hər şey Allah üçün edilməli, qarşılıq və mükafat Allahdan gözlənməli, edilən işlər dünyəvi faydalara bağlanmamalıdır. Hər mövzuda çalışmalı, iradənin haqqını verməli amma nəticədə hər şeyi Allahdan diləməliyik. Bununla bərabər qulluğumuzu Cənabı Haqqa təqdim edərkən, Onun Məbud, bizim də bəndə olduğumuzu heç vaxt yaddan çıxarmamalı, Onun haqqı olduğu üçün qulluğumuzu Ona aid etməliyik. Bu səbəbdən, ibadətlərimizi ehtiyac və istəklərimizə bağlamamalı, onları vəzifəmiz olduğu üçün əda etməliyik.
Eyni zamanda, Cənabı Haqqdan nə isə istəmək, bizim şəxsi haqqımız deyil. Onun lütf edib bizə verdiyi haqqdır. O elə lütfkardır ki, o haqqları Özünə qarşı istifadə etməyimizə icazə vermişdir. Məsələn, bir mənada, “Siz Mənə qulluq edin və ibadətlərinizi yerinə yetirin, -ki, bu sizin vəzifənizdir- Mən də, o biri aləmdə nemətlərimlə sizi sevindirim” demiş və bizə bəzi haqqlar vermişdir. Demək ki, haqqı verən də, onu istifadə etmə imkanı bəxş edən də Allahdır.
Yoxsa bizim mahiyyətimizdə və ruzi olaraq bizə verilən nemətlərdə hansı miqdarda öz sərmayəmiz var ki, hər hansı bir haqqımız olsun? Bəli, biz başlanğıcdan sona qədər qədər hər şeyimizlə Ona aidik və Onun verdiyi haqqlarımız olsa da hər şeydən əvvəl bir bəndəyik. Buna görə də, bir bəndəyə yaraşan şəkildə hərəkət etməli və yalnız Xaliqimizin razılığını diləməli, ibadətlərimizi də bu niyyətlə yerinə yetirməliyik.
İxlas və səmimiyyətlə yerinə yetirilən ibadətin qəbul olunacağına inanırıq. Ümidvarıq ki, bu cür tutulan oruc da günahların bağışlanmasına vəsilə olar. Allah ibadətlərimizi qəbul eyləsin.