Sual: Oruclunun ağız qoxusu müşkdən daha xoşdur?
Cavab: Əbu Hureyrənin (r.a) rəvayət etdiyi bir hədisdə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allah-Təala belə buyurdu: Adəmoğlunun hər əməli özü üçündür. Yalnız oruc bundan müstəsnadır. Onun mükafatını Mən verərəm. Çünki yeməyini və nəfsani arzularını, yalnız mənim üçün tərk edir. Oruclu üçün iki sevinc anı var: Biri iftar etdiyi, digəri də Allaha qovuşduğu vaxtdır. Oruclunun ağzının qoxusu, Allah qatında müşk qoxusundan daha xoşdur.” (Buxari, Savm, 9; Müslim, Siyam, 163)
Hədisdə oruc tutanın ağız qoxusunun müşkdən daha xoş olduğu ifadə edilmişdir. Bu qoxu aclıqdan qaynaqlanır. Qiyamət günü Allah dərgahında bu qoxunun, müşk-ənbərdən daha şirin və təmiz olduğu Rəsulullah (s.ə.s) tərəfindən bildirilmişdir. Mələklərin xoşlandığı müəyyən qoxular var. Onlar gül-çiçək, müşk-ənbər qoxusu kimi gözəl qoxulardan məmnun olurlar. Gözəl qoxular bizim dünya gözüylə görə bilmədiyimiz aləmlərdə sirli xəzinələri açan açar kimidir. Oruclunun ağız qoxusu da bu gözəl qoxulara daxildir. Bunun belə olması, orucun Allahla bəndə arasında güclü rabitə mahiyyəti daşıyan bir ibadət olmasından qaynaqlanır.