Oruc tutanlara iftar vermək xeyirli və savab əməllərdən sayılır. Rəsulullah (s.ə.s.) bir hədisində buyurur ki,
“Kim bir orucluya iftar verərsə, orculu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz.”[1]
Orucunu tamamlayıb iftar vaxtına çatan şəxs üçün həmin an sevinc anı sayılır. Oruclunun digər sevinc anı isə, tutduğu orucun mükafatını almaq üçün qiyamət günü Allahın hüzuruna gəldiyi vaxt olacaq. Peyğəmbərimiz (s.ə.s) bu haqda belə buyurur:
“Oruclu mömin üçün sevinəcəyi iki an (vaxt) var: biri iftar etdiyi vaxt, digəri də orucunun savabı ilə Rəbbinə qovuşduğu vaxtdır.”[2]
İftar vermək sadəcə yemək yedirmək deyil. Oruclu şəxsə bir xurma, zeytun, süd və ya su verməklə də iftar vermək savabını qazanmaq olar. İftar süfrələrində israfdan uzaq durmağa da diqqət edilməlidir.
Rəsulullah (s.ə.s.) özü də iftar dəvətinə getmiş və ev sahibinə dua etmişdir. Peyğəmbərimiz (s.ə.s.) Sad ibn Übadəgilə qonaq getmişdi. Sad dərhal Rəsulullaha (s.ə.s.) bir parça çörək və bir az da zeytun yağı gətirdi. Peyğəmbərimiz (s.ə.s.) də bunları yeyib ev sahibinə dua etdi:
“Evinizdə oruclular iftar açsın. Süfrənizdən əbrar (saleh insanlar) yesin. Mələklər də sizə (rəhmət və bağışlanma) duası etsinlər.”[3]
Evə dəvət olunan qonağın xeyir-duasını almaq da önəmlidir. Belə ki, qonağın duası qəbul olunan dualardandır. Bir hədisdə belə buyrulur: “Allah üç insanın duasını birbaşa qəbul edər. Məzlumun (zülmə məruz qalmış insanın) duası, qonağın duası, atanın övladına duası.”[4]
Qonaq süfrədə olduğu müddətcə, mələklərin ev sahibinə dua edəcəyi də bildirilmişdir. Qiyamətdə Allah Təala bəzi insanlara “Nə üçün mənə yemək vermədin?” − deyə soruşar. O da, “Sən aləmlərin Rəbbisən. Sənə necə yemək verə bilərdim?” − deyər. Allah Təala da, “Ac olan bir insana yemək vermədin. Əgər versəydin, mənə yemək vermiş kimi savab alardın”. − buyurar.[5] Cənnətdə xüsusi köşklər var ki, bunlardan biri də yemək yedirən kəslər üçündür.
Xülasə, imkanı olanlar ramazan ayını fürsət bilərək dost-tanışlara, qohum-əqrabaya, yaxınlara iftar verərək bu mübarək ayda daha çox savab qazana bilərlər.
“Allahım! Rəcəb və şabanı bizim üçün bərəkətli et və bizi ramazana qovuşdur”. Hər il zamanın bu mübarək diliminə qədəm qоyanda sanki bir daha ilahi aləmlərin о sеvincli, о nəşəli günlərinə qоvuşuruq.
Həftənin günlərinin ən xeyirlisi Cümə, gecələrdən Qədir, gündüzlərdən Ərafat, aylardan da Ramazandır. Rəcəb toxum əkmə, Şaban sulama, Ramazan isə məhsul toplama ayıdır. İl ağac kimidir: Rəcəb ağacın yarpaqları, Şaban meyvələrin yetişməsi, Ramazan isə yetişən meyvələrin dərilməsi mövsümüdür.
Üç aylarda oruc tutmağın hökmü nədir? İslamda müəyyən vaxta bağlı oruc, yalnız Ramazan orucudur. Ramazan orucu xaricində “üç aylar” orucu adlı oruc Quran və Sünnədə yoxdur.
Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.